Bütün çılpaqlığımla görünmək istəyirəm – Əsəd Qaraqaplandan Yeni Şeirlər

Bütün çılpaqlığımla görünmək istəyirəm – Əsəd Qaraqaplandan Yeni Şeirlər
14 mart 2019
# 15:32

Kulis.az Əsəd Qaraqaplanın yeni şeirlərini təqdim edir.

Özüm Kəşf Etdiyim Musiqi və Qadınlar

elə anlar olur ki

gözəl musiqi kimi axıb gedir bu həyat

ölümə hazır olan içimdən…

elə qadınlar olur ki

acını musiqi ilə daddırırlar ruhuma...

özüm kəşf etdiyim musiqi və qadınlar

həmişə ən çox sevdiyim musiqi və qadınlardır

bilirsən hərdən mənə elə gəlir ki,

bu qədər gözəl həyat varkən

ölümə daha çox yaxınam...

insanların içində elə bil doğuluşdan

ölümə maraqlı biri gizli

acıya maraqlı biri gizli...

hərdən bütün çılpaqlığımla

görünmək istəyirəm insanlara

gözlərim dolur hərdən böyük acılardan sonra

yeni xırda sevincləri görəndə

bilirsən yalnızlıq əslində

ölüm qorxusuyla həyatdan qaçıb

gizləndiyin otaqdakı təklikdən başqa bir şey deyil

bəzən hər şey göründüyü qədər dəhşətlidir

bizsə onlara başqa don geyindiririk əslində

ölümə həyat donu

həyata ölüm donu...

bilirsən hər kəsin sonu

əslində yeni bir həyatla başlayır

ayrılıqdan sonra axıb gedən musiqi kimi

bəzən insan daha çox fatalistdir

həyatla ölüm arasında

dindar olduğumu sanma

ama bəzən mən də

gözlərim dolarcasına sarılıram içimdəki inanca

o inanc ki bəzən məni ateistlərdən

daha çox ateist edir

dindarlardan daha çox dindar edir...

o inanc ki həmişə içimdə gizli saxlı

həmişə onu qorumuşam – kiçilməsin…

bilirsən mən həmişə böyüməkdən qorxmuşam

başqa heç nə məni

içimdəki körpənin böyüməsi qədər qorxutmayıb

bəlkə də bu üzdən

təklik mənimçün göründüyü qədər dəhşətlidir

bəlkə də bu üzdən

bütün çılpaqlığımla görünmək istəyirəm insanlara…

bəlkə də bu üzdən... bu üzdən

özüm kəşf etdiyim musiqi və qadınlar

həmişə ən çox sevdiyim musiqi və qadınlardır...

Divara Şəkil Çəkmişəm

hər şey get-gedə tükənir

hər şey bitir, bilirəm

mənə sadəcə özündən

biraz gətir, ölürəm...

gətir, qoy uzaqlar sənin

olmayan yanımda qalsın

mənə sən özündən gətir

çoxalsın canımda qalsın

ev-ev, otaq-otaq mənim

canımı çürütdü Bakı

səni də qovub qaçırdı

mənə də səninlə bağlı

siyasət yürütdü Bakı

təkəm tanrının əlində

çoxam yalnızlığımda, çox

dadını da qaçırmışam

artıq yalnızlığın da çox

hərdən gəlib-gedən olur

görürlər sən boyda təkəm

divara şeir yazmışam

qorxuram şəklini çəkəm

nəyi necə qoymusansa

o qədər təkdir yerində

burda şəkli sən çəkirdin

gəl yenə çək də yerində...

Qiraətçi Qızın Mesaj Qutusuna

ən yaxın dostum kirayə otağımdır

ən çox sevdiyim insanlar - uşaqlar

böyüdükcə böyüklərdən heç böyüklük görməmişəm

elə uşaq olmaq istəyirəm indi

evimizlə dost olmaq

həyətimizdə uşaqlarla oynamaq...

dünyadan küsdüyüm gün aşiq olduğum gündür

ona qədər heç bir gün görmədiyimi anladım

böyüklərin kiçikliyi

onlara aşiq olduğumuzda daha görünürmüş

həyatın nə qədər soyuq

ölümün nə qədər isti

heç bir insan içi torpağın altı qədər rahat deyilmiş məgər

və ən üzüldüyüm şey

indi bunu kənddəki uşaqlığımdan yazmağımdır

özümü saxlayıram ki, anamdan sonra öldürüm

ki, o üzülməsin mənim ölümümə...

heç bir şeyi olmayan insanların böyümək şansı yoxmuş

ölmək şansları belə şansa qalır çox zaman

mən artıq ölməkdən çox yaşamaqdan qorxuram

və ölülərin daha çox

sevdiyi bir dünyada yaşadığımı bilirəm

özümü saxlayıram ki, anamdan sonra öldürüm

ki, o üzülməsim mənim ölümümə...

elə yorğun düşmüşəm ki, güclü qolların belə

zəiflik olduğunu qəbul edəcəyəm hardasa

oysa mən nəyi çox sevdim ən çox ondan yoruldum

bir şeylər öyrənməyə başlayanda dəli oldum

özümü saxlayıram ki, anamdan sonra öldürüm

ki, o üzülməsim mənim ölümümə...

sənsə heç bilmirsən sənsə

dediyin şeirlərdə şairlərin yox olduğun

və bir şeir şairin varlığı deyil, əslində yoxluğudur

adamlar şeirləri ona görə sevirlər ki,

bir şeirin varlığı bir şairin yoxluğudur

bir şeirin nə boyda yoxluqdan gəldiyin bilməkçün

mütləq şair olunmalı

həm də elə-belə deyil

hər şeirdə yox olan şair olmalı

boşluqlara yazılmış şeirlərdir sizə dolu görünən

ağrılar boşluqların doluluğu

və sevgilər yox olmağın başlanğıcı...

özümü saxlayıram ki, anamdan sonra öldürüm

ki, o üzülməsim mənim ölümümə...

bir şeirin bir şairin yoxluğu olduğunu

o şairin o şeiri yazdığında susqunluğundan bilinir

bir şair heç vaxt bağıra-bağıra yazmaz şeiri

çünki o bilməsə belə hər şeirdə yox olduğunu bilir

mən ən çox şeiri sevdim -

və mən ən çox yox oldum...

özümü saxlayıram ki, anamdan sonra öldürüm

ki, o üzülməsim mənim ölümümə...

Dərvişə

elə tərki dünyayam ki,

ağrılar belə məni hər gün sərxoş eləyir

elə qızğın haldayam ki, hamını bağışlamışam

içimdə bir üsyan var,

heç kimi öldürə bilmədiyimdən özümü öldürməkdəyəm

sən də elə uzaqdasan, Dərvişə,

hər gün sadəcə səni görürəm yaxınımda...

adamlara adamlıq anladılmaz

adamlara sadəcə məcbur edilər

mən heç bir adamın hələ

məcbur olmadan adam ola bildiyini görmədim

sənə də nə söyləsəm

bilirəm sənə qarşı mütləq bir yalnış yanı var

mütləq bir sevgi yanı…

darıxmaq - elə bilmə uzaqdaykən yaxında olmur adam

elə bilmə yaxındakı uzaqdakından daha çox sevilir

mənim zəifliklərimin gücsüzlüklə bir bağlılığı yoxdur

eləcə də yaşamağın həyatla bir bağlılığı…

o qədər qəlizdir ki beynimdəki cavablar

heç bir sual bu cavabları götürüb evinə aparmazlar

mən əvvəllər cavabların suallardan qorxduğunu düşünürdüm

ama indi cavabların sualların padişahı olduğunu bilirəm

ona görə şah cavablarım mənim vəzir suallar görəndə

həyatla ölüm arası yaşamağı bilirəm…

bilirsənmi bir adam yaşayıram deyirsə əgər,

əslində yaşamayandır

ya da bir insan əgər ölürəm söyləyirsə,

o da ölməyəndir elə

ona görə hər şeyi olduğu kimi qəbul etmək

mənə bu qədər çətindir, Dərvişə…

mənim həyatımda son 15 ildə

sadəcə sənin adının sonuncu “ə” hərfi artıb

başqa heç nə.

o da mənim adımın baş hərfidir

o da mənim bu illərdə yaşadığım sevgimin gerçək bədəli

bilirəm ölümlə bağlı çox danışıb, çox şeirlər yazıram

ama olsun,

ölmürəmsə, daha çox ölümlə bağlı danışa da bilirəm

daha çox həyatla bağlı sarılıram yaşama

ama mənim içimdəki nə həyatın əsəridir,

nə ölümün

sadəcə dərvişliyimdir…

sığındığım ucuz gecəqondular da

əslində laməkanlığımdır, dəli

bilirsənmi biz dərvişlər

heç vaxt gözə batmamağa çalışırıq

sadəcə var olmağa, ya da əslində, əslində

var olmamaq üçün elə var oluruq…

# 4251 dəfə oxunub

Oxşar xəbərlər

Məhəmməd Füzulini dərk etmək məqamı

Məhəmməd Füzulini dərk etmək məqamı

15:49 3 noyabr 2024
Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

17:45 2 noyabr 2024
Dədə Qorqu casus olub? - Zəhra Həşimova

Dədə Qorqu casus olub? - Zəhra Həşimova

17:00 1 noyabr 2024
"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

12:00 27 oktyabr 2024
Bəlkə, ədəbiyyatı ləğv edək?

Bəlkə, ədəbiyyatı ləğv edək?

16:00 21 oktyabr 2024
Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

15:00 19 oktyabr 2024
# # #