Azərbaycanlı tarixçi: “Qızlarla oğlanlar məsciddə görüşürdülər” - MÜSAHİBƏ

<span style="color:red;">Azərbaycanlı tarixçi:  <b>“Qızlarla oğlanlar məsciddə görüşürdülər”</b> - <span style="color:red;">MÜSAHİBƏ
26 yanvar 2018
# 09:00

Kulis.az Mərmərə Universitetinin məzunu, tarixçi Əkbər N. Nəcəf ilə müsahibəni təqdim edir.

Birinci hissəni burdan oxuya bilərsiniz.

- Əkbər bəy, tariximizi köklü şəkildə araşdırmaq üçün hansı mənbələri öyrənməliyik. Ən çox hara müraciət etməliyik?

- Orta əsrlərə aid zəngin mənbələr var. Demək olar ki, İranın bütün kitabxanaları, Türkiyə kitabxanaları bizə aid mənbələrlə doludur. Bilmirəm Şamdakı kitabxana dağıldı, ya qaldı, amma orda da zəngin kitablar vardı. İnşallah nüsxələri qorunub. Misirin, Hindistanın özündə çoxlu sayda türkdilli mənbələr vardır. Bu mənbələri hətta Lahor kitabxanasından da gedib tapa bilərsən. O kitabxanalarda türkcə lüğətlər, qrammatika kitabları vardı. Bizim bu gün istifadə etdiyimiz mənbələr onların heç mində biri deyil. Gör nə qədər mənbə kənarda yatıb. Bunu da işləyən olmadığı üçün belə təsəvvür yaranıb ki, o mənbələr hamısı fars dilində yazılıb. Bizdə bilirsiniz ki, Azərbaycan dilinin ilk yazılı mətn Həsənoğlunun iki qəzəli hesab olunur. Amma Həsənoğludan 100 il əvvəl bu coğrafiyada Quran təfsir edilib. Hal-hazırda o Quranın orijinal nüsxəsi İstanbulda da qorunur.

- Türkcədir?

- Bəli, türkcədir. Hətta müəllif yazır: “Moğollar gəlmək üzrəydi”. Məlum olur ki, kitab 1200-cü illərin əvvəllərində, monqolların bu bölgəyə gəldikləri zamanda yazılıb.

- Zaman-zaman belə müzakirələr olur: dilimiz Azərbaycan dilidir, yoxsa türk dili?

- Stalinə qədər bu dövlətin adı, dili məlum idi. İndi siz buna Azərbaycan dili dediyiniz zaman bəzi problemlər yaranır. Birincisi Azərbaycan dili anlayışı kimliyimizi coğrafi olaraq məhdudlaşdırır. Qaşqay da bizimlə eyni dildə danışır. Onun dilinə nə deyək? İranın Kirman əyalətində yaşayanlar səndən məndən daha gözəl danışırlar bu dili. Onların dilinə nə deyəcəyik? Uyğunu türk dilidir. Türk dilinin oğuz qolu. Orta əsrlərdə Azərbaycan dilindən, Azərbaycan millətindən, Azərbaycan xalqından söhbət belə gedə bilməzdi.

- Azərbaycan adı nə vaxt ortaya çıxıb?

- Azərbaycan adı tarixi-coğrafi bir addır. Bunun etnik mənsubiyyətlə, dil kimliyi ilə əlaqəsi yoxdur. Termin kimi xeyli qədimdir.

- “Məhşər” , “Qızılbaşlar”, “Bakı 1501” və sair tarixi romanlarımızda göstərilən tarix nə dərəcədə dəqiq və qəbulediləndir?

- Mən ədəbiyyatçı olmadığım üçün bunu qiymətləndirməyim doğru deyil. Amma o romanları təşkil edən tarix anlayışı ideoloji tarixdir. Artıq özünüz qiymət verin. Ümumiyyətlə, bizdə problem nədir? Bizdə tarixi hamı sevir, məlumatı oldu-olmadı. Ona görə tarixin yaxşı biznesini yaratmaq olar. Əgər bu sahədə düşünən beyinlər olsa Azərbaycanda tarix qədər pul qazandıran ikinci bir sahə tapmaq olmaz: Kinosundan tutun, uşaq oyuncaqlarına qədər, geyimlərinə qədər. Amma bu tarixin bir də bizi yaralayan tərəfləri var. Tarix bizdə ideoloji və demaqoji müstəvidə işləyir. İkinci problem, bizdə akademik tarixçilik sərbəst işləmir. Çünki akademik tarixçiliyin özünün qayğıları var. Hər şeydən əvvəl maddi qayğıları var. Deyək ki, mən kənardayam, sərbəst oturub yazıram. Ancaq hər kəs mənim kimi deyil. Üçüncü bir məsələ, bizdə akademik tarixçiliklə yanaşı həvəskar tarixçilik inkişaf etmədi. Həvəskar tarixçilər özləri də tarix təhsili almış insanlardır. Amma bunlar neyləyirlər? Akademik müstəviyə gətirilmiş bir məsələni daha sadə, anlaşılır dildə açıb ortaya qoyurlar. Kiçik bir hadisədən roman tərzində bir təsəvvür yaradır. Buna romans tarixçiliyi deyirlər. Bu, bizdə olmadı. Digər bir məsələ, erməni məsələsidir. Erməni məsələsi bizim tarixçiliyə də köklü zərbə vurdu. Biz Azərbaycan tarixçiləri erməni tarixçilərinə rəddiyyə yazmaqla məşğul olmağa başladıq: O elə deyildi, bu belə deyildi. Biz sərbəst oturub öz tariximiz üzərində düşünmək imkanı tapa bilmədik.

- Bu nə zaman baş verib?

- Qarabağ konfliktinin ortaya çıxmasından etibarən başladı. Niyə? Çünki Qarabağ konflikti həm də elmi konflikt idi. Qarşılıqlı olaraq iki tərəf bir-biri arasında iddiaya başladılar. Ermənilər buna daha hazırlıqlı idilər. Onlar məsələləri açıb ortaya tökdükləri zaman biz özümüzü çox müdafiəsiz hiss etdik. Biz daha sonra başladıq, amma bu başlama prosesini düzgün aparmadıq. Bütün bunlar da imkan vermir ki, tarix haqqında sərbəst düşünək. Başqa bir problem də odur ki, bizdə tarix sahəsində ciddi təhsil sistemi yoxdur. Bizdə hələ də tarix nəzəriyyəsi anlayışı formalaşmayıb. Tarixin metodikası nədir, bilmirik. Tarix morfologiyası tamamilə sıfırdır. Daha da betəri, tarix terminologiyası yoxdur. Bu boyda tarix yaratmışıq, amma tarixi dilimiz yoxdur, bu böyük fəlakətdir. Bu gün qalxıb Şah İsmayılı XX əsrin düşüncəsi ilə qiymətləndirirlər, hansı haqla? Yəni bu gün bizim problemləri Şah İsmayılmı həll edəcək? Biz onları öyrənməliyik. Onun yerinə biz 21-ci əsrdə içində yaşadığımız problemləri aparıb orta əsrlərə atırıq və orda özümüz üçün fəlakət yaradırıq. Söhbətimizin əvvəlində dedim ki, bizdə tarixə xronoloji və determinist yanaşma var. Bu gün ölkənin doxsan faizi eyni həyat tərzinə sahibdir. Bəs bizə maraqlı deyilmi orta əsrlərdə bizim insanlar necə yaşayıblar, necə geyiniblər, nə yeyiblər, nə içiblər, sevgililərini harda tapıblar? Tarixçilər gözlərini bir az ictimai sahələrə çevirməlidirlər.

- Doğru buyurursunuz. Bizdə təəssüf ki, sosial həyatın tarixi öyrənilməyib.

- Biz tarixə həmişə siyasi gözlə baxmışıq. Belə şeylərin marağında olmamışıq. Filan müharibə necə oldu? Filan döyüşdə kim qalib gəldi? Amma bir şeyi anlamırıq ki, o dövr insanları üçün müharibə o qədər dəhşətli hadisə olmayıb. O dövrün insanlarını xəstəlik, epidemiya qorxudurdu. İkincisi, o dövrdə müharibə anlayışı indiki kimi deyildi. Müharibə ticari qaynaqdır. Bütün ailələrin həyatının içinə girəcək qaynaqdır.

- Yəni müharibə qazanc mənbəyi idi?

- Əlbəttə.

- Gəlin o sualı mən verim. Orta əsrlərdə bir azərbaycanlının həyat tərzi necə idi?

- Birincisi üç sinif vardı. Şəhərdə yaşayanlar, kənddə yaşayanlar, bir də köçərilər. Kənddə yaşayanlar şəhərin ətrafında məskunlaşmışdılar. Şəhər əhalisi özü də daimi əhali deyildi. Qışda şəhərdə qalırdı, yayda ətrafa dağılırdı. Bakı ətrafında qalalar var e, onlar müdafiə qalalarıdır. Nədən müdafiə? Şəhərin içərisindəki əhali yayda ətraf kəndlərə köçürdü. Onlar hücumla üzləşəndə şəhərə qayıdası deyildilər, ona görə ətrafdakı kiçik qalalara sığınırdılar. Bunların bir təsərrüfat sistemi var idi. Bu insanlar hər şeydən əvvəl siyasətdən kənar idilər. Dövlət də onların həyatına qarışmırdı. Ümumiyyətlə, dövlətin sosial məsələlərə müdaxiləsi modern anlayışdır. Bunların öz ritualları, ailə həyatları vardı. İslamı qəbul etmələrinə rəğmən köhnə inanc sistemlərini daşıyırdılar. Xüsusən qış aylarında gecələr toplanıb nağıl dinləyirdilər. Böyük nağıl-dastan ənənələri, zəngin oyunları vardı. Ciddi istehsalat sahələri vardı. Həddindən artıq qumaş, ipək, yun parçalar istehsal edilirdi. Özü də bu ailə içinə sirayət edən iqtisadiyyat idi. Əgər sonrakı əsrlərdə bu bağ qırılmasaydı bəlkə də kapitalizmin, burjua sinfinin formalaşmasına gətirib çıxara bilərdi. Niyə? Təsəvvür edin ki, Dərbənd yaxınlarında Zirəkkəran kəndi vardı. Bu kəndə Çindən sifarişlər gəlirdi. Klassik bank sistemi var idi. Tacir getdiyi ölkədə pulunu itirdi deyə problem yaşamazdı. Karvansaralar sistemi vardı, pulsuz idi, bir növ otel xidməti verirdi. Və dövlətə ciddi gəlir gətirirdi. Mədəni həyat da çox zəngin idi. Qızlarla oğlanlar harda bir-birini görüb sevirdilər - məsciddə. Məscidin həyəti ictimai sahə idi. Hamı ora toplanırdı, təkcə ibadət edilən yer deyildi, ətrafında çoxlu ticarət mərkəzi, karvansara, hamam, kitabxana var idi. Məsciddə insanlar bir-birilərinə məktub verirdilər. Görüşürdülər, sözləşirdilər.

- Bütün bunlar məsciddə baş verirdi?

- Bəli. Çünki orta əsrlərdə məscid təkcə ibadət yeri deyil, insanların cəm olduğu ictimai bir məkan idi. Ora bu günün radikal gözü ilə baxa bilmərik. Köçərilərə keçək; ildə iki dəfə toplanıb böyük qurultay keçirirdilər. Birinci qurultay Novruz bayramından sonra olurdu. Ailələr toplanır, köçqabağı kim kimi bəyəndi, gözü düşdü, bunların nişanını bağlayırdılar. Toy payızda olurdu, məhsul toplanılandan sonra. Sistemi bu şəkildə qurmuşdular. Bir növü yaz nişan ayıdır, payız toy ayı. Çox da əyləncəli idilər. Orta əsr insanının həyatı bu gün biz düşündüyümüz qədər qaranlıq deyildi. Əksinə, bizdən daha rahatdırlar. Biz sadəcə tarixçi olaraq bir çox məsələlərə sarayın gözü ilə baxırıq.

- Sizcə, Azərbaycan tarixinin ən şanlı dövrü hansı dövrdür?

- Birmənalı olaraq bizim tariximizin ən zirvə nöqtəsi 5-17-ci əsrlədir. Bu min illik dövr hər cəhətdən zəngin dövrdür. İndi deyəcəksiniz ki, 5-ci ərdə bizdə nə vardı? Ciddi məktəblər vardı. Onlardan biri Aran məktəbi idi. Yox oldu getdi, onların bazasını isə ruslar ermənilərə verdi. Bu coğrafiyadan o qədər ciddi fikir adamları çıxıb! Bardeysam deyə bir adam çıxıb bu coğrafiyadan. Bu adam İsmaililərə belə təsir göstərib.

- Harda anadan olub?

- Skif əsillidir. Ərbildə anadan olub. Daha sonra Urfaya gedib, xristianlığa tərs fikirlərinə görə qovulub gəlib Bərdəyə. Bərdə adı bəlkə onun adı ilə də bağlı ola bilər. Bərdədə monastır qurub, məktəb yaradıb. Onun bir əlyazması Almaniyada qorunur. Hələ də bizdə bu adam haqqında bir məqalə tapa bilməzsiniz. Bu adam o qədər ciddidir ki, Nizamiyə belə təsir edib. Daha sonra bizdə pavrikyanlıq vardır. Bu gün qriqorianlıq deyə ortaya atılan anlayış ordan törəyib. Qriqorianlıq müasir termindir, onun izini qədimlərdə axtarmaq lazım deyil. Bu rus ideologiyasının yaratdığı termindir. Biz bu gün özümüz fərqində olmadan erməniləri millətləşdiririk. Erməni inanc sistemini araşdırıb baxan yoxdur ki, görsün onun altında nələr var. Bir şeyi deyim. 1830-cu ildə ermənilər Anadoludan köçürülən zaman erməni kilsə rəhbərləri etiraz edirlər ki, gələnlər bizimlə eyni inanca sahib deyil. Bunlar pavrikyandır. Kimdir pavrikyanlar? Beyləqandan çıxıblar. Burda bunların böyük məktəbi olub. Pavrikyanlar burda qala bilməyib Anadoluya qədər yayıldılar. 9-cu əsrdə bunlara qarşı qətliam həyata keçirilib, 150 min pavrikyan Bizansın əli ilə qətl edilib. Bundan sonra o insanlar inanclarını gizlətməyə məcbur qalırlar. Yəni bu tarixi geniş şəkildə tədqiqi etmək lazımdır, olduqca zəngindir.

- Yəni bizim unutduqlarımızı ermənilər öz adlarına çıxıb, mənimsəyiblər?

- Bəli. Biz bu məsələləri tədqiq etmədiyimiz üçün bunların hamısına erməni damğası vurub özlərinə tarix yaratdılar. Qafqazda xristianlıq, Qafqazda yəhudilik, Qafqazda İslam və onun digər qolları kimi mövzular var, bunları işləyib araşdırmaq lazımdır. Bizim qabağımıza hər zaman belə fakt çıxarırlar ki, Səfəvilər ilk şiə dövlətidir. Xeyr. Bizdə ilk şiə dövləti Salarilərdir. Üstəlik, ismaili inancına sahibdirlər, ismailik rəsmi məzhəbləridir. Ona görə bunları nə vaxta qədər öyrənməyib bir kənara atacağıqsa, o vaxta qədər bizə problem yaradacaq. Çünki qarşı tərəf bunları bilir.

Bu gün Azərbaycan tarixçiliyinə şərt qoyulub ki, xaricdə məqalə nəşr edilməlidir. Niyə? Xaricdə bunları bilmirlərmi? Üstəlik, bizim heç bir məqaləmiz xaricdə ciddi bir jurnalda nəşr edilmir. 30 ildir mən bunun içindəyəm. Bu günə qədər Sorbonna Universitetinin çıxardığı türkologiya jurnalında bir azərbaycanlının məqaləsini görmədim, Türkiyənin məşhur “Belleten” jurnalında görmədim. Dördüncü-beşinci dərəcəli, əhəmiyyətsiz jurnallarda nəşr edilir. Ümumiyyətlə, bu, kimə lazımdır? Elm bizim özümüz üçün lazımdır. Burda, öz dilimizdə nəşr edilməlidir. Bütün mənbələrin öz dilimizdə çıxması lazımdır. Bu gün tarixçi bir öyrənmək üçün nə qədər əziyyət çəkir, bilirsinizmi? Bir tarixçinin on il, on beş il ömrü dil öyrənməklə keçir. Ərəb, fars, türk dillərini öyrənməlisən, ölü dilləri öyrənməlisən, bu da yetmir, Avropa dillərindən də birini öyrənməlisən. Bəs bu yazıq tarixçi nə etsin? Bir ingilisin dil öyrənmək ehtiyacı yoxdur. Bütün mənbələr öz dilində mövcuddur. Bir rus ən yaxşı halda bir dənə farsca öyrənər olar şərqşünas. Çünki bütün mənbələr öz dillərinə çevrilib. Bizim tarixçilərimizdə o şans yoxdur. Bu vaxta kimi o mənbələrin dilimizə çevrilməsi lazım idi, halbuki ildə bir dənə mənbə kitabı çap olunduqda sevinirik. Akademiyanın bu işlə məşğul olması lazımdır. Ya da min-iki min nəfərlik tərcüməçi heyəti qurub bu məsələni on il içində həll etmək olar. O zaman erməni məcbur qalıb sənə rəddiyyə yazacaq, gürcü məcbur qalıb sənə rəddiyyə yazacaq, rus, fars sənin tarixşünaslığınla razılaşmalı olacaq. Mən sizə bir fakt deyim. Son iki il ərzində Türkiyədə Osmanlı mövzusunda iki mindən çox kitab, on minlərlə məqalə çıxıb. Bu gün Azərbaycanda Babək, xürrəmilik, Şah İsmayıl haqqında davamlı müzakirələr gedir, bəzilərinə siz də toxundunuz, ancaq bu mövzular haqqında nə qədər kitab yazılıb? Heç bir əlin barmaqlarının sayını keçməz. Bu, böyük bir fəlakətdir. Üç kitabla bir düşüncə dünyasını qiymətləndirə bilmərik. Dərd budur.

# 3398 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #