"Qarğaəkən qoz ağacının və qoca qara qarğanın nağılı" - “Nağıllar” silsiləsindən

"Qarğaəkən qoz ağacının və qoca qara qarğanın nağılı" - “Nağıllar” silsiləsindən
12 noyabr 2013
# 12:38

ELÇİN

Qoca Qara Qarğa həyatda o qədər yaşamışdı ki, hər şey onun üçün adiləşmişdi, günəşin sübh tezdən qızarmağa başlamış üfüqdən çıxması da, uzaqdan görünən dağların başındakı qarın günəş şüaları altındakı par-par parıltısı da, o dağların döşündəki meşələrin yaşılı da, uzaqdakı – düzdü, Qoca Qara Qarğanın qanadlarının sümüyü ağrıyırdı, amma o qart qanadlar hələ güclü idi və bu uzaqlıq onun üçün elə də bir məsafə deyildi – o dəniz sularının gömgöy göylüyü də – hər şey, bu dünyada hər şey Qoca Qara Qarğa üçün adiləşmişdi.

120 illik ömründə Qoca Qara Qarğanın payına düşən həmişəlik bir şey vardısa, o da tənhalıq idi və həmin tənhalığın özü də Qoca Qara Qarğa üçün həyatının tamam adi bir hissəsinə çevrilmişdi. O, bu tənhalığa öyrəşmişdi və onun bütün romantik xəyalları artıq səsçatmaz, ünyetməz bir uzaqlıqda qalmışdı.

Qoca Qara Qarğanın dostu yox idi, təsadüfi tanışlarla rastlaşanda, sadəcə qarıldayıb salamlaşırdı, vəssalam, – heç qanad saxlayıb, hal-əhval da tutmurdu, çünki hansı qarğanınsa halının və əhvalının necə olması artıq Qoca Qara Qarğa üçün qətiyyən maraqlı deyildi.

Hərdən uca bir ağacın başına, ya uçub şəhərə gəldiyi vaxtlarda hündür bir binanın damına qonanda, Qoca Qara Qarğa orda-burda başqa qara qarğalar görürdü və fikirləşirdi ki, bəlkə bu qarğalar elə onun nəslindəndir, vaxtı ilə – o gözəl yaz çağlarında, hər il martın sonlarından tutmuş, mayın ortalarına qədər – onun yumurtalarından çıxmış qarğaların törəmələridir?

Ancaq bu cür fikirlərin özündə də Qoca Qara Qarğa üçün maraqlı, ya kədərli heç bir şey yox idi, çünki Qoca Qara Qarğa yaxşı bilirdi ki, həyatın öz qanunları var və yer üzündəki heç bir varlıq bu qanunlardan kənarda deyil.

Həyatın bu qanunları mütləq idi və Qoca Qara Qarğa o mütləqliklə çoxdan barışmışdı.

lll

Qoca Qara Qarğanın bu qədər çox yaşamağının sirri nədə idi? – onun özü də bu işə məəttəl qalmışdı. Bütün yaxınları, əzizləri bu dünyadakı həyatlarını çoxdan başa vurmuşdular, o isə elə hey yaşayırdı.

Həyat Qara Qarğa üçün tamam maraqsız, hətta mənasız idi, amma o, hələ də həyatda idi.

Bu dəfə də caynağına aldığı qozla göydə fırlanaraq, aşağıda daşlı-qayalı bir yer axtara-axtara Qoca Qara Qarğa bu barədə fikirləşdi və gülümsədi, elə bil, o cür gülümsəməyi ilə Qoca Qara Qarğa özü öz həyatına, əslində, bütün dünyaya istehza edirdi.

Nəhayət aşağıda daşlıq bir yer göründü.

Məsələ burasında idi ki, indi baş verəcək bu hadisə zamanı yay təzəcə qurtarmışdı, payız təzəcə girmişdi, qoz ağaclarının da bəhrələri bir-bir yerə düşüb qabıqdan çıxırdı və Qoca Qara Qarğa da ətrafdakı qoz ağaclarının yerini yaxşı bilirdi, hər il payızın təzəcə gəldiyi vaxtlarda yalnız bu qoz bəhrələri ilə, elə bil, Qoca Qara Qarğanın həyatına nəsə yüngül bir təbəssüm qonurdu. Gənclik çağları, elə bil, uzun illərin üst-üstə yığdığı qatların altından güclə çıxaraq, bir duman içində olsa da, Qoca Qara Qarğanın fikrində canlanırdı, hansı bir həvəslə, hansı bir səbirsizliklə o qozların yerə düşüb qabıqdan çıxmağını gözləməyi yadına düşürdü, hansı bir sevinc və ləzətlə təzə qoz ləpələrini yeməyini xatırlayırdı. O da, əjdadlarından gələn bir fəhm ilə ağacın dibinə qonurdu, yerə düşmüş qozlardan birini caynağına alıb, göyə qalxırdı, daşlıq bir yer tapanda aşağı baş vuraraq caynağındakı qozu zərblə daşa çırpırdı, qoz sınırdı, o da yerə qonub qoz ləpələrini ləzətlə yeyirdi.

İndi o qoz sevincindən və o ləzzət hissindən heç nə qalmamışdı və o səbirsizlik də yox olub getmişdi, çünki Qoca Qara Qarğa bilirdi ki, tələsməyin mənası yoxdur, il dolanacaq, vaxt gələcək, o zaman da qoz yetişəcək. Min il bundan əvvəl də belə olmuşdu, min il bundan sonra da belə olacaqdı və buna görə də Qoca Qara Qarğanın gündəlik həyatına qonan o təbəssüm də fikrindəki həmin duman içində tez də sovrulub gedirdi.

lll

Qoca Qara Qarğa aşağı endi, caynağındakı qozu həmişəki kimi zərblə iri qaya parçasına çırpdı və yerə qondu ki, qozun ləpəsini yesin, ancaq bu dəfə qoz sınmadı, qaya parçasının üstündən diyirlənib torpağa düşdü.

Əvvəllər də bəzən belə olurdu, qoz qalınqabıq çıxırdı və Qoca Qara Qarğa onu təzədən daşa çırpırdı. Bu dəfə də Qoca Qara Qarğa torpağın üstünə diyirlənmiş qozu caynağına aldı, havaya qalxaraq, göydə bir dəfə fırlanıb, aşağı endi və zərblə həmin qaya parçasına çırpdı, ancaq elə havadaca gördü ki, qoz yenə sınmadı, qaya parçasına dəydi, sonra da torpağın üstünə diyirləndi.

Bu nə idi, 120 yaşın əfəlliyi idi?

Qoca Qara Qarğa çoxdan idi heç nəyə hirslənmirdi, ancaq bu dəfə hirs və qərəzlə o qozu caynağına alıb havaya qalxdı, eləcə bir hirs və hikkə ilə göydə üç-dörd dəfə fırlanıb, sürətlə aşağı baş vurdu və var gücü ilə sağ caynağında tutduğu qozu qaya parçasına çırpdı.

Qoz qaya parçasına dəydi, sonra heç nə olmamış kimi yenə də diyirlənib torpağa düşdü və bu dəfəki zərbin gücü ilə torpağın üstündə bir az diyirlənib, iki yanaşı qaya parçasının arasına girdi.

Qoca Qara Qarğa iki ayağı üstə hoppana-hoppana o qaya parçasının ətrafında bir az ora-bura vurnuxdu, qaya parçalarının arasına girmiş qoza tərəf baxdı, əvvəlcə istədi dürtülüb o qozu yenə caynağına alsın, ancaq daha buna həvəs qalmamışdı, əslində, heç gücü də qalmamışdı və Qoca Qara Qarğa qanadlarını geniş açıb, sümükləri ağrıyan sinəsini irəli verərək gərnəşmək istədi, amma deyəsən, buna da taqəti qalmamışdı, eləcə iki ayağı üstə hoppana-hoppana o yerdən uzaqlaşdı.

lll

Həmin payız fəsli başa çatdı, qış da gəlib keçdi və yenə gözəl bir yaz gəldi, torpaq oyandı, ağaclar çiçəklədi, göydən baxanda bir tərəfdə torpağın üzü gül-çiçək sarısıydısa, o biri tərəfdə qırmızıya keçirdi, qırmızıdan otun, ələfin yaşılına keçirdi, amma Qoca Qara Qarğa üçün bütün bunlarda heç bir qeyri-adilik yox idi, yüz il bundan əvvəl necə idisə, indi də elə idi və qeyri-adilik olmadığına görə də göydən görünən o rənglər sevincinin onun üçün heç bir əhəmiyyəti yox idi.

Ancaq o yaz günlərinin birində qəribə bir hadisə baş verdi: birdən-birə, tamamilə gözlənilmədən ötən payız üç dəfə daşa çırpılb sınmayan o qalınqabıq qoz Qoca Qara Qarğanın yadına düşdü.

Qoca Qara Qarğanın 121 illik həyatında minlərlə, bəlkə də lap on minlərlə əhvalatlar, vaqeələr olmuşdu ki, bundan da qat-qat atıq dərəcədə yada düşməyə, xatırlanmağa layiq idi, amma niyə birdən-birə məhz o qalınqabıq qoz Qoca Qara Qarğanın yadına düşdü? – bu da dünyanın qəribə işlərindən biri, bir sirri-xuda idi.

Qoca Qara Qarğa qanadlarını açıb havaya qalxdı və sövq-təbiisi onu o qoşa qaya parçası olan yerə gətirdi.

lll

Qoca Qara Qarğa yerə endi, iki ayağı üstündə hoppana-hoppana düz o qaya parçalarının yanına gəldi və iri qara gözlərini həmin iki qaya parçasının arasına zillədi.

Qaya parçalarının arasındakı nazik torpaq zolağından yamyaşıl bir pöhrə baş qaldırmışdı və bu pöhrənin qoz pöhrəsi olduğunu da Qoca Qara Qarğa elə həmin anda başa düşdü. Qoca Qara Qarğa orasını da başa düşdü ki, bu pöhrə həmin qalınqabıq qozun pöhrəsidir və onun içindən gözlənilməz, qəfil bir duyğu ötüb keçdi, ən əsası isə bu idi ki, Qoca Qara Qarğa o duyğunu hiss edən kimi də tanıdı: uzun-uzun illər bundan əvvəl onun balaları yumurtalarını deşib, elə o yumurtaların da içindən ilk dəfə başlarını dikəldib heyrətlə dünyaya baxanda, cavan Qara Qara Qarğa o cür duyğu keçirərdi və o zamanlar o duyğu cavan Qoca Qara Qarğanın bütün varlığını dərin bir fərəhə, sevincə bürüyərdi.

Qoca Qara Qarğa çoxdan unutduğu o duyğunu tanıdı, qanadlarını geniş açıb, bir müddət eləcə dayandı, elə bil, o duyğunu özündən kənar buraxmaq istəmirdi, amma onun sümükləri ağrıyan bədəni o duyğunu özündə çox saxlaya bilmədi və Qoca Qara Qarğa qanadlarını yığıb, iki ayağı üstə hoppana-hoppana o pöhrənin ətrafında dövrə vurdu.

lll

Qarğaəkən Qoz Pöhrəsi də həmin anlar Qoca Qara Qarğaya baxırdı və bu Pöhrə birinci dəfə qabağında bu boyda quş görürdü. Ən qəribəsi isə bu idi ki, dünyaya yenicə göz açmış bu Pöhrə az qala hər səsdən, hər hərəkətdən səksənib qorxurdu, amma qarşısında dayanmış bu böyük və eybəcər quşu görəndə qorxmadı.

Pöhrə artıq göydə uçan quşları görmüşdü, artıq başa düşmüşdü ki, biri ömrü boyu dünyaya gəldiyi yerdə dayanır, o biri uçur, başqası gəzir, bir başqası sürünür, amma ilk dəfə idi ki, belə böyük bir quş iki ayağı üstə hoppana-hoppana onun ətrafında dövrə vururdu.

Qoca Qara Qarğa qart səsi ilə qarıldamağa başladı və Pöhrə başa düşdü ki, Qoca Qara Qarğa nəsə deyir, ancaq nə deyir? – bunu bilmədi, çünkü qarğaları dilini bilmirdi.

Pöhrə özü də Qoca Qara Qarğaya nəsə demək istəyirdi, ondan nəsə soruşmaq istəyirdi, ancaq heç nə demədi və təkcə ona görə yox ki, qarğaların dilini bilmirdi və ümumiyyətlə, hələ heç danışa bilmirdi, əsas ona görə ki, Pöhrənin bütün zərif varlığını elə mehriban, doğma bir həyəcan bürümüşdü ki, səsini çıxara bilmirdi.

lll

O gözəl yaz günləri bir-bir keçirdi və Qoca Qara Qarğa harda olursa olsun, hər gün uçub gəlib Pöhrənin yanında yerə qonurdu – bu qoşa qayalıq sahə onun üçün doğma bir yer olmuşdu.

Qoca Qara Qarğa hoppana-hoppana Pöhrənin ətrafını gəzirdi, hərdən də qaya parçasının üstünə çöməlib Pöhrəyə baxa-baxa fikrə gedirdi. Bu dünyada onun günahı çox idi, çox quşları yuvasız qoymuşdu, çox yumurtalar deşib yemişdi və vaxtıyla o yumurtalara dəyməsəydi, kim bilir, indi yer üzündə neçə minlərlə cürbəcür quşlar uçuşurdu: çöl ördəkləri, göyərçinlər, turaclar, qırqovullar...

Qoca Qara Qarğa həyatında ilk dəfə özünü baiskar hiss edirdi.

Qoca Qara Qarğa filosof deyildi və 121 illik ömrü boyu heç vəchlə belə şeylər barədə fikirləşməzdi, amma bu yaz ki, Pöhrə dünyaya gəldi və bu yerlər Qoca Qara Qarğanın doğma məskəninə çevrildi, elə bil, bu fikirlər də o Pöhrə kimi yenicə dünyaya gəldi.

Qəribə bir vəziyyət əmələ gəlmişdi: günlər keçdikcə Qoca Qara Qarğa Pöhrədən uzaq olduğu yerlərdə özünü daha artıq baiskar hiss etməyə başlamışdı. Günahlarını o ilk dəfə burada düşünmüşdü, baiskarlığını o ilk dəfə burada fikirləşmişdi, amma günlər keçdikdən sonra ancaq bura uçub gələndə o öünü nisbətən rahat hiss edirdi, elə bil, burada Pöhrəyə baxa-baxa günahlarını bir-bir yadına saldıqca, o günahların yükü də bir-bir onun ağrıyan canından çıxırdı, elə bil, bu qoşa qaya parçaları, bu torpaq onun etiraflarını qəbul edirdi və Qoca Qara Qarğanın da 121 illik ömrünün günahları onun varlığından ayrılıb bu yerlərə hopurdu.

lll

Qarğaəkən Qoz Pöhrəsi gözgörəti böyüyürdü.

Dünyada minlərlə pöhrənin böyüyüb böyük ağac olmağını görmüş Qoca Qara Qarğa hər dəfə uçub Pöhrənin yanına gələndə, onun boyunun bir az da artığını görürdü və elə bil, 121 illik ömründə birinci dəfə görürmüş kimi, bu işə məəttəl qalırdı.

Elə o zamanlar da Qoca Qara Qarğa ilk dəfə təəssüf etdi ki, bu dünyaya insan kimi deyil, qarğa kimi gəlib; ona görə təəssüf etdi ki, quraqlıq çağlarında, Pöhrənin yarpaqları susuzluqdan yananda insan kimi onun dibinə su tökə bilmir; torpaq bərkiyəndə insan kimi onun dibini belləyib yumşalda bilmir; insan kimi dərman səpələyib, gövdəsini əhəngləyib onu xəstəliklərdən qoruya bilmir.

Ancaq quraqlığa da baxmayaraq, dibinin bellənməməsinə, xəstəliklərə də baxmayaraq Qarğaəkən Pöhrə gözgörəti böyüyürdü və hər dəfə sübh tezdən yuxudan oyanan kimi yarpaqlarının baxışları ilə Qoca Qara Qarğanı axtarırdı, get-gedə boy atdıqca daha uzaqlara baxa bilirdi və elə ki, göydə ona tərəf uçan Qoca Qara Qarğanı görürdü, onun zərif gövdəsinə bir arxayınçılıq çökürdü.

lll

O yaz da sona çatdı, payız gəldi, ağaclar yarpaqlarını tökməyə başladı, Qarğaəkən Pöhrənin də yarpaqları töküldü, qış girdi və Pöhrə zərif budaqlı nazik bir çubuq kimi qış yuxusuna getdi.

Qoca Qara Qarğa payızda da, qışda da harda olursa, olsun, yazdakı kimi hər gün uçub gəlirdi, iki ayağı üstə hoppana-hoppana o tərəf-bu tərəfi gəzirdi, diqqətlə ora-bura baxırdı, tamam arxayın olurdu ki, buralara dovşan gəlmir, mal-qara qalxmır, hər şey öz qaydasındadır.

Qış yuxusuna getmiş Pöhrə də Qoca Qara Qarğanı tez-tez yuxuda görürdü və elə yuxuda da fikirləşirdi ki, bu yuxudu, yoxsa gerçəkdi?

lll

Beləcə, bir neçə il keçdi və günlərin bir günündə Qoca Qara Qarğa Pöhrənin yanına uçub gələndə ilk dəfə yerə yox, onun budağına qondu.

O Pöhrə böyüyüb Qarğaəkən Qoz Ağacı olmuşdu.

Qarğaəkən Qoz Ağacı o tərəflərdə yeganə ağac idi.

Və Qarğaəkən Qoz Ağacı öz budağında Qoca Qara Qarğanın caynaqlarından gələn elə bir hərarət hiss etdi ki, bu hərarəti heç nə ilə, hətta günəş şüalarından gələn hərarətlə belə müqayisə etmək mümkün deyildi.

Qarğaəkən Qoz Ağacının bütün varlığından bir nida qopdu, ancaq Qoca Qara Qarğa, aydın məsələdir, bu nidanı eşitmədi, çünki Qarğaəkən Qoz Ağacının da səsini etşitmək üçün gərək ağac olaydın.

lll

Quşlar qoz ağaclarını xoşlamırdılar.

Ancaq bəzən qara qarğalar bir yerə yığılıb dəstə ilə uçanda, xüsusən yaz aylarında Qarğaəkən Qoz Ağacının budaqlarına qonurdu və həmin anlarda bu tərəfə uçan Qoca Qara Qarğa hələ göydə ikən onları görürdü və fikrindən keçirdi ki, görəsən, bu qarğaların arasında onun törəmələri var?..

Ancaq nə olsun, o qarğaların nə Qoca Qara Qarğadan, nə də Qarğaəkən Qoz Ağacının doğmalığından xəbərləri var idi.

Onlar sadəcə olaraq adi bir qoz ağacının budaqlarına qonurdular, sonra da uçub gedirdilər.

lll

Bir gün Qarğaəkən Qoz Ağacı həmişəki kimi sübh tezdən yuxudan oyandı və bütün gövdəsi, budaqları, yarpaqları ilə dərin bir nəfəs alıb, ətrafa baxdı.

O yay gecəsi birdən-birə gözəl bir yağış yağıb, səhər kəsmişdi və Qarğaəkən Qoz Ağacının o dərin nəfəsi ilə birlikdə bütün gövdəsinə, budaqlarına, yarpaqlarına gözəl də bir səhər təmizliyi doldu, amma o səhər təmizliyinin içində nəsə bir nigarançılıq da var idi.

Nə üçün?

Hər şey ki, əvvəlki kimi idi.

Bir azdan Qoca Qara Qarğa da uçub gələcəkdi, Qarğaəkən Qoz Ağacının budaqlarından budaqlarına qonacaqdı, hoppana-hoppana o budaqları həmişəki kimi, 125 illk bir ömür boyu qartıb yoğunlamış dimdiyi ilə xırda qurdlardan, qarışqalardan, cücülərdən təmizləyəcəkdi.

Ancaq o gün Qoca Qara Qarğa uçub gəlmədi.

Qarğaəkən Qoz Ağacı get-gedə artan bir nigarançılıq içində o gecəni yatmadı, Qoca Qara Qarğanın yolunu gözlədi, amma Qoca Qara Qarğa gəlmədi.

Qoca Qara Qarğa sabah da gəlmədi.

Qarğaəkən Qoz Ağacı bir də heç vaxt o Qoca Qara Qarğanı görmədi.

lll

Qara qarğalar yenə də dəstə ilə bu tərəflərdən keçdiyi vaxtlar hərdən Qarğaəkən Qoz Ağacının budaqlarına qonurdular, ancaq onların caynaqlarında heç bir doğmalıq, heç bir hərarət yox idi.

Qarğaəkən Qoz Ağacı gecələr Qoca Qara Qarğanı yuxuda görürdü, hər səhər açılanda isə sübh tezdən yuxudan oyanan kimi göyə baxırdı, göydə uçan quşların arasında sövq-təbii olaraq Qoca Qara Qarğanı axtarırdı və bütün günü də Qoca Qara Qarğanı gözləyirdi.

Qarğaəkən Qoz Ağacı bilirdi ki, bundan sonra Qoca Qara Qarğanı ancaq yuxularında görəcək – bunu başa düşmüşdü, amma bununla heç cürə barışa bilmirdi və Allahın hər verən günü Qoca Qara Qarğanı gözləyirdi.

Heç bir quş Qarğaəkən Qoz Ağacında yuva qurmurdu, cücələrini onun budaqlarında böyütmürdü.

İllər keçirdi, Qarğaəkən Qoz Ağacı o yerlərdə, eləcə, tək ağac idi və həmişəki tənhalığı içində də yaşayırdı.

Qarğaəkən Qoz Ağacının həyatında yalnız bir dəyişiklik var idi: daha o heç kimi gözləmirdi, çünki onun üçün də bu dünyada hər şey adiləşmişdi, günlər bir-birinin eyni idi, həmişəki kimi yaz qurtarırdı, yayın istiləri başlayırdı, sonra yay bitir, payız gəlirdi, sonra isə qış və yenə də yaz.

İllər beləcə keçirdi.

28 may 2011.

Bakı.

# 3846 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #