Yanvarın sən gedən günüdü hər gün – Tərlandan YENİ ŞEİRLƏR

Yanvarın sən gedən günüdü hər gün – <span style="color:red;">Tərlandan YENİ ŞEİRLƏR
3 iyul 2017
# 17:32

Kulis.az Tərlan Əbilovun yeni şeirlərini təqdim edir.

***

Yolsuzam... üzüm qaradır,

bir məzarın daşı kimi...

Əl-ayağım axıb gedir

gözlərinin yaşı kimi...

Bu çən cücərtməz bu çəni...

Əzizləyim necə səni?!

Bir qadın itirib məni

üzüyünün qaşı kimi...

Səsləmə məni yuxuna,

Sevməzsən, gəlsəm yaxına.

Uzaqdan mən də çoxuna

görünürəm yaxşı kimi...

Balayar Sadiqə oxuduğum şeir

Mən kiməm ki? –

küsmək istəyənlərin qınaq yeri,

ayrılıqlar elə qatıb ki, başımı,

unudub məni sevdiklərim.

Uçub kürək dayadığım divarlar,

qoluma girən ağacların başına hava gəlib payız.

Hansı marketə girsəm

bir qutu siqaret qədər deyil dəyərim,

bir şüşə qırmızı çaxır kimi

qanı qaynamaz mənə birinin.

Məzarıyam tanrı sirlərinin.

Boya tapmır məndə övladımın çəkdiyi şəkillər,

qafiyə tapmır məndə cibimə girən şeir.

Dilim və əlimlə müqayisədə

uzanıb dırnaqlarım və saqqalım.

Bir səhər tapmıram oyanım,

bir yer tapmıram özümə heykəl dayanım.

Mən kiməm ki? –

yaradıcısına sahib çıxmayan bir ölkə.

Mən kiməm ki? –

pəncərəsindən içəri günəş düşməyən

bir ev.

Mən kiməm ki? –

bir qələm,

bir vərəq,

bir söz.

Dostumsansa

otur işığımda,

bir az da

qaranlığıma döz...

Riyaziyyatçı, şair dostum Nurəddin Rəhimova

1

Üfüqlər göyün saralmış bənizidir,

buludlara söykənən yanaqdır göy üzü.

Külək yarpaqlarını əlindən alıb ağacların,

hiyləgərcəsinə telindən öpür qurumuş otların.

2

Dişi dişinə dəyir pəncərələrin...

3

Mən

əllərini nəfəsində isidən,

ağlı əyninə balaca olan yoxsul şairiyəm

ətrafımızdakı adamsızlığın.

Hər həriflədiyimdə

hərflərə uduzuram baxtı,

rəqəmlərə qururam vaxtı.

Bilirəm ki,

əlində bir rəqəm yoxdursa

heç nəyi sıfırdan başlaya bilməz

insan.

4

Son günlər

kiçik hərflərlə köçürməyə başlamışam

böyük dərdlərimi...

barmaqlarımın altında

qırıq-qırıqdır ürəyimin simi.

Bir bərabərlik işarəsi qədər boşdur sağım.

Düşünürəm,

dostu varsa qibləsiz deyil,

qibləsi varsa dostsuz deyil heç kim.

5

Göylə quşun,

buludla yağışın,

torpaqla daşın arasındakı

bərabərlik işarəsidir tanrı.

6

Rəqəmlər böyüdükcə kiçilir riyaziyyat,

böyüklüyünü

qarışqa kiçikliyində gizlədir tanrı...

7

Neçə gündür

səhər pəncərədən göy üzünə baxıram,

beynimi qamaşdırır

həyətdəki qarın ağlığı...

Keçim

Mənə bir yol saxlamırsan,

bəs mən səndən necə keçim?

Gündüz keçsəm hamı görər,

bəlkə qalım, gecə keçim.

Əlimdən çəkir var nə ki,

Bir qəza düşməsin təki!

Bilməm səndən səki-səki,

yoxsa küçə-küçə keçim?

Saçlarında necə azım?

Səsin necə kəsim sazın?

Bəlkə sənə şeir yazım?

səndən heca-heca keçim?!

Paxıl olma, bir yol saxla,

Məni bir yola adaxla.

Gözümü yaylıqla bağla,

keçsəm, uca-uca keçim...

Bunun adı nə?

Desən get, gedirəm,

desən qal, qalıram,

yolumu əllərindən salıram,

əllərimi saçlarında azıram,

öl desən, ölməyə,

yaşa desən,

təkrar-təkra dünyaya gəlməyə

hazıram.

Hansı yola düşsək,

nidadı əvvəlində,

nidadı sonunda ayaqların,

sual işarəsidi aramızdakı vaxt.

Nə qopmaq olur, nə yanında qalmaq,

gəl dediyində gedirəm,

get dediyində gəlirəm...

***

Neçə gündü qayıtmayacağın yola baxıram,

ayaqların üçün darıxıram,

düşünürəm,

yoxa çıxmaq üçün elə ən əlverişli yerdi yol.

Neçə gündü

uzun saçlarını həyətimizə dağıdır qonşu pəncərə,

boy qalmış yerində oyun çıxardan qarışqalar

mənə başa salmağa çalışırlar,

nə qədər şirin olduğunu.

Bir dəfə qayıdıb demirsən ki,

“nə yaxşı getməyi səndə öyrəndim, şairim”.

Bir dəfə qayıdıb demirsən ki,

“yaxşı ki varsan, şairim,

yoxsa kimdən öyrənərdim belə raahat getməyi”?

Bir dəfə qayıdıb demirsən ki, səbirli ol, şairim,

onsuz da bu ölkədə

hamını yola salmaq alın yazısıdı şairlərin.

Duzu qaçıb getdiyin dənizin,

bir çayxana hay-küyü var içimdə,

bir ucuz yeməkxana pintiliyi var üstümdə...

Bir əllərimdir, bir üzüm,

qiblə tanımır beynimdəki əndişələr.

Pozub yuxumu ayaqlarının sirri,

gecələr göyüzünün batan səsidi Ay,

səhərlər səmanın çıxan canıdı Günəş...

Yanvarın sən gedən günüdü hər gün...

***

Yaralarım qaysaqladıqca

qaşınacaq yerə

dırnaq uzadıram indidən...

İki vurulsun ikiyə müəmmalı cavabdı bu gün

mayın altıncı günü...

Dənizdən çıxan günəş

göyün sillə dəymiş üzüdür,

yenə bu səhər əllərin üzünə güzgüdür,

ayaqların bir özgədir...

Ətəyini qaldırdıqca külək,

yarpaqları tökülür üfüqdəki ağacın,

quşları civildəyir mən oturduğum budağın:

“şair, nə yaxşı,

yaşlı vaxtında da təzədi,

ütülüdü ağrın-acın,

unuda bilmədiyin qadın kimi yaraşıqlıdı

ehtiyacın...”

Qulaqlarımı batırır uşaq çığırtıları...

Pəncərədən bayıra baxıram,

dəmir barmaqlıqların o üzündə dustaqdır

məmləkət,

xatirələrini divara dayayıb güllələyir bir əsgər.

Qaşıya-qaşıya varaqdan hisslərimi,

qan damcılayır dırnaqlarımdan...

***

Sevgilim olan kimi

saqqalımı qırxacağam,

dişlərimi fırçalayacağam,

tinimizdə qaz trubasının üstündə oturub

ona-buna baxmayacağam daha...

Yolum olsa ayaqlarımı cibimə qoyub

keçəcəyəm səndən...

Nə vaxtsa günəş doğsa ömrümə,

adını CIPPIŞ qoyacağam pəncərəmin...

Tərgidəcəyəm qızımın gəlinciyini qucaqlayıb yatmağı

gecələr...

Allaha inansam,

Nəsimidən bir qəzəl söyləyəcəyəm

hər məscidə gəldiyimdə,

hər namaza durduğumda...

Kitabım çıxsa,

çayxanada keçirdəcəyəm təqdimatını,

limonlu çayla çıxarda-çıxarda dadını...

Saatım olsa,

qələbəyə quracağam zəngini,

Vətənim olsa, qaçqın olacağam mütləq...

***

Bir ovuc dən səpdim havaya,

bir qucaq bulud kəsdi torpağın üstünü,

tumurcuqladı yerdə bir gölməçə yağış,

cücərdi bir dəstə quş göy üzündə,

quş yuvası gətirdi ağaclar.

Füzulinin “Su” qəsidəsinə qoşulub axdı,

sellərinin ardınca heyrətlə baxdı çaylar.

Sünbül zəmisinə,

Nuhun gəmisinə çevrildi,

təbiətə verdiyim salam...

# 1273 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #