Bacısına ölüm arzulayan yazıçı

Bacısına ölüm arzulayan yazıçı
8 yanvar 2014
# 12:32

Kulis.Az yazarların intihar məktublarını təqdim edir.

Roman Qari – fransız yazar, rejissor, ssenarist ( 2 dekabr 1980)

Keçmiş həyat yoldaşı Cin Siberqin 1979-cu ildəki ölümündən sonra dərin depressiyaya düşən yazar 1980-ci ildə Parisdə həyatına son qoydu. O, bu qeydi yazmışdı:

“Çox əyləndim, xudahafiz və təşəkkürlər!”

Sergey Yesenin – rus şairi (1924)

“Anqleter” otelinin otağında özünü asaraq intihar etdi. Cəsədinin yanında intihardan bir gün əvvəl biləklərini kəsib öz qanı ilə Mayakovskiyə yazdığı vida şeiri tapılmışdı. Sergey Yesenin Moskvanın Vaqankovskoye qəbiristanlığında dəfn edilib:

“Boşla söz-söhbəti, dostum, əlvida,
Qəlbinin qəmini, qüssəsini sil.
Nə ölüm təzədir qoca dünyada,
Nə də ki, yaşamaq təzə şey deyil!”

Şarlotta Perkins Gilman – amerikalı yazar (1934)

Gilman yüksək dozada xloform qəbul edərək intihar edib:

“İnsan artıq bir işə yaramayanda, qaçınılmaz və yaxın bir ölümdən əmin olanda, yavaş və faciəvi bir ölüm əvəzinə sürətli və asan bir ölüm seçmək ən bəsit insan haqlarından biridir. Xloformu xərçəngə dəyişdim.”

Robert E. Hovard – Amerikalı yazar (11 iyun, 1936)

Hovard intihar məktubunda Viola Qarvinin “Sezarın evi” (The House of Caesar) şeirindən bir bənd yazmışdı.

“Hər kəs qaçdı – hər şey bitdi, elə isə məni tonqalın üzərinə qoyun; bayram bitdi və fənərlər söndü.”

Henri fon Kleyst – alman yazar və dramaturq (1811)

Kleyst xərçəng xəstəsi olan gənc xanım dostu ilə birlikdə intihar edib. Məktubunda bacısına belə yazıb:

“Bütün dünyayla - hər şeydən əvvəl səninlə, əziz Ulrike – uzlaşmadan, indiki olduğum kimi rahat və hüzurla ölüb gedə bilmərəm. Mənə yazdığın məktubdakı o sözlərdən vaz keç. Həqiqətən də məni xilas etmək üçün bir bacının edəcəyindən də artığını etdin. Həqiqət isə budur ki, yer üzündə heç bir şey mənə kömək edə bilməz. Xudahafiz. Tanrı sənə mənimkinin yarısı qədər olsa belə əyləncəli və bənzərsiz bir xoşbəxtlik içində ölməyi nəsib etsin. Bu sənin üçün düşünə biləcəyim ən səmimi diləkdi.”

Yukio Mişima – yapon yazıçısı. (1970)

Rəhbəri olduğu “Sipər cəmiyyəti”nin bir neçə üzvü ilə Özünü Müdafiə Qüvvələrinin binasını tutan Mişima eyvanda vida nitqini söylədikdən sonra intihar etmişdi.

Eyvanda nitq söyləyəndən sonra içəri keçən Mişima dostlarına “İnanmıram ki, mənə qulaq assınlar” dedi. Daha sonra “Tenno Heika banzai!” deyərək xarakiri eləyir.

Silviya Plat – amerikalı roman yazarı və şair (11 fevral 1963)

Plat Londondakı evind başını qaz sobasına soxaraq intihar etmişdi.

Yazdığı məktubun məzmununa görə çox adam onun özünü öldürmək niyyətində olmadığının düşünür: “Həkim Horderə zəng vurun.”

Virciniya Vulf – ingilis yazar (28 mart 1941)

Vulf ərinə yazdığı son məktubu buxarının üstünə qoyaraq evdən çıxır və yaxınlıqdakı Ous çayına özünü ataraq intihar edir. Məktubda bunlar yazılmışdı:

Əzizim, artıq yenidən dəli olmağa başladığımı hiss edirəm. Daha bu pis günləri geridə buraxa bilməyəcəyimi düşünürəm. Bu dəfə sağala bilməyəcəm. Səslər eşitməyə başlamışam və diqqətimi işimə cəlb edə bilmirəm. Elə buna görə də edə biləcəyim ən doğru işi edirəm.

Sən mənə yaşada biləcəyin ən gözəl, xoşbəxt günləri yaşatmısan. Elə hər baxımdan. Bu xəstəliyə tutulana kimi iki insanın birlikdə dada biləcəyi ən böyük xoşbəxtliyi daddıq. Bundan artıq mübarizə apara biləcəyimə inanmıram. Buna gücüm yoxdur. Bilirəm həyatını məhv edirəm, ancaq mənsiz də həyat davam edəcək. Yaşamağa davam edəcəksən, bilirəm. Bu məktubu belə düzgün yaza bilmirəm. Oxuya bilmirəm.

Demək istədiyim budur ki, həyatımdakı bütün xoşbəxtlikləri sənə borcluyam. Həmişə yanımda oldun, mənə arxa durdun. Bunu hamı bilir. Əgər məni xilas edəcək biri olsaydı, bu sən olardın. Mən hər şeyimi itirdim amma sənin mənə etdiyin yaxşılıqlar həmişə mənimlə olacaq. Həyatını daha çox cəhənnəmə çevirə bilmərəm. Həyatda kiminsə bizim kimi xoşbəxt ola biləcəyinə də inanmıram.”

# 3413 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #