Anar AYB-dən niyə getmir?

Anar AYB-dən niyə getmir?
19 may 2011
# 15:29
Anar Rzayev düz iyirmi dörd ildir ki, Azərbaycan Yazıçılar Birliyinin sədridir.

Bu iyimi dörd ilin ilk dörd ilində təşkilat Azərbaycan Yazıçılar İttifaqı adlanırdı.

1987-ci ildə seçilib. 1990-da yenə seçilib. 1997-ci ildə təkrar seçilib. 2004-cü il sonuncu dəfə seçilib. İndi 2011-ci ildir. AYB XII qurultayına hazırlaşır. Anar da hazırlaşır. Anar yenə seçilmək istəyir. Deyir ki, yorulmamışam. Deyir ki, yerimə başqa adam görmürəm.

Biz də burda təəccüblü heç nə görmürük. Artıq təəccüblənməyə bir şey tapmırıq. 20 ildir AYB sədri olan Anarın bir daha rəhbər seçilmək arzusunda ona görə qeyri-adi bir şey yoxdur... Bu milli bir idmandır.

Anar da azərbaycanlıdır. Ancaq o, yazıçı olduğuna görə kütlədən, tipik azərbaycanlıdan fərqlənməliydi.

Dəyərli yazıçımız Anarın pis aqibətlə üzləşməsini istəmirəm. Heç bunu arzulamıram. Könüllü şəkildə vəzifədən getmək həm Mehdi Hüseynin aqibətini yaşamaqdan, həm də “vurulmaq”dan yaxşıdır.
Anarın 73 yaşı var. Bir insan Azərbaycanda nəyə nail ola bilərsə, Anar buna nail olub. Ailə qurub, uşaqlarını böyüdüb, əsərlərini yazıb, evi var, maşını var, vəzifəsi var. Oğlu səfirdir, qızı üç jurnalın bir yerdə baş redaktorudur. Rəsul Rzanın adını lazımı səviyyədə qoruyub saxlayıb. “Təhminə və Zaur”a Azərbaycanda hamı azı 40 dəfə baxıb. Bütün bunlardan sonra bu adam nə istəyir?

Anar müstəqillik dövründə ən çox tənqidlərə tuş gələn yazıçıdır. Amma Azərbaycanda heç kim Anarı əsərlərinə görə tənqid etməyib. Heç kim “Sən istedadsız və pis yazıçısan” deməyib.

Yazıçılar Birliyinin sədri kimi Azəbaycan ədəbiyyatına bu qədər zərbə vurmasına görə tənqid edilib.

“Anar nə edə bilərdi ki? İnsanların əlindən tutub yaxşı əsər yazdırmayacaqdı ki?”

Belə arqumentlər səslənə bilər. Müəyyən qədər haqlı görünə bilər bu arqumentlər.

Ancaq məsələnin başqa tərəfləri də var.

Bu illər ərzində dövlət büdcəsindən AYB-yə yüz minlərlə pul ayrılıb. Təkcə “Ədəbiyyat qəzeti”nə ildə iki yüz min manat pul ayrılır.

Bu pullar hara xərclənir? Yazıçıların həvəsləndirmək üçün hansısa müsabiqələr keçirmək, mükafatlar vermək, qonorar vermək olmazdımı?

“Ədəbiyyat qəzeti” adama sovet vaxtı çıxan qəzetləri xatırladır. Qəzet də 1939-cu ildən çıxır. Hələ də 39-cu ildə qalıb sanki.
Anar AYB-nin sədri kim tez-tez xarici səfərlərdə olur. Beynəlxalq tədbirlərə qatılır. Bu səfərlərə özünun əvəzinə arada digər gənc yazıçıları göndərmək olmazdımı? Əlbəttə, olardı.

Dövlət büdcəsindən ayrılan pullar hesabına da çox işlər görmək olardı. Bu gün internetin yaratdığı imkanlar ədəbiyyatı, incəsənəti təbliğ etməkdə çox geniş imkanlar yaradır. AYB-nin isə normal bir saytı yoxdur. İndiyə kimi internetdə olan ədəbiyyat portallarının əksəriyyətini müstəqil yazarlar könüllü şəkildə hazırlayıblar. Bu saytların hesabına Azərbaycan insanı müasir ədəbiyyatla tanış olub.

O işlərin böyük əksəriyyəti pul qarşılığında edilməyib. Könüllülük prinsipi ilə edilib.

AYB sovet pencəyini əynindən çıxarmayıb. Köhnə üslubda tədbirlər, jurnallar, qəzetlər.

Bütün bunlar haqda gənc yazarlar çox yazıblar. Anarı çox tənqid ediblər. Anar isə əvəzində onlara cavab verməyib, ya da təhqir edib.

... Dünyada yaradıcı insanın bir obrazı var. Dağınıq, anarxist, etirazçı... Anar isə ütülü, razılaşan, məmur tipli...

Yazıçılar Birliyində havanı dəyişməyə ehtiyac var...
# 1678 dəfə oxunub

Müəllifin son yazıları

# # #