Kəramət Böyükçöl: “Atamın çoxlu bayağı şeiri var” - MÜSAHİBƏ

Kəramət Böyükçöl: “Atamın çoxlu bayağı şeiri var” - <span style="color:red;">MÜSAHİBƏ
21 sentyabr 2015
# 13:55

Kulis Mirmehdi Ağaoğlunun Kəramət Böyükçöllə müsahibəsini təqdim edir.

- Kəramət, telefonda müsahibəyə çağıranda dedin ki, müsahibəni yığandan sonra baxacamsa gəlirəm. Yadıma bilirsən nə düşdü? Seymur Baycanla söhbətin çıxandan sonra Seymur şikayətləndi ki, müsahibəni dəyişmisən. Buna görə də onu təzədən öz saytlarında verdilər. Nə məsələ idi?

- Deyəsən, o müsahibədə Seymur Pərviz Cəbrayılı tənqid eləmişdi. Daha doğrusu, Pərvizin tənqidi Seymurdan çox mənim sualımda idi. Yəni zəmin yaratmışdım, o da mənim fikirlərimlə razılaşmışdı, sonra öz sözlərini də əlavə eləmişdi. Həmin ərəfədə kult.az-da baş redaktoru Aqşin idi. Aqşin müsahibəni saytdan sildi, həmin hissəni çıxarandan sonra yazı təzədən çap olundu. Seymur da buna görə müsahibəni kultura.az-da çap elədi. Qəribədir ki, Seymur mənim əvəzimə özünə əlavə suallar vermişdi. Dəqiq yadımdadır.

- Sual Pəvizin “Yad dildə”si barədə idi, yoxsa?

- Yox, deyəsən, Pərvizin ictimai-siyasi mövqeyindən danışmışdıq.

- Aydındı. Bəs Seymuru necə qiymətləndirirsən?

- Seymurun bir romanını oxumuşam. Çoxlu sayda biabırçı cümlə səhvləri var. Yazıçı belə səhvlər eləməz. Bir cümlədə beş dəfə eyni sözü işlədir, təkrar edir, çevir tatı-vur tatı... Amma bununla belə fikirləri aydındı, diridi. Hər halda Seymur istedadlı adamdı, amma mən onu daha çox publisist kimi tanıyıram.

- Bu yaxında kitab oxuyan, filmə baxan dostlarımızı ələ salmaq məqsədi ilə status yazmışdın. Nə demək istəyirsən, fikrin, mövqeyin nədi?

- Hə, mənim fikrimcə, yazıçının kitab oxuyub-oxumamağı intim məsələdir. Sənin hansısa kitabı oxuyub-oxumamağın mənim üçün maraqlı deyil. Çünki o kitab var və istənilən vaxt onu tapıb oxuya bilərəm. Bəs sən özün nə deyirsən, dərdin nədi? Kitab vasitəsilə yazıçı olmaq qaçaqmalçılıq kimi bir şeydir. Belə yazıçılardan Allahın xəbəri yoxdu. Buna görə də oxuduğu kitabları təbliğ edən adamlar məndə bir az qıcıq yaradır. Şübhəsiz ki, mənim də oxuyub-oxumadığım kitablar var. Mən jurnalistika ilə məşğul oluram. Müsahibə almaq, onu çıxarıb müsahibə yollamaq, təzədən redaktora vermək... Belə şeylər məni dəhşətli dərəcədə yorur. Ümumiyyətlə, jurnalist işlədiyim müddətdə kitab oxumağa vaxtım qalmır. Sadəcə, ayrı-ayrı vikipedik məlumatlara baxıram.

- Deməli, oxumursan?

- Oxumuram, bəli.

- Səncə, yaradıcı adam mütaliə ilə özünü inkişaf etdirməməlidirmi?

- Elətdirməlidir, mən səninlə razıyam. Amma oxuduğun kitablar sənin anadangəlmə yazıçı ruhunu zədələməməlidir. Kitab oxuyub yazıçı olmaq istəyən adamlara mən bic doğulmuş uşaq kimi baxıram. Təsəvvür elə, əsəri oxuyursan, hamıya oxşayır: Tolstoy, Dostoyevski, Kafka, Eko və s. Mənim nəzərimdə əsl yazıçı Allaha bənzəyir. Məsələn, Vaqif Bayatlının misralarında mən Allahı təsəvvür eləyə bilirəm. Amma Ramiz Rövşənin şeirlərinin Allahı yoxdu, Lorkası, Bodleri var. Çox nümunələr çəkmək olar.

- Bax, bizim ədəbiyyatımızda nə qədər adam istedadın gücünə ortaya çıxıb, yazıb, amma sonradan mütaliə etmədiyinə görə batıb gedib, qalmayıb. Tutalım, elə Çexov üslubunda da ilişib qalıb, ordan bəri keçə bilməyib.

- Məsələ burasındadır ki, mütaliəsi ilə qürurlanan adamlar da ortaya bir şey qoya bilməyiblər. Görünür, ortaya nəsə qoyub-qoymamaq istedad-mütaliə məsələsi deyil. Biz intellektual adını Ekonun üstünə şər kimi atmışıq. Əslində, Ekonu Eko eləyən onun böyük istedadıdır. İstedad ilahi bilikdir, ilahi savaddır. Yazıçının fikrində, danışdığı sözlərdə, hətta həyat tərzində də ilik olmalıdır. İlik – istedad olmasa mümkün deyil. Filologiya fakültəsində kitab oxuyan, amma ədəbiyyatla məşğul olmayan o qədər tələbələr var. Amma ilikləri yoxdur deyə, yazıçı ola bilmirlər. Ad çəkib detallarla danışmaq istəmirəm. Sadəcə, əminəm ki, o tələbələr özünə yazıçı deyənlərin əksəriyyətindən çox oxuyublar.

- Ad çəkmirsən deyə sənə cavab verə bilmirəm. Ad çəksən səninlə razılaşıb-razılaşmadığımı deyərəm.

- Mən onsuz da, kifayət qədər nifrət qazanmış adamam, ona görə də adlarla danışmaq istəmirəm. Məncə, nə demək istədiyimi yaxşı anlayırsan.

- Ad çək bunları da qat Bəxtiyar Vahabzadənin, Əhməd Cavadın gözünə də...

- Yox, başqa təəssürat yarana bilər, guya mən yetdiyimə yetib, yetmədiyimə daş atmaqla məşğulam. Belə deyil. Şərif Ağayarın “Xanım T” kitabındakı həyat lövhələri, faktura adamın üzünə sillə kimi açılır. O hekayətləri yazmaq üçün, həyatı o qədər dəqiq bilmək üçün ilahi biliyin olmalıdır. Təcrübə də göstərir ki, özünə intellektual deyənlər bu cür həyat detallarını görə bilmir. Əsəd Cahangir kitab oxumuş adamdı, bunu danmaq olmaz. Amma onun söhbətlərinə fikir vermişəm, heç vaxt kitabı, intellekti deyil, əsas fakt kimi istedadı önə çəkir. Bu, Əsəddə xoşuma gələn yeganə xüsusiyyətdir. Yaxud, keçən dəfə Qan Turalı ilə də söhbət edəndə Mövlud Süleymanlı haqqında demişdi ki, belə bir yazıçı tanımıram. Səndən soruşuram, Mirmehdi, Mövludun istedadını necə tanımamaq olar? Səni əmin edirəm, ədəbiyyat üçün Mövludun “Yel Əhmədin bəyliyi” hekayəsinin təkcə adı Turalın “Mustafa” romanından qat-qat əhəmiyyətlidir.

- Mövludun istedadı deyirsən... Keçən dəfəki söhbətin davamı kimi olmasın, özün bax. Bu qədər sorğu edirlər, kimlərdənsə münasibət öyrənirlər, bunların hansında Mövlud Süleymanlı var? Yoxdur. Və ya Mövlud son illərdə hansı tutarlı fikri ilə cəmiyyəti sirkələyib, hansı fikri cəmiyyətə təsir edir? Mənim yadıma gəlmir. Çünki Mövlud 80-lərin əvvəllərində istedadının gücünə nə yazıbsa odur, ondan sonra görünməyib. Özün də onu tanıyırsan, fövqəladə savadı yoxdur. Axırıncı yazdığı “Erməni adında hərflər” romanı da göz qabağındadır. Dünyaya təqdim eləsək bizə gülərlər. Bəs necə oldu istedad?

- Mövludla bağlı nəsə mübahisə eləmək olar, amma konkret Mövlud Süleymanlı adlı yazıçını tanımamaq məncə, günahdır.

- Son romanını oxumusan da.

- Bəli, Mövludun “Erməni adında hərflər” romanı istedad nümunəsi kimi yox, amma yazıçı mövqeyi kimi biabırçılıqdı.

- Yəni Mövlud nümunəsində biz görürük ki, təkcə istedadın inersiyası ilə çox qabağa getmək olmur.

- Mirmehdi, mən dəqiq bilirəm ki, oxumaqla yazıçı olmaq mümkün deyil. Mövlud istedadı ilə qabağa gedə bilməyibsə, deməli, bu cəmiyyətdə qabağa getmək mümkün deyil. Başqa bir fikrə heç kəs məni inandıra bilməz.

- Sən yazıçılığı fitrətə bağlayırsan.

- Bəli, birinci odur. Bayaq Turaldan danışdıq. Qan Turalının yaxşı yazıları var. Yadıma gəlir, onun Şopenhauer haqqında gözəl bir essesini oxumuşdum. Savadlı oğlandır. Amma iki əlimin ikisini də biləkdən kəsələr, yenə də onun nə vaxtsa yazıçı olacağına inanmaram. Çünki Turalda yazıçı aurası yoxdur. Tural haqqında ən yaxşı halda esseist kimi danışmaq olar. Məsələni Turalın üzərində ümumiləşdirsəm də, bu fikirləri bir çoxlarına aid etmək olar. Qəribədir ki, belə şeyləri başqaları da bilir, amma müəyyən münasibətlərə görə dilə gətirmək istəmirlər. Çünki bizdə bir adama istedadsız deyəndə elə bil pis söz deyirsən. İstedadsız olanda nolar ki... Nolsun, dədəmə istedadsız deyə bilmirəm, amma mənim anam da istedadsızdı, qardaşım da istedadsızdı, bacım da istedadsızdı, əmim, dayım, xalam, bibim, hamısı istedadsızdı... (gülür)

- Yeri gəlmişkən atan necə şairdi?

- Bax, tam səmimi deyirəm, atam çox istedadlı şairdir. Razılaşmadığım cəhətləri var, bu da onun ədəbi mövqeyi ilə bağlıdır. Məsələn, yazılarıma görə məni danlayır ki, niyə belə yazırsan, elə deyirsən, sənə görə üzümə söz gəlir və s. Halbuki Qəşəm sevinməlidir ki, onun oğlu gözüqıpıq, mağmın deyil, azad adamdı, fikirlərini mümkün qədər dilə gətirə bilir. Bu cür məsələlərdə ən azı atamdan yüz dəfə cəsarətliyəm. O, sevinməlidir ki, oğlu müti deyil. Atamın ən adi bir şeyə belə etirazı yoxdur. Etirazını ancaq evdə dilə gətirir.

- O, nə deyir, susmağımla səni böyüdüb bu yaşa çatdırmışam?

- Bəli, təxminən, bu cür danışır. Deyir, gəncsən, hələ ağzın gen yerdədir. Amma mən klassik ata tipi ilə qəti razı deyiləm. Məsələn, axırıncı müsahibəmdə Bəxtiyar Vahabzadə, Əhməd Cavad, Mikayıl Müşfiq, Sabir Rüstəmxanlı ilə bağlı fikirlərimi dilə gətirmişdim. Atam mənə deyir ki, Sabir Rüstəmxanlı ilə necə üz-üzə gələcəksən? Atam ədəbiyyatda bütün adamlara bu kontekstdə yanaşır: necə üz-üzə gələcəm, birdən filan yerdə işimi burarlar, qapımı bağlayarlar...

- Doğrudan, adamları tənqid edib sonra onlarla necə üz-üzə gələ bilirsən?

- Çox sadə. Əgər Sabir Rüstəmxanlı demokratik düşüncəli insandırsa, çox normal şəkildə həmişəki kimi görüşəcəyik, öpüşəcəyik, vəssalam. Qurtardı getdi.

- Rəşad Məcidlə indi münasibətin yaxşıdır.

- Yaxşıdır, əlbəttə.

- Amma bir dəfə möhkəm atışmışdınız.

- Vallah, bir çox nahaq işlər var ki, indi də Rəşad müəllimin əli ilə həyata keçirilir. Amma inanıram ki, Rəşad Məcidin hansısa bir xətdən kənara çıxmaq imkanı olsa, gücü çatsa, daha faydalı işlər görər.

- Bir dəfə radioda qonaq idiniz, dedin ki, AYB-nin problemi Rəşaddır, Rəşad Məcid getsə, AYB düzələr. Hətta buna görə savaşmışdınız.

- Bu, emosional bir fikirdir. Nəinki Rəşad Məcid, hətta Anar da getsə, AYB ədəbi siyasəti dəyişməyəcək və düzəlməyəcək.

- Kəramət, bax, Qəşəm Nəcəfzadə, bir də sənin tənqid elədiyin Bəxtiyar Vahabzadə, Əhməd Cavad, Mikayıl Müşfiq... Bunları müqayisə elə, hansı istedadlı, hansı zəifdir?

- Qəşəm Nəcəfzadə mənim atamdır deyə, onun haqqında fikirlərimi səmimi dilə gətirə bilmirəm. Alınmır, deyəcəklər ki, atasını tərifləyir. İstəmirəm bizim münasibətimiz Anar-Rəsul Rza münasibətinə dönsün. Hətta mən çox cidd-cəhdlə atamda nöqsanlar axtarıram ki, onu tənqid edim. Atamın o qədər bayağı şeirləri var. Amma o, ən bayağı şeirini də istedadla yazıb. Mikayıl Müşfiqi deyə bilmərəm, amma atam Bəxtiyar Vahabzadədən və Əhməd Cavaddan çox istedadlı şairdir. Buna adım kimi əminəm. Ümumiyyətlə, Qəşəm Nəcəfzadənin bir şair kimi problemləri nədən ibarətdir, deyim. Əvvəla, içki içmir. İçki də elə bir şeydir ki, adamları mehribanlaşdırır. Sən bu gün bir məclisdə içdiyin adam haqqında sabah mətbuatda pis danışa bilmirsən. Azərbaycan da balaca yerdir, hamı bir-biri ilə araq içib, çörək yeyib. Qəşəm də içmir, məhz içmədiyinə görə adamlarla ünsiyyəti alınmır.

- Sən də içib dava salmısan həmişə. Hansı dava haqqında eşitmişəmsə onun bir tərəfi sən olmusan.

- Hə, çox davalarım olub. Bir dəfə İsa Həbibbəyli kabinetində Rüstəm Behridu ilə viski içirmiş. İsa müəllim Rüstəmə deyib ki, bax, bilsələr səninlə burda viski içirəm, mənim üçün problem olacaq, amma 20-30 il sonra xatirəyə dönəcək. Doğrudan da, əgər gələcəkdə normal bir yazıçı olacağıqsa, bu davalarımız, içki məclislərimiz də gözəl bir xatirəyə çevriləcək.

- İndidən özün üçün bioqrafiya yaradırsan.

- Yox, vallah. Sadəcə, həyatı öz axarına buraxmışam. Həm də tək dalaşan mən deyiləm axı. Odey, Şərifin də adı çox çıxıb (gülür). Ola bilsin, emosionalıq, içən kimi də çılğınlığımız tutur. Ümumiyyətlə, içirəm, yaxşı eləyirəm. Əclaflıq eləmirəm ki...

- Kəramət, özün də filologiyanı bitirmisən, belə şeylərə bələd adamsan. Bax, Bəxtiyar haqqında nə əcəb, geniş bir yazı yazmadın?

- Əvvəla, mən təhlilçi deyiləm. İkincisi, mənim işim-gücüm qurtarıb ki, Bəxtiyar Vahabzadənin yaradıcılığını tədqiq eləyim? Bu artıq bir şeydir. Çünki məsələ çox aydındır. Axı dərində heç nə yoxdur ki, nəyisə təhlil eləyib üzə çıxarasan.

- İndi nə yazırsan? Üç kitabın çıxıb: “Çöl”, “Səkkizinci gün”, “Pozğun”. Amma nədənsə, sonrakılar “Çöl” kimi tutmadı.

- Bilirsən, necədir, “Çöl” ilk əsərim idi. Məni çox da tanımırdılar. Onda hamı haqqımda yazdı. Təriflədilər. İndi o vaxt haqqımda yazanların hamısı ilə münasibətim pozulub. Sənə tam səmimi deyirəm, mən o üç əsərin üçündən də imtina edirəm. Hansı tutdu, hansı tutmadı, bilmirəm, amma mənim bir yazıçı kimi gücüm hələ canımdadır, üzə çıxmayıb. 27 yaşım var. Allah, məhz Allah mənə bir yerdən hər ay min manat pul yetirsə, jurnalistika ilə məşğul olmaram. Müsahibə aldığım adamların əksəriyyətindən zəhləm gedir. Bilirəm ki, boş, mənasız adamlardırlar. Amma nə edim? Məcburam, ailəmi dolandırmalıyam. Bax, bu şeylər məni yorur, incidir, baş şişir, bezirəm. Bu şeylərin içində əsər yazmaq çox çətin məsələdir. Hərdən fikirləşirəm ki, bəlkə də, satıcı işləsəm, öz yaradıcılığımla daha rahat şəkildə məşğul olaram.

- Yanılırsan, mən fəhləlikdən tutmuş, bankda baş kassir vəzifəsinə qədər hər sahədə işləmişəm. Heç nə dəyişmir.

- Ola bilər. Amma mənim içimdə hal-hazırda çox ciddi mövzular, ideyalar var. Çox istəyərəm ki, dolanışıq problemlərim olmasın, o mövzuları, ideyaları yazıya çevirə bilim. Belə şəraitdə mümkün deyil.

- Atanla qalırsan?

- Yox, kirayə ev tutub qalıram. Həyat yoldaşım və mən. Atamla nəinki ədəbiyyatda, heç evdə də düz gəlmədik. Axırda da qərara gəldik ki, mən ayrı yaşayım, o, ayrı. Belə daha yaxşıdır. Atamı çox istəyirəm. O, mənim üçün çox zülmlər çəkib, bilirəm. Amma nə olsun, mən də öz övladım üçün əziyyət çəkirəm, çəkəcəm də. Həyat belədir. Atam məni çətinliklə böyüdüb deyə, onun ədəbiyyat haqqında bütün fikirləri ilə razılaşmaq zorunda deyiləm. Hərçənd ki, ataya görə müəyyən güzəştlər də qaçılmazdı.

- Nə əcəb evlənməyə ehtiyac duydun? Bir misal var. Folknerə sual verirlər ki, səninlə Heminquey arasındakı fərq nədir, o da deyir ki, mən bir dəfə evlənib boşandım və başa düşdüm ki, yaradıcı adam üçün ailə əlverişli deyil, amma Heminquey dörd dəfə evlənsə belə hələ də bunu başa düşə bilməyib. Sözümün canı, adətən deyirlər yaradıcı adamı ailə, məişət qayğıları sıxır, yaradıcılığa vaxt ayırmağa imkan vermir...

- Folkner, Heminquey və Kəramət Böyükçöl. Gör, gedib hara çıxmışam (gülür). Zarafatsız, məişət məsələlərində çox məsuliyyətsiz adamam. Ona görə heç vaxt tək yaşaya bilmərəm. Düzdü, ayrı-ayrı vaxtlarda bizim həyatımızda müvəqqəti qadınlar olub. Üç gün orda, beş gün burda... Amma sırf ömür-gün yoldaşı seçirsən, onunla ömrünün axırına kimi yaşayırsan, sirdaş olursan, dost olursan, sevgili olursan, o da səni başa düşür, anlayır... Bax, bu şeylərə mənim çox böyük ehtiyacım var. Ona görə ailə qurmuşam. Nə qədər problemim olsa da, nə qədər alçaq, şərəfsiz adamlarla üz-üzə gəlsəm də, evə qayıdanda rahat oluram. Üzümü tez-tez qırxıram, güzgüyə tez-tez baxıram, əynim-başım səliqəli olur. Amma ailəm olmasa, evə gəlmək yadıma düşməz. Ailə mənim yaradıcılığıma mane olmur, əksinə, stimul verir. Ailəsiz mən tüfeyli olaram, bəlkə də, gecələr küçədə yataram. Folkner və Heminqueydən fərqli olaraq, məni ailə yox, cəmiyyət incidir.

- Necə yəni?

- Azərbaycanda kütlənin bizi sevmək üçün potensialı yoxdur. O potensial, yəni o sevgi hissi gedib Bəxtiyar Vahabzadəyə, gedib Əhməd Cavada və başqalarına. Adamlarda sevgi hissi tükənib, bizi sevmək üçün baza yoxdur. Əvəzində camaatda nifrət potensialı çox güclüdür. Nifrətlərindən heç vaxt istifadə etməyiblər. Niyə? Çünki bu xalq bu günə kimi heç nədən imtina eləməyib, kimi gəldi sevib.

- Heç bizi oxumurlar da.

- Bəli, ona görə oxumurlar ki, bizdən heç nə gözləmirlər. Bizə qarşı o inamsızlıq hissi yaradılıb.

- Elə bil, bu xalq 90-lardan bəri keçə bilmədi, orda ilişib qaldı, Sabir Rüstəmxanlıdan, Rüstəm Behrudidən üzü bəri heç kəsi tanımır.

- Tanımır, bəli. Bu xalqın ən sonuncu inandığı yalan Ramiz Rövşəndir. Ramiz Rövşənin canlı şeir deməyini ən azı beş dəfə dinləmişəm. Əl eyni enerji ilə gedir, eyni enerji ilə qayıdır, dodaqlar eyni cür hərəkət edir. Mən bir yazımı ikinci dəfə eyni intonasiya ilə oxuya bilmirəm. Axı birinci dəfə o güc canımdan çıxdı. Get-gedə, get-gedə, get-gedə səsim itir, axırda o yazıdan imtina etmək dərəcəsinə gəlirəm. Yəni daha o yazı mənim deyil, insanlarındı, aparın yazımı istər söyün, döyün, öldürün, özünüz bilərsiniz...

- Aydındır.

- Bir də bilirsən kütlə niyə bizi qəbul eləmir? Ona görə ki, oxucu ilə bizim aramızda heç bir səhnə və tribuna yoxdur. Təsəvvür elə, oxucum Facebookda məni söyür, ağzına gələni deyir, o biri oxucum məni “razborka”ya çağırır. Siz Allah, işimə-gücümə baxın. Bizdən əvvəlki nəsil belə eləmirdi, oxucu ilə onların arasında sərhəd var idi. Bu insanlara elə bilir ki, yazıçı Anar kimi olar, şair də Fikrət Qoca kimi.

- Şərait başqa idi.

- Başqa bir məsələ, bunlar bizim kimi zirzəmi kafelərdə oturmadılar. Birbaşa parlamentdə otururdular, ordan da çıxıb “Şuşa” restoranına gedirdilər. Bəs niyə adamlar bu boyda yalanlara inanıb? Bizsə oxucu ilə bütün günü avtobusda-metroda rastlaşırıq. Deyəsən, Xalid Hüseynin sözüdür: “Dərdini yazdığımız adamlar bizi oxumurlar.”

# 2862 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #