Futbola görə “Vasmoyun bazarı”nda necə dava düşdü – Murad Köhnəqala yazır...

Futbola görə “Vasmoyun bazarı”nda necə dava düşdü – <span style="color:red;">Murad Köhnəqala yazır...
7 sentyabr 2017
# 15:30

Kulis.az Murad Köhnəqalanın “Bazarkeşlər” yazısını təqdim edir.

Futbol üzrə sonuncu Avropa çempionatı dövrü “Vasmoyun bazarı” kimi tanınan yerdən keçirdim. Əvvəla onu deyim ki, burda nisbətən ucuzluq olduğuna görə bazarda səhərdən axşama kimi insanlar qaynaşır. Ət və balıq sektorunun yanından burnunu tutub keçməsən bütün günü ürəyin bulanacaq. Meyvə-tərəvəzi yerə töküb satırlar. Daxılların arası daima zir-zibillə dolu olur. Ayaq altında yetişmiş meyvə çürüyü ilə pendir suyu bir-birinə qarışmasa, adama elə gəlir, bazarın ənənəsi pozular, imicinə zərbə dəyər. Aralıqda müxtəlif dizaynda yük arabaları ora-bura şütüyür. Ərik-gilas, qarpız-yemiş, pomidor-zoğal mövsümü, yəqin ki, bazarın ən iyli, şirəli və sürüşkən vaxtı sayılır. Mürəbbə və bankabağlama sezonu qışa tədbir görən qadınları bu bazarın başına toplayır.

Dözülməz antisanitariya şəraitində ticarət yapan alverçilər alıcı gurluğuna görə son dərəcə xoşbəxt görünürlər. Ayaqlarında bir qayda olaraq rezin çəkələk sürüyən araba “sürücüləri”nin sifətlərindən xoşbəxtlik və hansısa işıqlı gələcəyə ümidlər sezilməkdədir. Onlar mahnı oxuya-oxuya şən səslə “Yol verin!” - deyə qışqıraraq buranın hay-küylü havasına yeni rəng qatırlar.

Bazarın üstü açıq tərəfində qarşısına ərik töküb satan bir kişi ilə müştərinin ucadan mübahisə etdikləri diqqətimi çəkdi. Üzütüklü əynindəki köynəyi ala-bəzək ləkələrlə örtülmüş, istidən şalvarını dizə qədər çırmalamış əriksatan öz müştərisi ilə futboldan danışırdı. Müştəri boşboğazlıqda heç də əriksatandan geri qalan deyildi. O, güldükcə ağzındakı çürük dişləri həyatın sərtliyindən qırışmış sifətinə xüsusi yaraşıq verirdi.

Əriksatan dedi, malı tez satıb qurtarsaydım gedib futbola çatardım. Ürəyim partlayır, canım üçün, istəyirəm ispanlar almanlara “beş-nol” doldursun! Müştəri dedi, sən nə danışırsan, ispanların almanlara heç vaxt gücü çatmaz! Əriksatan dedi, a kişi sən ispanları tanımırsan deyəsən! Axşam baxarsan, o qaddasın aldığım Kasilyas var eey, görərsən, bir top buraxacaqmı? Kopayoğlunun gədəsi topa elə tullanır, elə bil maşından qarpız boşaldır! Xavi də ki, daha nə deyim, kopolunun ayaqları görünmür ee! Gördünmü, keçən dəfə neçə oyunçunu aldadıb irəlilədi? Düzdü, top dirəyə dəydi, ancaq mən hələ də ümidimi ondan üzməmişəm.

Müştəri baxdı ki, əriksatan ispanları çox ürəklə müdafiə eləyir, söhbətə dərindən girişməli oldu. Əlindəki kisəni yerə qoyub sağ əlini əriksatana tərəf uzadaraq qışqırdı:

“A kişi, Müller ölübmü Xavi gəlib almanlara qol vursun? Keçən dəfə baxdınmı, kəlləynən nətəri qoydu?! Sənin tərifli Kasilyasın qollarını da qaldıra bilmədi! Hələ Özili demirəm! Elə bil zalım oğlunun dalına “nolyeddi”motoru qoşubsan, ha-ha-ha!”

Müştərisinin almanları müdafiə eləməsi əriksatanın heç xoşuna gəlmədi. Əlini qarşısındakı əriyə uzadıb dedi:

“A qardaş, adını da bilmirəm, bu əriyin bərəkəti haqqı, almanlar ispanlara heç nə eləyə bilməz! Özü də sən niyə o xristiyan almanlara “balet” eləyirsən ki? Yadında deyilmi, Hitler gəlib bizim babalarımızı müharibədə nətəri qırdı? Elə mənim özümün babam, babamın qardaşı, anamın dayısı – hamısını müharibəyə aparmışdılar, biri də geri qayıtmadı. Onlar faşistdilər, onlarda bir qram adamlıq deyilən şey yoxdu!”

Müştəri bərkdən gülüb çürük dişlərini göstərdikdən sonra dedi, a kişi, sən elə danışırsan, guya bizim dünyadan xəbərimiz yoxdu! Mən özüm iki institut qurtarmışam! Beləliyimə baxma, ee, evdə iki diplomum yatır, biri qırmızıdı! İkincisinə qalanda, elə, ispanlar da xristiyandı daa! Bunun futbola nə dəxli var? Sən bil ki, ispan heç vaxt almanı uda bilməz! Alman ayrı millətdi! Bu saat bütün dünya almanındı! Hitler bir səhv idi eləmişdi, indi neyləyək, bir səhvin üstündə adamı öldürməzlər ki?

Əriksatan qızışdı, nə qızışdı! Dedi, ayə, a ikidiplomlu alim, ispan xristiyan olsa da, heç olmasa, bizim kimi qaradı, bə bu alman nəyə yarayır? Sən indi durub babalarımızı qırdıran Hitleri müdafiə eləyirsən?

Müştəri əriksatanın şantajından biraz çəkinib səsini yavaşıtdı:

“Qardaş, mən Hitleri müdafiə eləmirəm ee, futboldu bu, oyundu!”

“Nə oyun əə? Sən nə qanırsan dünya siyasətinnən? İdman siyasətdde, siyasət! Sənə diplom verib bu düzlərə salanın! Get-get, başımı qatma, get! Mənim beynim qızanda adam tanımıram haa!”

Onların bu hay-küyünə xeyli adam toplaşmışdı. Müştəri baxdı ki, əriksatan onu camaatın içində döyməklə hədələyir. Dedi, ayə, ay əriksatan, mənim heç olmasa diplomum var, bəs sənin nəyin var? Özü də məni hirsləndirmə haa! Qabağındakı uşaq-muşaq deyil! Mənim oğlum karateçidi, eşidər gələr, səninçün pis olar!

Əriksatan hirslənərək əlləri əsə-əsə bir ovuc ərik götürüb müştərinin üzünə çırpdı:

“Ayə, mən səni də elə sənin karateyis oğlunu da ayağımın altına alıb burdaca ayaqlayaram! Get oğlunu da gətir! Gətirməyənin atasının gorunu!”

Müştəri qızaraq qəfildən əriklərin üstündən əriksatana sarı şığıdı və yaxasından tutub daxıldakı əriklərin üstünə tərəf çəkdi. Əriksatan gözlənilməz hücumdan müvazinətini itirərək yıxıldı, əriklərin üstündə ağnayaraq ayağa durdu və söyə-söyə daxılın arxasından qəzəblə müştəriyə tərəf yüyürdü. Çürükdiş müştəri yumruqlarını qarşısında hazır tutub onu gözləyirdi.

Ziddiyyətin ciddiləşdiyini görən adamlar əriksatanın qarşısına keçib onu qucaqlayaraq müştəridən uzaqlaşdırmağa çalışdılar. Onu saxlayan adamların qolları arasında çabalayan əriksatan müştərini və almanları söyə-söyə onların əlindən dartınıb çıxmağa, müştəri tərəfə cummağa cəhd etsə də heç nə alınmırdı. Haray-həşirə yığılan adamların digər bir dəstəsi isə söyüşdən təsirlənib əriksatana tərəf dartınan müştərini başqa tərəfə aparırdılar.

# 1940 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #