“Qum kitabı”nı üç dəfə tərcümə etmişəm və hər dəfə itirmişəm”

“Qum kitabı”nı üç dəfə tərcümə etmişəm və hər dəfə itirmişəm”
9 yanvar 2014
# 12:20

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət edirik. Budəfəki həmsöhbətimiz tanınmış yazıçı-kulturoloq Aydın Xandır. Aydın Xanın ən sevdiyi əsər Xorxe Luis Borxesin “Qum kitabı” hekayəsidir.

Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Borxesin tərcümə etdiyiniz Qum kitabı” hekayəsi sizin ən çox sevdiyiniz əsərdir?

- Mən hələ 1995-ci ildə, Bakı Dövlət Universitetinin tələbəsi olanda Rusiyada çap olunan ədəbi jurnallardan birində ilk dəfə Borxesin 3 magik hekayəsi ilə tanış oldum və müəllif kimi bu mütəfəkkir yazıçı diqqətimi cəlb etdi. Buna qədər mən artıq hazırlıqlı oxucu idim. Bu qəribə taleli, kor yazıçının yaradıcılığına vurğunluğum onunla nəticələndi ki, onun ilk dəfə oxuduğum üç hekayəsini ruscadan dilimizə çevirdim. Ruhuma, yaradıcılıq baxışlarıma yaxın bu böyük yazıçını tanıyandan sonra Borxesi bir neçə dəfə itirdim; onun həcmcə kiçik “Qum kitabı” adlı magik hekayə-pritçasını üç dəfə tərcümə etdim: ilk dəfə birbaşa kompüter disketinə yazdığım mətn pozuldu, başqa vaxt tərcümə mətninin yığıldığı bilgisayarın yaddaşına virus düşdü, sonuncu dəfə, sadəcə, özüm həvəsdən düşüb kağıza əllə yazdığım mətni hardasa unutdum. Fərid, inan, hər dəfə bu əsərə qayıdanda, özüm üçün yeni nəsə tapırdım: çox az sayda hekayə var ki, adama düşünmək üçün belə stimul verir. Borxes yaradıcılığı, ümumiyyətlə, obrazlı, fəlsəfi düşüncənin güzgüsüdür.

Tədqiqatçıların yazdığına görə, alman klassik filosofu Artur Şopenhauerin “Dünya iradə və təxəyyül kimi” əsəri ona daha çox təsir edib. Bu hekayədə də həmin təsirin izlərini görmək olar. Kitab obrazı, labirint, fırlanıb geri qayıdan zaman, ölüm, nəhayətsizlik, sirr kimi simvollar Borxesin istər bədii nəsr, istər esse və araşdırmaları, istərsə də poeziyasında əsas ədəbi-fəlsəfi atributlardan sayılır. İnsan bu dünyada kainatın mərkəzidirmi, kitab dünyanı əvəzləyə bilərmi, keçmiş və gələcək zaman indikinin uşaqlığı, yaxud qocalığıdırmı, Şərq-Qərb sivilizasiyası kitabda birləşir, ya ayrılır kimi suallar şifrəli şəkildə “Qum kitabı”nda əks etdirilir.

- Niyə məhz Qum kitabı”?

– Hekayənin özündə bu suala cavab var: “Onun kitabı “Qum kitabı” adlanır, çünki kitabın da, qumun da, nə başlanğıcı, nə də ki, sonu var”. Heç vaxt irihəcmli əsər – povest, roman, epopeya qələmə almayan yazıçının “Qum kitabı” magik hekayəsində də biz bunu müşahidə edirik. Bəşəriyyətin – Şərqin və Qərbin, Asiyanın və Cənubi Amerikanın – Maya sivilizasiyasının ilkin mifoloji dünyagörüşündən tutmuş, dini baxışlara qədər, fəlsəfədən tutmuş, kitab nəşrinin mexaniki inkişafına kimi, bu hekayədə sivil dünyanın özünü intellektual dərkinin yeni – modern mərhələsinə, ictimai maarifçilik dövrünə virtual səyahət var. Yazıçı sadə situasiyalardan – hadisə və süjet xətlərindən istifadə edir, ilk baxışdan hekayə asan oxunan bir pritçanı xatırladır, fəqət daxili qatındakı sivilizasiyaların kulturoloji şifrələri intellektual oxucuda şok yaradır. Kitablar kitabı, sirli Hindistan, yazı – mətnin magik təsiri, dünyaya bərabər hipertekstuallıq, ümumiyyətlə kitab kultu bu hekayəni cild-cild romanları əvəzləyə biləcək əsər səviyyəsinə qaldırır.

Borxes esselərindən birində yazır ki, əsərdə rəng seçimi də simvol rolunu oynayır. Sizcə, bu hekayədə “Qum kitabı”nın boz rəngdə olması nəyə işarə idi?

– Bunun da simvolik mənası var – bilirsiz ki, Borxes ötən əsrin ortalarından etibarən Latın Amerikası, ümumiyyətlə, dünyada gedən silahlanma, diktatorların hərbi çevrilişləri, apardeidə qarşı mübarizə, kapitalizm və sosializm düşərgəsi, atom müharibəsi qorxusu, kosmos uğrunda rəqabət, xalqların milli-azadlıq hərəkatı, imperiyaların dağılması, siyasi sistemlərin laxlanması, hippilər hərəkatı kimi mürəkkəb ictimai-siyasi hadisələrə birbaşa qarışmasa da, əksər əsərlərində müxtəlif formada öz mövqeyini şifrələrlə göstərməyə çalışırdı. Bu mənada başı siyasi qətllərə, diktator siyasətbazlıqlarına qarışmış Argentina və dünyanın o dövrkü boz çalarına bir işarə idi yəqin bu qum bozluğu.

Qum kitabında hər səhifənin bir dəfə görunməsi, itməsini necə izah edərdiniz?

- Hekayənin əvvəlinə diqqət edək: “Xətt saysız-hesabsız nöqtələrdən ibarətdir: külli-miqdarda xətlərdən müstəvi, sonsuz müstəvilərdən fəza yaranıb, kainat isə nəhayətsiz fəzalar toplusudur.” Borxesi hər zaman düşündürən, fəlsəfi narahat edən nəhayətsiz zaman və məkan anlayışı bütün fəlsəfəsi ilə bu hekayədə əks olunmuşdur. Yazıçı, sanki insan həyatına da xüsusi təsiri olan məkan və zamana bədii tərtibat verməklə hər birimizin məkan və vaxta sahib durmağımıza işarə edir. Müəllif “indi və burada”nı idealizə etməklə insanı Tanrıya yaxınlaşdırmağa çalışır, bu mövqeyi ilə də Borxes əla öyrəndiyi hürufizm və sufizmə, buddizm, ibranilik və maya dini baxışlarına yaxınlaşır. “Əgər məkan nəhayətsizdirsə, biz onun bütün nöqtələrində ola bilərik. Əgər zaman sonsuzdursa, yenə də biz onun bütün nöqtələrində, anlarında ola bilərik”. – sanki yazıçı bunu söyləyir. “Qum kitabı”ın səhifələrində görünən təsvirlər, vərəqlərin xaotik nişanlanması, bir səhifədə yalnız bircə dəfə nəyisə görmək mümkünlüyü də məhz ona işarədir. Rəmzi olaraq bu kitab varolmanın simvoluna – hipertekstual formada bəşər tarixinə işarədir. Yeri gəlmişkən, kompüter və internetin hələ yaranmadığı bir vaxtda Borxes onun ədəbiyyatda poetikasını bu hekayə-pritçasıyla gözəl təsvir edib.

Təsəvvür edin ki, siz milyonlarla sayt, milyardlarla elektron səhifələri bircə anın içində gəzirsiz və onların çoxunu unudur, harda –hansı elektron məkanda yerləşdiyini yadda saxlaya bilmirsiz. Yaxud, e-arxivlərdə dondurulan zamana səyahət edirsiz. Bax bunları ilk dəfə Borxes öz hekayəsində gözəl təsvir edib.

Hekayədə haqqında danışılan “Qum kitabı”nın əvvəli, ortası, sonu olmayan, “burada və indi” anının təkrarlanmadığı səhifələrdən ibarətdir, onun hər səhifəsi, Tanrının zərrəsi kimi, həm də bütövlüyü özündə əks etdirir, kainatın özü tək dəhşətli bir mövcudatdır. Deməli, bu kitablar kitabı elə Tanrının özüdür, hürufilər demişkən, Allah, özünün müqəddəs “Quran” kitabının səhifələrinə parçalanmış müqəddəs sözlərdən ibarətdir. Əslində, isə hekayədə bir kitab kultu var ki, bizə diktə edir: bu Kitablar Kitabı elə yaradıcı şüurumuzun obrazlı əksidir – istədiyi vaxt seçdiyi müxtəlif məkanlarda ola bilən idrakımızın bədii təsviridir.

Kitab tam olaraq pula satılmır, mütləq nə iləsə dəyişdirilir. İstərdim, bu məqam barədə də danışaq.

- Bilirsən Fərid, bunu anlamaq üçün Boxesin öz həyat tarixçəsinə xüsusi diqqət ayırmaq lazımdır. Həyatın qaranlıqlarını, şərini görməməyi üçün Ulu Yaradan sanki Borxesi dünya işığından məhrum etmişdi. Belə müqəddəs duyğular içində yaşayanlar üçün bu kobud həyatımızın maddiyyat tərəfi o qədər də maraqlı deyil, çünki Borxes öz oxucusuna dünyanı öz işində əritməyi, ruhuna qarışdırmağı öyrədir.

Dünya ədəbiyyatında kor kitabxanaçı surətlərinin sayı-hesabı yoxdur: Umberto Ekonun “Qızılgülün adı” romanındakı baş qəhrəmanı - Xorxeri xatırlayaq. Lakin həyatı ilə obrazları arasında bu qədər yaxınlığı heç bir yazarın yaradıcılığında müşahidə etmək mümkün deyil. Borxesin qəhrəmanları –müxtəlif obrazlar öz şəxsi iradəsini göstərmək üçün dirilirlər – “Telyon, Ukbar, Obris Tertius” – “Üçüncü Dünya” – ya da qəhrəmanlarının özləri kimlər tərəfindənsə yazılmış ədəbi surətlər olurlar – “Alovun dairəsi”ni xatırlayaq. Xəfiyyəni hansısa tələyə salmaq üçün caniyə kompüter proqramına – internet şəbəkəsinə oxşar düşünülmüş məntiqli konstruksiya – sənət labirinti yaratmaq lazım gəlir. İlk baxışdan Borxesin yaratdığı əsərlərin mövzusunu bir cümləylə ifadə etmək mümkündür, çünki özü kimi, yazdıqları da quruluşca sadə, mənaca mürəkkəb, sonluğuna görə gözlənilməzdir. Əslində, onun həyatı ilə yaradıcılığı bir-birinə elə qarışıb ki, əsərlərini oxuyanda düşünürsən: “Borxes, bəlkə də bizim özümüz – hamımız deməkdir.” Ustadın ruhu inciməsəydi, həm də belə demək mümkündür: bəlkə də o, sadəcə, İlahi sənətkardır, içimizdə hər gün qətlə yetirdiyimiz ruhumuz və ağlımızın obrazlı, maddiləşən-bədənləşən formasıdır.

Əsərdə təhkiyəçi qeyd edir: Hardansa oxumuşdum ki, ağac yarpağını meşədə gizlətmək daha düzgündür. Buna görə də kitabı Argentina kitabxanasında gizlədir. Bu özü üçün xilas olsa da, əslində, mistikanın davamı deyildimi?

– Mistik görünən hər bir şeyin arxasında real nəsə durur: sadəcə ağıl işlətmək lazımdır ki, nəsnələrin içində gizlənən o magik mahiyyəti özün üçün aydınlaşdırasan. On illər bundan əvvəl qələmə aldığı bu hekayə-pritçasında dünya yazarları arasında ən çox sevdiyim mütəfəkkir yazıçı internetin fəlsəfi-ədəbi obrazını necə ustalıqla yaradıb. Hiper kitab – virtual dünya – internet haqqında bu qədər dahiyanə və sadəliklə heç nə oxumayacaqsan daha. Meşə virtual aləm, internet, sosial şəbəkələr, yarpaq isə biz və indiki anımızdır, bax, özümüzü necə də sərbəst, eyni zamanda azad hiss edirik bu açıq məkanda...

Orxan Pamukun Yeni həyat romanında da əsərin qəhrəmanı kitabdan xilas olmaq istəyir, bu paralel məqamlar diqqətinizi çəkibmi?

– Borxes öz dövründə və özündən sonrakı bütün intellektual yazıçılara təsir edib, o cümlədən diqqətlə axtarsaq, Orxan Pamuk yaradıcılığında da biz bunu müşahidə edirik. Ümumiyyətlə kitab kultu, kitabın bütləşdirilməsi, kitablar kitabı, kitaba qarşı üsyan, kitabın həyatı və dünyanı əvəzləyə bilməsi kimi düşüncələr tarixən də yazıçı və filosofları çox düşündürüb. Bu mənada, elə bizim Mirzə Cəlilin “Anamın kitabı” pyesi, yaxud İsa Muğannanın “İdeal” əsərindəki gizli kitablarla bağlı hissələri də yada sala bilərik.

# 5174 dəfə oxunub

Müəllifin son yazıları

# # #