Kimsə varmı? - Faiq Xudanlı yazır...

Faiq Xudanlı

Faiq Xudanlı

2 iyun 2023
# 10:35

Kulis.az Faiq Xudanlının “Kimsə varmı?” adlı yeni yazısını təqdim edir.

İndiki məqamda nə oxumaq, nə də yazmaq keçir könlümdən.

Məni daxilən sıxan, əzab verən, rahat buraxmayan nəsnələr təklik, tənhalıq hissini gücləndirir.
Təskinliyimi nəsə oxumaqda, film izləməkdə, musiqiyə qulaq asmaqda, imkan düşəndə isə təbiəti sakitcə seyr etməkdə tapıram(mı?). Bəzən də yazmaqda axtarıram, heç bir mənası olmadığını bilsəm belə…

Əslində dəfələrlə yazmağa da, oxumağa da üsyan etmişəm. Seçim imkanım olsaydı, bəlkə də, sivilizasiyadan ayrılıb, təbiətlə baş-başa qalmağı, burada yaşamağı üstün tutardım. Heyf, bu, faktiki olaraq, mümkün deyil. Özümlə qaldıqda, qarayaxa suallar mənə göz açmağa qoymur, hər şey mənasız gəlir. Sonsuz mənasızlıq girdabına düşürəm sanki. Sizi bilmirəm, amma mən hər gün bu mənasızlıq içində özümə cavabını bilmədiyim suallar verirəm. Sonra görürəm ki, mənim özümə verdiyim suallar da, onların cavabları da incəsənətdə, ədəbiyatdadır. Axı insan nə üçün kinoya, teatra baxır? rəsm əsərlərinə zaman ayırır? musiqiyə qulaq asır?şeir dinləyir? kitab oxuyur? NİYƏ, nə üçün? Axı biz nə istəyir, nə axtarırıq? Erik Fromm yazır ki: “Biz insanın mahiyyətini müəyyənləşdirməyə başlayanda belə bir sual qarşıya çıxır: İnsanı insan edən nədir?”

Erik Fromm insanı hər şeyin mərkəzinə çəkir, onu əsas amil hesab edir və fərdin cəmiyyətdə oynadığı rolun əhəmiyyətini qabardır. Və sonda ümumiləşdirsək, müasir cəmiyyətdə azadlığını getdikcə daha çox itirən İNSAN özündən uzaqlaşır, insan-texnika əlaqələri, onun təbiətə münasibəti, iqtisadi asılılığın onun mahiyyətinə vurduğu zərbə nəticəsində insan böyük iqtisadi mexanizmin kiçik detalına çevrilir.

Yalnız iqtisadi mexanizminmi? İnsan bütövlükdə dəyər mexanizminin, dəyərlər sisteminin içində boğulur. Bu gün mədəniyyət sistemində var olan insan sosial-psixoloji məngənədə varlığının yoxluğunu yaşamaqdadır. Heç kim heç bir formada özünü xoşbəxt sana bilmir. Bilmirəm bəlkə də bu mənə belə gəlir. Ancaq ətrafda hamı şikayətçidir. Dinlədikdə isə haqlı olduqlarını anlayır, haqq verirsən istər-istəməz.

Bütövlükdə dünyada dəyərlər sistemi elə bir formalaşma mərhələsinə keçib ki, hər kəs sanki əzab çəkmək məcburiyyətindədir. Bəzən bunu etiraf etməsələr belə. Hər bir əzab isə özünəməxsusdur. Çünki bəşəriyyət özündən qopub, ayrılıb. Müasir dəyərlər sisteminin diktəsi qəbul etsək də, etməsək də məhz belədir. Əslində isə dəyərlər sistemi özünü dəyərsizləşmiş kimi təqdim edir. Qəlizdir, amma başqa formada da ifadə etmək olmur. Professor Fərman İsmayılovun bildirdiyi kimi, düşünülənlik və düşünülməzlik, mənalılıq və mənasızlıq arasında var-gəl edən dəyərlər sistemi özündə İlahiliyini itirib. Necəsə bu var-gəldən qurtula bilmir.

Türkiyədə zəlzələ olanda TV kanallarda zəlzələ ilə bağlı müxtəlif reportajlara baxırdım. Belə reportajların birində dağıntılar altında bir səs gəldi “Kimsə varmı..?”, “Kimsə varmı..?” bir neçə dəfə təkrar olundu. Həmin gecə bu səs qulağımdan getmədi. Səhər yuxudan da həmin səsə oyandım. Emosional duyğularla düşündüm ki, hazırda bəşəriyyət dağıntılar altında qalıb və xilası üçün “Kimsə varmı..?” deyə hayqırır. Bəs biz bu səsi eşidirikmi? Bu səs isə ancaq və ancaq alətə çevrilməyən mədəniyyət, ədəbiyyat, incəsənət vasitəsi ilə çatdırıla, eşitdirilə bilər. İnsanın mədəniyyətə olan daxili-ruhi bağlılığı, ehtiyacı buradan yaranır. Bəşəriyyətin mövcudluğunu təmin edən yeganə vasitə nə, necə olmasından asılı olmayaraq bu səsin eşidilməsini təmin edən mədəniyyətdir.

Cəmiyyətin ona olan münasibəti adekvat olmadıqda, istismar obyektinə çevrildikdə isə dəyərlər sistemi deqradasiyaya uğrayır. Cəmiyyətin kənizinə çevrilən mədəniyyət isə ilahi dəyər yarada bilməz. Tam aydın olması üçün kəsədən Avroviziya Mahnı Müsabiqəsini qeyd etsək mənzərə açıq görsənmiş olar və məncə bu kifayətdir.

Bəşəriyyətin ayaqda qalmağının bəlkə də tək yolu bu səsi eşidə bilmək, eşitdiklərini duymaqdır. İlahiliyini itirən insan isə bu səsi mexaniki eşidə bilər, ancaq duya bilməz. İnsan ilahiliyinin yeganə qoruyucusu olan mədəniyyət, bu səsin duyulmasını təmin etməli olan ədəbiyyat və incəsənət isə öz funksiyasını icrası, missiyasının yerinə yetirilməsi ilə bağlı real təhdidlərlə qarşı-qarşıyadır. Yəqin bütün zamanlarda belə olub, bilmirəm, bircə dəqiq olan odur ki, indi sanki dünya rəngsizləşib, insanlar soyuyub, etinasızlaşıb, sevgisizləşib, İLAHİ olan nə varsa ona olan inamını itirib. Hər şey, amma hər şey, ən ülvi hisslər belə göstəriş alətinə çevrilib.

Maddi olan nə varsa ona olan ultra bağlılıq bəşəri, yolxucu və sağalmaz xəstəlik həddinə çatıb. Mənanın özü arxa qapıdan boylanır, insan isə qeyri ixtiyari qabaq qapıya can atır. Dadı qaçan, forması müxtəlif, dadı, ətri eyni olan meyvələr kimi həyat da süniləşib, mənasızlaşıb. Həssas olanlar tənhalığa qapılır, hər kəsdən, hər şeydən qaçmaq istəyir, ciddi psixoloji gərginlik içində qıvrılır. İdeya, inam ləkələndirildiyindən özümüzü ona belə təslim edə bilmirik. Münasibət və özünütəqdimetmədə uçurumlar astanasındayıq. Özümüzə qapılır, başqa bir dünya qururuq.

Virtual həyata olan marağın kökündə dayanan da, düşünürəm, elə budur. Beləcə elə bir virtual dünya qurmaq istəyirik ki, burada rahatlıqla ağlaya, gülə bilək, özümüzü tək hiss etməyək. Heç kimin heç kimə güvənmədiyi, bəzən özümüzün özümüzə belə şübhə ilə baxdığımız dünyadan ayrılıb başqa bir aləm qururuq. Beləcə daha dərin bir uçuruma doğru addımlayırıq. İndi inamsızlıq, şübhə, toxumları insanlığın üzərinə səpilib və getdikcə boy göstərir.

Bir zamanlar biri var idi, biri yox idi ilə başlayan nağıllara nağıl belə olduğunu bilsək də inanırdıq. Bilmirəm pisdi ya yaxşı, ancaq inanırdıq. Zəmanəmizdə bəşəriyyət ruhi böhran, depressiya halındadır, sanki özünü, ruhunu itirən insan ümidsizcəsinə nəsə axtarır. Gələcək isə hər kəs üçün müəmmadır…

# 2875 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #