Seymur Baycan: ““Qətl günü” mənasız romandır”

Seymur Baycan: ““Qətl günü” mənasız romandır”
13 fevral 2014
# 14:31

Yusif Səmədoğlunun “Qətl günü” romanının Kulis.Az-ın keçirdiyi “Azərbaycan ədəbiyyatında 3 ən yaxşı roman hansıdır?” sorğusunda çox səs qazanmasına Seymur Baycan da öz etirazını bildirib.

Bu barədə Kulis.Az-a danışan yazıçı təşkil olunmuş sorğunu təqdir etsə də, “Qətl günü” əsərinin tarixin sınağından çıxa bilmədiyini söyləyib: “Kulisin keçirdiyi sorğunu təqdir edirəm, belə hadisələr olmalıdır. Bu cür sorğular ədəbiyyatla təzə maraqlanan gənclərin Azərbaycan ədəbiyyatının ümumi mənzərəsi ilə tanış olmasına kömək edir. Çünki vaxtilə belə sorğular mənim özümün mütaliə dairəmin genişlənməsində böyük rol oynayıb. Ancaq mən sorğuda çox səs qazanan “Qətl günü” romanının tarixin sınağından çıxa bilmədiyi qənaətindəyəm. Həmin əsər çap olunan dövr elə bir dövr idi ki, insanlar adi bir rəmzə, simvola həssaslıqla yanaşırdılar. Ola bilər “Qətl günü”nü həmin dövrdə oxusaydım, bəlkə də mənə hədsiz dərəcədə təsir edərdi. Məsələn, o dövrdə hissə qapılaraq çox əsərlər oxumuşam. Bu hər birimizin keçdiyi mərhələdir. Cavad xan haqqında böyük tirajla çap olunmuş kitab oxumuşdum. Əsərdə Cavad xan erməni arvadını həftədə bir dəfə həyətdə qara bir daşı qaldırmağa məcbur edir ki, uşağa qalmasın. Müəllif də bunu belə əsaslandırır ki, erməni qadından Cavad xan ona görə uşaq istəmir ki, həmin uşaq gələcəkdə heç nəyə iddia edə bilməsin. Və yaxud o vaxt böyük tirajla çap olunmuş Sabir Rüstəmxanlının “Ömür kitabı”nı oxuyun görüm, oxuya bilərsiniz? Yenə deyirəm, o dövrdə insanlar çox həssas olmuşdular. Azadlıqlar boğulmuşdu, SSRİ-nin dağılma dövrü gedirdi. “Qətl günü” də başdan-ayağa qurama romandır. Sintetik bir əsərdir. Romanda heç bir həyat elementi yoxdur. Daha sonra əsərin dilini tərifləyirlər. Mən orda tərifli bir dil görmürəm. “Qətl günü” sözün həqiqi mənasında mənasız bir romandır. Başa düşə bilmirəm bu əsərin nəyini bəyənirlər? Rasim Qaraca demişkən bu bizim yazı adamlarının aqrarlığından, lokallığından, təfəkkürlərinin darlığından irəli gəlir. Azərbaycan ədəbiyyatında adı çəkilməli başqa əsərlər var. Yusif Səmədoğlunu nə həyatda görmüşəm, nə dostluğumuz olub, nə də düşmənçiliyimiz. Ona qarşı heç bir qərəzim yoxdur”.

Seymur Baycan sorğuda iştirak edən şair və yazıçıların səmimiyyət nümayiş etdirmədiyi qənaətindədir: “Çox təəssüflər olsun ki, sorğuda iştirak edən yazıçı və şairlər bir çox əsərlərin adını ona görə çəkdilər ki, ya o əsərləri yazan adamların özü, ya da onların övladları vəzifə başındadır. Çox təəssüf ki, burda da səmimiyyət nümayiş etdirə bilmədilər”.

Yazıçı Seyran Səxavətin “Qətl günü” haqqında səslənən fikirlərə münasibəti isə qısa oldu: “Birinci yerə layiq bilmirlər, bilməsinlər. Mən həmişə onları çox istəmişəm, müdafiə eləmişəm. Bir dırnaq yeri qoymurlar ki, sabah müdafiə eləyəsən. Rasim Qaracanın özü də bəlkə kiminsə təkrarıdır. Olmaz axı belə. “Qətl günü” sovet vaxtı ilin ən yaxşı romanı seçilib. “Qətl günü”nü ilin romanı seçən adamlar Rasim qədər bilmirlər? Qurtarsınlar bu cığallıqları, ayıbdı”.

Kulis.Az-ın 78 şair, yazıçı və tənqidçi arasında keçirdiyi “Azərbaycan ədəbiyyatında 3 ən yaxşı roman hansıdır?” sorğusunda ən yaxşı 3 roman Yusif Səmədoğlunun “Qətl günü”, Qurban Səidin “Əli və Nino” və İsmayıl Şıxlının “Dəli Kür” romanları oldu.

Sorğunun nəticələrinə ilk etiraz edən şair Rasim Qaraca “Qətl günü” romanının Azərbaycandan kənarda heç bir dəyər daşımadığını, Mixail Bulqakovun “Master və Marqarita” əsərinin yerəl kopyasından başqa bir şey olmadığını bildirmişdi.

# 3792 dəfə oxunub

Müəllifin son yazıları

# # #