Məni tərk edənlərin yerinə utanıram – Əsəd Qaraqaplandan yeni şeirlər

Əsəd Qaraqaplan, şair

Əsəd Qaraqaplan, şair

13 iyul 2023
# 15:07

Kulis.az Əsəd Qaraqaplanın yeni şeirlərini təqdim edir.


Xarab saat

Gəldim evə, gördüm, yenə baş aldadırsan
yenə yoxsan, gəlməmisən... soyuqdur ev də.
Mən özümə gələn gündən başa düşmürəm:
hansımızın halı pisdir, hansımız kefdə...

Uçuq-sökük həyatımı qurduq, düzəltdik
sonra birdən nə oldusa, hər şey dağıldı.
Bir otaqlı kirayədə iç-içə idik
gəldik, indi üç otaqda təkə yığıldıq...

Bir otaqda pişik gəzir, bir otaqda mən...
Bir qapını sən... açırsan, döyüldüyündə...
Uşaq dedim... mənə uşaq kimi yanaşdın.
Söz demədim... incidim öz böyüklüyümdən...

İşə getdim, evə gəldim, bir az da susdum
tək qaldığım günlərimdən daha tək oldum.
Zaman keçdi, həyat durdu, sən də “dönmədin”
mən bir az da yaşa doldum, “mübarək” oldum...

İndi kimdən soruşum ki, hara getmisən?
İndi hara gəlim, orda səni görməyim?
Və bilirəm, nə etsək də, hər gün divarda
iki dəfə düz göstərən xarab saatda
kimsə heç vaxt həmin dəqiq vaxtı görməyib...

Bəzən elə susub durmaq ən yaxşısıdır
bəzən elə görə-görə göz yumur insan…
Bir yerə ki gəlib gördün: orda yoxsunuz
həmin xarab saat kimi dayanır insan…

Elə yaxşı-yaxşı bitir bitəndə hər şey
ya sən pissən, ya o pisdir, nə fərqi var ki...
Bir sevginin içində ki yalan cücərir
istər öldür, istər basdır… nə fərqi var ki...

Çıxıb getmək?...
Nə fərqi var?
Ciddidən bitib...
Bəzən soyuq tər gətirir zarafatı da...
Bircə onu gözləyirəm, “düz vaxtı” çatsın:
burub, vurub sındıracam o saatı da...


Nanə qoxusu sevgi

Nanə qoxusu gəlir, çimdim arzularımı
indi elə təmizəm – elə – sevgi var məndə.
Sən hərdən sevgiyə gəl, mənim əziz daş balam
sən hərdən mənə də gəl… hərdən, yolun düşəndə...

Hərdən oturaq bizdə, ağac var, bir də çiçək
pişik var, balalayıb, - uzanaq otlar üstə.
Həyət evi başqadır, necə ki sevgi başqa
sən yaxşı səs salırsan məndə - sükutlar üstə.

Heca-heca bölünək sərbəst şeirlər tərəf
qafiyələnsin bir də bizim olan ayrılıq.
Bilirsən, belə olur, hamı axırda gedir
bizi yenə biz edir - bizə qalan ayrılıq...

Ah, nə gözəl zamandır, ah, nə gözəl fəsil - yaz
Nanələr amansızca nəfəsimi odlayır...
Elə bilirəm, indi kənddə tonqal çatmışıq
nə qədər ağrımız var, o tərəfə adlayır.

Nanə - uzandığımız otların ən ətiri
qoxu gedir - bizi də çəkib salır sevgiyə...
Bilirsən, belə olur, hamı axırda gedir
hamı geriyə qalır, əvvəl qalır sevgiyə...


Tanrı deyir, şeir oxu

Küləyin pərdələri yellətdiyi gecələr
bir az yalqız olursan, bir az da daha yalqız.
Çoxalırsan səninlə qaraldıqca küçələr
yer kürəsi ev olur, lampalar birər ulduz.

Qalxırsan o betondan tavanı deşib çölə
görürsən hardasansa, orda divarlar yoxdur.
Sənin öz əllərinlə yarardığın bu elə
ad qoymağa gərək yox, elə diyarlar yoxdur.

Baxırsan evlər bir-bir işıqdan öncə sönür
adamlar pəncərədən kölgəsiz yox olurlar.
Görürsən evlərinə adamlar kefsiz dönür
girirlər otaqlara, ölkəsiz yox olurlar...

Bir sən qalırsan burda, tanrının unutduğu
hamı dua eləyib arzusuna tez çatıb.
Sənsə pərdəyə baxıb - küləyin o tutduğu
qaranlığı yarırsan, günəşi yerə dartıb...

Səhər açılır, yenə gecəyə dartınırsan
adamlar bir-bir gəlib təkliyinə yoluxur.
Gecə, külək, pərdələr...
Tanrıyla oturmusan
o da dünyaya baxıb, deyir, bir şeir oxu...


Hamı sevgiyə qaçır

Baxışında kədər var məni yola salanda
çıx get, yolun açıq olsun, deyirdi, mən bilirdim
Yolu tam yarı bölmüşdü, gözləri səyirirdi
səyirib boşluqlara dəyirdi, mən bilirdim.

Uzandım yolun ağına, bir cığır keçdi məni
uzaqda dağ göründü, şəkildi, yenə getdim.
Gördüm qaraltı kimi arabadan boylanır
durmadım, o qaraltı çəkildi, yenə getdim.

Saçını alıb külək mənə tərəf uzatdı
əl uzatdım, toxundu, uzandı barmaqlarım.
Ona son sədaqətim olaraq birləşdilər -
sevgi verib azadlıq qazandı barmaqlarım.

Mən gedə-gedə bildim, yolum hələ uzundur
onun qaraltısı da yoluma işıq saçır.
Bu böyük boşluqların bir dolu yanı vardır:
mən ondan, o da məndən - hamı sevgiyə qaçır…


Get, gözlə, gəlməyəcəm

Məni tərk edənlərin yerinə utanıram.
Su gəlir, saçını yu, torpaq yox ev tikəsən.
O gün uzandım geri, xeyli irəli düşdüm.
Qum saatı almışam, fitilini çəkəsən.

Dayan, sənin getdiyin yer zamanı saxlayıb.
Məndən hər kəs irəli, məndən hər kəs geridir.
İrəli gedən öldü, geri qalan öləcək.
Anan da yad qızıdır, sevgilin yad biridir.

Mətbəxdə əyləşdiyin masa özgə yeridir.
Baxdığın pəncərənin çölü ancaq sənindir.
Meyvə satan Valehin, ərzaq satan Baharın
Gəl, əyləş buluduma, bu yelləncək sənindir.

Quş baxışı baxırsan kirayə otaqlara
bir yer yox bu dünyada sevişməyə dəyəcək.
Buludda yataq yoxdur, yataq olan yerdə göy.
Bir təmiz adam da yox əxlaqına söyəcək…

Yolunu kəsənlər də dizlərinə döyəcək.
Buludlar utanmazlar – yağıb təmizlənərlər.
Ağaclar çiçək açar, çiçəklər ətir verər
qarışqalar buğdalar yığıb təmizlənərlər.

Əlimi uzatmışam qum saatı söndürüm.
Saçlarım islanıbdır buludların içində.
Məni nə zamanda gör, məni nə də yanında.
Get, gözlə, gəlməyəcəm, istədiyin biçimdə...


Tanrı türküsü

İncə bir xətt çəkilib içimdə qırılmayacaq
ölümə getmək deyir, bir daha geri dönmək.
Bu nə uzun zamandır - demədim bu qırx ildə
iki il gərəklidir - bu insanlığı gönmək...

And-aman eləmirəm, nə də durub demirəm
sənə söylədiklərim Tanrının sözləridir.
İsti basır, tər axır bu insan vicudumdan
atəşə bulanıram, od onun gözləridir.

Nə diyar var mənimçün od ola biləcək yer
nə dənizlər, okeanlar bu halıma təşnədir.
Bulud üstündə bir yer - kirayəsiz vətəndir
yaşamadın, bilmirsən, yaşadığın heç nədir.

Mən çoxdan qırx yaşımdan daha artıq yaşadım
mən əsla yaşamadım, mən var idim o vaxt da.
Sənə bir az yaxında çox balaca göründüm
görəsən, indi necə görəcəksən uzaqda...

Ah, bu hava, ah bu yaz, mənim doğuluşumdur
yaşımı unutnuşam başımı itirmədən.
Məni öldürmək üçün gərək doğulmayaydın.
Heç bir şey bitməyəcək, mən onu bitirmədən...


Adı qadın deyil bu tənhalığın

Ağlayıb ürəyini boşaldacaq bu qadın
başqa biri gələcək sonra sənin yerinə.
Əllərin havalanıb qopacaq saçlarından
ağrıların quruyub enəcək lap dərinə...

Sən o sulu gözlərdən qupquru qopacaqsan
həyat bir evdir ona, həyat başqa birisi.
Sən qaraqançır olmuş qurumuş o yaranı
eşib sulandırmağı bilsən… gələr gerisi...

Bir başqa qadın tapıb evlənərsən, bəlkə də
bir uşağın da olar - sənin başqa əkizin.
Onun öz həyatı var - sulayıb göz yaşıyla
bitirər - o anadır, bilir hər şeyin əksin...

Sən zavallı uşaqsa ana axtaracaqsan
uzaqda olan anan gözündən düşə-düşə.
O sənə göstərəcək nə qədər adi imiş
nə qədər zalım imiş - gözünü deşə-deşə.

O göz yaşları onun gözlərindən axacaq
sənin sözlərindənsə damcı-damcı deşəcək.
Onu anlamağına bu uşaq xəyalınla
nə şərait olacaq, nə də fürsət düşəcək...

Və gəlib görəcəksən, Tanrı sənə qonaqdır
evin yox, eşiyin yox, ayaqdadır qonağın.
Dimdik durub baxırsız bir-birinin üzünə:
ADI QADIN DEYİLMİŞ bu uşaq TƏNHALIĞIN...

# 1690 dəfə oxunub

Müəllifin son yazıları

# # #