Dağ - Əsəd Qaraqaplandan yeni hekayə

Əsəd Qaraqaplan

Əsəd Qaraqaplan

18 aprel 2023
# 09:00

Kulis.az Əsəd Qaraqaplanın “Dağ” adlı yeni hekayəsini təqdim edir.

Dağa qalxanda dörd adam idik, dörd də it. Axırda üçümüz qaldıq, bir də mənim itim Reks. Zirvəyə çıxanda Rahidlə mən on üç yaşında idik. Zəfər hələ on ikisində idi, Kərəmsə məndən dörd yaş böyük. Rahidin iti Bobik, Zəfərin iti Bozdar, Kərəmin iti isə Şaron idi. Reks onların cüssəcə ən böyüyü, yaşca ən kiçiyiydi.

Biz obaşdan qalxıb həmişə uzaqdan gördüyümüz zirvəyə – Dəmbəlova çıxmaq üçün dağlara tərəf getməyə başladıq. Bu zirvəni, adətən, dörd halda görmək olurdu: dumanlı, aydın, yağışlı, ya da qarlı. Ətraf dumana bürünəndə elə bilirdik, dünyada sadəcə kəndimiz var. Hava açılan kimi dünyamız yenidən böyüyürdü. Yağış yağanda isə Dəmbəlov örtünür, elə bil yağışın içinə girib gizlənirdi. Kəndimiz qar üzü görməyəndə insan ayağı az dəyən bu yerə gəlib kəndə qar aparmaq istəyərdik...

Həə, axırda üçümüz qaldıq, bir də mənim itim Reks. Zəfər aptek, Kərəm isə dükan işlədir. Mən şəhərdə yaşayıram, Reks isə kənddə.

Rahid doğum günündə avtomobil qəzasına düşdü. O gün ona zəng edib təbrik edəcəkdim, ancaq ondan qabaq anamın zəngi gəldi. O, çəkinə-çəkinə “Rahid getdi...” dedi.

Zirvədə qar yox idi, elə duman da. Hava aydın deyildi, amma heç yağış da yağmırdı. Uzaqdan görünən dənizə baxa-baxa qalmışdıq, bir də ayaqlarımız altındakı kəndlərə, şəhərlərə. Sanasan, heç oralardan gəlməmişdik. Mal-qaranı buraxıb qaçmışdıq, evə qayıdanda bizi öldürəcəkdilər...

Rahid sərxoş halda yarıtikili hasarın üstünə qarnını söykəyib işıqçıdan rus dilində kömək diləyirdi: “Pamaqite, Qurbet emi”. Qız üstündə mənimlə dalaşmışdı, qaçıb getmişdi meşəyə. Sonra uşaqlarla yığışıb bulağın başında içmişdik.

Zirvəyə qalxdığımızı kimsə görə bilməzdi. Uzun otlar boyumuzu keçirdi. Sadəcə, ən yüksəkdəki meteoroloji antenin yanında ətrafı daha aydın görmək üçün yer var idi. Zirvəyə çatanda itlər otların arasına sərilib ləhləyirdilər, bizsə heykəl kimi dayanıb ətrafa baxırdıq. Dünya necə də geniş imiş!

Məzarlıqdan qayıdanda izdihamdan bir az aralıda Zəfərlə yanaşı addımlayırdıq. Mənim siqaret çəkdiyimi görüb işarəylə o da birini istədi. Siqareti dodaqlarına qoyub tüstüsünü ciyərlərinə çəkmədən buraxdı. Başını aşağı salıb ayağıyla yoldakı çay daşlarını eşir, elə bil yeridikcə onları saya-saya fikrini cəmləməyə çalışırdı.

Danışmağı sevməyən Zəfəri ilk dəfə bu qədər danışmağa, ürəyini boşaltmağa meylli görürdüm. Kərəmin dükanının qabağından keçəndə belə dedi:

– Şəhərdə idim, xəbər gələndə inanmadım, dedim, bəlkə, uşaqlar zarafat edir. Hər yer qar idi, qayıtmaq istəsəm də, həmin gecə qoymadılar gəlim.

– Xatirələrimiz öldü...

Zirvədən baxanda dünya nə qədər böyük və geniş görünürsə, adamı da bir o qədər lərzəyə salır. Göz işlədikcə uzanan bu ənginliklərə gedib çıxa biləcəkdikmi?! Uzaqlarda həyat daha gözəl idimi?!..

Yer üzündə nə qədər insan, nə qədər ev, nə qədər ağac var imiş! Hələ bitkilər, heyvanlar; hələ çaylar, dərələr, yollar, örüşlər və çöllər...

Dünya bizim üçün kəndimizdən ibarət idi, bir də kəndimizi əhatələyən meşələrdən və uzaqdan görünən dağlardan – zirvələrdən...

Rahid bir kənarda oturub Mirbağırın şeirini dinləyirdi. İkimiz idik, bir də uzaqdan gələn dostlarımız. Bulağın başında yeyib-içirdik. Bilirdim ki, Rahid bir az utanır, sıxılır, çünki məndən başqa heç kimi tanımırdı. Nə qədər dağılmış söz-söhbət var idi, hamısını elə bil bir neçə saata sığışdırıb bir yerə toplamağa çalışırdıq.

Beş yaşımız olanda qonşu Əligildən bir qutu siqaret almış, getmişdik çayda çimməyə. Kəndimizin yuxarısından – dağlardan başlayan çayın məzarlığın altından keçən hissəsində dərin bir yer var idi. Dibini qazıb qumunu aparmışdılar. Ətrafına elə bil motal ağaclarından hasar çəkilmişdi, böyürtkən kolları da kölgənəcək yaratmışdı. Girib çaya çimmiş, arada çıxıb siqaret tüstülətmişdik.

Bunu yaxınlıqdakı evlərdən birinin uşağı Elnur görmüş, “gedib sizinkilərə deyəcəyəm” demişdi. Biz də siqaretlərin yarısını ona vermişdik ki, bizi satmasın. Sonra qaçıb evə gəlmiş, qorxudan təndirxanada gizlənmişdik.

Bir dəfə Rahid zibillikdə pişik balasını selofan torbaya salıb yandırmışdı – onu xatırlamaq istəməmişdik.

Çox uzun zaman olmuşdu, hərəmiz bir dərədə idik...

Külək hündür otları darayıb sonra üzümüzə-gözümüzə, saçlarımıza doluşurdu. Rahidin lap uşaqlıqdan saçları ağarmışdı, onu aramızda “Ağbaş” deyib çağırırdıq.

Bütün günü dağda-dərədə olardı, gah ilan tutar, gah qurbağa daşlayar, gah da ov ovlayıb quş quşlayardı. Aramızda ən yaxşı kamanı – elastik yaylı – o düzəltmişdi. Hətta onunla quş belə vura bilirdi.

Elə bil boyumuz uzanmışdı, başımız az qala göy üzünə dəyəcəkdi. Tanrıya bu qədər yaxın idikmi – düşündüm. Ölüm buludların ardında idimi?! Biz oramı gedəcəkdik...

Uzun zaman görmədiyim adamlar yığışmışdılar – kənd adamları və kənarda yaşayanlar. Samovarların tüstüsü meşəyə tərəf yayılır, sanasan, dağlara qalxıb dumanı əvəz etmək istəyirdi.

Qış vaxtı hava bu qədər gözəl və aydın ola bilərdimi?!

Adam da belə havada ölərdimi?!..

Üzüyuxarı – evimizə tərəf qayıdanda Dənbəlov o qədər aydın, o qədər yaxında görünürdü ki, bir anlıq elə bildim yenə ordayıq.

Rahid meteroloji antenin yanında dayanıb dünyaya baxırdı...


# 3347 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #