[b]“Azərbaycan dilinə tərcümələri bəyənmirəm” – OXUCU[/b]

[b]“Azərbaycan dilinə tərcümələri bəyənmirəm” – <span style="color:red;">OXUCU [/b]
4 iyul 2017
# 12:16

Kulis.azın “Oxucu” layihəsinin budəfəki qonağı satış təmsilçisi Fariz Bayramovdur.

- Neçə yaşından kitaba marağınız var?

- Bu suala bəlkə də klişe olan bir cavab verməli olacam: özümü xatırladığım qədərilə hər zaman kitaba marağım olub. Çünki gözümü açandan evimizdə və evdəkilərin əlində kitab görmüşəm. Atam hətta yemək yeyə-yeyə kitab oxuyardı. Ən böyük təsir isə ata nənəmdən olub. Onu daim gözündə eynək, əlində kitab xatırlayıram. Uzun sözün qısası, dəqiq yaş deyə bilmərəm, amma çox uzun zamandan mütaliəyə marağım var.

- Əsasən hansı kitabları oxuyursunuz?

- Əsasən bədii ədəbiyyata üstünlük verirəm. Amma arabir elmi, psixoloji, bioqrafik kitablara da müraciət edirəm. Bədii ədəbiyyatda isə hansısa xüsusi bir janra üstünlük vermirəm.

- Müasir yazarlarımızı mütaliə edirsinizmi? Kimləri bəyənirsiniz?

- Əlbəttə mütaliə edirəm. Madam ki, ədəbiyyatı sevirik və özümüzün də ədəbiyyatımız olmağını, inkişafını istəyirik (ki mən bunu həmişə istəyirəm), o zaman öz ədəbiyyatımızı və xüsusən də müasirləri oxumalıyıq. Oxucu olmayan yerdə ədəbiyyatın inkişafına inanmaq sadəlövhlük olardı. Desəm ki, hamısını oxumuşam, yalan olar. Hətta bəzi çox məşhur və ədəbiyyat cameəsi tərəfindən qəbul edilmiş yazarlarımız var ki, ondan nəsə oxumağa macal tapmamışam. Oxuduqlarımdan – nisbətən “oturuşmuş” nəsildən Əli Əkbəri, Şərif Ağayarı, Seymur Baycanı, Cəlil Cavanşiri, Nərmin Kamalı, Kənan Hacını və s. bəyənirəm. Ən yenilərdən isə Ayxan Ayvaz, Xan Abdulla, Həmid Piriyev, Səbuhi Şahmursoy və s. qələminə güvəndiyim yazarlardır.

- Sizcə kitab insanları dəyişir? Elə isə sizi götürək.

- Mən kitabların insanları dəyişdiyinə inanıram və bunun dəfələrlə şahidi olmuşam. Özümü götürək – hər il oxuduğum kitablar çoxaldıqca, müəyyən bir baza toplandıqca özüm də fikirlərimdə, dünyaya baxışımda ciddi dəyişikliklər hiss edirəm. Son zamanlar bunu izləmək daha da asanlaşıb – sosial şəbəkələr vasitəsi ilə. Facebookdakı əvvəlki illərdə paylaşdığımız statuslarla hazırkı fikirlərimizi müqayisə edəndə nə qədər dəyişiklik olduğu aydın görünür. Bu dəyişikliyin real və virtual mühitlə olduğu qədər, mütaliə ilə də sıx bağlılığı var. Nitq, yazı qabiliyyətlərindən tutmuş, dünyagörüşünə qədər xeyli dəyişikliyə uğrada bilir bizi kitablar.

- Evdə kitabxananız var? Nə qədər kitab olar?

- Evimin ən sevdiyim və ən varlı guşəsi kitabxanamdır. Hazırda 350-yə yaxın olar və təxminən 50 kitab da tanıdığım və etibar etdiyim insanlardadı, oxuyub qaytarmaq şərtilə vermişəm. Daha neçəsi qayıdacaq onu bilmirəm (gülür). Hər ay da artmaqdadı.

- Əsasən, hansı dildə oxuyursunuz və Azərbaycan dilinə tərcümələri bəyənirsinizmi?

- Təəssüf ki, xarici dil bilmirəm. Əsasən öz dilimizdə, öz dilimizdə tapmadığım və oxumağı qarşıma məqsəd qoyduqlarımı isə türk dilində oxuyuram. Azərbaycan dilinə son illər edilən tərcümələri bəziləri istisna olmaqla demək olar ki, bəyənmirəm. Sovet dövründə dilimizə çevrilənlərin isə əksəriyyətini bəyənmişəm.

