Müsəlmanların bədbəxtliyi

Müsəlmanların bədbəxtliyi
28 may 2013
# 07:30

Təyyarə

Atam başqalarının onun işinə qarışmasını xoşlamaz, elə buna görə edəcəyi işlər barədə heç kəsə deməzdi. Məni İstanbula internata oxumağa göndərəcəyini də heç kəsə demirdi. Mən isə İstanbula getmə sevinci içində bir-iki yaşıdımın arasında bu haqda bir az gəvəzəlik etmişdim. Xəbər qəsəbədə qısa vaxtda yayıldı.

Florina müsəlmanları atamın qərarını heç də yaxşı qarşılamadılar. Onlara görə qızlara molla yanına gedərək Quranı oxumağı bacarmaq, oğlanlara isə qəsəbədəki Rüşdiyyəni bitirəcək qədər savad almaları kifayət idi. Ondan çox zərər idi. Təhsil uşaqları ata ocağından, qəsəbədən ayırırdı. Ayrılıq qapısı idi. Oxuyan uşaq sonda ata ocağına xeyir verməz. İşləməyə başlayar, ordan-ora köçüb eləyər, bir yerdə qərar tuta bilməz.

Onlar isə yerli nizama tərəf idilər. Evləri, bağları, tarlaları, meyvəlikləri, dükanlarıyla xoşbəxt idilər. Həqiqətdə tox gözlü idilər. Mallarının çox ya da az olmasının, dükanlarından az, ya da çox gəlir gəlməsinin onlar üçün heç bir fərqi yox idi. Evləri, ailələri külfət olsa da, bağlarının, tarlalarının kiçikliyindən şikayət edənləri yox idi. Ya bir inək, ya bir keçi, beş-on toyuq saxlayar, bağda bir-iki alma, ərik ağacı yetişdirirdilər.

Tarlalarının buğdası, heyvanlarının südü, yumurtası, ağaclarının meyvəsi ilə keçinib gedirdilər. Ən çox ağızlarından çıxan söz bu idi: “Allaha çox şükür bizə bu günləri göstərdi.”

Məhəllə aralarında kiçik dükanlarında çalışanlar da həyatlarından razı idilər. Satıcıların gündəlik satışları lampa üçün yağ, şam, kibrit, sabun, uşaqlar üçün konfetdən ibarət idi. Yenə üzləri gülərdi. Sanki qazanc əldə etmək üçün deyil, vaxtlarını keçirmək üçün dükan açmışdılar. Çünki açıq desələr də, deməsələr də məqsədləri qəsəbədə qalmaq, burda məskunlaşmaq idi.

Qəsəbədə təhsili olanlar rumlar ilə İstanbuldan təyin olunmuş icra nümayəndələri və zabitlər idi. Qəsəbənin həkimləri rumlu idi. Əczaçı rumlu idi. Yeganə vəkil vardı, o da rumlu idi. Müsəlmanlar arasında təhsil alma istəyi yeni-yeni baş qaldırmışdı. Dəllək Şərif əfəndi oğlunu monastır məktəbinə, sonra da İstanbula tibbə oxumağa yollamışdı. Qarovulçu Zühtü əfəndi kasıb olmasına baxmayaraq oğlunu İstanbulda oxudurdu.

Qəsəbənin müsəlmanları ikisinin də davranışını kafirlik sayırdılar. Müsəlmanlara görə onların hərəkətləri hədlərini aşmaq idi. Dəllək Şərif əfəndinin oğlunun nəyinə lazım idi həkimlik? Adam oğlunu da özü kimi sünnət kəsən eləsəydi kifayət etməzdimi? Oğlu ac qalardı? Əlbəttə onun güzəranını təmin edəcək qədər oğlan uşağı böyüdərdilər. Qarovulçu Zühtü bəyin oğlunun oxumağını lap gülünc qarşılayırdılar. Qarovulçunun oğlunu hökumət vəzifəsində işləməyə göndərməsi icra nümayəndəsi yetişdirməsi nə deməkdir? Sabah, biri gün oğlan Florinaya icra nümayəndəsi kimi gəlsə onun sözünə kim qulaq asar axı? Kim onun verdiyi əmrləri yerinə yetirərdi? “Sən qarovulçu Zühtünün oğlu deyilsən? Sənə qalıb bizə səhv-düz göstərmək?” - deyərdilər.

İstanbula gedəcəyimi eşidənlər birbaşa atama sözlərini deyə bilmədiklərindən yolumu kəsməyə başladılar. Topal Rəşid əfəndi yaxşıca tənbeh elədi məni:

- Ay Mustafa, daha nə istəyirsiniz, o böyüklükdə eviniz var, Sarımeşədə bağınız, tarlanız. Atanın manufaktura dükanı var. Oxuyub nə edəcəksən ki guya? Atan o İstanbula xərcləyəcəyi pula sənə bir bağ alsa, bir dükan açsa daha ağıllı iş görər.

Nə deyəcəyimi bilmədim:

- Mən bilmirəm, atam bilir.

O isə danışdıqca qəzəblənirdi:

- Sən özün istəyirsən İstanbulda oxumağı, ya atan göndərir?

Bilmirəm niyə, atama söz gəlməsin deyəmi, yoxsa öyünmək üçünmü belə cavab verdim:

- Mən.

- Bizim də uşaqlarımız var. Bu cür gedişlərlə onlara çox pis nümunə olacaqsan. Sabah, biri gün onlar da ayaqlarını dirəyəcək ki, biz də İstanbula getmək istəyirik. Evlərimizdə rahatlıq, sakitlik qalmayacaq! Belə sən get, o getsin, kimə qalacaq bu Florina? Bu torpağı kimə qoyacağıq? Bu cür qaçıb getməklə nə istəyirsiniz? Rumlara, bulqarlara qalsın bu bağımız, bağçamız? Onlar da dəstəmazsız ayaqlarıyla gəlib evlərimizi zəbt etsinlər? Heç ürəyiniz sızıldamaz? Hə? Heç ağlınız işləyir?

Elə o günlərdə Topal Rəşid əfəndi kimi üç-beş nəfər də yolumu kəsib məni bu cür danladı. İstanbula gedəcəyimi görə yaşıdlarım isə mənə həsəd aparırdılar:

- Padşahı görərsən. Beyoğlunda gəzərsən.

Bu cür deyərək öz xəyallarını sanki dilə gətirirdilər. Axırı nəticə olaraq atamın qərarı dəyişmədi. Məni İstanbula göndərdi.

İki il sonra idi. 1912-ci ilin yaz tətilində bir cümə namazından sonra Topal Rəşid əfəndi ilə dostları məni aralarına salıb İstanbulda nələr baş verdiyini, nələr görüb görmədiyimi soruşdular. Onlara İstanbulun xoşlarına gələ biləcək tərəflərini danışmaq istədim. Məscidlərdən, padşahın cümə namazından, Qalata körpüsündən danışdım. Bu mövzulardan hansına keçsəm sözümü yarımçıq saxlayırdılar:

- Başqa? - deyə sual verdilər.

- Başqa nə olsun axı. Mən tələbəyəm.

Topal Rəşid əfəndi yenə qəzəblənməyə başladı:

- Sən yenə nəsə görmüsən, başqa nəsə.

Hirslənirdim:

- Nə görmüşəm?

- Onu danış! Niyə onu danışmırsan ki? Bütün yaşıdlarına ondan danışırsan? Bizə niyə danışmırsan?

Başa düşmüşdüm nəyi soruşduğunu. Bu qəzəbli davranışının arxasından nə deyəcəyini bildiyim üçün yenə anlamazlıqdan gəldim.

- Havada uçurmuş? Çox səs-küy salırmış. Danış görüm nə imiş o yalan?

Dediyi təyyarə idi. Təyyarə görmüşdüm. Tətilə yaxın bir gün bizi məktəbdən Yeşilköyə təyyarəçi Fethi bəyin nümayişinə armışdılar. Fethi bəyi, təyyarəsini yaxından gördük. Fethi bəyin iki qanadlı, tək motorlu təyyarə ilə uçuşuna baxdıq. Onun təyyarəsi ilə havada yana, düz, dikinə hərəkətləri nəfəsimizi kəsirdi. Onu göylərdən gələn nağıl qəhrəmanı kimi görürdük. Sonra Fethi bəyin ətrafına toplaşdıq. O gündən bəri düz üç aydır ki, o günü unuda bilmirəm.

Təyyarə, Fethi bəyin cəsarəti ən böyük heyranlıq qaynağım idi. Florinaya qayıtdığım gündən bunu yaşıdlarıma danışırdım. Söhbətin belə xoşagəlməz açılması hətta məni coşdurdu:

- Təyyarə!

- Nədir ki, o?

Bu cür böyük bir hadisəni necə danışmağa başlayacağımı bilmirdim.

- Quş kimi. Uçur. İki qanadı var.

Rəşid əfəndi ilə dostları sifətlərini sallayaraq üzümə baxırdılar.

- Belə deyək, bir növ uçan maşın.

- Uçan maşın?

- Necə uçur?

- Necə ola bilər axı?

- Qabaqda pəri var. Arxada quyruğu. Gövdəsi quş kimi. Sinəsi geniş, quyruğuna doğru daralır. Quşun ayaqları yerinə təkərləri var.

Təyyarənin qanadlarını təsvir etmək üçün əllərimi açıb göstərirdim. Qulağıma mızıltılar gəlirdi:

- Düz deyir bu? Yoxsa özündən uydurub aldadır bizi?

- İnanırsan? Heç belə şey olar?

Danışdığlarımdan xoşlanmadıqları məlum idi. Sözümü bitirməyə az qalmış özlərini saxlaya bilmədilər:

- Bəlkə sehrbaz görmüsən?

- Atan səni ona görə İstanbula göndərib ki, gəlib bizə yuxuda gördüklərini danışasan?

Aralarında mübahisə başladı:

- İnsan da heç uçar?

- Quranda yazmır!

- Əgər uça bilsəydi Quranda da yazardı.

- Deyəsən, bu Cəbrail əleyhissəlamla qarışdırıt o Fethi bəyi.

- İnsanın gələcəyində nə varsa Quranda yazılıb. Dünyanın yaranışından qiyamət gününə qədər nə olacaqsa Peyğəmbər qullarına söyləyib. İnsan uça bilsəydi, bunu da deyərdi. Daha gözləməzdi ki, İbrahim Hafiz oğlunu İstanbula oxumağa yollasın, o bizə gəlib desin.

Rəşid əfəndi çəliyini yerə vurdu:

- Tövbə, tövbə! Müsəlman olduğunu bilməsəydim, elə zənn edərdim kafirsən. Baban otuz il bundan əvvəl burdan qalxıb Həccə getmişdi. Gedib qayıtması üç ay davam elədi. Hələ heç kəsə onun çatdığı savab nəsib olmayıb. İbrahim Hafiz kimi əllə neçə dəfə Quranı köçürmüş bir müsəlman kişinin oğlusan. Sənə yaraşarmı bu cür yalanlar? Bir də belə günaha girdiyini eşitməyim.

Məni danlaya-danlaya dağılışdılar. Heç üzümə də baxmadılar.

Halbuki, o günlər qəzetlər elə hey təyyarə xəbərləri ilə dolu idi. Əllərinə qəzet almırdılar axı. Hələ on ay əvvəl Trablus müharibəsində italyanlar artıq təyyarədən istifadə etmişdilər.

Aradan üç ay keçdi. Balkan müharibəsi başladı. Noyabr ayında Florina səmalarında iki yunan təyyarəsi göründü. Dəmiryolunu bombalayıb uzaqlaşdılar. Partlayış səsləri qəsəbədə eşidildi.

Müsəlman məhəlləsində yeni mövzu başladı: “Dünyanın sonu gəldi. Qiyamət əlaməti. Bu kafirlər allahın işinə burunlarını soxurlar”.

Aralarında mən danışdıqlarımın doğru çıxdığını deyən bir adam da tapılmadı. Bütün o yaşlı müsəlmanlar, allahın insanı yerdə gəzmək üçün yaratdığına, mələklərə bənzəmək istəyib də göydə uçmağa çalışanların, göy üzünün rahatlığını pozanların bir gün necə olsa da cəzalanacağını düşünərək ömürlərini sona çatdırdılar.

# 3300 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #