Hecanın qələbəsi, sərbəstin tənəzzülü – Elnarə Akimova poeziyadan yazır...

Hecanın qələbəsi, sərbəstin tənəzzülü – <span style="color:red;">Elnarə Akimova poeziyadan yazır...
14 iyul 2016
# 11:56

Kulis.Az tənqidçi Elnarə Akimovanın “Səni axtarıram, poeziya!” silsiləsindən birinci məqaləni təqdim edir.

I yazı

Poeziyadan danışmaq, ondakı təmayülləri, forma-məzmun yeniliklərini təhlil etmək bir ilin zaman çərçivəsinə sığacaq problem deyil. Ədəbiyyatda keyfiyyət dəyişimi həmişə illəri, bəlkə də onilliyi çevrələyən bir məsələdir. Bu baxımdan, 2015-ci ilin poeziyasından danışmaq hardasa, üçüncü epoxanın poetik mərhələ özəlliklərindən söz açmaq, onda gedən məziyyətləri üzə çıxarmaq deməkdir. Şeirlə bağlı təsnifatımızı adətən, bu problemlər üzrə aparırıq: poeziyada mövcud axınlar, işlək vəznlər, yeni şeir şəkilləri, forma və məzmun axtarışları. Bu təbii ki, poeziyamızın son illərində iç-içə doğulan, yaşayan, mövcud olan mövzular sırasıdır. Eləcə də o şəkildə ki, ənənəvi olaraq poeziyada bölgülər aparırıq – ənənəvi, modernist, eksperiment səciyyəli şeir deyə, düşünürəm ki, buna da o qədər gərək yoxdur artıq. Çünki müxtəlif illərin poeziya mənzərəsinə nəzər yetirəndə orda hər növ təsnifatın təmsilçiləri olduğunu görürük. Mən daha çox poeziyanın problemlərindən danışmaq istəyirəm. Əlbəttə, çox arzulayardım ki, poeziyanın problemlərindən deyil, hadisəsindən bəhs edim. Görünür, gözlənilən hadisə baş verməyəndə problemlər üzə çıxır artıq, ya da belə deyək, hadisə yoxdursa, buna əsas verən problem vardır demək ki... Yeri gəlmişkən qeyd edim ki, yola saldığımız ildə də poeziyanın daha çox problemləri müzakirə predmetinə çevrildi. Məsələn, “Azərbaycan” jurnalının 5-ci sayında “Çağdaş Azərbaycan poeziyası – problemlər, portretlər” mövzusunda müzakirə təqdim olundu, Elçin İmanovun “Şeir yaza bilmirsiz”, Qəşəm Nəcəfzadənin “Mən necə şeir istəyirəm” məqalələrində poeziyamıza dair müxtəlif problemlər aktuallandı. Bu durum əksər şairlərin şeirlərində belə şikayət ovqatında sərgiləndi. V.Bəhmənli yazırdı ki,

söz ovuna çıxır hələ

yeldən qanad taxır şeir,

yaxa vermir şairlərə

aralıdan baxır şeir...

Qeyd edim ki, hər hansı problemlə bağlı məqalə və müzakirələrin meydana çıxmasının ona dərin nüfuz üçün böyük faydası vardır. Şeirlə bağlı aparılan söhbətlərin, yaradıcılıq istiqamətlərinin üzə çıxarılmasına yönlənən hər növ yanaşmanın o cümlədən. Belə söhbətləri qorunan milli koloritə, yaşayan yaddaşa bir nişanə saymaq olar. Milli kolorit deyərkən, ötən il sevimli şairimiz Məstan Günər haqqında çap olunan “Məstan deyər, dillərdədir bayatım” kitabını qeyd etməyim yerinə düşər. Bu faktı nahaqdan xatırlatmıram. İllər keçir, yeniliklər biri digərini əvəz edir, əsl şeirsə bütün və hər cür ultramodern dalğanı yarıb önə keçir. Zamanın tufanları onu adlaya bilmir. Əsl şeir demişkən, deməyi borc bilirəm. 2010-cu ildə poeziya ilə bağlı illik məruzəmi edərkən meydanı başına almış zəif şeirlərin suçunu həm də ədəbi orqanların, saytların məsuliyyətsiz yanaşmasında aramışdım və bu gün də fikrimdə qalıram. Təbii ki, yaxşı şeir öz oxucusunu tapır, necə deyərlər, “şeir müəllifindən ayrı öz taleyini yaşayır” (R.Rövşən). Amma oxucu zövqünə və vaxtının səməsinə hesablanmış stixiya ilə fəaliyyət göstərmək həmişə əsas meyara çevrilməlidir. Bu mənada, ötən il “Ədəbiyyat qəzeti”ndə çap olunmuş şeirlər əsl poeziyaya, sözə, sənətə olan dəyərin və onu yüksək formada təqdim etməyin örnək nümunəsi idi. Belə ki, burada Z.Yaqubun “Qoşmaların nağılı”ndan tutmuş adı ədəbi mühitdən müəyyən mənada kənarda qalan Bahadur Fərman, Sahib İbrahimli, Elxan Yurdoğlu, Saleh Qurbanov və b.-nın şeirlərinə qədər yer vardı və hər biri dolu, dolğun yaşamla poetik müstəviyə gəlirdilər.

İndi keçək problemlərə.

Hecanın qalib durumu, yaxud sərbəst şeir şəklinin tənəzzülü.

Ötən illərə qədər daha çox heca vəzninin tənəzzülündən bəhs edirdik. Həqiqətən də, sərbəst şeir şəkli o qədər irəli getmişdi ki, hətta yaşlı nəsil şairlər belə daha çox bu vəzndə yazır, çağın dəbinə uyğunlaşmağa çalışırdılar. Bu günsə deyə bilərik ki, sərbəst şeir şəklinin bütün prinsipləri deformasiyaya uğramaqdadır. Necə deyərlər, “Yenilik” aşiqi, naşı “şəyir­d­lər”­/Nəzmin ağ bəhrində sərbəst üzürlər” (Ç.Əlioğlu). Heca vəzni qafiyəpərdazlığa necə geniş meydan verə bilirsə, yəni, qafiyəyə köklənib istedadsızlığı pərdələyə bilmək, qafiyə arxasında gizlənmək mümkünsə, sərbəst şeir şəkli də hədsiz sərbəstliyə getmək, vəzndə azadlığı – anarxiya səviyyəsində dərk etmək və düşüncələrini sağa-sola sapmaqla şeir yaz­dığını güman etmək həvəskarlara bir növ imkan yaratmışdır. Poeziyanın hazırkı durumuna nəzər saldıqda qeyri-normativ leksikanın, bayağı psevdofəlsəfi ritori­kanın baş alıb getdiyini görürük. Saxta modern yeniliklərə və məcaz özbaşnalığına geniş meydan verildiyi indiki vəziyyətdə bu axının qarşısını nə ilə almaq olar sualı önündə duruxub qalırsan. Şeirdə ölçü hissi tam sıradan çıxıb, halbuki poetik mətnin normativ, requlyativ prinsiplərindən əsas olanı ölçüdür. Yəni, şeirdə ölçü yoxdursa, başqa nədən danışmaq olar və onu nədən poetik mətn adlandırmaq olar?

Qeyd edim ki, poeziyada yenə də hecanın aparıcı mövqeyi güclənir. Bunun bir səbəbi müəyyən yaşa dolmuş şairlərin milli özünədönüşü ilə əlaqədardırsa, digər səbəbi, sərbəst şeir şəklinin ifratlarından doğan inkardır. Əlbəttə, “gənc şairlərə, əvvəlcə klassik qəliblərlə başlayıb, sonra inqilabçı olmağı tövsiyə edirəm”, - yazan argentinalı yazar Leopoldo Luqones kimi bunu mütləq imperativ kimi irəli sürmürük. Ən azı poeziyamızda Aqşin Yenisey imzası var ki, sərbəst şeirlərilə 2000-ci illərin əvvəllərinin ədəbiyyat faktına çevrilməyi bacardı. Amma bu gün gənc yazar da anlayır ki, artıq sərbəst şeir şəkilli şeirlə inqilabçı görünmək mümkün deyil. Səbəb yuxarıda qeyd etdiyimiz kimi, bu şeir şəkli ilə bağlı meydana çıxan neqativlərin mövcudluğudur.

Ötən il heca vəzninin ən uğurlu nümunələrinə M.Yaqubun, Z.Yaqubun, Ç.Əlioğlunun, S.Rüstəmxanlının, Məmməd İlqarın, Sabir Sarvanın, Ramiz Qusarçaylının, Qoca Xalidin, Əjdər Olun, Zirəddin Qafarlının, Anar Həbiboğlunun, Faiq Hüseynbəylinin, Rafiq Yusifoğlunun, Arzu Hüseynin, Ramiz Kərəmin və b. şeirlərində rastlaşdıq. “Bir uzun küçə” şeir toplusunda yer almış M.İlqar, R.Qusarçaylı, S.Sarvan, Q. Xalid və Ə. Olun şeirləri bizdə heca vəzninin yaşarı­lığına inam oyatdı. M.İlqarın təcnis və gəraylılarında güclü kolorit, el havasının ruhu hiss olunur. Bu kolorit lirik-publisist intonasiyanın güclü olduğu R.Qusarçaylı şeirlərində daha çox kənd mənzərələrinin, Q. Xaliddə təbiət-insan birgəliyinin, S. Sarvanda isə vətən mövzusunun, tarixi keçmişimizin yenidən mənalandırılması ilə qüvvətli bir cizgi kəsb edir.

Bu yurd neçə dəfə qana çəkilib,

Quruyan dəniztək sinib özünə

Axtarsan Vətənin sərhədlərini,

Düş tarix boyunca qanın izinə. (S.Sarvan)

Barat Vüsalın, Aydın Murovdağlının, İbrahim İlyaslının (“Sevgi şeirləri: “Ömrüm”, “Hardasan”, “Məşğulam”); Əjdər Olun (“Solaxay”, “Anamı xatırladım”, “Atam, ay atam”), Vasif Süleymanın, Avdı Qoşqarın, Adil Cəmilin, Qəşəm Nəcəfzadənin heca vəznində yazdığı şeirlərdə milli qatlardan süzülüb ahəng, ölçü, məzmun fərqliliyi qorunub saxlanır.

Yarsan, qopma bütövümdən, yarımdan,

Yazıq günüm yarım axşam, yarım dan.

Kimə deyim yarımadım yarımdan,

Görən varmı sinəm kimi daş barı?!

Gəl, həsrəti doğra incə, kəs incə,

Sevənlərtək olmaz bircə kəs incə.

Kaş öləydim eşq ağrısı kəsincə,

Əzizlərəm Tanrı verən bu barı.

Bu gözəl rədifin müəllifi Sahib İbrahimlidir. S.İbrahimlinin şeirləri bütöv, kompleks yanaşmanın təzahürü, dolğun, yaşanmış duyğuların, ürəkdə iz qoyan təəssüratın nişanəsidi. Milli ənənəvi şeirin bədii intonasiya sistemi bu şairin şeirlərində poetik nida və suallarla birləşmiş olur və onlardakı müəyyən həyati detallar duyğuların ifadəsində poetik əyaniliyə xidmət edir. Bu səbəbdən S.İbrahimlinin “Pəncərə dalında bir qız ağlayır”, “Sənsiz”, “Şair sevgisi”, “Kəpənək” şeirlərində dəfələrlə işlənmiş obrazlar yeni tərzdə poetik düşüncənin predmetinə çevrilir. Yaxud Q.Nəcəfzadənin “Gəlirsən”, “Qoşma”, “Sevgili yağış”, “Payız” adlı lirik nəğmələri romantik metaforaları, həzin sevgi bəlirtiləri ilə yalnız forma deyil, həm də məzmun planında gələnəksəl poeziyanın varisi kimi çıxış edir.

Bürünüb buluda, bürünüb suya,

Bu gecə, bu gecə bir ağlayan var.

Payız adamları verib yuxuya,

Əlini dizinə vurub ağlayar.

Bu gecə, bu gecə bir ağlayan var,

Həsrətin əvvəli, vüsalın sonu.

Aldanan qız kimi ağlayır payız,

Bəlkə də, durnalar aldadıb onu.

V.Bəhmənlinin “Beş damla” kitabı qoşma, səkkizlik, gəraylı kimi klassik şeir şəkilləri ilə zəngindir. Parıltılı forma elelmentləri, fərqli poetik deyim, ifadə və təsvir çalarları ilə zəngin bu şeirlərdə daha çox xalq poeziyasının biçimlərinə üz tutulması nəzərdən qaçmır. Eyni zamanda, şairin yaradıcılığı üçün xarakterik olan bir cəhəti də önə çəkməyi labüdləşdirir. V.Bəhmənlinin son illər yazdığı şeirlərdə daha çox düşüncənin melodiyası eşidilir, poetik stixiya öz yerini səssiz fikir axarına verir. Metafizik qata açılan bu şeirlər şairin mənaya varmaq niyyətinin təzahürü kimi mənalanmalıdır. Onun şeirlərində tez-tez hallanan “bilmirəm” nidası da həqiqət və mahiyyətin dərki baxımından simvolik çalar kəsb edir. Yalnız içinə enən ruhun dünya ilə dialoqu bitir, “dil tutulması” baş verir, daha çox heyrət, daha çox çözmək ehtirası önə keçir. Nəticədə şairin metafizik düşüncə notlarında qələmə aldığı dünya və insanla bağlı şeirlər mahiyyətin və mənəvinin ifadəsinə xidmət eləyir:

Darvazamı döyən çıxar mənim də

Bəlkə, bu gün?..

Sabah, bəlkə?

Bilmirəm.

Həsrətləri cüda eylər tənimdən,

Bəlkə, bəndə?..

Allah bəlkə?

Bilmirəm...

Od bürüyər bir anda dörd yanımı –

Duruldarmı laxtalanmış qanımı?

İstəyimə qul eyləyər canını

Bəlkə, tövbə?..

Vallah, bəlkə?

Bimirəm...

Gənc şair Faiq Hüseynbəyli də son kitabındakı şeirlərdə həm məzmun, həm də intonasiya planında metafizik sınırlara, tanrısal eşqi tərənnüm edən qatlara çıxır. Daha çox introvert düşüncə, eşq, tale, tənhalıq romantikasının ekzistensial kədərlə qovuşuq təcəssümü kitabdakı əksər şeirlərin başlıca qaynağını təşkil edir.

Bir iynənin ucu boyda

olsa da, sev... günahdımı?

Bu eşqə hansı ad verək?

Aşiq quldumu, şahdımı?

Həsrət vüsala təndimi?

Vüsal saçımda dəndimi?

Bu eşq dərədə çəndimi?

Dağlardan qopan ahdımı?

Bu sevgini var eləyən,

Dünyamızı dar eləyən.

Səni mənə yar eləyən,

Şeytandımı, Allahdımı?

F.Hüseynbəylinin xüsusilə, heca şeirlərində metafizik mövzu daha aparıcıdı, müəllif poetik təsvirin predmetinə çevirdiyi bütün mövzulara ruhun dərinliyinə vararaq, virtual dünyanın məhculluğundan nəzər yetirir.

Hardasa bir göz yaşı,

Yanağına iz salar.

Hardasa bir göz yaşı,

Dodağında qocalar.

Tanrı da ağlayar, bax,

Bir təsəllidi yağış.

Biz ki, insanıq, bəlli,

Tanrını kim qarğamış?!

Çağdaş poeziyamızın çoxçalarlı üslub axtarışlarında billürlaşan imzalardan olan Anar Həbiboğlunun şeirlərində axar-baxarlı, tükənməz enerji ilə süslənmiş dil potensialı var və dilin ifadə imkanları sayəsində müəllif ənənəvi və modern düşüncənin uğurlu sintezini yarada bilir. Anar Həbiboğlu təsvir predmetinə çevirdiyi bütün mövzularda yaşam fakturasına dayanıqlı olan müəllifdir və hisslərini şeir ölçüsündə, məna dərinliyində ifadə etməyə nail olur:

Yüz yerdən sınan ürək indi parça-parçadı,

Hər sınan parçası da tənhadı, təkdi bəlkə.

Məni öpən o qızın kirpikləri fırçadı,

Bir ötən məhəbbətin rəsmini çəkdi bəlkə.

Önəmli olan bu ki, A.Həbiboğlunun şeirləri təkrar, təqlid biçimində doğulmur, təzə-tər duyğuların qanadında birbaşa poeziya estetikasından nəşət edir. Burada sevgi, həyat, ölüm, yaradılış haqda meditativ düşüncələr şəxsi kədər çevrəsini yararaq ilahi və real duyumların təzahürü olaraq bütövlük qazanır.

Eşq haqqında bu rəvayət, bu nağıl

Başlamamış qurtaracaq bəs haçan?

Bu ömürdü, sən yalançı, mən dəli,

İnanırdım, qoy inanım sonacan...

Eh, qurtaraq bu söhbəti, nə xeyri,

Peşman-peşman mən gülürəm, sən ağla.

Əlini qoy ürəyimin üstünə

Heç olmasa ağrısını sığalla.

Heca vəznindən söz düşmüşkən, Z.Yaqub, M.Yaqub, M.Aslan kimi ilk növbədə, milli dil hadisəsi sayılan şairlərimizin adını çəkməyə xüsusi ehtiyac var. Çünki məhz, bu şairlərin yazdığı nümunələrdə dilin bütün etno-psixoloji ifadə çalarları ehtiva olunur. Xalqın milli yaddaşı, milli kimlik duyğusu, milli koloriti və s. Ötən il Z.Yaqubun xəstəlik və ağrılarla çarpışdığı məqamlarda meydana qoyduğu “Qoşmaların nağılı” başlıqlı silsilə şeirləri şairin susmayan könül rübabının nişanəsi olmaqla bahəm, bu yaradıcılığa məxsus dil qatlarına eniş mənasında uğurlu sənət örnəkləri idilər:

Səni dönə-dönə salamlayıram,

Sən qoşmam, sən laylam, sən bayatım ol.

Dünyaya gəlməyim getmək üçündür,

Mənim ilk sevincim, son saatım ol.

Düzləri dolaşam, dağları aşam,

Gərək çaylar kimi qaynayam, daşam.

Yerlərə sığmayan toyum, tamaşam,

Göylərə sığmayan büsatım sən ol.

***

Ürək də, baxış da, könül də, göz də

Dünyanı dərindən duymaq üçündür.

Öpüb bu torpağı duz-çörək kimi,

Gözünün üstünə qoymaq üçündür.

Sevdiyin nə varsa, sənin yarındı,

Ətək çiçəyindi, zirvə qarındı.

Allah nə veribsə, insanlarındı,

Hamısı el üçün, oymaq üçündür. /“Ədəbiyyat qəzeti”/

# 1898 dəfə oxunub

Oxşar xəbərlər

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #