Öpüşün!

Öpüşün!
27 aprel 2011
# 13:41
Türkiyədə gənclər qeyri-adi bir aksiya ediblər. Facebook vasitəsilə şəbəkələşib İstanbulun mərkəzində görüşüblər. Cütlüklər şəklində avtobuslara doluşaraq öpüşməyə başlayıblar.

Onlar bununla bir neçə gün əvvəl bir qızla oğlanın avtobusdan düşürülməyinə etiraz ediblər. Sevgili olan iki tələbə dərsdən çıxıb avtobusla evə gedirmişlər. Birdən avtobusun sürücüsü onlara deyib: “Düşün aşağı, bura seks avtobusu deyil”. Gənclərin deməyinə görə öpüş olmayıb, sadəcə qucaqlaşıb oturubmuşlar.

***
Yəqin çoxunuzun başına belə hadisələr gəlib. Sürücü avtobusdan düşürməsə də polis parkda sizə yaxınlaşıb. Hamımıza tanış mənzərədir.

Parkda sevgilimizi öpən kimi hardansa bığlı, yekə qarınlı polislər peyda olur. Əlbəttə ki, bir cinayət hadisəsi olsa belə tez peyda olmazlar.

Xalqın təəssübünü çəkən polis nəfəri adamı yanına çağırıb danışmağa başlayır: “Burda arvad-uşaq var. Sən bu qızı tanıyırsan? Aparacam sizi bölməyə, orda qızın atası da gələr aydınlaşdırarıq”.
Polis adamla elə danışır ki, sanki sevgilimi öpməmişəm, parkın ortasında onun qarnına bıçaq soxmuşam. Ya da şillə-təpiyin altına salmışam. Yaxud birləşib parkdakı uşaqları döymüşük, qadınlara
daş atmışıq, onları söymüşük.

Bir az sonra polis başlayır ağıllı-ağıllı danışmağa. Milli mentalitetin verdiyi imkanlardan yararlanır. Televizordan eşitdiyi sözləri təkrarlayır: “indiki gənclik korlanıb, biz sizin vaxtınızda belə deyildik”.
5-10 dəqiqə gəvəzələdikdən sonra bir siqaret puluna öpüşümüzü “xilas etmək” mümkün olur.

Bizdə çöldə öpüşməyin qiyməti bu qədərdi.

***

Buna təkcə polisin reaksiyası belə deyil. Bütün cəmiyyət eyni reaksiyanı verir.

Bir dəfə soyuq bir qış ayında sevgilimlə öpüşməyə yer tapmamışdıq. Nəhayət Elmlər Akademiyasının arxa tərəfində bağlı olan bir çayxananın divarına söykəndik. Öpüşün ən ləzzətli yerində içəridən kiminsə qışqırdığını eşitdik. Çayxanın qaravulçusu idi. Nəsə bağırırdı. Ordan qaçmalı olduq. Qaravulçunu da bir xeyli söydük.
Binaların blokarlarında, qaranlıq keçidlərdə, insanların görmədiyi yerlərdə çox öpüşdüm sevgilimlə.

Hamısında da stress içində. Gözlərim həmişə ətrafa baxdı. Halbuki öpüşərkən gözləri bağlamaq ilkin şərtdir. Bu cəmiyyət bizi gözü bağlı öpüşməyə məcbur edir.

Bu da əlbəttə münasibətlərə pis təsir edir. Münasibətlərdə bir stressin, böhranın yaranmasına səbəb olur.

Gənclərin daim təzyiq, basqı altında olması deməkdir bu. Gəncliyini azad böyüdə bilməyən cəmiyyət gələcəyindən nə gözləyir görəsən?

***
Öpüşməkdə ziyanlı olan heç nə yoxdur. Savaşmaqdan yox, sevişməkdən qorxur sanki insanlar. Sevişmək savaşmaqdan gözəl deyilmi?

Küçədə dava edən bir cütlük daha ziyanlıdır yoxsa öpüşən? Hansı uşaqların tərbiyəsinə pis təsir edir?

Parkda öpüşən qızla oğlan görən kişi axşam evdə həyat yoldaşına qarşı aqressivmi olacaq yoxsa tərsi?

Uşaqlarımıza savaşın yerinə sevişin deməliyik!

***
Öpüşməyin həm də orqanizm üçün xeyirlidir.

Öpüşmək inusilin və adrenalin ifrazını artırır, böyrəküstü vəzlərdə stress hormonlarının azalmasına səbəb olur. Ürək döyüntülərini sürətləndirir, nəbzi dəqiqədə 110 dəfə vuracaq səviyyəyə qaldırır.
Ciyərləri də gücləndirir. Normalda dəqiqədə 20 dəfə nəfəs alırıqsa, öpüşəndə 60-a qalxır.

Üzdəki qırışıqlara da xeyri var. Üzdəki 30 əzələni hərəkət etdirir. Kökəlməyə meyilli adamlar üçün öpüşmək çox xeyirlidir. 2 dəqiqəlik öpüş 15 kilo kalorini aparır.

Öpüşmək dişlərə də xeyirdir. Tüpürcəyin ifrazatını artırır bu da dişin minasına müsbət təsir eliyir.

***
Öpüşən adamlara qarşı aqressiv olmayın. Öpüşməkdən də qorxmayın. Öpüşmək azadlıq deməkdir.

Yaxşı öpüşməyi də öyrənin.

“Yaxşı öpüşən sevgili dünyanın yarısı deməkdir”- deyiblər.
# 5070 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #