Mübariz Örən yaradıcılığındakı erotizm qüsuru TƏNQİD

<b>Mübariz Örən yaradıcılığındakı erotizm qüsuru </b>– <span style="color:red;">TƏNQİD
23 aprel 2018
# 15:30

Kulis.az Samirə Əşrəfin “Bizi ora aparmadılar...” essesini təqdim edir.

Ədəbiyyatın ən mühüm özəlliklərindən biri də onun gözlənilməzliyidir. Bəzən gözləmədiyin anda elə bir kitabla, mətnlə rastlaşırsan ki, özün öz xəbərsizliyindən utanıb kənara çəkilir, səsini içinə atmalı olursan. Asta-asta, gözə görünmədən, hətta gizlincə səni sevincə qərq edən, içini işıqlandıran yazının sahibini tapmağa, onu tanımağa can atırsan.

Yazıçı Mübariz Örən də oxucuların böyük əksəriyyətinin aşkar, ya gizlində tapıb, tanımaq istədiyi imza sahibi olmağı çox qısa zamanda bacardı.

Mübarizin çağdaş ədəbiyyata gəlişi həm də elə bir məqamda baş verdi ki, biz papağımızı qarşımıza qoyub son dövr yazıçılarımızın adlarını barmaqlarımızla sanamağa və bu sanamada heç olmasa bir əlimizin çeçələ barmağına çatmağa çalışırdıq.

Onun əsərləri ilə ilk tanışlığım “Ağ Buludlar” povesti ilə başladı. Oxuduqca yazacağım yazının sözləri nasirin öz təbirincə desək sapa düzlən mirvari tək ard-arda düzüldülər. Daha sonra hekayələrinə üz tutdum.

Mübariz xaraktercə susqun, biz tərəflərin dili ilə desək bir az ağırtaxtalı adamdır. Onu yüngülvari müşahidə etmək bəs edir hər işə baş qoşmadığını, hər deyilən sözə ayaq saxlamadığını görsün. Onun şəxsindəki bu ağayanalıq mətnlərindən yan keçmir. Hekayələrindəki qəhrəmanların xarakteri də yazıçının öz xasiyyəti ilə səsləşir. Bu səbəbdən onlar koloritli, yığcam və sanballıdırlar.

Mübariz Örənin hekayələri çox sadə, bəsit əyalət, məişət əhvalatları ilə başlayır. Bir az Əkrəm Əylisli, bir az Mövlud Süleymanlı havası, ətri olan hekayələrdə qəfildən ab-hava dəyişir, ortalığa faciəvi insan mənzərələri çıxır. “Balıq gülüşü” kitabındakı hər bir hekayənin mayasında bəşəri kədər, ağrı, bədbəxtlik vardır.

Bəlkə də həmin kədərin, bədbəxtliyin ağırlığındandır ki, müəllif hekayələrindəki qırmızı donlu Qətibənin, Rüstəm kişinin oğlu Eldarın, Ağəlinin obrazlarını yaradarkən onların talelərinə bəxş etdiyi bədbəxtliklərə dözə bilmir, hərdən qələmi sürüşür, qəhrəmanlar arasındakı dialoqlarda boşluq, dəxilsizlik baş qaldırır.

“Ağ yel” hekayəsində ölümcül xəstəliyə tutulan ata son dəfə internatdakı oğluna baş çəkməyə gəlir. O gedəndən sonra oğul atasının tezliklə bu dünya ilə üzülüşəcəyini duyur, onun belinin nazildiyini artıq şalvar saxlamadığını görüb göz yaşı axıdır. Oğlana təsəlli olmaq istəyən dostu isə “ağlama dur”, “gəl gedək” kimi sadə sözlərlə onu ovundurmağa çalışır. Bu kimi adi müraciətlər hekayənin süjetindəki ağırlıqla uyuşmur, baş verən faciənin dramatikliyinə kölgə salır.

Və yaxud da elə həmin hekayətdən “ən cənnət yerlərimizi onlar tutublar (ermənilər S.Ə.)”, “Skayp” hekayəsində “oğul istəyirəm, tüpürə qələminə, otura yaza”, yenə həmin hekayədən “belə məlum olurdu ki,” kimi klişe ifadələr boy verib özlərini göstərirlər. Lakin, müəllifin mətnləri bir-birinə bənzəməyən, anidən adama iç çəkdirən cümlələrdən də xali deyildir. “İlıq” hekayəsindəki qırmızı donlu Qətibənin kənd təbiətində təsviri valehedicidir. “Boz, cansız mart təbiətinin fonunda bir damla qan kimi peyda oldu Qətibə!” Və yaxud da “Ağ yel” hekayəsində “yalın arxasından çıxan qoyun-quzu sapdan dağılan mirvaritək yamaca səpələndi”, “Skayp”dakı “Üzləri tüklü, başlarında qara, dimdikli papaq... Sərçə simə düzülüb elə bil. Adama qaşlarının ucuyla baxırlar”, “Balıq gülüşü”ndə “danqıltıya sığırçınlar qopdu tutun başından. Səslərini də götürüb getdilər” kimi heyranedici metaforalar yazıçının dəqiq, amansız müşahidələrindən, ədəbi duyumundan xəbər verir. Və məhz bu cür incə duyumla cilalanmış cümlələrin müəllifinə yuxarıda qeyd etdiyimiz bəsitliklər, klişelər bağışlanmazdır.

Diqqətli oxucu yəqin ki, nasirin mətnlərindəki bir məqamdan da hali olmamış deyildir. Mübariz Örən yazıçı kimi cəmiyyətdəki tabulara toxumağı, onları silkələməyi xoşlayır. İnsan azadlığına mane olan həmin tabular yazıçını məcbur edir ki, “Qar tanrısı”ndakı Yesaranı Yexiyaya qoşub otuz illik yer altına yollasın. “İlıq” hekayəsinin xədim Ağəli camaatın qınağına tuş gəlməmək üçün məcburdur ki, beş aydan bir sütül bir gəlinin qanadından tutub özünə arvad gətirsin. Ancaq həmin gəlinlər Ağaəliyə yox, Kar Sahibə “ərə” gəlirlər. Bu qədər qəddar amansız insan taleləri isə kitabdangəlmə deyil.

Mətnlərindəki qaba erotizm də Mübariz Örənin üslubundakı digər qüsurlardan biridir. “Qar tanrısı”, “Balıq gülüşü”, “Ağ yel” hekayələrində, elə “Ağ buludlar” povestinin özündə peşəkar oxucu həmin qabalıqdan ürküb diksinir. “Ağ buludlar” povestində bu xəttin olması insest mövzusu baxımından qanunauyğunluq kimi qəbul oluna bilər. Çünki “Ağ buludlar” povestində qəhrəman üçün baş verən hər şey tale və alın yazısıdır. Əsərin qəhrəmanı öz taleyinə nəzarət edə bilmir. O, bu nəzarəti çoxdan itirib.

Daha incə məqam isə Mübarizin hekayələrdəki qəhrəmanların hamısının eyni ləhcədə söhbət etməsi ilə bağlıdır. Sanki, müəllifin nəql məkanlarında onun bildiyi ləhcədən özgəsi yoxdur.

Nənələr, babalar, bibilər, qartımış qızlar, Rusiyanın çöllərində ömrü yelə vermiş kişilər elə bil həmin ləhcədən, danışıq üsulundan başqasını bilmir, tanımırlar. Obrazlar sanki ucqar dağ kəndindəki bir evə yığışıb müxtəlif mövzularda söhbətlər edirlər. Müəllif isə kənardan onları izləyir. Sonra həmin adamları dialoq qarışıq iki bir, üç bir hekayələrinin içərisinə gətirir. Həmin kəndin, evin atmosferi, otağın istisi, adamların ləhcəsi onlarla birgə hekayələrə də sirayət edir. Nəticə də isə təkrarçılıq yaranır ki, bu təkrarçılıq müəllifi uzunçuluğa sövq edir.

Bundan başqa əhvalatlardakı situasiyalar qəflətən öz məcrasını dəyişir. “Oğru” hekayəsində “babuşka” oturacaqda ölü tapılır, elə bu zaman inək də boğazındakı kəndirə dolaşaraq boğulub ölür. Oxucu bir anda şüuru müvazinətini itirərək çaşbaş qalır. Kimin ölümünə nə cür reaksiya verəcəyini müəyyənləşdirə bilmir. Axı indicə “babuşka” canını tapşırmışdı, inəyə nə oldu?! Və ümumiyyətlə “babuşka”nın ölümü inəyin ölümü niyə ard-arda baş verdi?

“Balıq gülüşü” kitabının sonunda yer almış “Ağ buludlar” povesti yazıçının vizit kartı hesab olunur. Bu povestin ilk işartıları “Kim məni ora aparacaq?” hekayəsində nəzərə çarpır. Hekayədəki qəhrəmanın qarlı-şaxtalı Radujni ilə yaz qoxulu kəndləri arasında vurnuxub qalması, seçim edə bilməməsi, nəhayət Radujnini bataqlıq adlandıran həmkəndlisi Qurbanın yanına pənah aparması və digər əhvalatlar “Ağ buludlar” povesti üçün sınanan ilk cəhdlərdir. İstər “Kim aparacaq məni ora?” hekayəsində, istərsə də “Ağ buludlar” povestində insanlar vaxtında bizi ora qoymadılar, aparmadılar deyib haray çəkir, için-için qovrulurlar. “N” qədər günahla o məkanlara, keçmişə qayıtmaq isə artıq gecdir.

Yazının əvvəlində ədəbiyyatın həm də gözlənilməzlik olduğunu, Mübariz Örənin də həmin gözlənilməzlikdən gəldiyini vurğulamışdım. Gözlənilməzlik isə hər zaman uğur vəd etmir. Amma biz bəxti gətirən oxucuyuq ki, Mübariz Örənin ədəbiyyatımıza gözlənilməz lakin, güclü gəlişi ədəbi prosesə yeni nəfəs və uğur bəxş etdi.

# 3862 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #