"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?
23 iyun 2026
# 10:00

Kulis.az Faiq Xudanlının "Nəcəfqulu ağa" yazısını təqdim edir.

Nağıllarımız, əslində elə gerçəkliyin özü indi yetim qalıb. Bir vaxtlar nənələr, babalar nağıl danışardı və biz bu nağıllara inanardıq, onunla yaşardıq bir müddət. Sonralar anladıq ki, danışalan nağılların gerçəkmiş. Sadəcə tarixi gerçəklik nağıl kimi, bir az bəzədilərək, bir az romantikləşdirilərək, bir az da obrazlaşdırılaraq danışılıb. Bilərək və ya bilməyərək tərbiyə nəsihət formasında deyil, nağıl kimi nəql edilərək verilib. Dinləyən ola bilsin dərsini götürüb, götürməsə də, ağlının bir yerində ilişib qalan rəvayətlər gələcəkdə ona yol göstərib. Keçmişə, tarixi köklərə bağlılıq, hörmət və ehtiram, milli-mənəvi dəyərlərin nəsildən-nəsilə ötürülməsi beləcə, həyata keçirilib.

Şübhəsiz, hər danışılan nağıla bunu şamil etmək olmaz. İndi isə nə nağılımız var, nə də onu nəql edənimiz. Həyatımız da, sanki nağıllarsız bozlaşıb, rəngsizləşib, romantiksizləşib. Gerçəklik də unudulub, anın içində yaşayırıq, gələcəyi isə eləcə görmürük. Palaza bürünüb ellə sürünürük.

Nağıllarla böyüyən nəsil bəlkə də nağıllar aləmində ilişib qaldı, elə nağılların içində yaşadı deyə yeni hekayələr yarada, yaza bilmədi. Tarixi kökə bağlılıq hissi bizi buxovda saxladı, düşüncələrimizdə azad ola bilmədik bəlkə də. Həmişə qorxduq yeni nələrsə yaşamağa, yaratmağa və yazmağa. Pisdi, yaxşıdı, doğrudu və ya yanlış bilmirəm. Ancaq nədisə odu, siz qərar verin.

Bu yaxınlarda İlham Əzizin “Qəvvas” romanını oxudum. Haqqında kifayət qədər yazılıb. Yazılan fikirlərin, roman haqqında deyilən xoş sözlərin və iradların hər birisinin haqlılıq payı böyükdür və mənim burada romanı təhlil etmək fikrim də yoxdur. Ancaq bir nüansı deyə bilərəm, romanda gerçəklik nağıl kimi, nağıl da gerçəklik kimi elə təsvir edilib ki, məni yaxın uzaqlara apardı. Unudulmuş həqiqətlər və ya unutmaq istədiyimiz həqiqətlər.

Romanda cəmiyyətin görməzdən gəlmək istədiyi real tərəfləri bütün çılpaqlığı ilə elə təsvir olunur ki, insana nağıl kimi görünür. Bəzi məqamlarda isə bizə xəbərdarlıq edir, bizi ayıldır, çirkaba batan insanı özünə səsləyir. Cəmiyyət çirkab içində olanda isə insanın pak qalması müşkülə çevrilir.

"Qəvvas" romanında isə tarixi situasiyadanmı, reallığın acı gerçəkliklərimi qəhrəmanı (insanı) cəmiyyətin bütün tərəfləri ilə tənhalaşdırılaraq dövrün tələbi ilə özünə doğru çəkir. İnsanın içindəki işıq isə onu yenidən "mən"inə, kimliyinə səsləyir və beləliklə, çirkabla-paklığın, yanlışla-doğrunun, gerçəkliklə-xəyalların, divlə-məlikməmmədin mübarizəsi başlayır. Romanın axıcı, sakit dili, dinamikası əsəri sona qədər oxumağı təşviq edir. Həyatın çətin və mücərrəd reallıqlarında mənini itirən insanın kimliyinin axtarışı keçmişinə, yurduna yenidən liman salması yolu ilə arınmaq şansı çox sadə dildə iddiasız təqdim edilir.

Bir vaxtlar nağıl nənəm tez-tez nağıllar danışardı. O nağılları iki yerə ayırmaq olar. Bir gerçəyə oxşayan nağıllar və nağıllara oxşayan gerçəklər. İndi də onları bir-birindən fərqləndirə bilmirəm. Bəzən gerçək kimi düşündüyüm hekayələr nağıla, nağıl kimi düşündüyün rəvayətlər isə gerçəyə çevrilir. Qəvvası oxuduqda o rəvayətlərdən birini xatırladım. İstəyirəm mən də sizə rəvayət edim. Əvvəlcədən razılaşaq ki, bu qısa hekayədən bir parça ilə romanın hansı əlaqəsi olduğunu və ya nə qədər bağlı olduğunu siz müəyyən edəcəksiniz.

Bir vaxtlar böyük bir nəsil olur. Bu tayfanın həm Arazın o tayında, həm də bu tayında yurdları olur. Nədənsə o vaxtlar da Arazın o tayı, bu tayı anlayışı var imiş. Tarixən bu tayfa-nəsil yer dəyişdirər, o taydan bu tayda, bu taydan o tayda dövran sürərmişlər. Zaman yetişir, dövr dəyişir getdikcə əvvəlkitək istəyəndə o taya, istəyəndə bu taya keçmək də çətinləşir.
Nəslin əsas hissəsi bu tayda, yəni şimali Azərbaycanda uzun müddət yaşayıb artmışdı. Tayfanın iki bilici ağsaqqalı olur - iki qardaş. Biri böyük, biri kiçik. Onlar bir gün oturub məşvərət qururlar. Kiçik qardaş böyük qardaşa deyir:
- Xatırlayırsan kişi demişdi ki, o tayla əlaqənizi kəsməyin.
- Xatırlayıram. Onsuzda əlaqəmizi kəsməmişik, indi də qız alıb qız veririk. Özümüz burda olsaq da nə o yerlərdən əlimizi üzmüşük, nə də səsimizi kəsmişik. Ehtiyacları olanda da əlimizdən gələni də edirik. Başqa nə edə bilərik.
- Orası elədir. Sel mal-qaranı aparan ili çox müşkülə düşdük. Şükürlər olsun Allahın izni ilə eli-obanı ayaqda saxlaya bildik. Kərbəlayi adamsan ayağın oralara da dəyməlidir. Təzə xan səni soraq edib, deyib: “Kərbəlayi buralara gəlmir deyəsən”. Dünya fani dünyadı, köçümüzü oralara salaq, məsləhət bilsən qalaq, bilməsən geri dönərik.
Böyük qardaş razılaşır. Bir xeyli hazırlıqlardan sonra keçirlər cənubi Azərbaycana. Xan bundan xəbər tutub adam göndərib Kərbəlayini yanına dəvət edir. Kərbəlayi də yaxşıca pay-pürüşlə qardaşı ilə yollanır xanın iqamətgahına. Xan bunları böyük hörmət və izzətlə qarşılayır. Qarşılarına cürbə-cür təamlar qoydurur, ayaqlarını yuduzdurur, atlarını yemlədir. Müxtəsər iki gün qonaq edib qulluq elətdirir. Yola salmamışdan öncəki axşam gözəl şam süfrəsi açdırır. Yemək əsnasında xan üzünü Kərbəlayiyə tutub deyir;
- Kərbəlayi, and olsun Allaha sizi burada görmək məni çox məmnun etdi, həm də sevindirdi ki, o taydan karlı gəlmisiz. Düzü, əyər ki, karlı gəlməsəydiniz sizi qəbul etməzdim. Bu yerlər sizin dədə-baba yurdunuzdu. Həmişə də faydalı olmusunuz, əlinizdən gələni də əsirgəməmisiniz. Öncəkilər sizin tayfadan razı qalıb, şükürlər olsun biz də razıyıq. Məndən nə diləsən bil ki, mümkün olar. Sizin yerlərin yanında olan dərənin o üzü də bu andan etibarən oldu sizin.
- Nəcəfqulu ağanın yurdu?
Biz də xanı belə xürrəm gördükdə xoşhal olduq. Xanın durumu elin-obanın halının aynasıdır. Dədə-babadan zəhmətimizlə yaşamışıq həm o tayda, həm bu tayda. Bildiyiniz kimi zəhmətimiz də, xeyir duamız da həmişə elimiz-obamızla olub və olacaq. İndi çətin zəmanədi, dövr dəyişir. Adamlar da belə bitəhər olub. İnsanlar Allahın bərəkətindən uzaq düşüb. Bizə göstərdiyiniz ehtirama görə xeyli məmnunuq Allah sizdən razı qalsın. Borcumuz olsun.
Xan Kərbalanı böyük nəzakətlə yola salır. Kərbəlayi və qardaşı adəti üzrə halallaşıb yola düşürlər. Yolda Kərbəlayi qardaşına deyir;
- De, hazırlaşsınlar qayıdırıq o taya.
- Necə yəni indicə xan bizə ehtiram göstərdi razılaşdıq ki...
- Razılaşmadıq o məni anladı, mən də onu. Sənə bir söz deyim, ayağımızı yuyan o oğlanları gördün?
- Hə gördüm, nə olsun?
- O olsun ki, onlar boyda-buxunda bizdən geri qalmırlar. Nəcəfqulu ağanı xatırlayırsan?...
- Necə xatırlamayım...

Və beləcə qərar verilir tezliklə geri qayıdırlar.

Bu hekayəni uzun müddət idi unutmuşdum. İlham Əzizin “Qəvvas” romanını oxuduqda yenidən xatırladım və bir hissəsini yazdım.

Deyə bilərsiniz, “Qəvvas”la bu hekayənin nə əlaqəsi? Əgər romanı oxumamısınızsa, ricam odur ki, oxuyun sonra deyin. Oxuyanların isə nə düşünməsi mənim üçün maraqlıdır.

# 297 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər