Balaca Məhəmməd torpaqlarımızı işğaldan necə azad etdi – ELÇİN HÜSEYNBƏYLİ

Balaca Məhəmməd torpaqlarımızı işğaldan necə azad etdi – <span style="color:red;">ELÇİN HÜSEYNBƏYLİ
21 aprel 2016
# 12:05

Kulis Elçin Hüseynbəylinin “Cocuq Məhəmmədin arzuları” hekayəsini təqdim edir.

Səhər erkən on yaşlı Məhəmmədin səsinə oyanıram. Həyətdən atəş səsləri və komandir əmrləri eşidilir.

Pəncərə önünə gəlib baxıram. Məhəmməd həyətdə ora-bura qaçır, oyuncaq tapançasıyla “düşmən mövqeyinə” atəş açır. Dayanmadan qışqırır. Yarı türk, yarı azərbaycanca gözstərişlər verir. “Düşmənlər çoxalır, hamı silaha!”

Sonra hovuzun üstünə dırmaşır, şagird dəftərini bürmələyib durbinə çevirir. Uzun uzadı baxır. Tez ordan yerə atılır, hovuzun arxasındakı “topu” mövqeyə çıxarır. Səviyyəölçəni tənzimləyir və atəş əmri verir. Hər dəfə də silahların səsinə uyğun səs çıxarır. Nəhayət, sakitləşir, alnındakı təri silə-silə qaçıb bostana açılan qapını bağlayır və deyir: “Düşməni geri oturtduq, sərhədlərimizi bağladıq.

Mən əl çalıram. Gülürəm. O daha da fərəhlənir. Başını mən tərəfə döndərir və qürurla:

- Elçin baba, düşmən öz cavabını aldı. Biz onların mövqelərinə 125 dəfə atəş zərbəsi endirdik, -deyir.

Həyətə düşürəm.

- Düşmənin hamısını məhv elədin? –deyə, başını sığallaya-sığallaya soruşuram.

- Hamısını.

Sonra çənəsini mənə tərəf qovzayır və uşaq sadlövhlüyü ilə sualı sual ardınca verir.

Füzilini ermənilərdən aldıq hə?

- Hə.

- Cəbrayılı da?

Başımla təsdiqləyirəm.

- Qalanlarını da alacağıq?

- Alacağıq.

- Biz onlardan güclüyük, elə?

- Elə.

- Onların dalında urus dayanır hə?

- Hə.

- Silahlarımız çoxdu.

- Çoxdu, -deyirəm.

- Mən də hərbçi olacam, sonra da polis.

Beləcə bir xeyli söhbət edirik.

Mən düşünürəm ki, müharibəni tam dərk etməyən, ona oyuncaq kimi yanaşan bu cocuqlar bir azdan əsgər olacaq və müharibənin əsl sifətini görəcək. Amma mən bunu istəmirəm. İstəyirəm ki, erməni dığaları iddialarından əl çəkib, mövqelərini dəyişsinlər və anaların da gözü yaşlı qalmasın.

Amma ortada bir həqiqət var ki, son Qarabağ müharibəsi uşaqdan böyüyə - hamıda bir ruh yüksəkliyi yaratdı. Doğru qurulan təbliğat, hətta uşaqları da müdrikləşdirdi və onlar vətənlərinin güclü olduğunu gördülər və indi torpaqların azadlığı arzusuyla yaşayırlar. Arzular nə zamansa çin olur.

Bir azdan baxıram ki, Məhəmməd hovuzun arxasında dayanıb, ciddi-cəhdlə oyuncaq tapançasını silir...

17 aprel 2016

Olaylar.az

# 2047 dəfə oxunub

Müəllifin son yazıları

# # #