İlqar Fəhmi: “O əsəri yazmasaydım, özümü damdan atacaqdım” - LAYİHƏ

<span style="color:red;">İlqar Fəhmi:  <b>“O əsəri yazmasaydım, özümü damdan atacaqdım”</b> - <span style="color:red;">LAYİHƏ
2 oktyabr 2017
# 16:00

Kulis.az məşhur əsərlərin yazılma tarixçəsindən bəhs edən “Necə yazdım?” layihəsi çərçivəsində İlqar Fəhminin “Bakı tarixindən kollaj” haqda danışdıqlarını təqdim edir.

Əslində hər insanın özünün içində bir qapalı ərazisi, bir tabu zonası var. Mənim üçün də uzun illər bu qapalı ərazi Köhnə Bakı olub. Təbii ki, burda məfhum sadəcə coğrafi məna kəsb eləmir, bir etno mədəniyyət daşıyıcısı olan obyekt kimi nəzərdə tutulur. Burda uşaqlıq xatirələri faktoru da var, gen yaddaşı faktoru da…

Məhz buna görə də yeni minilliyin ilk illərində Bakıda aparılan söküntü prosesi açıq deyim ki, məndə ikili təsir oyadırdı. Bir tərəfdən şəhərin gözəlləşməsini, yeniləşməsini istəyirdim, digər tərəfdən mənə doğma əziz olan köhnə məhəllələrin aradan getməsinə çox təəssüf edirdim. Elə bilirdim ki, içimi, ruhumu didib dağıdırlar, tikə-tikə kəsib götürürlər. Sanki adamın ağlıyla ruhu ziddiyyətlər qarşısında qalır və ruhun hissin bir tərəfə çəkir, ağlın bir tərəfə. Və sən başlayırsan yavaş-yavaş dağılmağa…

“Bakı tarixindən kollaj” romanı məhz həmin məqamda yazılmağa başladı. Mən hiss elədim ki, bu saat Bakıyla bağlı nəsə yazmasam, havalanacam. Yazı altı ay ərzində hər həftə fraqmentlər şəklində “525-ci qəzet”də çap olunurdu.

Düzünü deyim əsərlə bağlı deyilən fikirlər, kimin necə qarşılamağı mənim üçün o qədər əhəmiyyətli deyildi, əsas olan içimi didib dağıdan qorxulardan, gərginliklərdən qurtulmaq idi. Sanki sənin gözünün qabağında çox gözəl mənzərə var və sən o mənzərənin dağılma prosesini görürsən. Bunun qarşısını almaq alınmırsa, yeganə yol heç olmasa rəsm əsərində, fotoda bu mənzərəni qoruyub saxlamaqdı. Mən də o cür yanaşırdım. Başqalarına yox, məhz mənim özümə Bakı məfhumunda doğma olan şeyləri yazmağa və nəyisə fiksasiya eləməyə çalışırdım. Əlbəttə ki, fərqli məqamlar çox idi, mən məhz özümə doğma olan məqamları yazırdım, məqsəd ümumilikdə Bakının mənzərəsini yaratmaq deyildi. Ona görə iradlar olanda ki, filan-filan şeyləri niyə yazmamısan, filan məqamlara niyə toxunmamısan, mən bildirirdim ki, bu məhz mənim içimdəki Bakıdı…

Eyni zamanda ilk əsərim idi ki, mən onun sonunun harda olacağını bilmirdim. Adətən mən əsərin süjetini beynimdə tam qurmamış yaza bilmirəm. Bütün struktur hazır olandan sonra işə başlayıram, amma bu dəfə sadəcə gözümü yumub gedirdim. Hara qədər yazdım, yazdım.

Səkkiz böyük fraqmentdən sonra hiss elədim ki, artıq Bakının sökülməsi, köhnə məhəllələrin aradan qalxması mənə o qədər də mənəvi əzab vermir. Sanki o iztiraba qalıb gələ bilmirdim.

O əsərdə güclü ironiya hissi də var ki, əslində bu ironiya ilk olaraq elə öz özümə ünvanlanmışdı. Mən öz içimdəki xofları narahatlıqları psixi gərginlikləri sanki bu ironiya və yumorun gücüylə öldürməyə çalışırdım. Və alındı. Əlbəttə, bədii əsər olaraq alınıb-alınmadığını nəzərdə tutmuram, mənim öz içimdəki problemləri həll etmək mənasında deyirəm. Çünki indi hərdən mənə elə gəlir ki, əgər o əsər yazılmasaydı, mən ya havalanacaqdım, ya da gedib köhnə məhəllələrin birində özümü damdan atacaqdım aşağı…

Məncə tək bu yox, istənilən əsər müəllifin ilk növbədə öz-özüylə mübarizəsidir. Bu mübarizə açıq mübarizə də ola bilər, qapalı mübarizə də... Mənim o biri əsərlərimdən fərqli olaraq bu əsər məhz açıq mübarizə üzərində qurulmuşdu. Ona görə də yeganə əsərimdi ki, orda sonluq yoxdu. Çünki açıq mübarizələrin heç vaxt həqiqi finalı olmur. Mübarizə əbədiyyətə qədər davam edir.

# 2737 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #