Təlxəkliyin efir sistemindəki ədəbiyyat

Təlxəkliyin efir sistemindəki ədəbiyyat
27 oktyabr 2014
# 15:00

Tərazuyi-əyari möhnətəm bazari-eşq içrə!

Füzuli

“Günbaxan” verilişində yaşanan olay ədəbiyyat adamı kimi insanda qəribə bir qıcıq yaradır. Bir xalq kimi düşüncə tərzimizin eybəcərliyini, miskinliyimizi, həyata hansı ölçülərdən yanaşma mexanizmini bütün parametrləri ilə sərgiləyir.

ANS kanalının ədəbiyyata yanaşmasında həmişə qəribə bir ədabazlıq, kompleks hiss olunub. Bu kanal yazıçıların dartışmalarını, hər hansı məsələyə münasibətini daim göz önündə saxlayır, obyektivi boşluqlara tuşlamağı sevir, fürsət tapdığı azacıq imkanda onu müzakirə predmetinə çıxarmağa səy göstərir. Məsələn, Ş.Ağayarın AYB ilə münasibəti, Ə.Əylislinin məlum əsəri ətrafında ajiotaj, yazıçıları dəvət edən Rövşanə Bektaşinin onları meyxana sürprizinə qonaq etməsi, xəstəliklə çarpışdığı məqamlarda cəllad soyuqqanlığı ilə şairin başı üstünü kəsdirib içinin xıltını tökən Mir Şahin yanaşması bütünlükdə kanalın hansı mövqe tutduğunu ortaya qoyur.

“Günəbaxan”da yaşananlar həmin dalğanın daha bir təzahürü idi. Yazarları mədəniyyətə dəvət edən aparıcının özünün qeyri-etik davranışı ümumən, bu gün cəmiyyətin yazara, ədəbiyyata olan münasibətini görükdürür. Rəhmətlik Rafiq Tağının bu fikrini gündəlik üzləşdiyim bir çox situasiyalarda tez-tez xatırlayıram: biz qorxmadıqlarımıza qarşı qəhrəmanıq!

Ogünkü olay da həmin fikrin çox ustalıqla əyaniləşən şəkli idi. Bu gün cəmiyyətdə intellektual düşüncənin önəmliliyi mərkəzdən periferiyaya sıxışdırılmaqda. Gündəlik şou verilişlərinin yüngül ritminə köklənmiş xalq yavaş-yavaş düşünən “mən”indən fərar etmədə, əxlaqi və mənəvi boşluqlarını genişləndirməkdədir. Siz təsəvvür edin: aparıcı deyir ki, xalq artıq sizdən (yəni yazıçıların söhbətindən) narazıdır, əyləşənlər də bunun təsdiq etmək niyyətilə əl çalır... Unudaraq, fərqinə varmayaraq ki, burda əyləşən o üç şəxs onların həyat tərzinin işgəncəyə çevrilməsini əngəlləmək üçün burdadır. Müğənnilər buna əks reaksiya verə bilər, aparıcı pul gələn selin ağzına daş qapamaz, təbiidir. Bəlkə o da təbiidir ki, belə verilişlərin fanat ordusu da özünə adekvat olmalıdır.

Keçən dəfə dil məsələləri ilə bağlı verilişə dəvət olunan tanışlarımdan biri deyir ki, studiyaya daxil olduğum zaman iki müğənninin də orda olduğunu görüb təəccübləndim: müğənnilərin bu cür ciddi mövzunun müzakirəsində nə işi var - deyə sual etdim. Cavabları belə oldu: yalnız dilçilik problemlərindən danışsaq, kimə maraqlı olacaq ki?! Müğənniləri dəvət edirik ki, heç olmasa tamaşaçıda verilişə maraq oyada bilək. Belə...

Cavan həmkarım sarsılmışdı. Sanki heç Azərbaycanda yaşamır, onu Aydan gətirib qəfildən bura qoymuşdular. Elmin, ədəbiyyatın bazar əxlaqının yedəyində sürünməsini, şou verilişlərinin qoşqusu olmasını qəbul edə bilmirdi. Halbuki, ədəbiyyat məsələlərinin qabardıldığı bir çox məqamlarda biz artıq bu vəziyyətə öyrəncəli olmuşuq. Aprel ayında ilin ədəbi yekunları ilə bağlı Ədəbiyyat İnstitutunda keçirilmiş müşavirə ilə bağlı Az TV-yə dəvət olunmuşduq. Bu cür ciddi mövzuya ayrılan vaxt isə cəmisi on dəqiqə idi. Onu da aparıcılar özləri doldurmağa çalışdılar. On dəqiqəlik ədəbiyyat söhbəti hansı məqamların üzərinə işıq sala bilər ki?

Bir neçə gün sonra Space televiziyası da eyni mövzuyla bağlı dəvət edəndə cavabımı düşünmədən verdim, gələ bilməyəcəyimi bildirdim. Bizdə ədəbiyyatla bağlı ciddi verilişlər çox az hallarda təşkil olunur. Kanallar tərəzinin gözünə mədəniyyət və “bazar”ı qoyub çox dəyərləri çıxdaş eləməyə çalışırlar. Mənəviyyatın dəllal tərəzisinə qoyulduğu, daha çox ajiotaj xarakterli, qalmaqala köklənmiş ritmdə, yüngül vəzndə, gərgin ab-havada düzənlənən bu verilişlərin tamaşaçı düşüncəsində heç bir maariflənmə işi aparmadığını anlamağın zamanıdır. Yazıçısı susdurulan, təlxəkliklərə çəpik çalınan bir ortamda ziyalıdan xalqa gedən körpünü qurmaq çox çətindir. Yadıma Dürremantın sözləri düşür: "Romul özünü uzun müddət təlxəkliyə qoydu. Lakin heç kəsin xəbəri olmadı ki, bu təlxəkliyin öz sistemi var". Təəssüf ki, bizdə bu təlxəkliyi sistemli şəkildə düzənləyən ədəbiyyat sevdalı kanal və onun intellektual aparıcıları hələ yetişməyib.

# 3172 dəfə oxunub

Müəllifin son yazıları

# # #