Kulis.az Eminqueyin “Üç badam, bir qoz” adlı köşəsini təqdim edir.
“Oğru şairəm, lotu şairəm mən”.Balaəli
Bax, elə bu saat, günorta birə qalmış on dəqiqə, bu yazını yazmağa başladım. Baş redaktorumdan başqa bu yazını heç kim məndən gözləmir. Gözlənilən isə budur ki, bir vaxtlar əlindən tutub studiyaya gətirdiyi, mahnılarını pulsuz yazdırdığı Bəhruz niyə meyxanaçı Xəyyam Əhmədlinin dəfn mərasimində iştirak etməyib?! Balaəli niyə Xəyyamın ölümünə iki gün qalmış onu ziyarət edib?
Açığı, heç Şərif Ağayardan da heç kim gözləmirdi ki, meyxanaçıların dəfn mərasimində çəkilən şəkillərini paylaşıb belə bir başlıq yazsın: “Azərbaycanın böyük fikir və düşüncə adamları, parlaq gələcəyimizin qarantı, xalqımızın hər zaman yüksək qiymət və dəyər verdiyi əvəzolunmaz söz ustaları vida mərasimində kameralara belə yansıdı”.
Söz yox ki, Şərifin bir ovuc insanın sarı simini altı-səkkiz ritmində barmaqlamağı birmənalı qarşılanmayacaqdı. Bəs, yaxşı, nöşün Şərifin “Arzulardan sonrakı şəhər”i cümlə-cümlə, söz-söz yazan, həm də başqalarının mətnlərində redaktə işləri görən barmaqları meyxanaçılarla həşir-nəşirdir?
Oşün ki, hay-küylü, izdihamlı meyxana məclisləri, fanat ordusu olan meyxanaçılar Şərifin bir nömrəli rəqibidir. Yəni, azından o belə düşünür. O, kitablarının oxunmamağının səbəbini meyxanada və meyxanaçılarda görür. Meyxanaçılar azərbaycanlı oxucuların əlindəki kitabı alıb, onları baş və orta barmaq arasına – çırtmaya – məhkum eləyib. Ölkənin ciddi düşünən əhalisinin beynini meyxana yüngülləşdirib. Bütün meyxanaya qulaq asan adamlar da narkomandır. Və necə olur ki, mən (Şərif) Azərbaycanın böyük fikir və düşüncə adamları, parlaq gələcəyimizin qarantı, xalqımızın hər zaman yüksək qiymət və dəyər verdiyi əvəzolunmaz söz ustalarına uduzuram?!
Xətrini çox istədiyim, sözünə dəyər verdiyim, rahatlıqla “abi” dediyim əzizim Şərif, sən özün də çox yaxşı başa düşürsən ki, azərbaycanlıların intellektual oxucuya çevrilməməyinin, kitab almamağının səbəbi meyxanaçılar deyil. Bu o azərbaycanlılardır ki, sovetin sərt qadağalarının olduğu vaxtda belə küncdə-bucaqda meyxana deyiblər. Necə ki öz evlərində şiəliyi, əzadarlığı qoruyublar. Yoxsa Makidon ellər çağırsa da, getməzdi davaya.
Başa düşürsən ki, meyxana azərbaycanlıların son ümid yeridir. Azərbaycanlılar yalnız meyxana məclislərində istədikləri qədər azad ola bilirlər, yalnız meyxana məclislərində adrenalinlərini dibinə qədər çıxara bilirlər. Roma dövründə yaranan olimpiadaların yaranma səbəbi nə idisə, meyxananın da yaranma səbəbi budur. Olimpiada fiziki güc göstərişi, döyüşüdürsə, meyxana da söz döyüşüdür. Meyxana küçə davalarının söz şəklidir. Yalnız meyxana məclislərində ən əclaf adam da beş manat şabaşla yaxşı oğlan kimi təqdim olunur. Şərif, düzünü de, meyxananı kim istəməz ki?!
Meyxana əruzun qırıq-quruqlarıdır da. Hansı ki, xalq Füzuli ola bilməyəcəyini dərk edəndə ən yaxşı halda meyxananı icad edə bilərdi. Etdi də. Öz Füzulilərini yetişdirdi. Fikir versən, bir az qəliz fikirlər deyən meyxanaçıları dahi, Füzulinin davamçısı hesab edirlər. Başa düşdükləri üçün yox, başa düşmədikləri üçün. Bu meyxanaçının günahıdır?
Kimsə sağlığında xəstə yatan meyxanaçıya ölüm də arzulaya bilər, kimsə meyxananın qadağan olunmasını da tələb edə bilər, amma yenə də xalq öz həyətində, toyunda, maşınında meyxanaya qulaq asacaq.
Əgər səndəki qəzəbin səbəbi xalqın onlara dahi şair, mütəfəkkir söz adamı kimi yanaşmağıdırsa, yenə də bunun günahı nə meyxanada, nə də meyxanaçılardadır. Meyxanaçıların dahiliyini xiridarlar həll edir. Xiridarlar da xalqdır. Məncə, bu qədər sadədir məsələ. Və elə bu səbəbdən də mən meyxananı və meyxanaçıları nə ədəbiyyata rəqib görürəm, nə də millətin dayazlaşmasına səbəb hesab edirəm. Məsələn, “De gəlsin” olmasaydı da, beş-on il gec, meyxana bu qədər, bəli, bu qədər məşhur olacaqdı. Sadəcə, TV bu məsələni 10 il tezləşdirdi.
Efir də burada göstərici deyil. Olsaydı, eyni meydan verilən rep də meyxana qədər xalqın populyar tələbat sahəsi olardı. Yəni, biri toy eləyəndə ciyəraxşamına meyxanaçı yox, reper dəvət edərdi. Meyxanaçıya yox, reperlərə dahi deyərdi. Demək ki, meyxana elə xalqın öz sümüyünə hopmuş və sümüyündən qopmuş bir zaddır. Olmasaydı, özün də baş redaktor olduğun zamanlar İP, oxunuş xətrinə meyxanadan istifadə etməzdin.
Meyxana heç vaxt ədəbiyyatın və təfəkkürün rəqibi ola bilməz. Meyxana heç vaxt bu xalq üçün təhlükə ola bilməz. Əksinə, xalq istənilən sənət növünə ciddi təhlükələr yarada bilər. Romanına görə yazıçını divara dirəyər ki, niyə mənim milli hisslərimə toxunmusan?! Rejissoru hədələyər ki, sənin filmində niyə yarıçılpaq səhnələr var? Bunları etmək üçün meyxanaya qulaq asmaq lazım deyil.
Meyxananı yıxıb-sürüyən Aqşin Yeniseyi də elə meyxana səviyyəsində söhbətlərlə və meyxana səviyyəsində “Sənə məktub yazıram” şeiri ilə tanıyırlar. İndi nə deyək? Deyək ki, Aqşin bayağıdır?
Təsəvvür elə ki, Əlibaba dırmaşdığı yerdən düşür, “Nöşün müsəlman olmaq istəmirsən?” deyib çırtma vuran Ağasəlim Çildağa deyir: “Saxla meyxananı, meyxana milləti kütləşdirir”. Əlibaba isə neyləyir? Deyir, mən azərbaycanlı deyiləm! Başlayır fransızca danışmağa. Söz yox ki, axırda adamı sünnət eləyirlər, çevrilib əsl azərbaycanlı, əsl müsəlman olur, amma apardığı mübarizə meyxana ilə olmur da. Bax, indi apardığınız mübarizəfason şey də Əlibabanın dırmaşdığı yerdən çox xırda görünür. Meyxananı yox etmək istəyirsənsə, birinci, xalqı sünnətdən, kirvədən, kiçik toy məclisindən arındırmalısan.
Bəli, mənim də arzulardan sonrakı şəhərimdə meyxana yoxdur, amma mənim arzulardan sonrakı şəhərimdə meyxanaya qulaq asan xalq da yoxdur.
Hə, bir də, can üstdə olan adama meyxanaçıdır deyə ölüm arzulamaq, öləndən sonra da onun dostlarının hüznü ilə məzələnmək...