Aqşin Yenisey Ramiz Rövşəni necə yalançı çıxardı?

Aqşin Yenisey Ramiz Rövşəni necə yalançı çıxardı?
21 iyul 2018
# 16:57

Ayxan Ayvaz

Qumsallıq. Küləyin səsi. Dəniz. Günəş...

Belə havalarda dənizə girmək nə gözəldir. Yaxınlıqdakı çimərliyə gedib dincimizi alsaq, nə aləm olar.

Oxucu da bizə qoşula bilər, onsuz da istidə yazı oxuyan deyil.

(Burda gülüş işarəsi hökmən olmalıdır)

İrəlidən dənizin qoxusu duyulur. Bir azdan yekə, lap yekə mavi rəng görəcəksiniz. Sonra dənizin üzərində uçuşan qağayıları...

Çimərlik, nə çimərlik! Qum bəzi yеrlərdə nəmdir. Dаlğаlаr güclü оlduğundаn, sаhilə iri bаlıqlаr kimi аtılır və uzun müddət diri qаlır. Günəş dənizin üzərində rəsm çəkir, qıp-qırmızı rənglər impressionist tablo kimi görünür.

Sahildə tanınmış yazarlarımız var.

Aqşin Yenisey təəccüblə, əlini dizinə çırpa-çırpa gəlir Ramiz Rövşənin yanına.

- Nə olub, Aqşin? – Ramiz müəllim dənizin seyrindən özünü məhrum edib soruşur.

- Ramiz müəllim, çox qəribə bir şey oldu.

Bu vaxt kölgəlikdə uzanıb gözlərini qıyan Vaqif Bayatlı soruşur:

- Nə oldu?

- Mən... – Aqşin həyəcanla danışmağa başlayır. – Əlimdəki balaca daşı göy üzünə atdım. Göy üzü daşı saxladı!

- Ola bilməz! – Ramiz Rövşən dikəlib oturur, əlini söykək qoyur – Göy üzü daş saxlamaz!

- Aqşin, qardaşımın üzü köməyin olsun! Sən deyəsən hallüsinasiya görürsən. Göy üzü daş saxlamaz! Bu boyda şairə inanmırsanmı? – Vaqif Bayatlı əllərini ölçə-ölçə deyir – Amma göy üzü daş saxladı-saxlamadı, tut dibi qarışqadı. Bunu unutma!

- Vallah, mən də heyrət içindəyəm. – Aqşin göy üzünə sarı barmağını tuşlayır – İnanmırsınız, baxın.

Göy üzündə balaca bir daş qaralır.

Bu vaxt qumun altından səs gəlir:

- O daş qara daşdı, göy üzündə qalsa da, göyərməz!

Aqşin qorxub sağa-sola baxır:

- Bu kimin səsidi?

Vaqif Bayatlı:

- Tanımırsan? Musa Yaqubdu. Dünəndən quma basdırmışıq, çıxmaq istəmir.

Qumun altından səs:

- İlahi, mən bu daşı götürüm, götürməyim?

Ramiz Rövşən göy üzündə ilişib qalan daşdan gözlərini çəkə bilmir, heyrətlə dillənir:

- Bu nə olan işdir, İlahi? Məni niyə bu cavanların yanında yalançı çıxardırsan? Axı şeiri yazanda ilhamım belə gəlmişdi. Olmaya şeytanın dürtməsiylə yazmışam o misraları...

Vaqif Bayatlı:

- Ramiz, narahat olma, bu saat dəqiqləşdirəcəm. – deyir və yerdən bir daş götürüb havaya atır. Daş göy üzündə adi qaydada havalanıb təzədən yerə qayıdır və çimərlikdə hər şeyə laqeyd uzanıb mürgüləyən gənc AYO-çu Rüfət Əhmədzadənin başına dəyir. Rüfət əliylə qanamış başını ovuşdurub zarıyır. Rasim Qaraca qaçaraq gəlib onun yarasına dəsmal basır:

- Qorxma, Rüfət. Ömür boyu daş-qalaq olunmuşuq, heç nə olmaz bizə. Biz güclüyük.

Ramiz Rövşənlə Vaqif Bayatlı sahildəki bütün daşları havaya atır, daşların yerə qayıtmasına baxıb şənlənirlər.

Ramiz müəllim bərkdən deyir:

“Göy üzü daş saxlamaz! Göy üzü daş saxlamaz.”

Vaqif Bayatlının da arada zəif səsi eşidilir:

- Tut dibi qarışqadı...

Qumsallıqda gəzişən sısqa bir oğlan gözə dəyir. Əlində dəftər, boynunda fotoaparat var. Tez-tez qeydlər edir, arada çimərlik paltarında olan yazıçıların fotosunu çəkir.

Ramiz Rövşən onu görən kimi daş atmasını və şeir deməsini saxlayıb çəpəki nəzərlərlə baxır:

- Bu, rəhmətlik Eyvaz Əlləzoğlunun uşağı deyil? Özü köçdü getdi dünyadan, bunu başımıza bəla elədi. Qovalayın burdan!

Qulu Ağsəsə, Balayar Sadiqə və Dayandur Sevginə oxşayan bir dəstə qəzəbli adam Ayxan Ayvazı qovalayırlar. Onlar göy üzünün saxlamadığı daşlarla silahlanıblar. Ayxan qorxusundan dənizə tərəf götürülür. Amma dəftərini də, fotoaparatını da əlində bərk-bərk tutur.

- Get burdan!

- Rədd ol!

- Səni heç yerə buraxmayacağıq.

- Gedib bizdən ağzına gələni yazırsan!

Aqşin Yenisey Qulu Ağsəsə, Dayandur Sevginə və Balayar Sadiqə oxşayan kişilərin qarşısını kəsir, qollarını yana açıb deyir:

- Dayanın, siz 21-ci əsrdə yaşayırsınız. Daş-qalaq nəyə lazım? Verin o daşlardan birini mənə.

Qulu Ağsəsə ən çox oxşayan kişi çəkinə-çəkinə daşı Aqşinə uzadır. Aqşin “Haydı, xeyirlisi!” – deyib daşı buludlara tərəf atır, daş göydən asılı qalır.

Hamı şokdadır.

Rasim Qaracanın qışqırığı eşidilir:

- Aqşin, burda yeganə AYO-çu sənsən, Ayxan Ayvaza bənd olma, tez gəl, Rüfətin halı pisdir.

Aqşin göydən asılı qalan daşı unudub Rasimin yanına qaçır, əlini Rüfətin qana batmış alnına qoyur.

Ramiz Rövşənin bəlağətli səsi gəlir:

- Əlindən qan, ağzından süd iyi gələn cavanların fırıldağıdır hamısı. Göy üzü həyatı boyu daş saxlamaz.

- Bəs o nədir? – Vaqif Bayatlı gülərək göy üzündə asılıb qalan daşı göstərir – Qanadlı daşdır, qara daşdır...

- Ona görə heç vaxt göyərməz! – qumun altından tanış səs gəlir – Amma bilmirəm, bu daşı götürüm, yoxsa yox. Qalmışam belə.

- Rüfət, möhkəm ol – Rasim Qaracanın səsi hamının səsini batırır – Onların izi qalmayacaq dünyada. Görürsən göy üzü də daş saxlayır artıq. Zaman o şeirlərin nə qədər yalançı olduğunu göstərir.

Rüfət Əhmədzadə gülümsəyərək ovcunda tutduğu balaca daşı Aqşinə verir:

- Bunu da at.

Aqşin onun verdiyi daşı da atır, bu daş da göydən asılı qalır. Rüfət üfüqdə bayram xonçası kimi qızaran günəşə baxıb gülümsəyir.

# 2077 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #