“Domye Smitin mavi mövsümü” – DOQQUZ HEKAYƏDƏN SƏKKİZİNCİSİ

“Domye Smitin mavi mövsümü” – <span style="color:red;">DOQQUZ HEKAYƏDƏN SƏKKİZİNCİSİ
12 aprel 2017
# 21:00

“Domye Smitin mavi mövsümü” – DOQQUZ HEKAYƏDƏN SƏKKİZİNCİSİ

Kulis.az Tehran Vəliyevin tərcüməsində məşhur Amerika yazıçısı Cerom David Selincerin “Doqquz hekayə” silsiləsindən səkkizinci hekayəsini - “Domye Smitin mavi mövsümü”nü təqdim edir.

Əgər bunun azacıq da olsa bir əhəmiyyəti varsa, – amma heç inanmıram olsun, – mən bu sıravi hekayəmi, xüsusilə də, işdir, şux və şıltaq bir şey alınarsa, mərhum atalığım, sağlığında çox şux və şıltaq bir adam olmuş Robert Ağacanyanın xatirəsinə həsr etmək istərdim. Bala Bobbi (hamımız, hətta mən də, onu bu cür çağırardıq) 1947-ci ildə qan damarlarının qapanması nəticəsində, heç nədən gileylənməsə də, amma, yəqin ki, çox təəssüflə bu həyatdan köçdü.

O çox dəlisov, son dərəcə cazibədar və əliaçıq bir adam idi. (İllər boyu və inadkar uşaq tərsliyi ilə bu təmtəraqlı epitetlərə çox xəsislik etdiyimə görə indi onun haqqını özünə qaytarmağı özümə borc hesab edirəm.)

Valideynlərim 1926-cı ilin qışında, mənim səkkiz yaşım olanda boşanmışdılar və həmin ilin yayında anam Bobbi Ağacanyana ərə getmişdi. Bir il sonra, Uoll-Striti maliyyə böhranı bürüyəndə Bobbi özünün və anamın bütün varidatını itirsə də, görünür, öz cadugərlik qüdrətini qoruyub saxlaya bilmişdi. Hər halda o, demək olar ki, bir gecənin içində özünü işsiz dəllaldan və müflisləşmiş bonvivandan (Əhlikef (fr.)) Amerika müstəqil şəkil qalereyaları və incəsənət muzeyləri cəmiyyətinin, çox təcrübəli olmasa da, çox zirək və fərasətli bir rəsm agentinə çevirdi. Bir neçə həftədən sonra 1930-cu ilin əvvəllərində bizim bu qəribə üçlüyümüz Nyu-Yorkdan Parisə köçdü: Bobbinin təzə peşəsi üçün burada daha geniş imkanlar vardı. On yaşında adam hər şeyə qarşı, biganə demək istəməzdim, tamam laqeyd olur, ona görə də bu yerdəyişmənin mənə heç bir əsaslı xətəri dəymədi. Bu cür yaşayış yerini dəyişməyin adamın əsəblərinə necə ağır zərbə vurduğunu mən yalnız doqquz il keçəndən, anam rəhmətə gedəndən üç həftə sonra yenidən Nyu-Yorka qayıdarkən hiss etdim. Özü də çox pis hiss etdim.

Bobbi ilə Nyu-Yorka qayıtdıqdan bir, yoxsa iki günmü sonra başıma gələn bir əhvalat yaxşı yadımda qalıb. Leksinqton avenyuda ağzınacan dolu bir avtobusa minmişdim. Arxamdakı oğlanla kürək-kürəyə dirənmiş halda, sürücünün oturduğu kreslonun üstü minalı dəstəyindən yapışıb birtəhər dayanmışdım. Sürücü dəqiqəbaşı arxaya çevrilib, qapının ağzında basabas salmış sərnişinlərə «Ortaya çəkilin!» deyirdi. Onu eşidib, ortaya keçənlər də oldu, keçməyənlər də. Nəhayət, sürücü işıqforun qırmızı işığının ona verdiyi fürsətdən istifadə edib, əsəbiləşmiş halda sərt geri çevrildi və tərs-tərs mənim üzümə baxdı, çünki onun lap arxasında mən dayanmışdım. Onda on doqquz yaşım vardı və başıma şlyapa-filan qoymazdım. Qara, hamar və o qədər də təmiz olmayan avropalısayaq kəkilim sızanaqlı alnıma tökülmüşdü. O, alçaq, hətta, sanki qorxacaq bir səslə mənə müraciət etdi: «Bura bax, qaqaş, – dedi, – bu andır yanbızını o yana çəksənə!» Məni hövsələdən çıxaran da, deyəsən, elə bu «qaqaş» deməyi oldu. Hətta ona tərəf əyilməyi, yəni söhbətimizi onun kimi, yalnız ikimizin eşidə biləcəyi tərzdə, necə deyərlər, «bon gout» (Mədəni surətdə (fr.)aparmağı belə özümə rəva bilmədən, fransızca ona başa saldım ki, mən ömrümdə onun kimi kobud, onun kimi qanmaz, onun kimi həyasız adama rast gəlməmişəm və ondan necə zəhləm getdiyini o heç ağlına da gətirə bilməz. Və yalnız bundan, yəni ürəyimi bu cür boşaldandan sonra avtobusun o biri başına keçdim.

Ancaq getdikcə bundan da betər hadisələrlə üzləşməli olurdum. Bir-iki həftə sonra olardı, bir gün Bobbi ilə birlikdə daimi yaşadığımız «Ritz» mehmanxanasından çıxarkən birdən mənə elə gəldi ki, Nyu-Yorkda nə qədər avtobus varsa, hamısının oturacaqlarını çıxarıb səkilərə düzdülər və bütün küçə «dəniz dalğalanır» oyununu oynamağa başladı. Bu oyunu oynamağa mən özüm də razı olardım, ancaq bir şərtlə: gərək Manhetten kilsəsi mənə belə bir təminat vermiş olaydı ki, mən o stulların birində öz yerimi tutanacan, qalan bütün iştirakçılar ehtiramla dayanıb məni gözləyəcəklər. Məlum olanda ki, heç kəs öz yerini mənə vermək istəmir, daha qəti tədbirlərə əl atdım. Başladım Allaha yalvarmağa ki, bu şəhərdən bütün adamları yox etsin, mənə xoş bir tənhalıq bəxş etsin, bəli, bəli t-ə-n-h-a-l-ı-q.

Nyu-York şəhərində bu, yeganə diləkdir ki, onu nə sandıqda gizlədir, nə də göylərin dəftərxanasında it-bata salırlar. Heç gözümü qırpmağa belə macal tapmamış, ətrafda mənə dəxli olan hər şeyin artıq necə ümidsiz bir tənhalıqla nəfəs aldığını gördüm. Hər gün səhər tezdən günortaya qədər qırx səkkizinci küçə ilə Leksinqton avenyunun kəsişdiyi tində yerləşən və hədsiz nifrətimi qazanmış bədaye məktəbində qəlbən deyil, cismən dərsdə olurdum. (Bobbi ilə birlikdə Parisi tərk etməzdən bir həftə qabaq Freyberq qalereyasında təşkil olunmuş gənc rəssamların milli sərgisində üç birinci mükafata layiq görülmüşdüm. Və biz Amerikaya qayıdarkən hər dəfə kayutumuzdakı böyük aynada özümə baxıb, El-Qrekoya necə də oxşadığıma özüm də məəttəl qalmışdım.) Həftədə üç dəfə nahardan sonra vaxtımın xeyli hissəsini diş həkiminin kreslosunda keçirirdim. Bir neçə ay ərzində səkkiz dişimi, özü də üç qabaq dişimi çıxartdılar. Həftənin o biri iki iş günündə isə dərsdən sonra axşamacan şəkil qalereyalarında (onların əksəriyyəti əlli yeddinci küçədə idi) veyillənir və orada Amerika rəssamlarını fitə basmaqdan özümü güclə saxlayırdım. Axşamlar adətən mütaliə edirdim. Harvardın nəşr etdiyi «Ədəbiyyat klassikləri»nin külliyatını almışdım (başlıcası da ona görə ki, Bobbi buna razı deyildi, deyirdi, bu qədər kitabı harada saxlayacağıq), hamının acığına bu əlli cildin əllisini də səhifəbəsəhifə oxuyub başa vurdum. Gecələr tərsliyimə salıb, molbertimi Bobbi ilə yaşadığımız otaqdakı iki çarpayının arasında qurur, yağlı boya ilə rəsm çəkirdim. Gündəliyimdəki 1939-cu ilə aid qeydlərə inanmaq mümkünsə, təkcə bir ayda on səkkiz tablo işləyib qurtarmışdım. Ən qəribəsi də budur ki, onların on yeddisi avtoportret idi. Çox nadir hallarda, güman ki, ilham pərimin şıltaqlıq etdiyi günlərdə, yağlı boyaları bir kənara qoyub, karikaturalar çəkirdim. Onlardan biri indiyəcən də durur. Həmin karikaturada nəhəng bir ağız və onun üstündə əlləşən diş həkimi təsvir olunub. O ağızdan dil əvəzinə yüz dollarlıq əsginas çıxır və həkim öz xəstəsinə qəmli-qəmli fransızca deyir: «Məncə, ağrıyan dişi saxlamaq da olar, amma bu dili hökmən çıxarmaq lazımdır!» Bu şəklə özüm də məftunam.

Bir otaq yoldaşı kimi, Bobbi ilə mənim aramdakı münasibət, təqribən, deyək ki, Harvard universitetinin son dərəcə tərbiyəli və üzüyola yuxarı kurs tələbəsi ilə son dərəcə murdar xasiyyətli kembricli qəzet satan oğlan uşağı arasındakı münasibət kimi bir şey idi. Və hətta bir neçə həftədən sonra bizə aydın olanda ki, hər ikimiz vəfat etmiş bir qadını eyni dərəcədə dərin məhəbbətlə sevirik, yenə də münasibətimiz yaxşılaşmadı. Əksinə, bu kəşfdən sonra aramızda «Yalnız sizdən sonra, Alfons!» kimi süni və əttökən bir mehribançılıq yarandı. Hər dəfə vanna otağının astanasında rastlaşanda yalandan gülümsünüb, bir-birimizə yol verməyə başladıq.

1939-cu il may ayının əvvəlləri idi. Bobbi ilə «Ritz» mehmanxanasında təqribən on ay olardı yaşayırdıq, təsadüfən Kvebek qəzetlərinin birində (burada fransızca çıxan on altı qəzet və jurnala abunə yazılmışdım) Monreal qiyabi rəssamlıq kurslarının müdiriyyəti tərəfindən verilən və qəzet sütununun dörddə bir hissəsini tutan bir elan oxudum. Bu elan bütün ixtisaslı rəsm müəllimlərini, orada xüsusilə qeyd edildiyi kimi, çox fortement (Çox təkidlə (fr.)), Kanadanın ən yeni, ən mütərəqqi qiyabi rəssamlıq kurslarında müəllim işləmək üçün təcili surətdə ərizə verməyə çağırırdı. Elanda deyilirdi ki, namizədlər həm in- gilis, həm də fransız dillərini əla bilməlidirlər və yalnız qüsursuz ada və nümunəvi davranışa malik şəxslərə bu müsabiqədə iştirak etməyə icazə veriLir. «Les Amis des Vieux Maltres» («Dahi rəssamların pərəstişkarları» (fr.)) kurslarında yay semestri rəsmən iyunun onunda açılır. Həm sırf sənət, həm də reklam xarakterli rəsm nümunələrini kursların direktoru, Tokiodakı İmperator İncəsənət Akademiyasının sabiq üzvü müsyö Yoşotonun adına göndərmək lazım idi.

Dərhal özümü qəti şəkildə inandırdım ki, buraya məndən yaxşı namizəd ola bilməz və Bobbinin portativ makinasını onun çarpayısının altından çıxarıb, müsyö Yoşotoya fransız dilində çox uzun, çox tutarlı bir məktub yazdım. Məlum işdir ki, buna görə də Leksinqton avenyudakı bədaye məktəbinin səhər məşğələlərini buraxmalı oldum. Elə girişim üç səhifədən çox oldu, onu yazıb qurtaranacan otağı təmiz tüstü-duman bürüdü. Yazdım ki, iyirmi doqquz yaşım var. Onere Domyenin qardaşı nəvəsiyəm. Yazdım ki, arvadım vəfat etdiyinə görə lap bu yaxınlarda, Fransanın cənubunda atamdan qalma kiçik malikanəmi tərk edib, müvəqqəti olaraq – bunu xüsusilə qeyd etdim – Amerikaya, şikəst bir qohumumun yanına qonaq gəlmişəm. Rəssamlıqla uşaq yaşlarımdan məşğul oluram, amma bizim ailənin köhnə və ən əziz dostu Pablo Pikassonun məsləhəti ilə indiyəcən heç bir əsərimi heç bir sərgidə nümayiş etdirməmişəm. Buna baxmayaraq, mənim həm yağlı, həm də sulu boya ilə işlənmiş bəzi tablolarım hal-hazırda Parisin bir çox məşhur evlərini bəzəyir və artıq dövrümüzün ən görkəmli tənqidçilərinin diqqətini gagne (Cəlb edib (fr.)). Həyat yoldaşımın ulceration cancereuse (Xərçəng şişi (fr.)) xəstəliyindən vaxtsız və faciəvi vəfatından sonra qəti əmin idim ki, bir daha əlimə fırça ala bilmərəm. Lakin bu yaxınlarda maddi cəhətdən tamam müflisləşdiyim üçün bu mühüm qərarımdan vaz keçməyə məcburam. Yazdım ki, Parisdəki vəkilim mənə göndərən kimi – əlbəttə, ona da tres presse (Təcili (fr.)) məktub yazacağam – işlərimin bir neçəsini «Dahi rəssamların pərəstişkarları» kurslarına təqdim etməyi özüm üçün böyük şərəf hesab edirəm. Və altından imza qoydum: «Dərin hörmətlə, Jan de Domye-Smit».

Bu təxəllüsü fikirləşib tapmağa, yalan olmasın, məktubu yazmaqdan çox vaxt sərf etdim.

Məktubu adi nazik sarğı kağızına yazmışdım, amma onu «Ritz» mehmanxanasına məxsus bahalı zərfin içinə qoyub, ağzını bağladım. Bobbinin yeşiyindən əkişdirdiyim xüsusi sifariş markasını da üstünə yapışdırandan sonra aşağı düşüb, dəhlizdəki əsas poçt qutusuna saldım. Yolüstü poçt qulluqçusunun (heç şübhəsiz, bu adamın məni görməyə gözü yox idi) yanına girib ona bildirdim ki, Domye-Smitin adına məktub gəlsə, mənə çatdırsın. Nəhayət, saat üçün yarısında özümü birtəhər sinfə saldım, anatomiya dərsi qırx beş dəqiqə olardı başlamışdı. İlk dəfə olaraq mənə elə gəldi ki, sinif yoldaşlarım çox canlara dəyən uşaqlardır.

Növbəti dörd günü, boş vaxtım oldu-olmadı, özümü əziyyətə salıb, bir düjündən artıq, mənim zənnimcə, amerikan reklam sənəti üçün tamam səciyyəvi olan rəsm nümunəsi çəkdim. Əsasən sulu boya, bəzən isə daha təsirli çıxsın deyə, yağlı boya ilə işlədiyim bu rəsmlərdə qol-qola girmiş, əlvan libaslı, son dərəcə yaraşıqlı kişi və qadınlar par-par alışıb yanan qara limuzinlərdən düşüb, teatr premyeralarına tələsirdilər. Bu əzələli, qədd-qamətli adamlar qoltuq gigiyenasına laqeyd münasibət bəslədiklərinə görə (bəlkə də, bu məxluqların heç qoltuqları yox idi), ömründə kimsənin xətrinə dəyməmişdilər. Bu rəsmlərdə gündən qaralmış, ağ smokinqli, pəhləvan cüssəli cavanlar lacivərd hovuzların kənarında kiçik ağ stullarda əyləşib, bir-birlərinin sağlığına saxta bir vəcdlə, içinə ucuz, amma açıq-aşkar dəbdə olan viski növü qatılmış kokteyl badəsi qaldırırdılar. Başqa bir rəsmdə qırmızı yanaqlı, çox «reklamogenik», sir-sifətdən totuq-motuq uşaqlar fərəhdən gözləri alışıb yana-yana əllərindəki boş sıyıq qablarını irəli uzadıb yenə də yemək istəyirdilər. Bu rəsmlərdə şən, üzügülər, iri döşlü cavan qızlar qayğısız-qayğısız akvaplanlarda sürüşürdülər, çünki damaq qanaxması, natəmiz sifət rəngi, yersiz bitən tük və sığortalanmamış həyat kimi hər cür ümumxalq bəlalarından möhkəm mühafizə olunmuşdular. Başqa bir tabloda isə evdar qadınları təsvir etmişdim: əgər bu qadınlar ən yaxşı sabun köpüyündən istifadə etməsələr, onları qarşıda çox dəhşətli və ağır həyat gözləyir, özlərinin iri də olsa, tör-tökülü mətbəxlərində daim əlləşməkdən üzüləcək, belləri büküləcək, incə, zərif əlləri kobudlaşacaq, axırda uşaqları da sözlərinə baxmayacaq, ərləri isə onları sevməkdən həmişəlik boyun qaçıracaqlar.

Nəhayət, nümunələr hazır oldu və mən onları Fransadan özümlə gətirdiyim ondan çox sırf sənət əsəri ilə birlikdə dərhal müsyö Yoşotoya göndərdim. Onların üstünə kiçik bir məktub da qoydum, həmin məktubda heç kimin köməyi olmadan, yalnız yüksək romantik rəssamlıq məktəbi ənənələrinə riayət etmək yolu ilə hər cür maneələri dəf edib, bu sənətin başı qarlı, uca və parlaq zirvəsini təkbaşına necə fəth etdiyimi qısa və səmimi bir dillə ona danışdım.

Sonrakı bir neçə günü gərgin intizar içində keçirtdim, ancaq həftə başa çatmamış müsyö Yoşotodan cavab məktubu aldım. Orada deyilirdi ki, mən «Dahi rəssamların pərəstişkarları» kurslarına müəllim qəbul olunmuşam. Mənim ona fransızca yazdığıma baxmayaraq, aldığım cavab məktubu ingiliscə idi. (Sonralar öyrəndim ki, müsyö Yoşoto ingiliscə deyil, yalnız fransızca bilir, amma nə səbəbdənsə, mənim məktubuma cavab verməyi ingiliscə az-maz bilən madam Yoşotoya həvalə edib.) Müsyö Yoşoto yazırdı ki, yay trimestri kurslarda işin ən gərgin vaxtı hesab olunur və o, iyunun iyirmi dördündə başlayacaq. Xatırladırdı ki, öz işlərimi qaydaya salmaq üçün mənim cəmi beş həftəlik vaxtım qalır. Məruz qaldığım maddi və mənəvi itkilər üçün özünün hədsiz üzrxahlığını bildirməyi də unutmamışdı. Ümidvar olduğunu bildirirdi ki, bir müəllim kimi görəcəyim işlərlə əvvəlcədən tanış olmaq və o biri müəllimlərlə (sonralar öyrəndim ki, onlar cəmi ikicə nəfər imiş: müsyö və madam Yoşotolar ) «dostluq ünsiyyəti yaratmaq» üçün mən kurslara bir gün qabaq, bazar günü, iyunun iyirmi üçündə gəlib çıxa biləcəyəm. Sonra isə dərin təəssüf hissilə bildirirdi ki, müəllimlərin yol xərcini ödəmək bu kursların ənənəsinə daxil deyil. Maaşım həftədə iyirmi səkkiz dollar olacaqdı və müsyö Yoşoto yazırdı ki, bunun elə böyük məbləğ olmadığını özü də gözəl bilir, lakin müəllimlərin eyni zamanda mənzil və yaxşı yeməklə də təmin olunduqlarını nəzərə alıb, ümid edir ki, bu məni öz fikrimdən döndərməyəcək, çünki o həm də məndə bu sənətə qarşı dərin istək və qabiliyyət hiss edib. Çox səbirsizliklə razılığımı bildirəcəyim teleqramı gözləyir və mənim gəlişim onda bəri başdan böyük məmnunluq hissi oyadıb.

«Hörmətlə, Sizin yeni dostunuz, kursların direktoru, Tokio İmperator İncəsənət Akademiyasının sabiq üzvü İ.Yoşoto».

Heç beş dəqiqə keçməmiş ona teleqram vurub razılığımı formal surətdə təsdiq etdim. Həyəcandanmı, yoxsa Bobbinin yanında özümü günahkar hiss etdiyimdənmi (teleqramı telefonla onun hesabına göndərmişdim), bəlkə də, elə sonuncu səbəbə görə ədəbi ehtirasımı boğub, qəribə görünsə də, onca sözlə kifayətləndim.

Axşam naharı zamanı həmişəki kimi Bobbi ilə Oval salonda görüşdük, amma bu dəfə onun özü ilə qonaq gətirdiyini görəndə tamam dilxor oldum. Çünki bu günə qədər mən ona dərsdən kənar fəaliyyətim barədə heç nə deməmişdim, indi isə hər şeyi açıb danışmaq, onu bərk heyrətləndirmək istəyirdim. Amma ikilikdə. Qonaq gənc, qəşəng və füsunkar bir xanım idi, bir-iki ay olardı ərindən boşanmışdı və Bobbi ilə tez-tez görüşürdü. Elə mən özüm də bir neçə dəfə onunla rastlaşmışdım. Həm də çox mehriban qadın idi. Ancaq mənimlə dostlaşmaq üçün onun göstərdiyi bütün cəhdləri, eləcə də zirehimi soyunmaq və ya heç olmasa dəbilqəmi bir balaca yuxarı qaldırmaq üçün məni şirin dilə tutmağını, mən çaşıb qeyd-şərtsiz bir yataqda yatmağa dəvət kimi başa düşürdüm. Mənə elə gəlirdi ki, əlverişli imkan düşən kimi, yəni onun üçün həqiqətən çox qoca olan Bobbinin gözündən yayınmağa fürsət tapan kimi, dərhal məni öz yatağına salmaq istəyir.

Nahar başa çatanacan onlara düşmən kəsilib, təkcə qısa replikalarla kifayətləndim. Yalnız stola qəhvə gətiriləndə yay planlarımı qısaca onlara şərh etdim. Bobbi axıracan mənə qulaq asıb, sonra bir neçə işgüzar sual verdi. Öz taleyimin şəksiz hakimi kimi, bu suallara soyuqqanlılıqla, kəsik-kəsik və qısa cavablar verdim.

– Ah, nə maraqlıdır! – Bobbinin qonağı yelbeyincəsinə bunu elə dedi ki, elə bil mənim öz Monreal ünvanımı stolun altından indicə ona uzadacağımı gözləyirdi.

– Amma mən elə bilirdim, sən mənimlə birlikdə

Rod Aylendə gedəcəksən, – Bobbi dedi.

– Ah, əzizim, uşağın kefinə soğan doğrama!

– missis İks ona dedi.

– Heç o niyyətdə də deyiləm, – Bobbi dedi, – amma bu haqda hər şeyi ətraflı bilmək mənim üçün də pis olmazdı.

Ancaq səsinin ahəngindən dərhal anladım ki, artıq o, xəyalən ayrıca kupeyə aldığı iki bileti bir aşağı yerə dəyişir.

– Məncə, bu çox gözəl, çox tərifəlayiq bir dəvətdir, bundan yaxşısı heç ola da bilməz, – missis İks hərarətlə mənə dedi. Onun gözləri saxta bir heyranlıqla parıldayırdı.

Bazar günü, Monrealın Uindzor vağzalında qatardan düşəndə, əynimdə ikiyanlı boz-qum rəngli qabardin kostyum (onda mənə elə gəlirdi ki, bundan zərif kostyum ola bilməz), tünd-göy flakel köynək, sarı qalın çitdən qalstuk, ayağımda ağ-qəhvəyi tufli, başımda panama şlyapası (Bobbininkiydi və başımı bərk sıxırdı) var idi. Üç həftəlik ömrü olan şabalıdı-kürən bığım isə bu qiyafəmə ayrı görkəm verirdi. Məni müsyö Yoşoto özü qarşıladı. O, beş futluq boyu olan bapbalaca bir kişi idi və əyninə xeyli nimdaş kətan kostyum, qara ayaqqabı, yanları yuxarı qatlanmış qara fetr şlyapa geyinmişdi. Yaddaşım məni aldatmırsa, təbəssümsüz-filansız, bir kəlmə belə kəsmədən əlimi sıxdı. Sifətindəki ifadə, Saks Romerin fransızcaya tərcümə olunmuş kitabında Fu Man Çu haqqında deyildiyi kimi inscrutabl (Anlaşılmaz (fr.)) idi. Mən isə, heç bilmirəm niyə, qulaqlarıma qədər gülümsündüm. Bu təbəssümü nəinki gizlətməyə, heç olmasa zəiflətməyə belə gücüm çatmadı.

Vağzaldan məktəbəcən bir neçə mil avtobusla getməli olduq. Yol boyu müsyö Yoşotonun ağzını açıb bir kəlmə belə dediyinə böyük şübhəm var. Aramıza çökən bu sükuta görəmi, yoxsa onun acığınamı, sol ayağımı sağ dizimin üstə qaldırıb, tərli ovcumu aramsız corabıma silə-silə susmaq bilmədən danışırdım. Mənə elə gəlirdi ki, Domye ilə qohumluğum, mərhum həyat yoldaşım və Fransanın cənubundakı kiçik malikanəm haqqında əvvəlki uydurmalarımı nəinki təkrar etmək, həm də xeyli şişirtmək lazımdır. Sonra bu ürəkağrıdan xatirələrdən yaxa qurtarmaq üçün (doğrudan da ürəyim ağrımağa başlamışdı) söhbəti dəyişib, valideynlərimin çox əziz tutduqları Pablo Pikasso ilə (Le pauvre Picasso (Yazıq Pikasso (fr.)) – mən onu belə adlandırırdım) köhnə dostluğumdan dəm vurmağa başladım. (Yeri gəlmişkən, ona görə Pikassonu seçmişdim ki, elə bilirdim Amerikada fransız rəssamlarından yalnız onu yaxşı tanıyırlar, Kanadanı isə Amerikanın bir hissəsi hesab edirdim.) Yalnız və yalnız müsyö Yoşotonu maarifləndirmək naminə dərin süquta uğramış bu nəhəngin halına necə acıdığımı xüsusilə qeyd edərək, dəfələrlə ona: «Maitre Picasso, ou aller vous» (Siz bu cür haraya gedirsiniz, metr Pikasso? (fr.)) dediyimi və hər dəfə də mənim bu səmimi sualıma cavab olaraq qoca ustadın necə həmişə ağır addımlarla, aram-aram emalatxanasında gəzişdiyini və hökmən də hər dəfə gəlib öz «Akrobatlar» rəsminin kiçik reproduksiyası önündə dayanıb, çoxdan puç olmuş şöhrətinin xəyalına daldığını xatırlatdım. Və biz avtobusdan düşəndə müsyö Yoşotoya başa saldım ki, Pikassonun bədbəxtliyi onun heç vaxt heç kimə, hətta öz yaxın dostlarına belə qulaq asmamağındadır.

1939-cu ildə «Dahi rəssamların pərəstişkarları» məktəbi Monrealın ən bivec rayonu olan Verdendə, çox böyük olmayan, qeyri-adi dərəcədə məyus görkəmə malik və çox güman ki, kirayəyə verilən üçmərtəbəli bir binanın ikinci mərtəbəsində yerləşirdi, ortopediya emalatxanasının düz üstündə. Bu məktəb cəmisi bir böyük otaqdan və çox xırda, qapısı örtülməyən ayaqyolundan ibarət idi. Lakin buna baxmayaraq, içəri girən kimi bu otaq mənim xeyli xoşuma gəldi. Bunun da bircə səbəbi vardı: bu «müəllimlər otağı»nın bütün divarları tablolarla, başlıca olaraq müsyö Yoşotonun sulu boya ilə işlədiyi rəsmlərlə bəzədilmişdi. Bəzən elə indi də gecələr ifadəolunmaz dərəcədə solğun, mavi səmada qanad çalan ağ qaz yuxuma girir, özü də səmanın maviliyi, daha doğrusu, bu maviliyin ruhu (cəsarətli və təcrübəli ustadın başlıca nailiyyəti də elə bunda idi) quşun lələklərində əks olunmuşdu. Həmin tablo madam Yoşotonun stolunun üstündən asılmışdı. Bu və ustalıq baxımından buna bənzər başqa iki-üç şəkil otağa xüsusi bir səciyyə verirdi.

Biz müəllimlər otağına daxil olanda, madam Yoşoto əynində yaraşıqlı, tünd-qırmızılı qara ipək kimono, qısa dəstəkli pol ağacı ilə döşəməni silirdi. Saçlarına dən düşmüş bu qadın ərindən başı qədər hündür idi və yapondan çox malaya oxşayırdı. İşini dayandırıb bizə yaxınlaşdı, müsyö Yoşoto məni onunla tanış etdi. Bu qadın mənə müsyö Yoşotodan da inscrutable göründü. Sonra müsyö Yoşoto mənə qalacağım otağa baxmağı təklif etdi və fransızca anlatdı ki, bu onların oğlunun otağıdır, o özü isə bu yaxınlarda Britaniya Kolumbiyasına fermada işləməyə gedib. Avtobusda uzun müddət susmağından sonra onun birdən dil açıb danışmağına bərk sevindim və çox böyük məmnunluqla onu dinləməyə başladım.) Oğlunun otağında təkcə döşəməyə sərilmiş həsirdən başqa oturmağa heç bir stul olmadığı üçün üzr istəməyə başlayanda dərhal onu əmin etdim ki, yerdə, həsir üstə əyləşmək mənim üçün göydəndüşmə bir şeydir. (Deyəsən, hətta dedim ki, stulda əyləşməyə nifrət edirəm. O qədər əsəbiləşmişdim ki, mənə desəydi oğlunun otağı gecəbəgündüz dizəcən su olur, yenə də sevincimdən çığırardım. Ola bilsin, hətta deyərdim ki, məndə nadir qıç ağrısı var və mən onu hökmən gündüz azı səkkiz saat suda saxlamalıyam.) Sonra sınıq-salxaq taxta pilləkənlə qalacağım otağa qalxdıq. Sözarası qeyd etdim ki, buddizmi öyrənirəm. Sonradan bildim ki, o da, madam Yoşoto da presviterian imişlər.

O gün gecədən xeyli keçənəcən yata bilmədim – madam Yoşotonun en masse (Bütöv (fr.)) malay-yapon naharı hərdənbir mədəmi cıra-cıra lift kimi yuxarı qalxırdı, bu azmış kimi, arakəsmənin o tayında Yoşotolardan hansısa yuxuda inildəməyə başladı. Bu inilti bərk, cır və yalvarışlı bir inilti idi, sanki yaşlı adam deyil, bədbəxt, yarımçıq doğulmuş körpə və yaxud qol-qıçı qırılmış xırda bir heyvancığaz inildəyirdi.

(Bu konsert hər gecə davam edirdi, ancaq axıra kimi onlardan hansının və nə səbəbə görə inildədiyini öyrənə bilmədim.) Bu iniltiyə uzanılı vəziyyətdə qulaq asmağa tabım qalmayanda durdum, gecə başmaqlarını ayağıma keçirib, qaranlıqda döşəmədə, həsirlərin birinin üstdə oturdum. Beləcə iki saat oturulu qalıb, neçə dənə siqaret çəkdim, onları başmaqların altına basıb söndürməli, kötüklərini isə pijamamın ciblərinə soxmalı oldum. (Yoşotolar özləri çəkən deyildilər, ona görə də evdə bir dənə də külqabı yox idi.) Yalnız səhər saat beşdə yuxuya gedə bildim.

Səhər saat yeddinin yarısında müsyö Yoşoto qapını döydü və bildirdi ki, səhər naharı yeddiyə on beş dəqiqə qalmış veriləcək. O, qapının dalından soruşdu ki, «yaxşı yata bildinmi», dedim: «Oui». Kursların açılışı günündə müəllim üçün ən münasib saydığım mavi kostyumumu geyindim, əl işi olan qırmızı qalstukumu taxdım (onu mənə anam bağışlamışdı) və əl-üzümü belə yumadan dəhliz boyu mətbəxə qaçdım. Madam Yoşoto plitənin önündə dayanıb, nahara balıq qızardırdı. Müsyö Yoşoto isə əynində şalvar və fufayka, mətbəx stolunun arxasında əyləşib yaponca qəzet oxuyurdu. Dinməzcə başı ilə məni salamladı. Hər ikisi heç vaxt mənə bu qədər inscrutable görünməmişdilər. Tezliklə mənə bir qab balıq xörəyi verdilər, özü də boşqabın qırağında çox xırda, amma açıq-aydın bilinən qurumuş ketçup ləkəsi vardı. Madam Yoşoto ingiliscə soruşdu ki, (çox şirin ləhcəsi varmış, heç ağlıma da gətirməzdim), bəlkə, könlüm qayğanaq istəyir, dedim: «Non, non, merci, madame» («Yox, yox, sağ olun, madam» (fr.)) Dalınca əlavə etdim ki, ümumiyyətlə, mən yumurta yemirəm. Müsyö Yoşoto qəzetini mənim stəkanıma söykədi və hər üçümüz lal-dinməz yeməyə girişdik, daha doğrusu, onlar yeyirdilər, mən isə dinməzcə bu xörəyi diri-diri udurdum.

Nahardan sonra müsyö Yoşoto elə mətbəxdəcə yaxalıqsız köynəyini əyninə dartdı, madam önlüyünü çıxartdı və hər üçümüz bir-birimizin ardınca, bir qədər sıxıla-sıxıla aşağı, müəllimlər otağına düşdük. Orada, müsyö Yoşotonun enli stolunun üstündə təqribən ona qədər ağzı açılmamış iri və xeyli qalın zərf yığılıb təpə kimi qalanmışdı. Mənə elə gəldi ki, bu zərflər də məktəbə ilk dəfə qədəm qoyan birinci si nif şagirdləri kimi yaxşı-yaxşı yuyunmuş, daranmışdılar. Müsyö Yoşoto lap uzaq küncdə mənə bir stol göstərib, oturmağı təklif etdi. Madam isə onun böyründə oturdu və onlar zərfləri açmağa başladılar.

Görünür, bu zərflərin açılması və onların içindəkilərin nəzərdən keçirilməsi işində nə isə bir sistem vardı, çünki onlar hər dəqiqə nə üçünsə yaponca məsləhətləşirdilər. Mən isə əynimdə mavi kostyum, qırmızı qalstuk, otağın o biri başında oturub, bütün duruşumla onlara necə səbirlə və dərin maraq içində göstəriş gözlədiyimi, ən başlıcası isə necə əvəzolunmaz bir işçi olduğumu göstərməyə çalışırdım. Döş cibimdən bir neçə yumşaq karandaş çıxarıb (onları Nyu-Yorkdan özümlə gətirmişdim), mümkün qədər səs salmadan stolun üstünə düzdüm. Və müsyö Yoşoto, yəqin ki, təsadüfən mənə tərəf baxanda, ona hədsiz dərəcədə mehriban bir təbəssüm bağışladım. Birdən, mənə heç bir söz demədən, hətta heç mən tərəfə baxmadan oradan aralanıb öz stollarına keçdilər və işləməyə başladılar. Artıq saat səkkizin yarısı idi.

Təqribən saat doqquzda müsyö Yoşoto eynəyini çıxartdı, otağa qalxdı, əlində bir qalaq rəsm, ayaqlarını sürüyə-sürüyə mənim stoluma yaxınlaşdı. Saat yarım idi boş-bekar oturub, qarnımın qurultusunu güclə boğurdum. O mənə yaxınlaşanda dərhal yerimdən qalxdım, bir balaca belimi qısdım ki, boynumun hündürlüyü ilə onu utandırmayım. Əlindəki rəsmləri mənə verib, nəzakətlə soruşdu ki, zəhmət olmasa, onun qeydlərini fransızcadan ingiliscəyə çevirə bilərəmmi? Dedim: «Oui, monsieur». Yüngülcə baş əyib, yenə də ayaqlarını sürüyə-sürüyə geriyə, öz stoluna qayıtdı. Ovcumla karandaşları bir yana itələyib, qələmimi çıxartdım və tamam dilxor halda işləməyə başladım.

Həqiqətən yaxşı rəssam olan sənətkarların çoxu kimi, müsyö Yoşotonun da müəllimlik qabiliyyəti müəyyən pedaqoji səriştəsi olan istənilən ortabab rəssamınkından heç də yüksək deyildi. Onun praktik təsisləri, daha doğrusu, şagird rəsmlərinə kalka ilə köçürdüyü rəsmlər, onların arxasında edilən yazılı qeydlərlə birlikdə az-maz bacarığı olan hər bir şagirdə donuzu donuza necə oxşatmağı və yaxud donuz obrazını donuz damında necə bədii təsvir etməyi başa sala bilərdi. Lakin o, ömründə heç vaxt heç kimə əla donuz, eləcə də əla donuz damı rəsmi çökməyi öyrədə bilməzdi, halbuki az-çox qabiliyyəti olan şagirdlər böyük bir acgözlüklə ondan sənətin məhz bu xırda sirrini öyrənmək, özü də qiyabi surətdə öyrənmək istəyirdilər. Həm də iş onda deyildi ki, bu adam şüurlu və ya qeyri-şüurlu şəkildə öz istedadını gizlədirdi, yaxud da xəsisliyindən onu sərf etmək istəmirdi, yox, sadəcə olaraq o bunu bacarmırdı. Əvvəlcə bu amansız həqiqət, nədənsə, məni o qədər də maraqlandırmır, mənə o qədər də təsir etmirdi. Ancaq nə vəziyyətə düşdüyümü özünüz təsəvvür edin: onun bu sahədəki acizliyini sübut edən dəlillər getdikcə daha da çoxalıb artırdı. Lenç (saat 11-də verilən ikinci səhər yeməyinin adı) vaxtı çatanacan elə bir vəziyyətə düşdüm ki, tərcümə etdiyim sətirləri ovcumun təri ilə ləkələməmək üçün son dərəcə ehtiyatlı tərpənməliydim. Bu bəs deyilmiş kimi, müsyö Yoşotonun xətti də çox bərbad, çox dolaşıq bir xətt idi. Yemək vaxtı çatanda Yoşotoların təklifindən qəti surətdə imtina etdim. Dedim ki, poçta getməliyəm. Pilləkənlərlə qaça-qaça aşağı düşüb, özümü tanış olmayan dolanbac küçələrə verdim. Bir qəlyanaltını görən kimi ora qaçdım, dörd dənə isti-isti «koniaylend» kolbasası aşırıb, üstündən üç fincan bulanıq qəhvə içdim.

Məktəbə qayıdarkən yolda əvvəlcə məni qəribə, tanış bir həyəcan hissi bürüdü, doğrudur, qabaqkı təcrübəmə görə onun az-çox öhdəsindən gələ bildim, lakin birdən bu hiss əsil qorxu hissinə çevrildi: müsyö Yoşotonun mənim üçün tərcümədən fərli bir iş tapmamasına səbəb, bəlkə, elə öz şəxsi keyfiyyətlərimdir? Doğrudanmı bu qoca Fu Man Çu kələyimin üstünü açıb, nəinki cürbəcür uydurmalarla onun fikrini azdırmaq istədiyimi, həm də mənim yalnız on doqquz yaşım olduğunu və bığlarımı da elə bunun üçün buraxdığımı başa düşüb? Bu haqda düşünmək dözülməz şey idi. Ədalətə, haqqa inamım tədricən əriyib yox olurdu. Burada məni – üç birinci mükafata layiq görülən və Pikassonun şəxsən yaxın dostu olan (buna artıq özüm də inanmağa başlamışdım) bir adamı tərcüməçi kimi işlədirdilər. Cəza cinayətdən xeyli ağır idi. Elə götürək bu bığ məsələsini, axı o nə qədər təzə, seyrək olsa da, mənim öz bığımdır, saxta, qondarma bığ deyil. Özümü sakitləşdirmək üçün bütün yol boyu onu barmaqlarımla dartışdırdım. Buna görə də düşdüyüm vəziyyət barədə düşündükcə, addımlarımı daha da yeyinlədərək, axırda qaçmağa məcbur oldum, elə bil, hər yandan məni daşa basırdılar.

Günün ikinci səhər yeməyinə cəmi qırx dəqiqə vaxt sərf etsəm də, artıq Yoşotolar öz stollarının arxasında oturub işə başlamışdılar. Mən içəri girəndə başlarını belə qaldırmadılar, özlərini görməzliyə vurdular. Qan-tər içində, nəfəsim kəsilmiş halda öz stoluma çökdüm. Düz on beş-iyirmi dəqiqə mil kimi dimdik oturub, Pikasso barəsində yeni-yeni lətifələr uydurmağa çalışdım, çünki hər dəqiqə müsyö Yoşoto ayağa qalxıb, məni ifşa etməyə başlaya bilərdi. Və birdən doğrudan da o, yerindən qalxıb mənə tərəf gəldi. Mən də qalxdım və lazım gəlsə, onu Pikasso barədə yeni bir cəfəngiyatla qarşılamaq üçün hazır vəziyyət aldım. Lakin o, stoluma yaxınlaşanda, qorxudan, nə düşünmüşdümsə, hamısı yadımdan çıxdı. Amma o andaca fürsətdən istifadə edib, madam Yoşotonun stolu üstündə divardan asılmış uçan qaz təsviri barədə öz heyranlığımı bildirdim. Dilimə gələn, olmazın təriflər yağdırdım. Dedim ki, Parisdə çox varlı bir tanışım var, özü də iflicdir, o adam müsyö Yoşotonun bu rəsmini almaq üçün heç nəyini əsirgəməz. Dedim ki, müsyö razıdırsa, mən təcili Parislə əlaqə saxlaya bilərəm. Xoşbəxtlikdən, müsyö Yoşoto mənə başa saldı ki, bu rəsm onun əmisi oğlunundur, o adam indi Yaponiyaya, qohumlarının yanına qonaq gedib. Və dərhal, heç mən öz təəssüfümü bildirməyə macal tapmamış, «müsyö Domye-Smit» deyə mənə müraciət edərək soruşdu:

«Bir neçə tapşırığı yoxlayıb düzəltmək sizin üçün çətin olmaz ki?» Öz stoluna tərəf gedib, üç iri, qalın zərflə qayıtdı. Gic kimi yerimdə donub qalmışdım, mexaniki surətdə başımı tərpədir və pencəyimin, bütün karandaşlarımı soxduğum cibini qurdalayırdım. Müsyö Yoşoto kursların tədris metodunu (daha doğrusu, heç bir metodu olmadığını) mənə izah etdi. Sonra o öz stoluna qayıtsa da, mən hələ heç cür özümə gələ bilmirdim.

Mənə verilən şagird məktublarının üçü də ingiliscə yazılmışdı. Birinci məktubu Torontodan, özünə Bembi Kremer təxəllüsü götürmüş iyirmi üç yaşlı evdar qadın yazmışdı, məktubu da ona göndərmək lazım idi. «Dahi rəssamların pərəstişkarları» kurslarına yeni daxil olanların hamısı anket doldurmalı və öz fotoşəkillərini göndərməli idi. Miss Kremer özünün iri – eni səkkiz, boyu doqquz düym olan parıltılı kağıza çəkilmiş fotosunu göndərmişdi. Həmin fotoda o, topuğunda bilərzik, başında günlüksüz ağ dənizçi kepkası, çiyinbağısız çimərlik kostyumunda təsvir olunmuşdu. Anketində isə yazmışdı ki, onun ən çox sevdiyi rəssamlar Rembrandt və Uolt Disneydir. Ümid edirdi ki, haçansa o da onların çatdığı şöhrətə çatacaq. Göndərdiyi rəsm nümunələri bir qədər etinasızlıqla aşağı tərəfdən öz fotoşəklinə sancaqlanmışdı. Hamısı çox təəccüblü rəsmlər idi. Ancaq biri heç unudulası şey deyildi. Bu unudulması mümkün olmayan əsər əlvan sulu boyalarla işlənmişdi və altında belə bir yazı vardı: «Onların günahını özlərinə bağışla!» Burada hansısa qəribə bir su hövzəsində balıq tutan üç oğlan uşağı təsvir olunmuşdu, birinin də gödəkcəsi üstündə belə bir yazı olan elan lövhəsindən asılmışdı: «Balıq ovu qadağandır». Ön plandakı ən hündür oğlanın bir ayağı raxit, o biri isə fil xəstəliyinə tutulmuşdu, görünür, miss Kremer bu yolla onun, ayaqlarını azca aralayaraq dayandığını göstərməyə çalışmışdı.

Mənim ikinci şagirdim Ontario ştatının Uindzor şəhərində yaşayan əlli altı yaşlı R.Hovard Ric- fild adlı «kübar cəmiyyət» fotoqrafı oldu. O yazırdı ki, neçə illərdir arvadı onu rahat buraxmır, ondan «bu gəlirli işə girişməyi», rəssam olmağı tələb edir. Onun ən çox sevdiyi rəssamlar Rembrandt, Sarcent və «Titsan» idi, lakin sonra ağıllı şəkildə əlavə edirdi ki, özü heç vaxt onların üslubunda işləmək niyyətində deyil. Yazırdı ki, onu rəssamlığın bədii cəhətlərindən daha çox, satirik məziyyətləri maraqlandırır. Öz kredosunun təsdiqi üçün yağlı boya və qrafika ilə işlənmiş xeyli sayda orijinal əsərini göndərmişdi. O rəsmlərdən biri, məncə, onun şah əsəri populyar bir mahnının sözləri kimi, əbədi olaraq yaddaşıma həkk olundu. Bu, bakirə bir qızın hamıya tanış, adi faciəsinə satira idi: uzun, sarışın saçları və oyuq şəkilli döşləri olan bu qızı öz ruhani atası kilsədə, necə deyərlər, düz mehrabın altında cinayətkarcasına yoldan çıxarmışdı. Rəssam öz personajlarının üst-başlarının bədii səliqəsizliyini qrafik üsulla xeyli qabartmışdı. Lakin məni ifşaedici satirik süjetdən daha çox, bu rəsmin işlənmə üslubu və ideyanın ifadə xarakteri sarsıtdı. Əgər əvvəlcədən bilməsəydim ki, Ricfild və Bembi Kremer bir-birlərindən neçə yüz mil aralıda yaşayırlar, onda texniki cəhətdən Ricfildə məhz Bembi Kremerin kömək etdiyinə and içərdim.

İstisna hallarını nəzərə almasaq, yumor hissi mənim ən zəif yerim idi və hər hansı xoşagəlməz hadisə ilə qarşılaşan kimi, bu hissim ya xeyli korşalır, ya da təmiz ölürdü. Ricfildlə miss Kremer məndə cürbəcür hisslər oyatsalar da, məni güldürə bilmədilər. Onların rəsm əsərlərini nəzərdən keçirdikcə, neçə dəfə yerimdən sıçrayıb, müsyö Yoşotoya rəsmi şəkildə öz etirazımı bildirmək istədim. Ancaq bu etirazın hansı formada olacağını özüm də aydın təsəvvür edə bilmirdim. Deyəsən, qorxurdum ki, onun stoluna yaxınlaşanda dilim topuq vura-vura qışqıram: «Mənim anam ölüb, onun əziz-xələf ərinin yanında yaşamağa məcburam, Nyu-Yorkda heç kəs fransızca danışmır, sizin oğlunuzun otağında isə heç stul da yoxdur! Belə bir vəziyyətdə siz istəyirsiniz ki, mən bu iki səfehə rəssamlıq öyrədim?!»

Ancaq bu cür ümidsizlik anlarında öz daxili çılğınlığımı boğmağa və boş yerə atılıb-düşməməyə elə vərdiş etmişdim ki, eləcə yerimdən durmadım. Və üçüncü zərfi açdım.

Üçüncü şagirdim Müqəddəs İosif qadın monastırının İrma bacı adlı rahibəsi oldu. O, Toronto yaxınlığındakı ibtidai monastır məktəbində «kulinariyadan və rəsmxətdən» dərs deyirdi. Bu zərfin içindəkiləri daha yaxşı təsvir etmək üçün heç bilmirəm nədən başlayım. Əvvəlcə burasını qeyd etməliyəm ki, İrma bacı fotoşəklinin əvəzinə, heç bir izahat vermədən, öz monastırlarının şəklini göndərmişdi. Yadımdadır, o, yaş qrafasını da doldurmamışdı. Lakin digər tərəfdən, dünyada elə bir anket tapmaq olmaz ki, o, İrma bacının doldurduğu kimi doldurulmağa layiq olsun. İrma bacı Miçiqan ştatının Detroyt şəhərində anadan olub böyümüşdü, atası sağlığında «Ford» avtomaşınlara nəzarət şöbəsində işləmişdi. İbtidai təhsildən savayı, İrma bacı bir il də orta məktəbdə oxumuşdu. Heç bir rəssamlıq təhsili görməmişdi. Yazdığına görə, rəsmxətdən dərs deməyinin yeganə səbəbi budur ki, hansı bacısa rəhmətə gedib və Zimmerman ata (bu familiya xüsusilə yadımda qalıb, çünki mənim səkkiz dişimi çəkib çıxaran həkimin familiyası da bu cür idi) onu mərhumun müavini seçibmiş. Yazırdı ki, onun kulinariya sinfində 34, rəsmxət sinfində isə 18 körpəsi var. Ən çox sevdiyi şey Tanrı və Tanrı kəlamıdır və bir də yarpaq toplamağı sevir, bu şərtlə ki, o yarpaqlar özləri yerə düşmüş ola. Ən çox sevdiyi rəssam Duqlas Bantinq idi (boynuma alım ki, neçə il axtardım, belə bir rəssamın izini də tapa bilmədim). Bir də yazırdı ki, onun körpələri yüyürən adam şəkli çəkməyi xoşlayırlar, o isə bunu heç bacarmır. Yazırdı ki, yaxşı çəkə bilmək üçün var gücü ilə çalışacaq və «ona qarşı mərhəmətli olacağımıza» böyük ümid bəsləyir.

Göndərdiyi zərfdə onun cəmi altı rəsm nümunəsi qoyulmuşdu. Hamısı da imzasız. Öz-özlüyündə xırda şeydir, ancaq həmin anda mənim çox xoşuma gəldi. Bembi Kremer də, Ricfild də rəsmlərinin altından imza atır və yaxud – məni daha çox hirsləndirən də elə bu idi – inisiallarını qoyurdular. O vaxtdan on üç il keçsə də, mən nəinki İrma bacının altı rəsminin altısını da yaxşı xatırlayıram, həm də onların dördü yaddaşıma elə həkk olunub ki, bu bəzən mənim ruhi dincliyimi də pozur. Ən yaxşı əsəri sulu boya ilə sarğı kağızına çəkilmişdi. (Qəhvəyi sarğı kağızına, illah da qalın olanda, rəsm çəkmək həm rahat, həm də çox xoşdur. Ciddi ustad rəssamların çoxu, xüsusilə də elə böyük bir ideyaları olmayanda, həmişə bu kağızdan istifadə ediblər.) Həcmcə kiçik olmasına baxmayaraq (təqribən eni on, uzunluğu on iki düym idi), bu rəsmdə İsa peyğəmbərin cənazəsinin Arimafeyli İosifin bağındakı mağaraya gətirilməsi səhnəsi bütün təfərrüatınacan ətraflı təsvir olunmuşdu. Ön planda sağdan iki nəfər, güman ki, İosifin nökərləri, cənazəni çiyinlərinə alıb yıxıla-dura aparırdılar. Arimafeyli İosif onların ardınca gəlirdi. Belə bir vəziyyətdə o, doğrusu, özünü həddən ziyadə şax tutmuşdu. Onun ardınca isə xeyli arxadan və çox güman ki, buraya dəvətsiz axışan müxtəlif qiyafəli saysız-hesabsız ağıçı, avara və uşaqların arasında qalileylərin qadınları gəlirdilər, onların böyründə isə ən azı üç həyət iti allahsızcasına oynaqlaşırdı.

Lakin bu tabloda mənim diqqətimi daha çox cəlb edən, ön planda, soldan, üzü tamaşaçıya tərəf dayanan qadın surəti oldu. O, sağ əlini göyə qaldırıb, ümidsizcəsinə kimisə – övladınımı, ərinimi, bəlkə də, elə biz tamaşaçıları «hər şeyi at, bura qaç» deyə haraylayırdı. Axşam şəfəqləri kütlənin qabağında gedən iki qadının başına düşmüşdü. İncil əlimin altında olmadığından, onların kimliyini mən yalnız təxmini güman edə bilərdim. Lakin Mariya Maqdalinanı dərhal tanıdım. Hər halda qəti əmin idim ki, bu odur. O, qollarını yanına salıb kütlədən xeyli qabaqda gedirdi. Öz kədərini, o, necə deyərlər, gözə soxmurdu. Mərhumun son günlərində ona necə yaxın olduğunu bu qadının duruşundan heç cür bilmək olmazdı. Rəsmdəki bütün sifətlər kimi, onun da sifəti ot rəngli ucuz boya ilə işlənmişdi. Ancaq ürək ağrısı ilə aydın hiss edirdin ki, bu hazır rəngin necə yerinə düşmədiyini İrma bacı özü də başa düşüb və naşıcasına olsa da, tamamilə ürəkdən bu ahəngi birtəhər yumşaltmağa çalışıb. Rəsmdə bundan başqa elə bir ciddi qüsur yox idi. Daha doğrusu, başqa hər cür tənqid qərəzlik olardı. Başa düşdüyüm qədərilə, bu əsər əsil sənətkar fırçasından çıxan və yüksək, ən ali, özünəməxsus istedad möhürü ilə təsdiqlənmiş bir əsər idi. Hərçənd, bir Allah özü bilir ki, bu rəsm nə qədər ağır zəhmət bahasına başa gəlmişdi.

Ağlıma gələn ilk şey, İrma bacının rəsmlərini də götürüb, müsyö Yoşotonun üstünə qaçmaq istəyi oldu. Ancaq bu dəfə də yerimdən tərpənmədim. Risk etmək istəmirdim: birdən İrma bacını əlimdən aldılar? Buna görə də zərfi səliqə ilə bağlayıb kənara qoydum, böyük bir məmnunluq içində axşam boş vaxtlarımda bu rəsmlərin üstündə necə işləyəcəyim barədə bir xeyli xəyala daldım. Sonra özümün də özümdən gözləmədiyim bir səbirlə R.Hovard Ricfildin ədabazcasına və biabırcasına çəkdiyi çılpaq naturaları – kişi və qadınları (cinsi əlamətləri Sans) ağayana və xeyirxahlıqla təsis etməyə başladım. Nahar fasiləsində köynəyimin üç düyməsini açıb İrma bacının zərfini qoynuma soxdum, elə bir yerə ki, oraya nə oğruların, nə də, heç şübhəsiz, Yoşotoların əli çata bilməzdi.

Bu məktəbdə şam naharı yazılmamış, amma pozulmaz, möhkəm bir mərasim qaydalarına tabe idi. Düz saat altının yarısında madam Yoşoto durub, nahar hazırlamaq üçün yuxarı qalxardı, biz isə, yəni qabaqda müsyö Yoşoto, arxada mən, adətən düz saat altıda ora çıxardıq. Hətta gigiyena tələblərindən və yaxud təxirəsalınmaz hər hansı bir lüzumdan doğan səbəblərə görə belə bu marşrutdan yayınmaq olmazdı. Lakin həmin axşam İrma bacının sinəmə soxduğum məktubunun hərarətindən özümü ilk dəfə olaraq rahat hiss edirdim. Bundan əlavə, nahar zamanı məclisin əsil sevimlisinə çevrildim. Pikasso barəsində elə şeylər uydurdum ki, barmağını yalayardın! Hərçənd, onu qara gün üçün saxlamaq daha faydalı olardı. Müsyö Yoşoto yalnız əlindəki yapon qəzetini azca aşağı saldı, intəhası madamı, deyəsən, maraq bürüdü, hər halda tam laqeydlik hiss etmədim. Və mən danışıb qurtarandan sonra, səhərki: «Bəlkə, qayğanaq yemək istərdin?» sualını nəzərə almasaq, ilk dəfə mənə müraciət etdi. Soruşdu ki, doğrudanmı otaqda mənə stul lazım deyil? Tələm-tələsik cavabını verdim: «Non, non, merci madame». Başa saldım ki, mən həmişə həsirin birini divara çəkib, ona söykənirəm və bu yolla belimi düz saxlamağa özümü vərdiş etdirirəm, bunun mənə xeyri var. Belimin necə donqar olduğunu nümayiş etdirmək üçün hətta ayağa da qalxdım.

Nahardan sonra, Yoşotolar hansısa, ola bilsin, çox maraqlı bir məsələni yaponca müzakirə etməyə başlayanda, üzr istəyib stoldan qalxdım. Müsyö Yoşoto mənə elə baxdı ki, elə bil mənim bura, onların mətbəxinə necə gəlib düşdüyümü heç cür anlaya bilmirdi, ancaq razılıq əlaməti olaraq başını tərpətdi və mən iti addımlarla dəhlizdən keçib öz otağıma getdim. İşıqları yandırıb, qapını örtdüm. Əvvəl cibimdəki karandaşları, sonra pencəyimi çıxartdım, İrma bacının zərfini əlimdən buraxmadan köynəyimin yaxasını açıb döşəməyə, həsirin üstünə çökdüm. Lazım olan hər şeyi yerə sərib, düz saat beşə qədər işlədim, yəni İrma bacıya öz bədii axtarışlarında, mənim qənaətimə görə ehtiyac duyduğu hər köməyi göstərməyə çalışdım.

Əvvəlcə karandaşla on-on iki dənə eskiz çəkdim. Kağız üçün müəllimlər otağına getmək istəmədiyimdən, məktub yazmaq üçün özümlə götürdüyüm adi kağızların hər iki üzünə çəkirdim. Bunları qurtarıb uzun, upuzun bir məktub yazdım.

Əsəb xəstəliyinə mübtəla olmuş sağsağanlardan da betər bir pis adətim var: ömrüm boyu hər cür zir-zibili yığıb saxlamışam. Və 1939-cu ilin o iyun gecəsi İrma bacıya yazdığım həmin məktubun son qaralaması da bu günə kimi məndə durur. O məktubu bütövlükdə də bura köçürə bilərdim, ancaq bunu artıq sayıram. Bir xeyli səhifəni (səhifələr doğrudan da çox idi), elə mən onun başlıca rəsmində, xüsusilə də rəng seçimi baxımından buraxdığı xırda qüsurların təhlilinə həsr etmişdim. Sonra bir rəssam kimi ona lazım ola biləcək bütün ləvazimatların, təqribi qiymətlərini də göstərməklə, adlarını sadalamışdım. Duqlas Bantinqin kim olduğunu soruşmuşdum. Soruşmuşdum ki, onun əsərlərinə harada baxa bilərəm. Soruşmuşdum ki, (bunun uzaqgörən siyasət olduğunu yaxşı bilirdim) o, Antonello da Messinin əsərlərinin reproduksiyalarını görübmü? Xahiş etmişdim ki: «Üzr istəyirəm, yazın görüm neçə yaşınız var və əgər siz bunu mənə xəbər versəniz, inanın ki, o məlumatı mən hökmən sirr kimi saxlayacağam». İzah etmişdim ki, bunu bilmək istəməyimin bircə səbəbi var: o da budur ki, onda hansı tədris metodunun daha səmərəli olduğunu müəyyənləşdirmək mənim üçün daha asan olar. Elə buradaca, nəfəs dərmədən soruşurdum ki, o monastırda qonaq qəbul etməyə icazə verirlərmi?

Elə bilirəm ki, bu məktubun son sətirlərini, daha doğrusu son kubmetrlərini sözbəsöz, nə sintaksisinə, nə də nöqtə-vergülünə əl vurmadan, olduğu kimi buraya köçürmək daha düzgün olardı.

«...Əgər siz fransızca bilirsinizsə, xahiş edirəm bunu mənə bildirəsiniz, çünki gəncliyimin çox hissəsini Fransada, Parisdə yaşadığımdan, şəxsən mən öz fikirlərimi bu dildə daha dəqiq ifadə edə bilirəm.

Yəqin ki, sizi ən çox maraqlandıran şey «adamların qaçan halda» rəsmini çəkməyi öyrənmək və nəhayətdə bu rəsmin texnikasını monastırda öz şagirdlərinizə öyrətməkdir. Bu məqsədlə Sizə bir neçə eskiz göndərirəm, bəlkə, karınıza gəldi. Özünüz də görəcəksiniz ki, onlar tələm-tələsik işlənib, kamillikdən çox uzaqdır və təqlid edilməyə layiq deyil. Ancaq ümidvaram ki, o eskizlərdə sizi maraqlandıran əsas fəndləri görə biləcəksiniz. Deyəsən, bizim kursların direktoru tədris zamanı heç bir sistemə riayət etmir. Bədbəxtlikdən, məhz belədir. Sizin uğurlarınız məni heyran qoyub, siz çox irəli getmisiniz, amma mən heç təsəvvürümə belə gətirmirəm ki, bu direktor məndən nə istəyir və əqli inkişaf cəhətdən çox geridə qalmış və mənim fikrimcə, tamamilə küt olan o biri şagirdlərlə necə davranım.

Çox təəssüf ki, mən aqnostikəm. Lakin müqəd- dəs Assizli Fransiskin (məlum şeydir ki, yalnız nəzəri cəhətdən) pərəstişkarıyam. Yeri gəlmişkən, sizə dəqiq məlumdurmu ki, məhz o, Assizli Fransisk gözlərini qızarmış şişlə oyub çıxarmaq istədikləri vaxt nə deyib? Bax bunu: «Qardaşım Od, Allah sənə, insanların xeyri naminə gözəllik və qüdrət verib, sənə yalvarıram: mənə rəhm elə!» Sizin rəsmlərinizdə onun bu sözlərini xatırladan nə isə çox yaxşı bir cəhət var, hər halda mənə belə gəlir. Yeri gəlmişkən, deyin görək, ön planda mavi libaslı o cavan xanım Mariya Maqdalina deyilmi? Söhbət elə indicə haqqında danışdığımız rəsmdən gedir. Əgər o deyilsə, deməli, mən tamam yanılmışam. Bir də ki, bu cür yanılmaq mənim köhnə xasiyyətimdir.

Ümidvaram ki, bu kurslarda təhsil aldığınız müddətdə məni tamamilə öz ixtiyarınızda biləcəksiniz. Açığını deyim ki, sizi qeyri-adi istedada malik bir adam hesab edirəm və əgər lap yaxın gələcəkdə böyük bir rəssam kimi ad çıxarsanız, buna heç cür təəccüblənmərəm. Elə bu səbəbə görə də sizdən ön plandakı, mavi libaslı o cavan xanımın Mariya Maqdalina olub-olmadığını soruşuram, çünki əgər belədirsə, onda qorxuram həmin personajda sizin dini əqidənizdən daha çox, anadangəlmə istedadınız öz ifadəsini tapmış olsun. Ancaq mənim zənnimcə, bu- rada elə bir qorxulu şey yoxdur.

Mənim bu məktubumu sağ və salamat alacağı- nıza səmimi-qəlbdən ümidvaram. Hörmətlə, sizin (burda imza gəlirdi)

Jan de Domye-Smit

«Dahi rəssamların pərəstişkarları» kurslarının müəllimi

P.S.: Az qaldı yadımdan çıxsın: sizi xəbərdar etməliyəm ki, dinləyicilər öz işlərini hökmən iki həftədən bir, özü də yalnız birinci günlər məktəbə göndərməlidirlər. İlk tapşırıq kimi, xahiş edirəm, na- turadan bir neçə eskiz çəkəsiniz. Fırçanı əlinizdə sər- bəst tutun, heç bir gərginliyə yol verməyin. Əlbəttə, o monastırda sizə bu sənətlə müstəqil məşğul olmaq üçün nə qədər vaxt ayırdıqlarını mən bilmirəm və xahiş edirəm, bu barədə də mənə məlumat verəsi- niz. Həmçinin yuxarıda adlarını sadaladığım o zə- ruri ləvazimatları da almağınızı xahiş edirəm, çünki mən istərdim ki, yağlı boya ilə işləməyə mümkün qədər tez başlayasınız. Bir qədər açıq danışdığım üçün gərək məni bağışlayasınız: mənə belə gəlir ki, siz ehtiraslı, coşqun təbiətli bir adamsınız və siz sulu boya ilə deyil, yağlı boya ilə işləməyə keçməlisiniz. Mən bunu məcazi mənada deyirəm və heç də sizi incitmək niyyətində deyiləm, əksinə, bunu sizin üçün tərif hesab edirəm. Bir də ki, xahiş edirəm, öz əvvəlki işlərinizin hamısını – hansı qalıbsa – mənə göndərəsiniz, onları tezliklə görmək arzusu ilə yaşayıram. Sizin cavab məktubunuzu alanacan, günlərin mənim üçün necə ağır ötəcəyini dilimə gətirməyi artıq hesab edirəm.

Əgər bu elə bir böyük cəsarət sayılmazsa, sizdən bir şey də soruşardım: monastır həyatı sizi təmin edirmi? Əlbəttə, təmiz mənəvi cəhətdən. Açığını deyim ki, sırf elmi baxımdan dinlərin çoxu ilə maraqlanmışam, başlıcası da onları Harvardda nəşr olunmuş «Klassik əsərlər»in 36, 44 və 45-ci cildlərinə əsasən öyrənmişəm, ola bilsin ki, bunlar sizə də tanışdır. Amma hamıdan çox Martin Lüterə xüsusi rəğbətim var, hərçənd o, protestant idi. Üzr istəyirəm, məndən inciməyin. Mən heç bir dini etiqadı müdafiə etmək fikrində deyiləm, bu mənim xarakterimə ziddir. Məktubun sonunda bir daha xahiş edirəm: qəbul saatını bildirməyi unutmayın, belə ki, həftə sonları mən həmişə bekaram və şənbə günlərinin birində təsadüfən sizin tərəflərə gəlib çıxa bilərəm. Xahiş edirəm, fransızca bilib-bilmədiyinizi də yazmağı unutmayın, çünki bütün cəhdlərimə baxmayaraq, ingiliscə söz tapmaqda çox çətinlik çəkirəm, axı mən qeyri-mütəmadi və açığını desəm, pis tərbiyə almışam».

Gecə saat dördün yarısında küçəyə çıxıb, İrma bacıya yazdığım məktubu rəsmlərlə birlikdə poçt qutusuna saldım. Sonra evə qayıdıb, sözün əsil mənasında sevincdən ağlımı itirmiş halda, barmaqlarım titrəyə-titrəyə soyunub, çarpayıya sərildim.

Yuxu məni təzəcə aparmışdı ki, arakəsmənin o tayından, Yoşotoların yataq otağından yenə inilti səsi eşitdim. Təsəvvürümə gətirdim ki, səhər tezdəndir: onların hər ikisi mənə yaxınlaşıb xahiş edirlər, yox, yox, yalvarırlar ki, onların bu ağır, mübhəm dərdlərinə axıracan – ən xırda, ən dəhşətli təfərrüatınacan qulaq asım. Bunun necə olacağını aydın təsəvvür edirdim: mətbəx stolunda aralarında oturub, növbə ilə hər ikisini dinləyəcəm. Başımı əllərim arasına alıb onlara qulaq asacaq, asacaq, asacağam, ta səbrim tükənənəcən. Və səbrim tükənəndə əlimi madam Yoşotonun boğazına salıb ürəyini çıxaracaq, onu ovcumda quş kimi isidəcəyəm. Onlar sakitləşəndə isə İrma bacının rəsmlərini onlara göstərəcəyəm və onlar da sevincimə şərik olacaqlar.

Adətən aşkar həqiqətlər çox gec dərk edilir, ancaq mən dərhal anladım ki, xoşbəxtliklə sevinc arasındakı əsas fərq xoşbəxtliyin bərk cisim, sevincin isə maye olmağındadır. Aşıb-daşan sevinc hissim elə səhər tezdən, müsyö Yoşoto təzə şagirdlərdən gələn iki zərfi stolumun üstünə qoyanda axıb getməyə başladı. Həmin anda mən dinməzcə, qərəz və qəzəbdən uzaq Bembi Kremerin rəsmi üzərində işləyirdim, çünki bilirdim ki, İrma bacıya yazdığım məktub artıq yoldadır. Ancaq belə bir eybəcər hadisə və Bembi ilə R.Hovard Ricfilddən də istedadsız iki nəfərlə qarşılaşacağımı ağlıma da gətirmirdim. Bütün xeyirxah məramlarımın necə buxarlandığını hiss edib, bir siqaret yandırdım, bu mənim bura gəldiyim gündən bəri müəllimlər otağında çəkdiyim ilk siqaret idi. Siqaret kömək elədi, yenidən Bembinin rəsmi ilə məşğul olmağa başladım. Ancaq heç üç-dörd qullab almamışdım ki, müsyö Yoşotonun arxadan mənə baxdığını hiss etdim. Və sanki bunun təsdiqi kimi, onun stulu necə yana çəkdiyini eşitdim. Mənə yaxınlaşanda ayağa qalxdım. Son dərəcə ikrahedici bir pıçıltı ilə mənə başa saldı ki, şəxsən o, siqaret çəkməyin əleyhinə deyil, amma neyləyəsən, mövcud məktəb qaydalarına görə, müəllimlər otağında siqaret çəkmək qadağandır. Mənim üzr istəmək üçün yağdırdığım sözləri əli ilə ərkyana dayandırdı və öz yerinə, madam Yoşotonun yanına qayıtdı. Dəhşət məni bürümüşdü: oturub fikirləşirdim ki, İrma bacıdan məktub alanacan, yəni gələn birinci günəcən mən bu on üç günə necə eləyim ki, tab gətirə bilim və tamamilə dəli olmayım.

Bu hadisə ikinci gün səhər tezdən olmuşdu. Həmin günün qalan hissəsini və eləcə də sonrakı iki günü gərgin bir iş başladım. Bembi Kremerin və R.Hovard Ricfildin bütün əsərlərini, necə deyərlər, kökündən darmadağın edib, bəzi hissələrini dəyişməklə yenidən işləməli oldum. Hər ikisinə normal adam üçün təhqiramiz, rəssamlıq baxımından isə xeyli sərfəli on-on iki tapşırıq hazırladım. Onlara ətraflı məktub yazdım. R. Hovard Ricfildə anlatmağa çalışdım ki, bir müddətə karikatura ilə məşğul olmaqdan imtina etsin. Mümkün qədər nəzakətlə Bembidən xahiş etdim ki, «Onların günahını özlərinə bağışla» kimi başlıqlı rəsmlər göndərməkdən, mümkünsə, heç olmasa müvəqqəti əl çəksin. Dördüncü gün səhər tezdən isə son dərəcə əsəbi halda yeni şagirdlərdən biri, Meyn ştatının Banqor şəhərindən olan amerikalı ilə məşğul oldum. O, sadəlövh adam uzunçuluğu ilə anketində yazırdı ki, ən çox sevdiyi rəssam elə özüdür. Özünü isə realist-abstraksionist adlandırırdı.

İşdən sonrakı vaxtlarımı isə belə keçirtdim: ikinci gün axşam avtobusla Monrealın mərkəzinə gedib, üçüncü dərəcəli kinoteatrda bütöv multiplikasiya proqramına (multfilm festivalı gedirdi) baxdım. Burada isə məni əsasən, siçanlar ordusunun şampan tıxacları ilə bombardmana tutduğu pişiklərin yallı rəqsindən ləzzət almağa məcbur etdilər. Çərşənbə günü axşam öz otağımdakı həsirlərin hamısını götürüb bir-birinin üstünə yığdım və yaddaşımın köməyi ilə İrma bacının «İsanın dəfni» rəsminin surətini çıxarmağa başladım.

Dördüncü günün axşamını qəribə, hətta məşum bir axşam adlandırmaqdan özümü güclə saxlayıram, amma düzü, o axşamı təsvir etmək üçün, sadəcə olaraq, söz tapmıram. Nahardan sonra evdən çıxdım, üz tutub getdim, ayağım hara, başım ora, kinoyamı, yoxsa elə-belə gəzməyəmi – yadımda deyil. 1939-cu ilə aid gündəliyim isə bu dəfə karıma gəlmədi: həmin günün səhifəsi eləcə boş qalmışdı.

Niyə boş qalıb, özüm bilirəm. Haradasa günümü keçirəndən sonra evə qayıdanda – yaxşı yadımdadır, hava qaralmışdı – məktəbin önündə səkidə dayanıb, ortoped emalatxanasının işıqlı vitrininə nəzər saldım. Və qorxudan az qaldı bağrım çatlasın. Birdən məni belə bir qorxunc fikir çulğadı ki, nə qədər dinc, ağıllı və nəcib yaşamağa çalışsam da, dəxli yoxdur, ölən günəcən, əbədi olaraq burada – ucuz yırtıq bandajına bürünmüş kor, gözsüz taxta Bütün – manekenin hökmranlıq etdiyi və yalnız üzü kaşılı nəcis dibçəkləri və xəstə ləyənləri bitirən bir bağda qərib kimi avaralanmağa məhkumam. Dözülməz hal idi, yaxşı ki, bircə an davam etdi. Yadımdadır, dərhal pilləkənlərlə öz otağıma götürüldüm, əynimdəkiləri cəld soyunub, özümü yatağa soxdum, gündəlik yazmaq heç yadıma da düşmədi.

Ancaq yata bilmədim, qızdırma canımı almışdı. Qonşu otaqdan gələn iniltilərə qulaq asır, özümü ən yaxşı şagirdim barədə düşünməyə məcbur edirdim. Monastıra, onun yanına getməyimi təsəvvürümə gətirməyə çalışırdım. Budur, o, hündür qəfəsvari hasarın önünə, məni qarşılamağa çıxır. On səkkiz yaşında utancaq, qəşəng bir qızdır, hələ heç saçları da qırxılmayıb, hələ o öz sevgilisi ilə, Pyer Abelyara oxşayan bu oğlanla adi həyata qayıtmaqda azad və ixtiyar sahibidir. Budur, biz yavaş-yavaş, lal-dinməz monastırın yaşıl bağının içərilərinə doğru addımlayırıq və orada dəlicəsinə, təmiz ürəklə onun belini qucaqlayıram. Bu xəyali səhnəni göz önündə tutub saxlamaq çox çətin idi, onun uçub buxarlanmasına mane olmayıb, nəhayət, yuxuya getdim.

Cümə günü səhərdən axşamacan katorqaya məhkum olunmuş adam kimi, karandaş və kalkanın köməyi ilə Meyn ştatı, Banqor şəhərinin vətəndaşı olan şagirdimin əla qırmızı velen kağızda insafla təsvir etdiyi fallik simvollar meşəsini birtəhər ağaclara oxşatmaq üçün möhkəm işlədim. Beşin yarısınacan zehnən, ruhən və cismən yorulub elə kütləşdim ki, müsyö Yoşoto bir anlığa mənim stoluma yaxınlaşanda ayağa güclə qalxdım. O mənə bir zərf uzatdı, elə laqeydcəsinə ki, elə bil, ofisiant müştəriyə menyu uzadır. İrma bacının yaşadığı monastırın baş xadiməsinin məktubu idi, müsyö Yoşotonun hüzuruna çatdırırdı ki, Zimmerman ata ondan asılı olmayan səbəblərə görə öz qərarını dəyişməyə məc- burdur və İrma bacıya «Dahi rəssamların pərəstişkarları» kurslarında məşğul olmağa icazə verə bilməz. Məktubda bu məsələnin kursların müdiriyyəti üçün hər hansı bir çətinlik və ya xoşagəlməz bir hal doğuracağı təqdirdə bəri başdan dərindən təəssüfləndiklərini və eyni zamanda, ilkin tədris haqqı kimi ödənilmiş on dörd dolların monastıra qaytarılacağına da səmimi-qəlbdən ümid etdiklərini bildirirdilər.

Mən həmişə belə bilmişəm ki, atəşfəşanlıq qığılcımından od tutub alışan və dərhal da taytıya-taytıya harasa götürülən siçanın ağlına gələn ilk şey əlinə keçən pişiyi boğub öldürməkdir. Baş xadimənin bu məktubunu dönə-dönə oxuyub, uzun müddət gözlərimi ondan çəkə bilmirdim. Birdən bu xəyaldan ayılıb, qalan şagirdlərimin hamısına – dördünə də birnəfəsə məktub yazdım, onlara məsləhət gördüm ki, rəssam olmaq fikrindən həmişəlik imtina etsinlər. Hər birinə ayrıca yazdım ki, bu həm özlərinin, həm də müəllimlərin qızıl kimi vaxtını havayı sərf etməkdən başqa bir şey deyil. Məktubların hamısını fransızca yazmışdım. Qurtaran kimi küçəyə çıxıb, onları poçt qutusuna saldım. Hərçənd, bundan doğan məmnunluq hissi çox davam etmədi, amma həmin dəqiqələrdə özümü çox-çox rahat hiss etdim.

Təntənəli şəkildə mətbəxə qalxmaq vaxtı çatanda xahiş etdim ki, məni bağışlasınlar. Dedim ki, özümü bir az pis hiss edirəm. (O vaxt, 1939-cu ildə danışdığım yalanlar dediyim həqiqətlərdən daha inandırıcı idi və özümü bir az pis hiss edirəm deyəndə müsyö Yoşotonun mənə necə şübhəli nəzərlərlə baxdığını aydın gördüm.) Otağıma qalxıb, döşəməyə oturdum. Siqaret çəkmədən, pencəyimi çıxarmadan, qalstukumu açmadan, gözlərimi pəncərə pərdəsinin işıq düşən yarığına zilləyib, düz bir saatdan çox beləcə oturub qaldım. Sonra birdən yerimdən sıçrayıb, kağız götürdüm və İrma bacıya, özü də yazı stolunda deyil, birbaşa döşəmənin üstündə ikinci məktubumu yazdım. Ancaq o məktubu ona göndərmədim. Aşağıda onun bütöv surətini sizə təqdim edirəm:

«Monreal, Kanada.

28 iyun 1939-cu il. Əzizim İrma bacı!

Doğrudanmı mən son məktubumda özüm də bilmədən sizə nə isə qanqaraldan və ya nəzakətsiz bir şey yazmışam və bu səbəbdən Zimmerman atanın diqqətini cəlb etmiş və sizi pis vəziyyətdə qoymuşam? Əgər belədirsə, bir daha cəsarət edib sizin təkcə müəlliminiz deyil, həm də yaxın dostunuz olmaq arzumu bildirmək üçün dediyim sözlərə görə, heç olmasa, üzr istəməyə imkan verməyinizi xahiş edirəm. Bəlkə, bu xahişim heç yerinə düşmür? Məncə elə deyil.

Sizə tam həqiqəti deyim: bu sənətin, heç olmasa, adi, elementar əsaslarına yiyələnmədən, siz, olsa-olsa, maraqlı bir rəssam olaraq qala bilərsiniz, lakin heç vaxt dahi sənətkar xislətinə yüksələ bilməyəcəksiniz. Bunu ağlıma gətirmək belə mənim üçün dəhşətdir. Dərk edirsinizmi bu nə qədər ciddi şeydir?

Ola bilsin, Zimmerman ata sizi məşğələlərdən imtina etməyə bu məqsədlə məcbur edib ki, o sizə möminlik borcunuzu yerinə yetirməkdə mane olur. Əgər belədirsə, onda deməliyəm ki, o çox tələsik və yanlış qərar çıxarıb. İncəsənət sizin rahibəlik həyatı sürməyinizə heç cür mane ola bilməz. Mən özüm günahkar bəndə olsam da, rahib kimi yaşayıram. Rəsam üçün ən pis şey – tam xoşbəxtliyin nə olduğunu heç vaxt dərk etməməkdir. Ancaq mən əminəm ki, bunda elə bir faciə yoxdur. Uzun illər bundan qabaq, on yeddi yaşım olanda ömrümün ən xoşbəxt gününü yaşamışam. Səhər naharı zamanı anamla görüşməliydim. Həmin gün uzun xəstəlikdən sonra o, ilk dəfə idi küçəyə çıxırdı. Parisin Viktor Hüqo küçəsindən keçərkən birdən özümü tamamilə xoşbəxt hiss etdim, heç bir burun əlaməti olmayan bir nəfərlə qarşılaşmışdım. Acizanə xahiş edirəm, yox, sizə yalvarıram: bu hadisə barədə yaxşı-yaxşı fikirləşin. Bunda çox dərin bir məna gizlənib.

Bəlkə, Zimmerman ata sizi təhsilinizi yarımçıq kəsməyə ona görə məcbur edib ki, təhsil haqqını ödəməyə imkanı yoxdur. Belə olsaydı, çox şad olardım: yalnız ona görə yox ki, onda günah mənim üstümdən götürülür, həm də ona görə ki, həqiqətən belə olduğu təqdirdə, mən öz yardım əlimi istədiyiniz vaxta qədər sizə uzatmağa hazıram, bunun üçün sizin tək bir sözünüz kifayətdir. Bu məsələni müzakirə etmək olmazmı? İcazə verin sizdən bir də soruşum: monastıra kənar adamlar hansı günlər və hansı saatlarda buraxılır? Üzümüzə gələn şənbə günü, iyulun altısında, Monrealdan Torontoya gedən qatarların hərəkət cədvəlindən asılı olaraq, saat üçlə beş arasında sizinlə görüşə gəlməyə icazə verərsinizmi? Çox böyük səbirsizliklə cavabınızı gözləyirəm.

Sizə dərin hörmət bəsləyən səmimi dostunuz

(imza)

Jan de Domye-Smit,

«Dahi rəssamların pərəstişkarları» kurslarının müəllimi.

P.S.: Keçən məktubumda sözarası sizdən soruş- muşdum ki, o ön plandakı, mavi libaslı cavan xanım böyük günah sahibi olan Mariya Maqdalina deyil- mi? Əgər hələ mənə məktub yazmamısınızsa, xahiş edirəm, bu sualıma cavab verməkdən çəkinin. Ola bilsin, səhv eləmişəm, amma həyatımın bu dövrün- də daha bir məyusluqla üzləşmək istəməzdim. On- dansa, bunu bilməsəm yaxşıdır».

O vaxt, «Dahi rəssamların pərəstişkarları» kurslarına yola düşərkən özümlə smokinq götürməyimi, hətta indi də, neçə ildən sonra belə xatırlayanda peşmançılıq çəkirəm. Ancaq neyləyəsən, götürmüşdüm və İrma bacıya yazdığım məktubu qurtarandan sonra onu geyindim. Hadisələr elə cərəyan edirdi ki, bunun axırı hökmən möhkəm sərxoş olmağa gedib çıxmalıydı, lakin mən hələ ömrümdə möhkəm içmədiyimdən (qorxurdum ki, o üç birinci mükafata layiq görülmüş həmin gözəl əsərləri yaradan əlim sərxoşluqdan əsər, fırça tuta bilməz və s), indi, bu qədər faciəvi bir vəziyyətdə bayram kostyumumu geyinməyi lazım bildim.

Yoşotolar, ər-arvad mətbəxdə nahar edənəcən, xəlvətcə aşağı, telefon olan yerə düşüb, «Uindzor» mehmanxanasına zəng vurdum: Nyu-Yorkdan çıxmazdan qabaq onu mənə Bobbinin dostu missis İks məsləhət görmüşdü. Axşam saat səkkizə bir adamlıq stol sifariş verdim.

Saat səkkizin yarısında yaxşıca geyinmiş və daranmış halda otaqdan başımı bayıra çıxarıb baxdım, görüm Yoşotolar məni pusmur ki? Özüm də bilmirəm niyə, heç istəmirdim ki, onlar məni bu smokinqdə görsünlər. Ancaq dəhlizdə heç kəs yox idi, sürətlə küçəyə çıxıb, taksi axtarmağa başladım. İrma bacıya yazdığım məktub döş cibimdə idi. Nahar zamanı, həm də şam işığında onu bir də oxumaq istəyirdim.

Piyada neçə məhəllə keçsəm də, küçədə nəinki bir boş maşın, ümumiyyətlə, heç taksiyə də rast gəlmədim. Elə bil cərgələrin arası ilə gedirdim. Mon- realın Verden ətrafı heç də kübar rayon deyildi və əmin idim ki, yoldan ötən hər kəs ardımca dönüb nifrətlə məni süzür. Nəhayət, birinci gün dörd dənə isti-isti «koni-aylend» kolbasası alıb yediyim bara çatanda, «Uindzor»dakı sifarişimdən vaz keçməyi qərara aldım. Bara girib lap uzaq küncdə əyləşdim və sol əlimlə qara qalstukumu örtərək, sup, rulet və qara qəhvə sifariş etdim. Ümid edirdim ki, o biri müştərilər məni işə tələsən ofisiant hesab edəcəklər.

İkinci qəhvə fincanını içməyə başlayanda İrma bacıya yazdığım məktubu çıxarıb təzədən oxudum. Onun ümumi ruhu mənə inandırıcı görünmədi və qərara aldım ki, tezliklə evə qayıdıb, üstündə bir balaca işləyim. İrma bacıyla görüşə getmək planı barədə də düşündüm, hətta az qaldım, elə bu gecə bilet almaq fikrinə düşəm. Düzü, halımı azacıq da olsa yaxşılaşdırmayan bu fikirlərlə bardan çıxıb, iti addımlarla evə tələsdim.

On beş dəqiqədən sonra başıma ağlasığmaz bir iş gəldi. Bilirəm, bütün əlamətlərinə görə, bu əhvalat açıq-aşkar qondarma, uydurma bir şeyə oxşayır, amma bu olmuş əhvalatdır. Söhbət, o günü bir anlığa yaşadığım və bu günə qədər də mənim üçün tamamilə anlaşılmaz qalan qəribə bir sarsıntıdan getsə də, istərdim ki, bu hadisəni təsvir edərkən mümkün qədər hər cür mistikadan, onun ən xırda əlamətlərindən belə uzaq olum. (Əks təqdirdə, mənə elə gəlir ki, bu, müqəddəs Fransiskin ilahi kəlamları ilə cüzamlı xəstələri ancaq bazar günləri öpən riyakar və əsəbi bir qadının saxta dini vəcdləri arasında guya yalnız kəmiyyət baxımından fərq olduğunu düşünmək və ya təsdiq etmək kimi bir şey olardı.)

Saat doqquz olardı, artıq hava qaralmışdı, evə çatanda ortoped emalatxanasının pəncərəsində işığın yandığını gördüm. Vitrində canlı bir adam görüb qorxdum: əynində yaşıl-sarı-noxudu rəngli don olan otuz yaşlarında dolu bir qadın idi, taxta manekenin bandajını dəyişirdi. Mən vitrinə yaxınlaşanda, görünür, o, köhnə bandajı təzəcə çıxarmışdı: qoltuğundan sallanırdı. Yanı üstə mənə tərəf dayanmışdı, bir əli ilə təzə bandajı manekenə bağlayırdı. Dayanıb gözümü ondan çəkə bilmirdim, birdən ona baxdığımı hiss edib, məni gördü. Cəld üzünə gülümsündüm, bildirmək istədim ki, şüşənin bu tərəfində dayanan və qaranlıqda ona tamaşa edən bu smokinqli adam ona düşmən deyil, ancaq bunun köməyi olmadı. Qız hədsiz dərəcədə qorxuya düşdü. Qıpqırmızı qızarıb, köhnə bandajı əlindən saldı, üzü kaşılı qab yığınına ilişib yerə yıxıldı. Cəld əlimi kömək üçün ona doğru uzatdım, barmaqlarım şüşəyə dəyib əzildi. Bərk, özü də konki sürənlər kimi arxası üstə yıxılmışdı, amma dərhal, mənə tərəf baxmadan sıçrayıb ayağa qalxdı. Qıpqırmızı qızarmış halda, ovcunun içi ilə sifətinə tökülmüş saçlarını geri atıb, yenidən bandajı manekenə bağlamağa başladı. Həmin iş də bax bu anda baş verdi. Qəflətən (bunu heç bir şişirtməyə yol vermədən danışmağa çalışıram) nəhəng bir günəş parladı və saniyədə doxsan üç milyon mil sürətlə düz burnumun üstünə tərəf uçdu. Gözlərim qamaşmış və bərk qorxmuş halda, yıxılmamaq üçün vitrinə söykəndim. Bu gözqamaşdırıcı parıltı bir neçə saniyə çəkdi. O ötüşəndən sonra gözlərimi açdım: qız artıq yox olmuşdu və vitrində bəşəriyyətin rifahı naminə, yalnız zərif, parlaq kaşılı sanitariya ləvazimatlarından ibarət bir mənzərə açılmışdı.

Dalı-dalı geri çəkilib vitrindən uzaqlaşdım, dizlərimin əsməcəsi kəsənəcən məhəlləni iki dəfə dövrə vurdum. Sonra vitrinə tərəf baxmağa belə cürət etmədən yuxarı, öz otağıma qalxıb, çarpayıya sərildim. Bir müddət keçəndən sonra (bilmirəm neçə dəqiqəmi, neçə saatmı keçmişdi) gündəliyimə bu sözləri yazdım: «İrma bacını azadlığa buraxıram, qoy öz yolu ilə getsin. Biz hamımız rahibəyik».

Yatmazdan qabaq, lap bu yaxında kurslardan xaric etdiyim şagirdlərin dördünə də məktub yazdım. Yazdım ki, müdiriyyət səhvə yol verib. Məktublar yağ kimi, öz-özünə yazılırdı. Bəlkə də, ona görə ki, onları yazmağa başlamazdan əvvəl aşağıdan stul gətirmişdim.

Nə qədər maraqsız görünsə də, axırda xatırlatmalıyam ki, «Dahi rəssamların pərəstişkarları» kursları heç bir həftə keçməmiş bağlandı, belə ki, onun fəaliyyəti üçün müvafiq icazə (daha doğrusu heç bir icazə) alınmayıbmış. Şeylərimi yığışdırıb Rod-Aylendə, atalığımın yanına yollandım, iki aya- can – Nyu-York bədaye məktəbində dərslər başlanana kimi orada qalıb, yay vəhşiciklərinin ən maraqlı növü olan şort geyinmiş amerikan qızlarını öyrənməklə məşğul oldum.

Yaxşı elədimmi, pis elədimmi, bir daha İrma bacı ilə görüşməyə can atmadım.

Lakin hərdənbir Bembi Kremerdən xəbər tuturam. Axırıncı dəfə yazmışdı ki, indi də yeni il açıqcaları çəkməklə məşğul olmağa başlayıb. Əgər istedadı hələ kütləşməyibsə, onda, güman ki, onlara tamaşa etməyə dəyər.

Banan balığının asan ovlanan günü-DOQQUZ HEKAYƏNİN BİRİNCİSİ

Topal dovşanın Konnektikut səfəri – DOQQUZ HEKAYƏNİN İKİNCİSİ

Eskimoslarla müharibədən azca qabaq - DOQQUZ HEKAYƏNİN ÜÇÜNCÜSÜ

“Gülən adam” – DOQQUZ HEKAYƏDƏN DÖRDÜNCÜSÜ

“Qayıqda” – DOQQUZ HEKAYƏDƏN BEŞİNCİSİ

Esmeyə - həm sevdalı, həm də murdar - DOQQUZ HEKAYƏDƏN ALTINCISI

Pənbə göyçək dodaqlar və o yaşılı gözlər –DOQQUZ HEKAYƏDƏN YEDDİNCİSİ

# 2076 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #