Dünyanın ən gözəl qızı ilə sevişmişdim - Əyyub Qiyasdan Yeni Hekayə

Dünyanın ən gözəl qızı ilə sevişmişdim - <span style="color:red;">Əyyub Qiyasdan Yeni Hekayə
12 mart 2019
# 21:00

Kulis.az Əyyub Qiyasın “Snayper” adlı hekayəsini təqdim edir.

Adam bu qədər gözəl ölə bilməz... Gözlərim onun ölümünə baxmaqdan doymurdu. Ölümlə bağlı çox kitab oxumuşam, çox filmə baxmışam. Kitab nədir, film nədir? Özüm, mən özüm nə qədər ölüm görmüşəm... Amma beləsi yoxdur. Beləsi olmayıb.

...Dərə dibində idik. Qar təzə əriməyə başlamışdı. Çay yatağı ətrafın ağappaq tablosunda boz damar kimi uzanıb gedirdi. Lap uzaqda, babam demiş, göyün yeddinci qatında qartal qıy vurdu. Yaz gəlmişdi. Qan qaynayan vaxt idi. Mənim də qanım çay kimi qaynayırdı. Şırıltıdan qulaqlarım ağrayırdı, amma mən qartal səsi eşitdim. Bir də güllə səsi. Bircə güllə. Elə bil qayadan daş qopdu, şaqqıldadı. Sonra o, qucağıma düşdü. Qucağıma deyəndə ki, qollarımı açıb onu gözləmirdim ey, amma düşdü də, tappıltı ilə düşdü. Çaşmadım. Güllə səsindən duyuq düşmüşdüm. Bilirdim ki, nəsə olacaq. Gözləri açıq idi. Yaşıl gözləri adamın ağlını başından çıxarırdı. Dodaqlarını Allah ancaq öpülmək üçün xəlq eləmişdi. O isə indi mənim qucağımda idi. Əyilib başını dizimə qoydum. Güllə harasından dəymişdi, bimirdim, amma hələ sağ idi. Gözlərində işıq vardı, ağzında mənə deyəcək sözlər.

Gözləri ilə nəsə dedi. Qulağımı ağzına yaxınlaşdırdım.

– Məni burda qoyma, – xırıldadı. – Canavardan qorxuram.

Ölümdən qorxmayan qız, canavardan qorxub susdu. Barmaqlarımla buz kimi soyuq dodaqlarına toxunmaq istədim. Neçə gün idi itmiş qoyunlarımı axtarırdım, üst-başım kir içində idi. Tez çaya tərəf cumdum, əllərimi, üzümü tərtəmiz yuyub onun yanına qayıtdım. Uşaq vaxtı bir rus nağılına baxmışdım. Buza dönmüş gözəlin nağılına. Bax bu qız da onun kimi buza dönmüşdü, amma o rus qızı qələt eləyərdi bunun yanında. Bu ondan yüz dəfə, min dəfə gözəl idi.

Dodaqlarına toxundum, əllərim titrədi. Nəfəsim kəsilirdi. İlk dəfə bir qadına, özü də belə gözəl qadına bu qədər yaxın dayanmışdım. Dodaqlarını azca araladım, dişləri ağappaq idi. Ona bir az da yaxın əyildim. Ətrini hiss etdim. Öpdüm. Əvvəl yanağından öpdüm. Sonra dodaqlarından. Çox öpdüm. Nə qədəri yadımda deyil, amma lap çox öpdüm. Öpüb... doyandan sonra dikəldim. Maraqlı idi, görəsən güllə harasından dəymişdi. Baxmaq istədim. Əllərim havada kilidlənib qaldı. Birdən acığı tutar, – fikirləşdim. Sonra xatırladım: “ölüb ey”. Mənə qədər heç vaxt heç kəs bir qadını belə gözəl soyundura bilməzdi. Əvvəlcə belindəki kəməri açdım, sonra yaxasını. Güllə vuran da çox insaflı vurmuşdu, belə gözəlliyi bir qırıq da olsa korlamamışdı. Hərbi kitel vardı əynində. Soyundurdum. Xaki rəngli qalın toxunma köynək geymişdi. Soyundurdum. Hər dəfə paltarını soyundurduqca ətrini daha çox hiss edirdim. Bu nə ətir idi, ilahi, vurmuşdu özünə? Bu daşın-kəsəyin içində, bu qarda-çovğunda, bu əcəl bataqlığında ətri kiminçün vurmuşdu axı? Köynəyini sinəmə sıxıb, qucaqladım. İylədim. Dədəmin goruna and olsun, belə ətir ancaq cənnətdə ola bilərdi. Bəlkə bu da cənnətdədir indi, – fikirləşdim, – bəlkə elə bu ətir də cənnətdən gəlir?

Köynəyi səliqə ilə bir kənara qoydum (Yəqin bunun geyindirməyi də olacaqdı). Sonra barmaqlarım əynindəki nazik hərbi maykaya toxundu. Soyundurdum. Kürəyinə soyuq olmasın deyə, onu kitel üstə uzatdım. Baxmağa utanırdım. Oğrun-oğrun, altdan-altdan baxırdım. Lifçiyi də gözəl idi. Soyundurdum. İlk dəfə idi əlimdə belə gözəl qadın alt paltarı tuturdum. Qara idi. Ağ bədənə çox yaraşırdı. Onda gördüm güllə yarasının yerini. Lənətə gəlsin o güllə! O gülləni düzəldənlər də lənətə gəlsinlər! Onu atan da! Müharibə çıxardanlar da lənətə gəlsinlər! Kim olursa olsun, mənə dəxli yoxdur. Bir Allah bəndəsi belə gözəlliyə necə gülə ata bilər? Sol döşü üstə qançır bağlamış dəlik vardı. Bir az qan axmışdı, vəssalam. Çox az. Göz yaşı kimi, bir-iki damcı. Yox, mən o qan ləkəsini bu ağ bədəndə saxlaya bilməzdim. Sildim. Bədəni titrədi. Döşləri əsdi. Bacarmadım. Özümü saxlaya bilmədim...

Mağarada qaladığım ocaq çırtaçırt salmışdı. Qoyunlardan birini sağıb, ocaqda süd qaynadırdım. Son sözlərini xatırladım. Vəsiyyət kimi bir şey dedi. “Məni burda qoyma, canavardan qorxuram.” Dediyini elədim. Qoymadım dərə dibində qala, qarğa-quzğuna yem ola. Bilirdim məni kənddə axtarırlar. Evə getməliydim. Başımı onun sinəsinə qoyub uzanmışdım. Sürüdən aralı düşmüş qoyunlarla bir yerdə ona baxırdım. Lüt idi. Gözəl idi. Gözəl ölmüşdü. Kaş diri olaydı. Amma yox, hardaydı məndə o bəxt? Diri olsaydı, ona toxuna bilməzdim. Elə ölü olmağı yaxşı idi. Dikəlib ona baxdım. Üşümürdü. Necə varsa elə də qalmışdı...

Səhər açılar-açılmaz yenə onu sevdim. Ölünü sevmək alayı cür olur. Mən kənd uşağıydım, amma kinolarda görmüşdüm adamlar bir-birini necə sevirlər. Mən elə sevə bilmirdim. Mən tək sevirdim. Qarşılıqsız sevirdim. “Buna da şükür”, – ürəyimdə fikirləşdim.

Ocağı söndürdüm. Mağara girəcəyini kol-kosla örtüb, qoyunları qabağıma qatıb çaya tərəf getdim. Günəş çıxmışdı. Su mirvari dənələri kimi parıldayırdı. Əksimi gördüm suda. Özümə baxdım. Qara sifətimə, domba gözlərimə, donqar belimə, əyri burnuma baxdım. Xoşum gəldi özümdən. Kişiydim. Dünyanın ən gözəl qızı ilə sevişmişdim. Dünyanın ən xoşbəxt adamı idim.

Yox, onu mağarada tək saxlaya bilməzdim. O, öz ölü canı ilə belə mənə xidmət eləmişdi. Mən öz diri canımla ona son borcumu verməliydim.

Mağaraya qayıtdım. Soyunduranda bir qırıq yorulmamışdım. Geyindirəndə itin zülmünü çəkdim. Kürəyini görəndə dəhşətə gəldim. Güllə çıxanda belinin bir parasını qopartmışdı. Hər dəfə bir paltarını geyindirəndə üzündən, dodaqlarından öpürdüm. Şirin idi. Gözəl idi. Ətirli idi.

Belimə aldım onu. Aşa-aşa, yıxıla-yıxıla kəndə apardım...

Dörd il iş verdilər mənə. Ölünü təhqir etdiyim, ölü ilə cinsi əlaqədə olduğum üçün 4 il donqar belimi sürüyə-sürüyə qazamatda zülüm çəkdim. Amma ölüdən xəbər alan olmadı ki, buna görə, vəsiyyətinə əməl etdiyimə görə məndən razıdır, ya yox.

İndi çıxmışam. Yenə qoyun otarıram. Yenə onu tapdığım yerə gedirəm. Yenə gözlərim göylərdə gəzir. Amma düz deyirlər, tale adamın üzünə bir ömürdə ancaq bir dəfə gülür.

...O, çox gözəl idi. O, çox gözəl ölmüşdü. Amma bilirəm, özüm yaxşı bilirəm; mən onu çox iyrənc sevmişdim...

2018

Image result for əyyub qiyas

# 6711 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #