Sənsiz-sənsiz olmuşam... – Ülvi Bahadırdan Yeni Şeirlər

Sənsiz-sənsiz olmuşam... – Ülvi Bahadırdan <span style="color:red;">Yeni Şeirlər
2 mart 2018
# 11:40

Kulis.az gənc şair Ülvi Bahadırın yeni şeirlərini təqdim edir.

Belə bir gün...

Gün keçdikcə...

... sevdiklərinə daha çox sarılmaq istəyir insan

Bərk-bərk... bərk-bərk

Ayaqlarına düşüb yalvarmaq istəyir;

“Ölmədiyinizə çox sağ olun”...

Tez-tez ayaqqabılarına baxar - görüm həminki yerindədirlərmi?

Tez-tez paltarlarını qoxlayar - görüm əvvəlki ətrindədirlərmi?

Bəzən ayaqlarından əvvəl ayaqqabıların ölər çünki

Bəzən ruhundan qabaq ətrin çatar Tanrıya...

Və ya...

...gün keçdikcə daha çox yorulmaq istəyir insan...

O qədər yorulmaq ki...

...yorulmaq əlindən bezib atsın özünü kimsəsiz körpülərdən...

O qədər yorulmaq ki...

...əllərin səndən xəbərsiz rədd olub getsin bu şəhərdən...

Bir də... hərdən

...gün keçdikcə daha çox vurulmaq istəyir insan...

cavabsız zənglərə...

zəhərli balınclara...

bağlı qapılara...

qutsal yollara...

Bəzən də...

...dünyanın ən unudulmuş dağına çıxıb qışqırmaq istəyir insan....

Tanrım, sən hara...bura hara...

Katarsis

Sonucu qaranquşdan qalan nəm küçəyəm indi

Bağışla məni...

Əllərini tut yağışa...

Saçlarını ver küləyə...

Başın oxşa, könlünü al o kövrələn uzaqların...

Ağla... ağla acığın çıx... sənsiz yanan ocaqların...

Bundan sonra hər şey sənsən...

Bir addım tək...

Bir baxış tək...

...ümid saxla gələcəyə...

Qulaq vermə...

...səndən uzaq çənə döyən aldanışa...

Çıx bayıra...

Saçlarını ver küləyə...

əllərini tut yağışa...

Sonuncu küçədən uçan yetim qaranquşam indi...

Bağışla məni...

Unudacam yağışları...

Ovuclardan qucaqlara köç edirəm...

Bilmirəm... heç nə bilmirəm...

Yoxsa ki, mən

Qürurumu böyütməkçün ürəyimi kiçildirəm?..

Əl çək daha bu uzaqdan....

Bu uzaqdan bir ömürlük gəl uzaq ol...

Əllərinlə nəfəsimi oğurlayıb...

...o sənə bənzər yuvana od-ocaq ol

Sonuncu qaranquşdan... sonuncu nəm küçəyə...

bağışla məni...

Empatiya

Qaşıdığım divarlar

Üstümə gəlir, eyvah.

Tavanda bir ağ dovşan

Üzümə gülür, eyvah.

Səhərdəndi bir xanım

Məğrur qəhqəhə ilə

Gülür televizordan

Deyəsən bilir, eyvah

Ölür... ölür...görürəm

teldəki sərçələr də...

Öpür...öpür...görürəm

Şimal küləklərini...

Bax, mən də beləcəyəm

Ayağımı sallayıb bir yalquzaq küləkdən... sərçətək oturmuşam

Sonra birdən, qəflətən

Saçımdan-ayağıma...

Gözümdən-dodağıma

Yaşımdan-yanağıma...sənsiz-sənsiz olmuşam...

Yaxınların yorğunu bir uzaq tanıyıram...

Barmağımın ucunda...

Saçımın arasında...

Dizimin yarasında...

Gözlərimin içində...

Dünyanın axırında... kimsənin bilmədiyi... alatoran evimdə...

Uzaqların adamı yalquzaq tanıyıram...

Uçurumun sonuncu... daşından asır özünü

Ağzı ilişir budaqlara... dişindən asır özünü...

Sonra heç yoxmuşcasına...yetim bir ilğım kimi kiçilir gözlərimdə...

Tanrı hiyləgərcəsinə, qiyamətin vaxtını...

...savadsız uşaqlar kimi...köçürür gözlərimdən...

Deyəsən, bilir, eyvah

Gülür televizordan

Məğrur qəhqəhə ilə

Səhərdəndi bir xanım

Üzümə gülür, eyvah

Tavandakı ağ dovşan.

Üstümə gəlir, eyvah

Qaşıdığım divarlar.

Boy at

Süpürgəçi qarılar küçələrdən süpürəndə ulduzları...

Ulduzlar axın edir pəncərələrə...

Sənsə...

...sənsə kim bilir indi hansı nağılın baş qəhrəmanısan yuxularında...

Bəzən günəş elə barmağının ucundadı...

...sənsə küyə düşüb səmaya baxırsan...

Alatoran küçələrin birində...

Bir balaca uşaq var...əlində bir parça bayat çörək...

Arxasınca quduz itlər hürüşür...

Uşaq qaçır...itlər qaçır...

İtlər qaçır...uşaq qaçır...

Sonra itlər yorulur...ləhləyir...dayanır...

...amma uşaq qaçır...qaçır...qaçır...

...əlindəki bayat çörəyi dişləyə-dişləyə...

Sonra həmin uşaq ilişib ağzı üstə yıxılır çörək mağazasının qabağına...

Durur üst-başını təmizləyir...ağzının qanını çirkli paltarıyla silir uşaq...

Qəlbində mələklərin orkestri...

...dünyanın ən qədim musiqisini pıçıldayır uşağın qulaqlarına...

Yavaş-yavaş gedir uşaq... sübhün qoynuna

Sonra birdən Günəşə ilişib yıxılır.

Təqib

Nəfəsimdən asılan bir gecə...

Mavi sonsuzluqlar qırmızı ləçəklərə dönərkən...

Saçlarımın ucundan yeni bir günün rüzgarı əsərkən...

Bədənimdə...ruhumda...ən dərinlərimdə...

Dünənin yadigarı...

Sərxoşluqdan qalan dəli bir gülümsəmə...

Rüzgar avarını çəkir sonsuzluq okeanında...

Yoxluğa məhkum olmuş Ay işığı kirpiklərindən ağarır...

Hər şeydən xəbərsiz Günəş...

...şəfəqlərini axtarır qarderobundan...

Qədim bir meşə... sonsuz bir dəniz...

Və xəfif bir arzu kimi...

Məndən...

O gecədən...

O qaranlıqdan...

O Aydan...

O ulduzlardan...

Mənə aid olan nə varsa...hər şeydən

...uzaqsan...uzaqsan...uzaqsan...

Cəhənnəm atəşinə yaxınlaşarcasına...

Közərən taleyimlə axınlaşarcasına...

Bir ümidin iziylə...

Bir nəğmənin səsiylə...

Bir ocağın hisiylə...

Qızılı sonsuzluqda quzğunlaşarcasına...

Uçuram...uçuram...uçuram

Və...

...sən gəlirsən ardımca... tanrının nəfəsində...

Şərt

Sübh çağının qutsal sükutunu çəkirəm nəfəsimə...

Dünyanın ən qədim məbədində...

İnsanlığın ilk nəğməsini pıçıldayıram...

əllərim süd qoxuyan ətçəbalalar kimi uzanıb tanrıya...

hardasa min il var...

...məni sevməməyin üçün dua eləyirəm...

Sən elə yağışı da sevirdin bir zaman...

...amma öldürdün onu alabəzək çətirlərində...

De görüm...de görüm heç saçlarına yazığın gəlmədi?..

Gözlərinə...əllərinə...dodaqlarına

Sən elə küləyi də sevirdin bir zaman...

Bəs niyə arxa çevirdin... güvənsiz dostlar kimi...

Bağladın pəncərələrini... örtdün qapılarını...

Dağılışdı bütün kəpənəklər...

Uçdu getdi bütün qaranquşlar o kimsəsiz küçədən...

Sən elə Günəşi də sevirdin bir zaman...

Söylə görüm rahatsanmı... o daxmanın kölgəsində?..

Alın yazın silinməyib qaranlığın əllərində?..

Sən günəşə çıxsan indi əriyərsən...çürüyərsən...

Boz torpağın yaddaşına səssiz-səssiz yürüyərsən...

Ən yaxşısı yavaş-yavaş dinlə məni...

Yağışlarda qaça-qaça arınıb gəl...

Küləklərə uça-uça sarınıb gəl...

Günəşlərdə saça-saça daranıb gəl...

Sonra gəl qon kirpiyimə...

...sev məni...

Arxaik

O küçələr vardı haa...

O dopdolu küçələr...

Bir qadının gözyaşıyla axıb getdi uzaqlara...

İndi burda park salınıb...

Balaca yelləncəklərdə...

Uşaqlar yellədirlər öz bədbəxt analarını...

Bir də gördün...

Bir əl çıxır torpağın altından göz yaşı formasında...

Dartıb aparmaq istəyir... o ətçəbalaları...

Bir də gördün...

Bir səs gəlir ayağının altından...başının üstündən...

Ayaqlarının tozunu silir...gözyaşıyla...

Saçlarını darayır...nəfəsiylə...

Ağacların köklərindən su qalxır ən ucdakı yarpağına...

O ağaclar parçalanıb çevrilib beşik olurlar...

O beşiklər birləşib çevrilib kəfən olurlar...

O kəfənlər çürüyüb çevrilib torpaq olurlar...

O torpağın arasında bir ovuc qabırğa nəfəs alır min ildi...

Görüntünün olası içeriği: 1 kişi, yakın çekim

# 1620 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
# # #