“Söyüşlə dolu məktublar alırdım” - Süleyman Rüstəmin 36 illik müsahibəsi

“Söyüşlə dolu məktublar alırdım” - <span style="color:red;">Süleyman Rüstəmin 36 illik müsahibəsi
4 may 2017
# 17:04

Kulis.Az Süleyman Rüstəmin 75 yaşı münasibəti ilə 1981-ci ildə “Azərbaycan” jurnalına verdiyi müsahibəni təqdim edir.

Yaşin soyuğu, şeirin istisi

- Süleyman müəllim, əvvəlcə icazə verin, sizi yetmiş beş yaşınızın tamam olması münasibətilə redaksiyamızın əməkdaşları adından ürəkdən təbrik eləyim, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayım.

- Çox sağ olun...

- Süleyman müəllim, son vaxtlar, haqlı olaraq ədəbi söhbətləri ədəbi bir janr kimi götürürlər. Şübhəsiz, bu ondan irəli gəlir ki, belə söhbətlər ədəbiyyatın çox ciddi problemlərini əhatə eləyir. Doğrudan da, o şey ki, yazıya gəlmir – şeirə, hekayəyə, povestə, romana oçerkə çevrilmir – belə söhbətlərdə üzə çıxır. Görüşümüzdən istifadə eləyib, ədəbiyyatımız haqqındakı bəzi fikirlərimi – məni düşündürən şeyləri sizinlə bölüşmək, paylaşmaq istəyirəm.

- Buyurun...

- Süleyman müəllim, tale sizə, daha doğrusu, sizin mənsub olduğunuz nəslə tamamilə yeni bir ədəbiyyat yaratmağı qismət eləyib. Əsrlərdən bəri sürüb gələn ədəbiyyatımız, bəlkə də ilk dəfə elə sizin bir yazınızla öz axarını dəyişib, tamamilə yeni bir yön alıb. Nədənsə, mənə elə gəlir ki, ədəbiyyatımızın ilk illərindəki çətinliklərlə birinci üz-üzə gələn, onu dəf edən, yeri gələndə yarıb keçən məhz sizin poeziyanız olub. Bu gün oxucularımıza həmin çətinliklərlə bağlı maraqlı nə deyə bilərsiniz?

- Əlbəttə, bu haqda çox şey demək olar. Lakin mən çalışacağam ki, sizdə o dövrkü ədəbiyyatın, o dövrkü ədəbi mühitin mənzərəsi barədə aydın təsəvvür yaratmaq üçün mümkün qədər öz xatirələrimə, bilavasitə iştirakçısı olduğum hadisələrə istinad eləyim. Elə bilirəm ki, bu daha yararlı olar.

1927-ci ildə böyük rus şairi Mayakovski Bakıya gəlmişdi. Biz Akademiyanın binasında onun şeir gecəsini keçirtdik. Yadımdadır ki, bu görüş məndə çox qəribə bir təsir oyatmışdı. Elə bil mən birdən-birə ədəbiyyatla öz aramdakı məsafəni görmüşdüm, yazılarımın mahiyyətini dərk eləmişdim...

Mayakovski şairlərlə fəhlələrin görüşünü vacib, zəruri hesab eləyirdi; həm də, bunun hökmən pullu olmasını istəyirdi. O, zavod, fabrik və yaxud da hər hansı bir müəssisənin bu işə öz fondundan pul ayırmasının da əleyhinə idi; istəyirdi ki, fəhlə kibritə, sabuna, çörəyə, qəndə, çaya pul ayırdığı kimi öz mənəvi tələbatını ödəmək üçün sənətə də pul ayırsın; pulunu sevdiyi, bəyəndiyi, qəbul elədiyi sənətə xərcləsin. Mayakovski belə hesab eləyirdi ki, əgər bu cür olarsa, auditoriyada səmimiyyət yaranar, fəhlə vaxt itirməz, sənətkar işini bilər, ən vacibi – geniş xalq kütlələrinin sənətə nə dərəcədə maraq göstərdikləri müəyyənləşər.

Sonralar mən Mayakovski ilə bir neçə dəfə də görüşdüm. Və məndə belə bir qənaət əmələ gəldi ki, bu böyük şair ədəbiyyatın ağırlığını hamımızdan çox çəkir. Xalq Mayakovskini bir o qədər də xoşlamırdı; üstəlik ədəbi mühitdə də onun xeyli bədxahları vardı. Mənim yadıma gəlir ki, bir dəfə Mayakovskinin yubileyi keçirilirdi. Rəsmi nümayəndələrlə birlikdə cəmi iyirmi nəfər toplanmışdı. O adam ki, təntənəli şəkildə yığıncağı açmalıydı, ayağa qalxmadı; biz bunun qəsdən təşkil olunduğunu başa düşdük; axırda Mayakovskinin özü durdu, yığıncağı açdı, özü özünə söz verdi. Əslində bu, Mayakovskinin adi günlərindən biri idi. Şairin belə hərəkətlərini bəzən onun qəribəliyi kimi izah eləyirlər, düz deyil, çünki Mayakovski tez-tez belə çətin vəziyyətlərdən çıxmalı olurdu. Söhbətimizə Mayakovski ilə başlamağım sizə qəribə gəlməsin. Yenicə yaranan sovet ədəbiyyatı Mayakovskinin timsalında özünün ən böyük çətinlikləri ilə üz-üzə gəlirdi, özünün ən böyük problemlərini həll eləyirdi...

İnqilabın elə ilk illərindən respublikamızda sovet ədəbiyyatının yaranmasına, inkişafına xüsusi qayğı göstərirdilər. Təkcə bir faktı deyim: “Kommunist” qəzeti nəşriyyatı “Azərbaycan klassikləri” seriyasından Salman Mümtazın on yeddiyə yaxın kitabını çapdan buraxmışdı. Bütün bu qayğılara baxmayaraq, etiraf eləyim ki, biz bu ədəbiyyatı çox böyük çətinliklə yaratmışıq. Demək olar ki, hər gün söyüşlə, hədəylə dolu biabırçı məktublar alırdım. Elə günlərimiz olurdu ki, işdən evə milisin müşayiətiylə gedirdik. Müsavatın əlaltıları İstanbulda, Berlində, Varşavada “Od yurdu” adlı jurnal nəşr edirdilər. Jurnalın nömrələrindən birində Mirzə Bala (Müsavat partiyasının liderlərindən biri – red.) yazırdı ki, guya mən bolşeviklərin qızıl pullarına satılmışam. O günlər, doğurdan da, ağır günlər idi. Rəhmətlik Ruhulla Axundov deyərdi ki, sənətkar xalqından çox-çox qabaqda getməlidir; yolda rast gəldiyi bütün çətinlikləri, bütün ölümləri, bütün fəlakətləri təmizləməlidir; yəni xalqın keçəcəyi yolda səhv və qorxu deyilən şey zərrə qədər də qalmamalıdır...

Bayaq dedim ki, bu sualla bağlı çox şey demək olar. Lakin mən bir hadisəni xatırlamağı vacib bilirəm. Mayakovskidən bir il sonra, yəni 1928-ci ildə Maksim Qorki Bakıya gəlmişdi. Söhbətarası biz ondan sovet ədəbiyyatı barədə fikirlərini soruşduq. Maksim Qorki rus ədəbiyyatının ənənələrindən kənarda qalan hər cür “izmə” qarşı idi. O belə hesab eləyirdi ki, ədəbiyyat öz gücünü təbii şeylərdən, məsələn, həyatdan almalıdır. Fantaziya da yazıçıya ona görə lazımdır ki, həqiqəti üzə çıxartsın.

- Süleyman müəllim, ənənəvi bir sual: ədəbiyyata necə gəlmisiniz?

- Əvvəllər indiki Qasım İsmayılov küçəsində olurdum. Bizim məhəllədə Süleyman Sani Axundovun 4-cü rus-tar məktəbi yerləşirdi. Əslində bura elə Süleyman Sani Axundovun yaşadığı eviydi – məktəb eləmişdi. Mən də bu məktəbə gedib gəlirdim. Kitabı üzündən çox yaxşı oxuyurdum: deyəsən, səsim də pis deyildi, şeir, ya da hekayə olanda müəllimimiz məni qabağa çıxardardı, mən də kitabı əlimə alıb ucadan oxuyardım. Mənə elə gəlir ki, şeir yazmağıma səbəb də elə uşaqlardan seçilməyim, fərqlənməyim oldu. Yadımdadır ki, bir şeir yazmışdım, müəllimim Seyid Hüseynə verdim, bir aydan sonra “Maarif və Mədəniyyət” jurnalında dərc olundu, heç nəyinə əl vurmamışdılar, elə qüsurlarıyla bir yerdə çıxmışdı. Bir babam vardı, yüz otuz yaşındaydı, rəhmətlik görmürdü, qarışıyla boyumuzu ölçərdi, bundan bilərdi ki, nə qədər böyümüşük. Günlərin bir günü buna dedilər ki, mən şeir yazıram; üç-dörd bayatı dedi, soruşdu ki, məndəmi elə yazıram, dedim ki, yox bizim şeirimiz ayrı cürdür. Babam dedi ki, nə cür olursa olsun, şeirdi; Allah vergisidir, gərək murdarlamayasan...

- Süleyman müəllim, böyük ədəbiyyatın yaranması üçün böyük ədəbi mühitin olması şərtdir. Əslində, hər bir istedad sahibi mənsub olduğu mühitin imkanlarına görə yazıb yaradır. Məndə belə bir möhkəm inam var ki, Məhəmməd Füzuli məhz böyük bir ədəbi mühitin ədəbiyyatımızda qalan izidir. Yəni demək istəyirəm ki, hər hansı bir ədəbi mühitin uğurları həmişə tam halda bir-iki sənətkarın yaradıcılığında özünü göstərir. Bunu belə də başa düşmək olar: kim ki, mənsub olduğu ədəbi mühitin bütün üstünlüklərini aydın görə bilir və bunu yazıya gətirməyi bacarır, - o, tarixə həkk olur. Sizcə, əlli ildən, yüz ildən sonra mənsub olduğunuz nəsildən kimləri sevə-sevə oxuyacaqlar?

- Bir halda ki, söhbət bir-iki adamdan gedir, - indidən bunu demək çox çətindir. Çünki ürəyimdə ha azaldıram, yenə də görürəm ki, bir on-on beş adamın adını çəkməliyəm. Ancaq mən sizin bu sualınıza qismən də olsa cavab vermək istəyirəm. Götürək mənim özümü. Yəqin ki, bilirsiniz, mən ədəbiyyata “Ələmdən nəşəyə” şeirimlə gəlmişəm; bu şeirim dərslik kitablarına salınıb; bu şeirimlə şan-şöhrət qazanmışam. İndi, gəlin görək, mənim bu şeirə münasibətim necədir? Açığını deyim ki, mən bu şeirin bu qədər qısa vaxtda köhnələcəyini zənn eləmirdim. Məni düz başa düşün, bu günün şeiri başqa cür olmalıdır. Bir şeyi unutmayaq: biz sürətlə inkişaf eləyirik. Əgər bu günün oxucusu iyirminci-otuzuncu illərin oxucusu deyilsə, deməli, bu günün şeiri də iyirminci-otuzuncu illərin şeiri olmamalıdır. Yəqin ki, bu şeiri son kitablarıma salmamağımın bir səbəbi də budur. Təkrar eləyirəm: o mənim şeirimdir; mən ondan, necə deyərlər, üz döndərmək istəmirəm; amma bununla belə, ürəyimdən keçir ki, dərsliklərə daha çox sevdiyim, daha çox arxalandığım şeirlərim düşsün. Mənə elə gəlir ki, hər bir sənətkar vaxtaşırı özünü silkələməlidir, saf-çürük eləməlidir. Bu saf-çürük məsələsi də qəribə şeydir: bir də görürsən ki, vaxtilə çox sevdiyin bir yazıdan biryolluq əlini üzürsən, amma bunun əvəzində elə bir yazını sevməyə başlayırsan ki, məlum olur, vaxtında buna bir o qədər də əhəmiyyət verməmisən. Bu ona oxşayır ki, bütün ağrısına-acısına dözdüyün bir adam dar gündə səni tək qoyur, heç gözləmədiyin, ummadığın bir adam isə gəlib arxa durur. Demək istəyirəm ki, sənətin belə işləri də var; elə buna görə də əvvəlcədən müəyyən bir fikrə gəlmək çox çətindir. Ancaq bunlara baxmayaraq, yazı yazanda, ilk növbədə, zamanın xəlbirini düşünmək lazımdır.

- Süleyman müəllim, ədəbiyyatda müxtəlif cərəyanların yaranmasına necə baxırsınız? Sizə elə gəlmirmi ki, ədəbiyyatda müxtəlif axınların, müxtəlif xətlərin yaranması, hər şeydən əvvəl, ədəbiyyatın öz həqiqətini axtarması ilə bağlıdır?

- Fikir versəniz, görərsiniz ki, ədəbiyyat yarandığı gündən bəşəri hisləri tərənnüm eləyib, xalqın tərəfində dayanıb. Müəyyən ideologiyalara, saraylara xidmət eləyən “sənətkarları”, aradan əsrlərin keçməsinə baxmayaraq, ədəbiyyat bu gün də qəbul eləmir; qəbul eləsə də yenə ona yad gözlə, yad nəzərlə baxır, hər halda, bütünlə özününkü hesab eləmir. Mən də bu fikirdəyəm ki, həqiqət böyük, gözəl və əbədi bir məfhumdur. Biz öz ədəbi həqiqətimizi sosializm realizmində, yəni əsl həyatda, bu həyatın yaradıcısı olan insanda tapdıq. Əsrin əvvəllərində, doğrudan da, bir sıra ədəbi cərəyanlar mövcud idi; axırı nə oldu? İçində sənət gücü, xalq gücü olanlar sosializm realizminin üstünlüklərini vaxtında başa düşdülər və bunu bir sənət yolu kimi qəbul elədilər. Amma bir həqiqət də var ki, ədəbiyyat sosializm realizm mövqeyinə gəlib çıxana kimi onlarla ədəbi cərəyandan keçməli oldu.

- Süleyman müəllim, bu və ya digər şairdən söz düşəndə görürsən ki, belə deyirlər: onu taleyi şair elədi. Mən də bu fikirdəyəm ki, sənətkar üçün “tale” deyilən şey vacibdir. Əlbəttə, mən tale deyəndə sırf mistik bir şey düşünmürəm. Tale, yəni insanın içindəki gücü tərpədən, hərəkətə gətirən, istiqamətləndirən bir şeydir. Fikrimi bir az da dəqiqləşdirim: düzün ortasındakı ağacdan – yazla, yayla, payızla, qışla – təbiətin taleyi gəlib keçir. Mənə elə gəlir ki, şairdən də həmişə xalqının taleyi bu cür gəlib keçməlidir; yəni onun yazılarında xalq həyatının allı-güllü, qarlı-çovğunlu bütün fəsilləri öz əksini tapmalıdır.

- Mən sizi başa düşürəm. Şair xalqının qara gününün yiyəsi, dar gününün dostudur. Bu baxımdan yanaşanda, mənə elə gəlir ki, Azərbaycan şairləri ən böyük sevgiyə layiqdirlər. Heç kəs deyə bilməz ki, Mirzə Cəlil və yaxud da Sabir öz talelərini yaşayıblar. Bu iki sənətkar elə bil ki, anadan yox, xalqın dərdlərindən doğulmuşdular. Mirzə Cəlilə, Sabirə baxanda, bizə bu xalqın taleyinin allı-güllü tərəfini işləmək qismət olub. İnqilabın ilk illərindəki və eləcə də müharibə dövründəki həyati təcrübəmə əsaslanıb deyə bilərəm ki, Azərbaycan şairi bu gün də Nəsimi olmağa, Sabir olmağa hazırdır!..

- Süleyman müəllim, yaxşı ki, Mirzə Cəlildən söz düşdü. Mənə elə gəlir ki, hər bir azərbaycanlının ürəyində bu dahi sənətkara aid hökmən bir söz, bir cümlə olmalıdır. Sizcə, Azərbaycan xalqı üçün Mirzə Cəlil nədir?

- Xalqımız Mirzə Cəlili öz ədəbi xoşbəxtliyi kimi başa düşməlidir. Mirzə Cəlil taleyi, Mirzə Cəlil sevgisi bizə nümunə olmalıdır. Doğrudan da, əgər desək ki, biz bu dahi sənətkardan təkcə sənət öyrənmişik, təkcə dilimizin təmizliyini əxz eləmişik, - düz olmaz. Mirzə Cəlil tariximizin çox namuslu bir parçasıdır. Lakin gəlin görək, biz bu müdrik insanla lazımi qədər fəxr eləyə bilirikmi? Əlbəttə, yox. Mirzə Cəlillə fəxr eləmək əslində elə Mirzə Cəlili təbliğ eləmək deməkdir. Biz, nədənsə öz ziyalılarımızı başqa xalqlar kimi təbliğ eləyə bilmirik.

- Süleyman müəllim, hər hansı bir nəsli o nəsildən daha güclü bir nəslin əvəz eləməsi o xalqın inkişafını göstərən başlıca amillərdən biridir. Ədəbiyyatımızdakı bu nəsil dəyişmələrini izləyə bilirsinizmi? Bu barədə fikirləriniz nədir?

- O fikrə mən də şərikəm ki, xalqın inkişafı üçün nəsillərin bir-birindən güclü gəlməsi şərtdir. Lakin bu inkişafı gəlin düzgün başa düşək. Hər bir nəsil özündən əvvəlki nəslə söykənə-söykənə, özündən əvvəlki nəsildən öyrənə-öyrənə inkişaf eləməlidir. Yəni bu inkişafın real bir dayaq nöqtəsi olmalıdır. Əlbəttə, bu mənim şəxsi fikrimdir. Yeri gəlmişkən, gənclərimiz barədə bir neçə söz demək istəyirəm. Yəni demək istəyirəm ki, onlara daha böyük qayğı ilə yanaşmaq lazımdır. Onların kükrəyib daşmalarına bir qədər təmkinlə yanaşmaq daha məsləhətdir; mümkündür ki, onlar bir yaz seli kimi daşanda yolüstü balaca bir körpünü, balaca bir daxmanı uçurtsunlar, quru, yaşlı bir ağacı kökündən çıxartsınlar; amma əvvəl-axır sakitləşib öz həqiqi sərhədlərini tapacaqlar. Elə buna görə də onları gənclik güzəştlərindən məhrum eləmək olmaz. Lakin çalışmaq lazımdır ki, onları ədəbiyyata gətirəndə istedadlarına arxayın olaq, səhv eləməyək. Mən ədəbiyyatımızdakı nəsil dəyişmələrini maraqla izləyirəm. Sizin yaşıdınız Vahid Əzizin və başqalarının bir neçə şeirini əzbər bilməyim buna canlı sübutdur. Qəzetlərimizi, jurnallarımızı vaxtaşırı oxuyuram. Gənclərimizə tövsiyə edərdim ki, öz ocağımızın istisindən də, tüstüsündən də qaçmasınlar. Biz özümüzü öz dərdlərimizin, öz sevinclərimizin içində dərk etməliyik.

- Süleyman müəllim, ədəbiyyatımızda ilk dəfə Cənubi Azərbaycan mövzusuna siz müraciət eləmisiniz. Və cəsarətlə deyə bilərik ki, “Təbrizim” şeiri müasir Azərbaycan poeziyanın ən gözəl nümunələrindən biridir. Mən bu şeirin yayın istisində, yazın ilıq havasında, payızın küləyində, qışın qarında Arazın sularını səssiz-səmirsiz keçdiyini görmüşəm; daha doğrusu, bu şeir mənim nəzərimdə il uzunu Arazın kənarında dolanan, hərlənən bir adamdır. Söhbətimizi bu şeirə tərəf çəkməkdə məqsədim odur ki, bu nisgilin birdən-birə yazılarınıza nə cür gəlib çıxdığını öyrənim.

- Əvvəla, onu deyim ki, Vətənimizi, xalqımızı sevmək bizim gündəlik işimizdir; yəni bunu adi, normal bir şey kimi başa düşmək lazımdır. Cənub həsrəti, Cənub ağrısı mənim qəlbimdə, demək olar ki, lap uşaq yaşlarımdan başlamışdı. Hələ Süleyman Sani Axundovun 4-cü rus-tatar məktəbində oxuduğum vaxtlarda Arazın o tayından Bakıya işləməyə gələn fəhlələrə mirzəlik eləyərdim. Mən onların dedikləri sözləri yaza-yaza onların ürəklərinə bələd olurdum və yavaş-yavaş başa düşürdüm ki, uzaqlarda, çox uzaqlarda əlim çatmayan, ünüm yetməyən bir dağ var, - adı Savalandır, bir şəhər var, - adı Təbrizdir, yenə bir şəhər var, - adı Ərdəbildir, bir kənd var, - adı Sərabdır. İş elə gətirdi ki, sonralar mən Cənubi Azərbaycanda oldum; Savalanı, Təbrizi, Ərdəbili, Sərabı qarış-qarış gəzdim. Heç yadımdan çıxmaz, bir dəfə bir dağ kəndində camaatın qarşısında şeir oxudum, o qədər əl çaldılar ki, düzü, utandım. Yığıncaqdan sonra yaşlı bir kişidən soruşdum ki, mənim oxuduqlarımı başa düşdü, ya yox? Kişi güldü, dedi ki, niyə başa düşmürəm, ağa, ürəyimin qulağı var, gözü var. O vaxtdan bu ifadə mənim yadımda qalıb...

- Süleyman müəllim, söhbətimizin əvvəlində, siz Salman Mümtazın adını çəkdiniz. Dediniz ki, “Kommunist” qəzeti nəşriyyatı vasitəsilə “Azərbaycan klassikləri” seriyasından on yeddiyə qədər kitab nəşr elətdirib. Mənə elə gəlir ki, folklorumuzun böyük bir qismini toplayan, bərpa eləyən bu nadir istedad sahibinin adı mətbuatımızdan çox hələ də xatirələrdə yaşayır. Bu gün oxucularımıza Salman Mümtaz haqqında nə deyə bilərsiniz?

- Desəm ki, Salman Mümtaz dövrünün ən böyük ziyalılarından biri idi, yanılmaram. Biz çox yaxın olmuşuq. Harda olsam, Salman Mümtazla, Nazim Hikmətlə məktublaşardım. Günlərin bir günü belə bir şayiə yayıldı ki, guya Nazim Hikmət Türkiyədə trotskiçi olub, Salman Mümtaz da nəsə... Evə gələndə gördüm ki, məktubların hamısını təndirdə yandırıblar. Açığını deyim ki, mən bunu öz arxivim üçün ən böyük itki hesab eləyirəm. Mənə elə gəlir ki, buna yenə də dözmək olar; çünki o məktubların əksəriyyəti yaddaşımda həkk olunub qalıb. Ancaq Salman Mümtazın özünün arxivinin itməsinin ədəbiyyatımız üçün nə qədər böyük bir itki olduğunu söyləməyə məncə ehtiyac yoxdur. Salman Mümtaz Şərqin ən gözəl əlyazmalarını toplamışdı. Təkcə bir faktı sizə deyim: türkmənlər Mahtumqulunun yazılarını çap eləmək üçün Salman Mümtazın yanına gəlmişdilər: çünki Mahtumqulunun nəyi vardısa Salman Mümtazın arxivində idi.

Vallah, yaxşı yadımda deyil, bir dəfə Azərbaycanın hansı rayonundansa bir nəfər Salman Mümtazın yanına gəlmişdi. Cibindən beş-altı şeir çıxartdı, dedi ki, bunlar Vaqifin şeirləridir, özü də heç yanda dərc olunmayıb. Salman Mümtaz şeirləri alıb bir-bir oxudu, qurtarandan sonra həmin şeirləri əzbərdən dedi; dedi ki, bunlar məlum şeirlərdir, amma görürəm ki, zəhmət çəkmisən, odur ki, sənin gəlib-getmə pulunu, bundan əlavə bir az da cib xərcliyi verəcəyəm. Oğlan gedəndən sonra üzünü mənə tutub dedi ki, Süleyman, bu xalqın sənəti ağla gəlməyəcək dərəcədə böyük bir sərvətdir, yığmaqla qurtarmır. Məlum oldu ki, bu şeirlər doğurdan da təzə şeirlər imiş. Salman Mümtaz bir şeiri bir dəfə oxumaqla əzbərləyə bilirdi...

Salman Mümtazın arxivindən danışdım, tamamilə başqa bir əhvalat yadıma düşdü. 1939-cu ildə Mikayıl Rəfili, Rəsul Rza, bir də mən Ukraynaya getmişdik. Məqsədimiz də bu idi ki, Şevçenkoya aid maraqlı materiallar toplayaq, çünki qabaqdan yubileyi gəlirdi, istəyirdik ki, bunu yaxşı bir şəkildə keçirək. İşlərimizi qurtarandan sonra Rəfili təkid elədi ki, akademik Krımskiyə baş çəkək. Krımski tatar idi, türkdilli xalqların ədəbiyyatı ilə məşğul olurdu. Bizi görəndə bərk sevindi; Nizamiyə aid təzə işlərini gətirib göstərdi, mənim lap təzə dərc olunmuş bir şeirimi oxudu. Söhbət zamanı məlum oldu ki, akademik belə vəsiyyət eləyib ki, öləndən sonra onun kitabxanasını Azərbaycana versinlər. Yeri gəlmişkən deyim ki, Krımskinin kitabxanası dünyanın ən böyük, ən nadir kitabxanalarından biri sayılırdı. Təsəvvür eləyin ki, bu bizi nə qədər sevindirdi. Kədərlə deməliyəm ki, ədəbiyyatımızın böyük tədqiqatçısı Krımskinin bu arzusu baş tutmadı. İkinci dünya müharibəsi ərəfəsində kitabxana dağıldı. Mən bunu da Salman Mümtazın arxivi kimi ədəbiyyatımız üçün böyük bir itki hesab eləyirəm.

- Süleyman müəllim, bu il böyük xalq şairimiz Səməd Vurğunun da anadan olmasının yetmiş beş illiyi tamam olur. Mən inanıram ki, Səməd Vurğun şeirinin ömrü Azərbaycan xalqının ömrü qədərdir. Şeirlərinin istisi ona böyük bir əbədiyyət gətirib. Mənə elə gəlir ki, əgər şeirin bir istisi, həniri varsa, yaşın, yəni vaxtın gətirdiyi soyuqdan qorxmamaq olar...

- Düz sözə nə demək olar? Səməd Vurğun poeziyası ədəbiyyatımız üçün nümunə olmalıdır. Son vaxtlar, istər heca vəznində, istərsə sərbəst vəzndə bir sıra sintetik şeirlər yaranıb. Sintetik şey nə qədər parıltılı, nə qədər gözəl olsa da, yun kimi isti, pambıq kimi sərin olmayacaq...

- Süleyman müəllim, mən bu söhbətimizi, bu yazımızı elə “Yaşın soyuğu, şeirin istisi” adlandırmaq istəyirəm.

- Bu sizin öz işinizdir. Adı yaxşı yadımda deyil, bir fransız alimi deyib ki, insan özünü hansı yaşda hiss eləyirsə, elə o yaşdadır...

- Süleyman müəllim, yaradıcılıq planlarınız barədə oxucularımıza nə deyə bilərsiniz?

- Şairin ömürlük borcu şeir yazmaqdır. Şeirdən vaxt tapdıqca xatirələrimizi qələmə almaq niyyətindəyəm. Son vaxtlar buna çox böyük mənəvi bir ehtiyac hiss eləyirəm. Elə bilirəm ki, bu, oxucular üçün də maraqlı olacaq.

- Süleyman müəllim, “Azərbaycan” jurnalına nə arzulayardınız?

- Yeni-yeni əsərlərlə bizi sevindirsin.

Müsahibəni Dilsuz Mustafayev aparmışdır.

# 1460 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #