Məktəblinin sinif yoldaşını bıçaqlamağı normaldır...

Məktəblinin sinif yoldaşını bıçaqlamağı normaldır...
16 sentyabr 2024
# 21:00

Kulis.az Eminquey Akifin yeni yazısını təqdim edir.

Goranboyda məktəbli məktəblini bıçaqlayıb.

Bu, məktəblərdə baş verən birinci qanlı hadisə deyil. Amma hələ də həyəcan təbili çalınmır. Gözləyirik ki, bu hal kütləviləşsin, gündə azı beş belə qanlı hadisə baş versin, məktəblər məktəblərlə, siniflər siniflərlə bıçaq-bıçağa çıxsınlar, sonra baxarıq.

İndilik...

... olur da, uşaq uşağı döyər də, bıçaqlayar da. Bir məktəbdə baş verib də, uşaqdırlar, barışacaqlar, bitəcək. Nöş dərd eləyirsiniz?!

Ciddi sözümdür, uşaq uşağı bıçaqlayar da. Burada şişiriləsi nə var ki? Özü də 11-ci sinif şagirdləri. Yekə kişidirlər e. Bunlar qız da istəyər, dalaşarlar da, lazım gəlsə, bir-birilərini öldürərlər də. 11-ci sinifdə oxuyurlar e.

Özü də hadisə məktəbdə baş verməyib, məktəbin hasarının o üzündə olub. Buna görə məktəbin heç bir günahı yoxdur. Nə məktəbin, nə məktəbin direktorunun, nə də müəllimlərin.

Bıçaq?

O şagirdin üstündə bıçaq olmayıb, şagirdləri məktəbin girişində yoxlamırlar, amma dəqiq bilirəm. Çox güman, məktəbin həyətində-zadda basdırıb, sonra lazım olanda gedib götürüb.

Bıçaqdır da, hər yerdə satılır. Uşaq neyləsin?! Bir şeyin ki qiyməti köşklərdə 5-10 manatdır. Dəqiq bilirəm, o uşaqlar o bıçağı adam öldürmək üçün almırlar. Məktəbdə yemək yeyəndə pomidor-zad doğramaq üçün alırlar. Sonra birdən necə olursa, qarınları doymur, sinifyoldaşlarını doğrayırlar.

Bir də, yadımdan çıxmışdı, məktəbdə "Son zəng" günündə oynayırdı ha hamı, onlara qoşuluram! Gəlin eləyək hörməti, Gəncə və gəncəlilərə!

Ümumiyyətlə, harada gəncəli gördün, hörmət elə! Gördün ki dörd bir yanın gəncəlidir, de ki, gəncəlilər Azərbaycanın ən yaxşı oğlanlarıdır. Gördün ki dörd bir yanın ağdamlıdır, de ki, Azərbaycanın ən bomba oğlanları Ağdam oğlanlarıdır. Gördün ki dörd bir yanın lənkəranlılardır, de ki, lənkəranlılar Azərbaycanın ürəyidir.

# 2241 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #