Şair ölənə qədər harda qalmaq istəyirdi? YENƏ O BAĞ OLAYDI

Şair ölənə qədər harda qalmaq istəyirdi?  <span style="color:red;">YENƏ O BAĞ OLAYDI
15 may 2017
# 09:00

Kulis.az Qurban Cəbrayılın “Yenə o bağ olaydı...” məqaləsini təqdim edir.

Yenə o bağ olaydı, yaxud ədəbiyyatımız heç zaman öləziməyəcək Müşfiq şöləsinin işığında

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi?
Söylə ürəyincəmi?..

Hər dəfə onun haqqında düşünəndə, şeirlərini oxuyanda zehnimdə bir işıq parlayır, xəfif şölə saçılır, aydınlıq yaranır... Amma işıqlar da müxtəlifdir – qığılcımı, gur ocaqdan düşəni, aydan-ulduzdan süzüləni, şimşək çaxışı, elektrik seli və sairi var. Nə qədər qəribə də olsa, həmişə mənə elə gəlib ki, hətta mənbəyinin belə, bu məkana, müstəviyə aidiyyatı yoxdur; sadəcə, ədəbiyyatımıza, poeziyamıza kənardan düşən bir işıqdır vəssalam; bəlkə də Tanrı işığıdır...

Gözləriniz önündə, ara qapını açdığınız anda nisbətən qaranlıq otağın necə işıqlanması prosesini canlandırın. Bax, qısa bir ömürdən yadigar qalan zəngin yaradıcılıq irsi, söz möcüzəsi həmin işıq selinə, daha dəqiq, spektrə - prizmadan və ya digər şüasındıran mühitdən keçərkən əmələ gələn zolağa bənzəyir. O da bütün maneələri dəf edərək poetik rəngə boyandı və zaman-məkan diktələrinin fövqündə dayandı.

Azərbaycan ədəbiyyatı keçib gəldiyi uzun və keşməkeşli yola uyğun, çoxsaylı cərəyanlar, mərhələlər, “...izmlər”lə zəngindir. Hələ neçə əsrlər ötüşəcək, hansısa məxəzdən indiyədək tanıyıb bilmədiyimiz şairimizin əlyazmaları tapılacaq. Lakin bütün baş verənlər bu gənc, istedadlı, coşqun, qaynar təbli şairin mövqeyinə zərrə qədər də təsir göstərməyəcək. Müşfiq “Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim!”; “Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?” iltimaslı Füzulidən, “Qoymuş miləl imzasını övraqi-həyata, yox millətimin xətti bu imzalar içində” şikayətli Hadiyə qədərki söz kəhkəşanında sübh şəfəqi libasında, bahar günəşi hənirtili, səhər mehi təki xəfif qalacaq...

İsmayılzadə Mikayıl Əbdülqadir oğlu 1908-ci il iyunun 5-də Bakının Xızı kəndində ziyalı ailəsində dünyaya göz açıb. Hələ ay yarım olarkən anasını, 6 yaşında isə atasını itirdiyindən bacı və qardaşları ilə birlikdə yetim qalıb, yaxın qohumlarının himayəsində böyüyüb.

Ana dedim, ürəyimə yanar odlar saçıldı,

Ana dedim, bir ürpəriş hasil oldu canımda,

Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,

Ana dedim, fəqət onu görməz oldum yanımda.

Ana, ana!... Bu kəlmənin vurğunuyam əzəldən,

Onu gözəl anlatamaz düşündüyüm satırlar.

Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,

Çünki onun xilqətində ayrıca bir füsun var.

Ümumiyyətlə, onun təlim-tərbiyəsinə çoxlu nağıl, əfsanə, xalq şeirləri və mahnıları, bayatı və laylalar əzbər bilən nənəsi Qızqayıtın böyük təsiri olub. Atası Mirzə Qədir İsmayılzadə də “Səadət” məktəbində müəllim işləməklə yanaşı, “Vüsaqi” təxəllüsü ilə şeirlər yazırdı. Yeri gəlmişkən, böyük bəstəkar M.Maqomayev “Şah İsmayıl” operasını Mirzə Qədirin eyni adlı poeması əsasında bəstələyib.

M.Müşfiq ibtidai təhsilini inqilabdan əvvəlki rus-tatar məktəbində alıb, sonra Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib (1927-1931). Əmək fəaliyyətinə pedaqoq kimi başlayıb, 7 il Bakı məktəblərində müəllimlik edib, son iş yeri isə hazırda adını daşıyan 18 saylı təhsil ocağıdır.

Ədəbi aləmə 1926-cı ildə “Gənc işçi” qəzetində işıq üzü görən “Bir gün” şeirilə qədəm qoyan gənc şair, müntəzəm şəkildə dövri mətbuatda çıxış edib, eyni zamanda bədii tərcümə ilə də ciddi məşğul olub. A.S.Puşkinin “Qaraçılar” (Ş.Abbasovla birgə), M.Y.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birgə), Ö.Xəyyamın bir çox rübailərini, T.Şevçenkonun şeirlərini, M.F.Axundovun məşhur “Puşkinin ölümünə Şərq poeması”nı və başqa şairlərin irsindən nümunələri Azərbaycan dilinə çevirib.

Mənim könlüm deyir ki:

Hələ bunlar nədir ki..?

Böyük günlər, şanlı günlər, şən günlər,

Yoluna düşən günlər

Hələ qarşımızdadır!

M.Müşfiq həbsindən əvvəl “Çağlayan” şeirlər toplusunu hazırlayıb nəşriyyata təqdim etmişdi. Topluya yazıb-yaratdığı ən yaxşı əsərlər daxil idi; “Çağlayan” bir növ onillik poetik fəaliyyətinin yekun kitabı olacaqdı. Lakin müəllifin 1937-ci ildə “xalq düşməni” damğalı həbsi və 1938-ci il yanvarın 6-də “ayaqüstü” məhkəmə iclasının hökmü ilə, Nargin adasında güllələnməsi hər şeyi yarımçıq qoydu. Belə məqamda digər repressiya qurbanı, sürgündə dünyasını dəyişərək uzaq Tayşetdə dəfn edilsə də 1982-ci ildə Ulu öndərin diqqət və qayğısı sayəsində vətən torpağına qovuşan dahi mütəfəkkirimiz Hüseyn Cavidin məşhur sözlərini xatırlamaya bilmirsən: "Müşfiq bir oddur, öz-özünü yandıracaq…”

Oхu, tar, oхu, tar!..
Səsindən ən lətif şeirlər dinləyim,
Oxu tar, bir qadar,
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu tar!
Səni kim unudar?
Ey geniş kütlənin acısı, şərbəti,
Alovlu sənəti!

Sadalananlar çox qısa, cəmi otuz il ömür yaşamış şairin tərcümeyi-halına daxil məqamlardır. Amma onun haqqında çox danışılıb, çox yazılıb – istər həyatda olduğu zamanda, istər ölümündən sonra, istərsə də repressiya qurbanlarının faciəli taleləri üzərindəki ağır pərdə götürülüb haqq-ədalətin öz yerini tutduğu, bəraət aldıqları dönəmlərdən bu yana. Əlbəttə, hər mərhələyə müvafiq şəkildə - sağlığında əleyhinə çirkin kampaniyalar aprılır, Yazıçılar İttifaqının plenumunda, dövri mətbuatda “əksinqilabçı”, “pantürkist”, “sosializmin düşməni”, “yeni cəmiyyətə zərərli” və sair kəskin, qərəzli, ifrat dərəcədə sərt tənqidlər, hətta təhqirlərlə üzləşir, bütün bunlar azmış kimi rus dilini bilməməkdə, köhnə kitablar oхumaqda və onların təsiri altına düşməkdə də suçlanırdı. Uydurma ittihamlar və böhtanlar cismən olmadığı dövrlərdə də davam edir, hərdən bura dostların, onu tanıyanların günahsız insan, bənzərsiz şair itkisindən dolayı acıları, dərin təəssüf hissləri qarışırdı. Ümumiyyətlə, repressiya donosbazları bir neçə yerə bölünür. Bir qismi yuxarıdan gələn хüsusi tapşırıqla, digərləri qarşıdakı təhlükədən sığortalanmaqdan ötrü özünə toхunulmasın deyə könüllü, başqa bir dəstə istedadlılara qarşı paхıllıqlarına, qısqanclıqlarına görə, əksəriyyət də yuхarılara хoş gəlmək, onların adamı olmaqla evə, vəzifəyə sahiblənmək, əsərlərini nəşr etdirmək üçün canfəşanlıqla bu üsuldan istifadə edirdi...

Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əllləşən
Dostdan, aşinadan necə əl çəkim?

Dönmə bir şəbnəmə yaz səhərində,
Könül, günəş kimi parla yerində!
Göylərin lacivərd ətəklərində
Gedən bu qovğadan necə əl çəkim?

Tədqiqatçı Aslan Kənan "XX əsrdə repressiyaya məruz qalanlar" kitabında yazır: “NKVD-nin təhlükəsizlik kapitanı Çinmanın tərtib etdiyi arayışda göstərilir ki, guya Mikayıl Müşfiq Qədir oğlu İsmayılzadə hal-hazırda "Müsavat" gənclər təşkilatı ilə əlaqə saхlayır. Hətta partiya və hökumətin ünvanına böhtanlar deməkdən belə çəkinmir. Bundan əlavə, "Azərbaycanın öz azadlığı yoхdur, Rusiyanın koloniyasında yaşayır" kimi qızışdırıcı sözlər ilə хalqın arasında narazılıq yaratmaq istəyir. M.Müşfiq burjua-millətçi fikirlərilə, əksinqilabi düşüncələrilə ədəbiyyat sahəsində iş aparmasında günahkar bilinir. O, əksinqilabi təşkilatın qrupuna daхildir... Həbs olunmuş müttəhimlərin "könüllü" surətdə yazdığı izahatlar da nəzərə alınmış və müstəntiq tərəfindən hazırlanan arayışa əsasən, Mikayıl Müşfiqin adına 1937-ci il iyunun 3-də 508 nömrəli order yazılmış, 4 iyunda isə həbs edilmişdi.

İstintaq materiallarından "aydınlaşır" ki, 1926-cı ildən 1930-cu ilə qədər əksinqilabçıları müdafiə edən Almaz İldırımzadə və Nəsir Quluzadə tərəfindən İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlu əksinqilabi ruhda hazırlanıb. 1930-cu ildə Nəsirzadə tərəfindən dəvət alıb və qanunsuz "Müsavat" gənclər təşkilatına cəlb edilib. Bu əksinqilabi hərəkat keçmiş müsavatçılardan Ə.Cavad, H.Cavid və həmçinin başqa millətçilər tərəfindən dəstəklənib. 1935-ci ildə millətçi hərəkətlərinə görə Məmmədkazım Ələkbərli tərəfindən təşkilatın üzvlüyünə qəbulunu və onun Sovet dövlətinə qarşı iş apardığını "boynuna almışdır". Buna görə də İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlu Azərbaycan SSR cinayət məcəlləsinin 64, 70, 73-cü maddələri ilə təqsirli bilinir”.

Stalinizm dəhşətlərinə qarşı mübarizə, şəxsiyyətə pərəstişin ziyanlı nəticələrinin aradan qaldırılması illərində qaranlıq guşələrin aydınlaşması, bəzi arxivlərin açılması üçün şərait yarandı. Kütləvi şəkildə repressiyaya uğrayan, uzaq Kolımada sürgündə, zindanda həyatını, sağlamlığını itirən, üzərindəki damğa ucbatından cəmiyyətdə hər hansı mövqe qazanmaqdan məhrum qalan, gözükölgəli yaşayan yüzlərlə, minlərlə görkəmli şəxsiyyətimiz barədə sanballı məqalələr, kitablar yazıldı. Dissident yazıçımız Gülhüseyn Hüseynoğlunun böyük şairi vəsf elədiyi “Mənsur şeirlər”i işıq üzü gördü, ömür-gün yoldaşı Dilbər Axundzadənin “Müşfiqli günlərim” xatirələr toplusu oxucuların ixtiyarına verildi:

Deyirsən yanında qalacağam mən,
Çox gözəl fikirdir, qal sənə qurban.
Nə zaman istəsən əziz canımı,
Qumral gözlərınlə al sənə qurban.

Gəlmiş hüzuruna bir qaradağlı,
Bir qara qulundur - qolları bağlı,
Gəl çəkmə könlümə sən hicran dağı,
Gümüş topuğunda xal, sənə qurban.

Sən Müşfiqin yanında, qalginən sənə qurban,
İstəsən bu canımı, alginən sənə qurban.

Haqqında söhbət açdığımız şəxsiyyətin insan və şair taleyinin başqa bir özəlliyi də ədəbi təxəllüsü ilə bağlıdır. Belə ki, ictimaiyyət arasında aparılan sorğu zamanı Mikayıl, yaxud M.İsmayılzadə ünvanlı məşhuru ən yaxşı halda on nəfərdən ikisi tanıya bilərsə, Müşfiq əksəriyyətin yaddaşında ilkin çağırışa anında oyanan mərkəzdir. Yəni, sonradan götürülən təxəllüsün doğum şəhadətnaməsində yazılan addan önə keçməsi tək-tək korifeylərə qismət olan xoşbəxtlikdir. Hətta Dilbər xanımın əri barədəki ən mübhəm duyğularını “Mikayıllı...” deyil, məhz “Müşfiqli günlərim” başlığı altında qələmə alması da sözügedən unikallığın nəticəsidir. Bu, yaradıcı şəxsiyyət, şair, yazıçı kimi doğulmaqdır, varlığını, təfəkkürünü zərrə-zərrə kağıza köçürmək, həyatını şeirlərə çevirmək, şam təki əriməkdir. Necə ki, əridi də...

Ərəbcədən tərcümədə şəfqətli, mərhəmətli, mehriban, ürəyiyumşaq kimi mənalanır “müşfiq” kəlməsi. Almas İldırımın bir beytində “Həsrət qalıb doğma yurdun nazlı, müşfiq qucağına, gözlər yaşlı, boyun bükük vətənsizmi öləcəyəm?” şəklində keçir. Müşfiq baxışını, ürəyini, düşüncəsini, xarakterini necə də dəqiq ifadə edən sözdür. Elə istedadlı ədiblərimizin çoxu şəxsiyyətlərilə yaradıcılıqlarının vəhdətinə, əqidə və əməlləri arasında manevri bacarmadıqları, yaxud istəmədiklərinə görə qurban getmədilərmi?!

Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar,
Mən bu tamaşadan necə əl çəkim?..

...Mehriban sevgilim qarşımda durdu,
Yenə şairliyim başıma vurdu,
Məndən məcnun könül maraqla sordu:
- Bu saçı leyladan necə əl çəkim?

Mikayıl Müşfiqi - yaşadığı qısa ömür və yadigar qoyub getdiyi irslə - həm də ədəbiyyatımızın həmişəcavanlıq, əbədi gənclik rəmzi, simvolu adlandırsaq, yanılmarıq yəqin. Dəyərləndirmə onun daim canlı, oynaq, günümüzlə səsləşən yazılarının nikbin ruhundan irəli gəlir, təbii ki. Əgər dahi şair XX əsrin yox, ikinci yüzilliyin əvvəlində yaşasaydı, şəkilləri günümüzə çatmadığından rəssamlar tərəfindən əsərlərinə uyğun surətinin yaradılması zərurəti yaransaydı, tablolarda məhz tanıdığımız gənc, qaynar, romantik Müşfiqin canlanacağı şübhəsizdir. Necə ki, (məhz həmin təxəyyülün hasilinə görə) görkəmli fırça ustalarımızın təqdimatında, 1494-1556-cı illər arasında ömür sürmüş Məhəmməd Füzuli (rəssam Sadıq Şərifzadə) özündən nə az, nə çox düz 120 yaş “böyük olan” və dar ağacına çəkilən İmadəddin Nəsimidən (rəssam Mikayıl Abdullayev) daha müdrik və bədbin təsir bağışlayır...

İstedadlı söz ustadı haqqında yazını ona “nakam taleli”, “bəxtsiz” deyə acıyanlarla razılaşmadan – ilk öncə az qala doğumundan 110, cismani yoxluğundan 80 sənə ötməsinə rəğmən oxunduğuna, xatırlandığına görə - burada yekunlaşdırmaq olardı. Lakin hamının dillər əzbəri şeirinin ədəbiyyatşünas Rafael Hüseynov (“Bağ romanı”) tərəfindən aşkarlanan əsl ünvanını söyləmədən nöqtə qoya bilmədim:

Yenə o bağ olaydı sevdalar ölkəsində,

O söyüd kölgəsində.

İnci qumlar üstündə yenə verib baş-başa

Yayı vuraydıq başa.

Günlərimiz keçəydi qızğın fərəhlər kimi,

Dolu qədəhlər kimi;

Yarpaqlar arasından uzadaraq əlini

Oxşayaraq telini,

Gecələr darayaydı

saçlarını Ay, gözəl!

Sən gözəlsən, Ay gözəl?

“Yenə o bağ olaydı” yarananda gənc şairin həbsə atılmasına, işgəncələrə məruz qalmasına, sonra da Nargində güllələnməsinə çox qalmamışdı. 1936-cı ilin qayğısız yay günlərində Pirşağıda yazılıb həmin şeir. Şeirin ünvanı uzun müddət naməlum qalıb. Bəziləri düşünüb ki, həyat yoldaşı Dilbər xanıma yazıb, digərləri ünvanı tanısalar da, bu haqda danışmayıblar. Şayiələr gəzib. Yalnız ötən əsrin sonunda açıqlanıb o qızın adı. Bu, Arifə Məmmədxanlı idi - yazıçı Ənvər Məmmədxanlının bacısı... Ölüm ayağında özü etiraf edib bunu o zaman jurnalist kimi çalışan R. Hüseynova. Bundan bir neçə il qabaqsa bacısı Həbibə xanıma açıbmış sirrini. Söhbət 1994-cü ildə lentə alınıb - xərçəng xəstəliyi tapan Arifə xanımın həyatının qürubunda:

“ - 36-nın yayından danışın, Arifə xanım.

- Eh, ay Rafael, nə deyim, yaxşı günümüz onda getdi. Ən yaxşı yayımız onunla bitdi. Yazıq Müşfiq o sehrli gecələrin bəzəyiydi. Romantik idi. Adi adamlar, hətta o biri şairlər kimi də deyildi. Nəsə tamam başqa cür idi o. Çox şən oğlan idi yazıq. Sizlər onu görmədiniz.

- Onun sizə münasibətindən danışın bir az.

- Yox, mənə qarşı heç münasibəti yox idi, bir elə o şeiri yazmışdı. Bir də ki, günü elə bizdə keçirdi. Çox qəşəng həyətimiz vardı, voleybol toru da qurulmuşdu, hamı bizim həyətə yığılardı. Əhməd Cavadın uşaqları Aydın, Tokay hər gün gəlirdilər oynamağa. Müşfiq anama “ana” deyirdi, anam da qayıdırdı ki, nolar, a bala, çağır, sən də mənim oğlum. Müşfiq deyirdi ki, heç nə istəmirəm, bir balaca komam olaydı sizin həyətdə, gecə-gündüz burada qalaydım. Anam soruşurdu ki, niyə, ay Müşfiq? Deyirdi, nə bilim, bu həyətdən xoşum gəlir. Bilirsən, bizim həyətin qumu, bakılıların sözü olmasın, mirvari kimiydi. Tozlu qum yox e, təmiz sarı qum idi...

- Mən o qumu da başa düşürəm, voleybol torunu da, həyətinizin gözəlliyini də. Amma Müşfiq bunu doğurdan həyətə görə deyirdi, yoxsa sizə görə?

- Vallah, bilmirəm nəyə görə deyirdi, bir o deyildi axı, hamı bizim həyətə yığılırdı.

- Bəs axı kişi o boyda poema yazıb sizə.

- Yox e, vallah, heç nə hiss eləmirdim. Onu da mənə sonra verdi. Bağa gələn kimi oturub başlardı şeir oxumağa, biz də uşaq idik, ağzımızı açıb qulaq asardıq. Mən Müşfiqi Rəsul kimi, Ənvər kimi bilirdim, onların dostu sayırdım. Ürəyimdə ona ayrı bir hiss yox idi. Nə idi e, 16-17 yaşım vardı. O nə bilim neçə yaşındaydı – 27 idi, neçəydi. Cavan oğlan idi...

…Elə olurdu gecə saat 10-da durub dənizə gedirdik. Bağımız dənizə lap yaxın idi. Bir dəfə də Məryəm xalam – Rəsulun anası – gəldi hirsləndi üstümüzə. Anam yox, xalam yaman ötkəm arvad idi. Amma dənizsiz qala bilmirdik, gündüzlər iki dəfə gedirdik suya baş vurmağa. Bir səhər, bir də axşamüstü. Hava qaralanda qayıdırdıq. Özü də yarışırdıq ki, kim çox qaralar. Nigar idi, Nigarın dostları idi, biz bacılar idik. Gedirdik ilıq dənizə atılıb sərinləyəndən sonra uzanardıq qumun üstünə, başlardıq özümüzü qaraltmağa... Axırıncı yayımız elə keçdi. Onacan Müşfiqin adını eşitmişdim. O yay yaxından tanış olduq. Sonra hərdən Bakıda evimizə də gəlməyə başladı.

- Bəs şeiri necə oldu verdi sizə?

- Bir gün mən dərsdən qayıdanda Sabir bağının yanında onunla üz-üzə gəldim. Dedi: “Ba, nə xoş təsadüf. Yaxşı oldu görüşdük. Məndə sənə çatası bir şey var. O şeiri verəcəm sənə”. Bükmüşdü, bir dəftər kağızı idi. Verdi, mən də alıb qoydum çantama. Sonra açıb baxanda gördüm yuxarısında yazıb: “Arifəyə. Yenə o bağ olaydı”. Ürəyimdə dedim, görən, bizim bağı yazıb? Oxuyub gördüm ki, bağda nə olubsa, hamısı bu şeirdədir. Uzun müddət qaldı məndə o şeir. Sonra bağışla məni, ərə gedəndə, bir-iki dənə oğlan məktubu-filan vardı, cırdım onların hamısını. Çünki bilirdim İbrahimin xasiyyəti tünddür. Nə qədər zarafatı vardısa da, bir o qədər də qısqanc adam idi. Özü də mənə e...

- Bəs Müşfiq o şeiri sizə verəndən sonra soruşmadı ki, oxudun-oxumadın?

- Yox, soruşmadı. Amma tez-tez rastlaşırdıq. Mən dərsdən adətən, saat ikinin yarısında çıxırdım. Bu da həmişə Kommunist küçəsi ilə qoltuğunda da papka üzüyuxarı gəlirdi, qabaq-qabağa çıxırdıq. Mən biofakda oxuyurdum, o vaxt da universitet indiki Əlyazmalar İnstitutunun yanında idi. Universitetdən çıxıb Sabir bağı tərəfə enirdim, Akademiya binası ilə bağın arasındakı pilləkandan qalxırdım İşərişəhərə - evimizə. İki addımlıq yol idi. Həmişə də Müşfiqlə eyni vaxtda, eyni yerdə - dərsdən qayıdanda bağın tuşunda rastlaşırdıq. Deyirdi: “Bəxtə bax e, mən “Azərnəşr”dən işdən gəlirəm, sən dərsdən çıxırsan”. Tutulmamışdan qabaq da evimizə gəlmişdi. Gəldi, oturdu, çay içdi, anamla danışdı. Heç bir ay keçməmiş eşitdik ki, Müşfiqi tutublar.

- Hər halda barı sonra ağlınıza gəldimi ki, dərsdən çıxanda Müşfiq sizə təsadüfən rast gəlmirmiş?

- Hə, elə sonra ağlıma gəldi ki, bu, qəsdən belə edir. Bilirdi ki, ikinin yarısı dərsdən çıxıram.

- Onda Dilbər var idi də. Mən bilən hətta 35-də bir uşaqları olub, ölübmüş də.

- Hə, evliydi, bağda olanda da evliydi. Arvadı doğrudan da qəşəng idi, amma seyrək gəlirdi bağa. Elə həmişə Rəsul deyirdi, ay Müşfiq, Dilbəri də gətir. Qayıdırdı ki, əşi, onun əlində o qədər iş var ki...”

Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla, ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq, ruhun ehtiyacından,
Qardaşından, bacından.
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə də bir vuraydı qəlbimiz gizli-gizli,
Sən, ey əsmər bənizli!

# 1396 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #