“Açılma səhər, banlama xoruz” deyən ermənilər... - Fərid Hüseyn

“Açılma səhər, banlama xoruz” deyən ermənilər... - Fərid Hüseyn
27 sentyabr 2023
# 17:00

Kulis.az Fərid Hüseynin "Açılma səhər, banlama xoruz” deyən ermənilər..." adlı yeni yazısını təqdim edir.

Bəzən insan həyatında elə gün olur ki, insan heç vəchlə həmin günün bitməsini istəmir. Nəcəf bəy Vəzirovun “Yav şələküm, məəlləküm” əsərində üç azərbaycanlı dost şərabçı erməni Karapetin yeməkxanasına gəlirlər. Yeyib-içib kef çəkirlər, Karapet də bu büsatdan babat qazanır. Və hər dəfə badəni əlinə götürən şərabçı erməni bu qənimət gecədən feyzyab olaraq deyir: “Açılma səhər, banlama xoruz”. Yəni, sübh yubansın ki, bu xoş gecə də elə hey uzandıqca uzansın.

Bizimlə birgə yaşayan ermənilər həmişə gözəl günlər keçiriblər, “açılma səhər, banlama xoruz” deyiblər. Amma sonralar bizimlə düşmən olan, torpaqlarımızı işğal edən separatçı ermənilərə son döyüşlərdə qəhrəman ordumuz sayəsində 23 saat 45 dəqiqəyə elə anlar yaşatdıq ki, bu dəfə savaş davam edən gecə Karpetin “nəvə-nəticələri” “Tez açıl, səhər, tez banla xoruz, tez qurtar döyüş” – deyə ağlaşdılar...

***
2016-ci ilin aprel döyüşlərindəki qələbəmizə illər sonra çatdıq.

2020-dəki qələbəmizə aylar hesabına – 44 günə yetişdik.

2023-də isə qələbəyə 23 saat 45 dəqiqəyə qovuşduq.

Separatçı ermənilər bu illər ərzində ayıq olub qələbələrin getdikcə azalan zaman nisbətlərinə nəzər salsaydılar, vaxtın daraldığını anlayardılar. Amma nə edəsən ki, tamahın gözü kor olur...

Axı divar saatlarında, qol saatlarında, telefondakı saatlarda vaxt həmişə göz qabağındadır. Əgər separatçı ermənilər budəfəki saatlar çəkən qələbədən nəticə çıxarmasalar, haçansa yenə terrora əl atsalar, torpaqlarımıza göz diksələr növbəti qələbəmiz dəqiqələrə, saniyələrə, yaxud “İşıq sürəti”nə sığacaq...

Separatçı ermənilər gərək anlayalar ki, onların “saat” adlandırdığını, biz 30 ildən çoxdur ki, “səbr” adlandırırdıq...

***

Ağ rəng əsas rəng deyil, onu digər rənglərdən alırlar. Separatçılar illərlə qondarma bayraqlarının rənglərini bir-birinə qataraq axır ki, ağ rəng aldılar. Ağ rəng isə ağ bayraqlarını boyadı...

Bizim bayrağımızın rəngləri isə əsas rənglər sayılır. Əsas rəngləri isə başqa rənglərə qarışdıraraq almaq olmur. Əsas rəngi əldə etmək üçün gərək onun özünü tapasan...

Ağ rəng (bayraq) separatçı ermənilər dayanan ədalətsizlik cərgəsinin Fon Rəngi kimi dünya tarixində daim qalacaq...

***

2016-ci ildə Cocuq Mərcanlı qəhrəman ordumuz tərəfindən işğaldan azad ediləndə görkəmli şair Vaqif Bayatlı Odərdən doğulduğu yurdun düşmən tapdağından xilas edilməsi barədə fikrini soruşmuşdular. Onda şair belə cavab vermişdi ki: “Cocuq oldu. Cocuqdan başlayır hər şey. Yəni bizim qələbəmiz hələ çocuqdur. Arzu edirəm, qələbəmiz böyüsün, Böyük olsun”. Bəli, həmin cocuq qələbə böyüyüb YEKƏ KİŞİ OLDU. YUMRUĞU DA DƏMİRDƏN.

Eynən qəhrəmanlıq dastanlardakı kimi: əvvəl əsas qəhrəman uşaqkən şücaət göstərməlidir ki, böyüyəndən sonrakı zəfərləri heç kəsdə təəccüb doğurmasın. Şükür, daha Azərbaycanın qələbələri heç kəsi təəccübləndirmir...

***

Müharibəyə qədər dünyadakı “50 milyondan artıq azərbaycanlı var” gerçəkliyi bəzən adama tam mahiyyəti ilə inandırıcı görünmürdü. Sanki insan neyləsə də o qədər azərbaycanlını bir arada təsəvvür etməkdə çətinlik çəkirdi. Elə bil, bir milyondan çox qaçqın-köçkünün arasında 50 milyondan artıq insan gözə görünmürdü...

Qələbədən sonra dünyadakı 50 milyondan artıq azərbaycanlının olması həqiqəti adama daha təəccüblü görünmür. Çünki qələbə torpaqların timsalında Azərbaycanın – Anamızın qoynunu da böyütdü...

# 1727 dəfə oxunub

Müəllifin son yazıları

# # #