- Daha çox roman oxuyursunuz, ya hekayə kitabları, ya şeir?

- Frederic Beigbederin “Una və Selincer” romanında Selincerlə Heminqueyin dialoqu var. Heminquey Selincerə “daha ciddi şeylərə keç, roman yaz” deyir və Selincerin “Bəyəm novella ciddi janr deyil?” sualına təxminən belə cavab verir: “Ciddidir! Hətta romandan daha çətindir. Ancaq ədəbiyyat da boks kimidir – tamaşaçıları daha çox ağır çəkililərin döyüşü maraqlandırır.” Deyəsən dahi yazıçı haqlıdı. Məni də roman daha çox maraqlandırır. Amma hər il ən azı 3-4 dənə hekayə kitabı və internetdə də xeyli hekayə oxuyuram. Şeiri isə nə yalan deyim, daha çox internetdən oxuyuram. Şeir kitablarım da var, amma ən az əlimi atdığım kitab şeir kitablarıdı. Yəqin ki bu, şeirlə internetdə daha çox qarşılaşmağımdan və tez oxunulacaq janr olduğundan irəli gəlir.

- Deyirlər, indi kitab oxunmur, sizcə doğrudur?

- Ümumi götürəndə bəli, bu həqiqətən də belədir. Yəni nisbətlə götürsək, oxuyanın sayı çox azdır. Bunu adətən kitab bazarının ortaya qoyduğu statistika müəyyənləşdirir və bizdə kitab alıcısı – kitab oxucusundan daha az olduğuna görə bu statistikanın nəticələri də daha bərbad görünür. Heç oxuyan yoxdur deməzdim, amma oxuyan və kitab alan azdır. Ölkədə kitab bazarında rəqabətin olmamağı, kitabların baha olmağı daha çox bundan irəli gəlir. Xalq olaraq sosial yaşayış səviyyəmiz düşən kimi ilk çıxdaş etdiyimiz ehtiyac - təhsil və kitabdır. Bu bizim ağrılı yerimizdir. Ancaq “oxuyan yoxdur” deyib şikayət edən, buna rəğmən bu sahədə təbliğat aparmaq istəməyən kəsləri də anlamıram. Cəmiyyətin oxuyan olmasını istəyiriksə, hər vəchlə bunu antivirus kimi yaymalıyıq. Çünki viruslar qat-qat çox və güclüdür.

- Ən çox sevdiyiniz roman, hekayə, şeir.

- Roman: Harper Li – “Bülbülü öldürmək”, hekayə: Per Laqerkvist – “Moris Fleri”, şeir: Cəlil Cavanşir – “Toxun mənə, tanrım”

- Şairlərimizdən kimləri bəyənirsiz?

- Qismət demək olar ki, ən sevdiyim və ən çox oxuduğum şairdir. Cəlil Cavanşir, Aqşin Yenisey, Rasim Qaraca, Aqşin Evrən, Hədiyyə Şəfaqət, Günel Mövlud və s. şairlərimizi bəyənirəm.

- Özünüz nəsə yazmaq istəmisiniz nə vaxtsa?

- Yaradıcılıq mənasında xeyr. Hələ ki, buna nə həvəsim, nə də iddiam olmayıb. Amma bir neçə ildir ki, oxuduğum kitablar haqqında yazılar yazmağa çalışıram və bilirəm ki, bərbad alınır (gülür). Çox istərdim o yazıları elə yazım ki, hər kəsdə o kitabları oxumağa həvəs yaransın.

- Saytlarda bədii əsərlər oxuyursunuz?

- Şeir və hekayələr qarşıma çıxdıqca və vaxtım olduqda oxuyuram. Çox yaxşı üsuldu saytlardan istifadə etmək. Son illər oxuduğum hekayələrin də əksəriyyətini məhz internet vasitəsilə oxumuşam. Ədəbiyyat və başqa bir çox sahələr üzrə tənqidi məqalələr, esseləri də əksərən saytlardan oxuyuram.

- Son olaraq kitab sizin üçün nədir?

- Pafoslu çıxsa da kitab mənim üçün əsl dəyərdir. Bir şeylər öyrəndiyim, intellektimi, dünyagörüşümü inkişaf etdirən, onunla olacaq gələcəyi daha yaxşı, daha səviyyəli gördüyüm, özünə bağlı olan insanları tez zamanda sanki bir sehrlə həmsöhbət etməyi bacaran və necə deyərlər – vəzncə yüngül, mənaca ağır bir dəyər.

“Kitab sayəsində evləndim” - OXUCU

“Sevdiyim şair Cəlil Cavanşirdir” - OXUCU

# 1107 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #