Kulis.az gənc şair Emin Pirinin “Səngər məktubları” silsiləsindən yazdığı şeirləri təqdim edir.
Baş daşları utandırdı məni
Şəhid məzarlarını
mərmərə bükdük,
qalxa bilməsinlər
üzümüzə tüpürməyə.
Bu yaşıma görə
Şəhidlər Xiyabanında
18 yaşlı
baş daşları
utandırdı məni.
Məndən kiçikdi hələ
məndən öncə doğulanlar
əmi deyib
üstümə qaçır başdaşları
bir əsgərin ölüm günü
başdaşının doğum günüymüş.
can qoydular
nə düşdü paylarına
sağ qalanlar
daşladılar
torpağının başını.
Şəhid məzarlarını
mərmərə bükdük,
qalxa bilməsinlər
üzümüzə tüpürməyə.
Şəhid oğlunun dedikləri
Darıxır
anamın cehizlik ütüsü
Atamın biçənək ətirli
pal-paltarıyçün...
Ütüyə gəlmir ancaq
heç birisi!
Atamdan qalanlar
sandıq vətəndaşı
illərdir qırışmır
Anamın əlləri qırışıb ancaq,
ütümüz də qocalıb.
Atamın pal-paltarı
cəzasını çəkir
sandıq küncündə
dərsə hazırlıqsız bir şagird kimi.
Gözləyirəm...
iki ilə,
üç ilə ...
bəlkə nə vaxtsa...
boyum çata atama.
Geyəm paltarlarını.
yıxam özümü yerdən-yerə,
sürünəm asfalt üstdə,
bəlkə bir az qırış qatam
bəlkə bir az çirkləndirəm
sevindirəm anamın əllərini,
sevindirəm ütümüzü...
...Anamı heç elə görməmişdim
Atamı gətirəndə
sıxmışdı əllərini...
camaat görməsəydi
yumruqlardı atamı:
“bu iki yetimə bəs, kim baxacaq?!”
...Sonralar
üzümə baxıb,
saçıma əl gəzdirdi
və...
“şəhidlər ölməz” dedi...
Yayın gözü açılan kimi
anam yorğan-döşək
çırpır həyətdə.
Gözündə sevgi,
qolunda nifrət.
Çırpır
ürəyinin çırpıntısını,
çırpır atamın yoxluğunu.
...Atamın izini,
dizini döyür anam.
Sonra nəsə fikirləşib
gözünü döyür anam...
Sağ qalan varmı?!...
Əsgər sinəsi axtarır
isinməyə
fevral şaxtasından
üşüyən güllə.
hər əsgər tabutu
bir ağ gəlinliklə köçər...
əsgər deyil,
sevən qızın arzularını
götürüb gedər
hər atılan güllə.
soba yanında
gecə yarısı bir qız
məktub yazır səngərə.
anasının yarıyuxulu
“qızım yatmamısan?”
sualına diksinib
“üşüyürəm, ana,
odun atıram sobaya” ...
Daha
gecələri oyaq qalmağa
soba yanında
məktub yazmağa,
yalandan üşüməyə
sobaya odun atmağa
ehtiyac yoxdu...
səngərdən qıvrıla-qıvrıla
boğuq səsi gəlir
tağım komandirinin:
kimsə sağdı?!
Tanrılar məbədi qadın
Öpüşümlə dərərəm barmaqlarını bir-bir,
çobanyastığı ləçəkləri kimi sayaram
sevir, sevir
və...
Sevir.
Unutmaq
yeri yaddan çıxan basdırdığın
mina kimidir.
bir gün üzər ayaqlarını həyatdan
gözləmədiyin anda.
Küsər,
Baxışları -
şimal buzlu okeanın sahilə vurduğu
sərt, dondurucu ləpələr kimi.
Yeddi yox,
bütün notların sayı cəmi birdi.
təbəssümündən qopmadı hər bəstə.
Gözlərin
dənizlərin şahı,
görsə
Poseydon utanardı məqamından.
Ürəyim yerindən çıxıb
düşər ovuclarına.
Sən Tanrı Kukulkan
mənsə yağış duası.
Qəlbim əllərində döyünər
rahib taxçasındakı ürək kimi.
İndi anlayırsan ki,
yollar qovuşmaq yox, ayırmaqçündü.
Bütün yolları dağıtmaq lazım,
körpüləri uçurtmaq...
Xatırladınmı,
ata anası savaşarkən
oyuncağının gözlərini tutan
qızcığaz
bu gün “xilaskar” kimi
“Can qurtarırdı” abort masasında.
Burda anlayırsan ki,
Sevmək-solunda qəlbin döyüntüsü yox,
hər sabah oyandığında
sağında
bir ürəyin yatdığını görməkdir.
Qurmaq istərsən
o uşaq kimi dünyanı.
Divardan endirib ata rəsmini
silib qoltuq ağaclarını onun şəklindən,
ayaq çəkirdi atasına
Mərmilərin acığına.
Bilirsənmi, necə dəhşətlidir
ilk kərədən qınanmaq.
Başının üstünü kəsdirən qızın:
“Niyə ayağa qalxmır, bu mədəniyyətsiz” baxışı.
Deyə bilməzsən
ayaqlarının iki il öncə
mina üstündə centlmenlik etdiyini...
Protez ayağın utanar özündən
qayıda sənə:
“Xahiş edirəm, daha mənsiz get”
Məktəbdə kökə bölüşdürən uşaqları
burda mərmilər bölüşdürür
öz aralarında, sevgili.
Bəlkə də dönərəm,
hər duamı tellərinə deyərəm
bütün arzularımı ovcuna pıçıldayaram
dodaqlarında alaram dəstəmazı,
Tanrılar məbədi qadın.
Ayağım özümdən qeyrətli çıxdı
Çiçək açırdı
torpağa basdırılan
minalar
toxunanda ayaqlar.
çiçəklər yara açırdı
yaralar
anaların yuxusuna qaçırdı.
yuxular qara xəbərin
ardınca qaçırdı.
Qəlbinə qara xal düşən qızların
gözünün altından
öpüş yerini
səhər eşitdiyi xəbərlər yuyar.
evli xanımlar
yatağında yox,
torpaqda
əriyçün dərin yer salar.
…O da cəbhədəydi
mərmilər qucaqlamışdı
sağ ayağının addımını.
arxada can verən
addım səsinə
qayıdıb
itmiş ayağını aldı əlinə.
Bir vaxt sevgilisinə
gül verən əllər
bugün nə aparacaqdı?!
cəbhədə qalan sağ ayağının
təqaüdünü də
sol ayağı alıb xərcləyir!
danlayır özünü hər səhər-axşam
əlini başına, dizinə çırpır:
o qaldı cəbhədə,
mənsə qayıtdım
ayağım özümdən qeyrətli çıxdı.
İtirilmiş əllər
Görüşəndə
Sevgilisinin əlində
gözü axtarardı
ona veriləcək gülləri.
İndi
kitabları arasında qurutduğu
Gül ləçəklərində axtarır
Sevgilisinin сəbhədə itirdiyi əlləri.
Diqqətsiz
Bir az sərxoşluqdan,
bir az da söhbətin şirinliyindən
qırıldı şərab badəsi
yıxılıb əlimdən.
Baxıb
Köks ötürdü
xidmətçi xanım:
“cənab leytenant,
bu da qadın ürəyi deyil ki,
diqqətsizlikdən qırasız!”
Atəşkəs
İyirmi illik
köhnəlmiş sözlərlə
başladı
televiziya
xəbər başlıqları:
atəskəs pozulub...
düşmən susduruldu.
mərmilərə atılan
ana fəryadıyla.
Sükutlu səngər
Pozulur
səssiz gecələrdə
gözlərdən qovulmuş
səngərin sükutu.
Torpaqdan dən yerinə
barıt dənləyən sərçə dimdiyi.
Və bir də
sərçə kimi qorxu dənləyirdi
əsgər ürəyi.
Babamın əlləri
Müharibə əliliydi babam,
aldığı təqaüdün qəpiklərini
gizlədərdi əlində.
“Tapın görüm, hansı əlimdədi?
Pul, tapanındı”
oynardı bizimlə.
Ancaq heç vaxt tapmadıq
qəpikləri hansı əlində gizlətdiyini.
görəsən, bilirdimi
biz bilirik
bir əlini müharibədə itirdiyini...