Narıngül: “Qadının xəyanətə cəsarəti çatmır” - MÜSAHİBƏ

Narıngül: “Qadının xəyanətə cəsarəti çatmır” - <span style="color:red;">MÜSAHİBƏ
31 yanvar 2017
# 14:13

Kulis.Az Ayxan Ayvazla yazıçı Narıngülün söhbətini təqdim edir.

- Narıngül xanım, siz şeirlə başlamısınız yaradıcılığa...

- Hə, şeirlə başlamışam. Bir müddət şeir yazmışam. Şair kimi tanınmışam. Yəni şeirlərim bəyənilmişdi hardasa...

- İlk dəfə nə vaxt çap olunmuşdunuz?

- Mən mətbuata 90-cı illərdə gəlmişəm. Salam Sarvan, İlqar Fəhmi, Aqşin Yenisey, Şərif Ağayar, bir də mən. Vaqif Yusifli o vaxt bizim nəsil haqqında “Sonuncular” adlı yazmışdı. Çox gözəl yazı idi.

- Adını çəkdiklərinizin bu gün imzası tanınır. Ancaq siz sanki bir az kənarda qaldınız...

- Sizə bir şey deyim, onların içində yeganə qadın mən idim. Hardasa on nəfərin içində...

- Hamısı az-çox tanındı, amma sizin imzanız görünmədi...

- Onlar çox təcrübəli idilər. Mən ədəbiyyata çox gec gəldim. Yazırdım özüm üçün, çap elətdirmirdim. Bəyənmirdim yazdıqlarımı. 90-cı illərə qədər bir kitab da hazırlamışdım. Hər şeyi yerindəydi. Aparıb verdim nəşriyyata. Sonra isə anladım ki, o kitab mənlik deyil. Və nə yaxşı ki o kitabı çıxartmadım.

- Nə etdiniz bəs kitabları?

- Yandırdım.

- İlk şeir kitabınız idi?

- Hə, ilk... Sonra peşman oldum. Dedim, gərək yandırmazdım, xatirə idi, qalardı mənimlə... Hərdən o kitabı axtarıram.

- Heç bir nüsxə də qalmayıb?

- Bütün nüsxələrini yandırmışdım. Əlyazmalarını da. Nəsə, görəndə əsəbiləşirdim. Məndə özünə qarşı müxaliflik çoxdur (gülür).

- Yandırdığınızı saymasaq, neçə kitabınız çıxıb?

- Bu kitab doğulmamış öldü. Ondan başqa iki şeir, iki nəsr kitabım çap olunub. “İçində adiləşmək qorxusu”, “Qadın da ağac kimidir” şeir, “Güzgüdəki adam” və “Qar çiçəyi” nəsr kitabları...

- Sizin nəsriniz maraqlıdır. Ancaq bu son kitabınıza baxıram. Adı gözəl, ancaq kitabın üz qabığı... Modern deyil...

- Kitabın üz qabığına çox fikir verən deyiləm. Nəşriyyatda seçdilər bunu, mən də razılaşdım. Mən müasirliyi kitabın üz qabığında görmək istəmirəm. O cür şeyi xoşlamıram. Əslində modernlik elə odur, vizual, görünüş... Amma nə bilim, belə olmağı məsləhət oldu.

- Modern oxucu görünüşə də önəm verir...

- Doğrudur. Məsələn, mənim “Güzgüdəki qadın” kitabımın üz qabığı çox cəlbedici idi. Qadın və güzgü şəkli idi. Vitrinlərdə görən kimi alırdılar.

- “Güzgüdəki qadın” da hekayələr idi...

- Hə... Amma yeni çıxan “Qar çiçəyi” ondan üstündür, uğurludur. Ona görə də istəmədim ki, bu kitabı üz qabığına görə alsınlar. Aldanışla olmasın. Əvvəllər adla, üz qabığı ilə cəlb etmək üsulundan mən də istifadə edirdim. Ancaq son zamanlar mətnlərə inandığımdan bunları edə bilmirəm. Mən bu kitabı eləcə ağappaq da çap etdirə bilərdim...

- Elə daha gözəl olardı, məncə...

- (Gülüşmə). Gələn dəfə nəzərə alaram.

- Narıngül xanım, sizin hekayələrinizi oxumuşam. Tənha qadın, ərindən boşanmış qadın əsas qəhrəmanlarınızdır. Bu cür mövzular bizdə az işlənib. Maraqlıdır, bu mövzular niyə diqqətinizi çəkir?

- O hekayələr mənim daxili dünyamdır. Qadın psixologiyasını qadın olduğum üçün hər halda yaxşı bilirəm. Mənə elə gəlir, bu mövzuları da ancaq qadınlar yaza bilər. Çünki qadınlar üçün bu hislər tanışdı. Aldatmalar, xəyanətlər, əzablar, məğlubiyyətlər, peşmançılıq... Bu hisləri kişilər təsəvvür eləyə bilməz. Qadın daha çox hiss edir halbuki. Bəzən sevgi də, xoşbəxtlik də insana əzab verə bilir. Xoşbəxtlikdə itirilmək, tənhalıq qorxusu var. Və bu qorxuları qadınlar öz içində keçirir. Bu hiss də mənə çox tanışdır. Ümumiyyətlə, mən bir az melanxolik insanam. Daha çox əzaba yıxılıram, pozitiv şeylərə meyllənmirəm. Melanxoliklərin öz dünyası olur. Mən yazaraq o melanxolik, qaranlıq dünyada özümü çözürəm və ordan çıxmağa çalışıram. Özümü o dünyada çox saxlamıram. Mən çox həssas biriyəm. Küçədə dilənən birinə dəhşətli yazığım gəlir. Cəmiyyətdə kiminsə təhqir olunmağına dözə bilmirəm. İndi də alçaldılmış və təhqir olunmuş insanlar çoxdur. Bunlar mənə ağır gəlir...

- Dostoyevskini sevirsiniz, deyəsən... Bir yazınız da vardı onun haqda...

- Mən onun əsərlərindən çox həyatını sevirəm.

- Hekayələrinizdə tərk edilmiş, tənhalığa atılmış qadınlar var. Onların günahkarı kişilərdir? Sizcə, kişilər xəyanətkardır?

- Deməzdim. Fərqi yoxdur kişi, ya qadın. Özü də mən xəyanəti faciə kimi qəbul eləmirəm. İnsanın ruhu, zövqü, fikirləri dəyişə bilər. Heç vaxt insan özünü kodlaşdıra bilməz. Müəyyən zaman keçər, hansısa kişi başqa bir qadından xoşu gələr və fikri dəyişər. Eyni zamanda qadına da aiddir. Sadəcə kişilər xəyanətdə cəsarətlidirlər, qadınlar isə gizlədirlər.

- Qadınları da anlamaq çətindir...

- Hə (gülür). Qadın istəklərini cəsarətlə deyə bilmədiyi üçün anlaşılmazdırlar. Öz içlərində özlərini çözməyə çalışırlar. Qadınlar özlərini ifadə edə bilmirlər, içlərindəkini izah etmək onlar üçün çətindir. İzah eləsələr, bəlkə də dünyanın sonu olar. Qadın maraqlı və çətin varlıqdır.

- Xəyanət barədə dünya ədəbiyyatında ciddi əsərlər yazılıb. “Anne Karenina”, “Madam Bovari”... Siz də bu ağır mövzuya girişmisiniz...

- Müşahidə etdiklərimi yazıram. Mən yazanda özümü öldürürəm mətndə. Əsər yazanda ölməyə çalışıram. Xəyanəti təsvir edəndə neytral mövqedə dururam. Heç vaxt təbliğat aparmıram ki, xəyanət edən alçaqdır.

- Biz sizi Narıngül kimi tanımışıq. Ancaq sonuncu kitabınız “Qar çiçəyi”ndə Narıngül Nadir yazılıb. Niyə dəyişdiniz?

- Son zamanlar mətbuatda Narıngül imzası tez-tez rastıma çıxırdı, ən çox da “Aydın Yol” qəzetində. Məni görən təbrik edirdi ki, nə gözəl yazmısan, fikirlərin xoşuma gəldi. Çaşıb qalırdım hər dəfə. Axırda Kənan Hacıdan söz göndərdim həmin xanıma ki, məni az-çox tanıyırlar, imzasını dəyişsin. Amma iki gün əvvəl yenə rastlaşdığım adamlar dedilər ki, yeni yazın əlaydı. Həmin xanımın yazısını nəzərdə tuturdular.

- Xanım imzanı dəyişmədi, siz dəyişdiniz.

- (Gülüşmə). Kitab çıxaranda düşündüm ki, imzanı dəyişmək lazımdır.

- Birdən xanımın kitabı zənn edərlər...

- Yox (gülür). Sadəcə qarışıqlıq olmasın dedim.

- Narıngül xanım, Yazıçılar Birliyinə nə vaxt üzv oldunuz?

- Çox deyil. 2002-ci ildə.

- Aktivsiniz. Hər tədbirdə görünürsünüz...

- Yəqin mən görünən simayam. Əslində bütün tədbirlərdə olmuram. Tanışlar da olur, üz-üzdən keçmir prinsipi ilə iştirak edirsən. Amma daha çox bəyəndiyim tədbirlərə qatılıram.

- Sonuncu kitabınız da Yazıçılar Birliyində keçirildi. Çox adam gəlmişdi?

- Hə, var idi. Özü də mənim tədbirim ən demokratik tədbir oldu. Tənqid elədilər. Bəyənməyənlər rahatca fikirlərini deyirdi.

- AYB-də açıq tənqid olur?

- Olur. Baxır müəllifə... Tədbir də insanın xarakterinə oxşayır. Hər insanın öz xarakterində tədbir olur.

- Siz üzüyumşaqsız deyə, tənqid edə bilirlər. Ancaq Rəşad Məcidin tədbiri olsa tənqid eləməyə çəkinərlər...

- (Gülür). Mən tənqidə açığam. Heç vaxt incimirəm. İstəyirəm əsərin müzakirəsi olsun. Tərif lazım deyil mənə. Kimsə tərifləyəndə elə bil borclu qalıram, azadlığım əlimdən alınır. Mən özümə müxalifəm. Ən çox özümü tənqid edirəm.

- Özünüzü tənqid edirsiniz, bəs başqalarını?

- Tənqid edə bilməsəm də, ən azından tərifləmirəm də. Mən həmişə tərifləyənlərə qarşıyam. Tərif olunanla işim yoxdur, bilirəm ki, onluq deyil. Ancaq tərif eləyənləri həmişə tənqid edirəm.

- Bəs özünüz haqda nə fikirdəsiniz? Necə yazıçıdır Narıngül?

- Açığını deyim, yazıçı kimi öz yazdıqlarımı bəyənirəm. Ən azından nə yazdığımı bilirəm. Şair kimi özümü bəyənmirəm. Şeirlərim bütöv deyil, fraqmentaldır. Düzdü, modern şeiri bilirəm, istəsəm bir şeir yazıb dərhal oxucunu tuta bilərəm. O, üsulu yaxşı bilirəm. Amma nəsrdəki qədər özümü rahat hiss etmirəm.

- İxtisasca filoloqsunuz. Amma bu sahədə işləməmisiniz. Heç jurnalistikada da görməmişəm sizi...

- Doğrudur. Əvvəllər fabrikdə bir müddət mühasib işləmişdim. Sonra bezdim, çıxdım işdən...

- Rəqəmlərlə yola getmədiniz deyəsən...

- Hə, rəqəmlər yordu məni. Amma çox yaxşı mühasib idim (gülür). Ədəbiyyat çəkirdi məni. Həyatımda baş verənləri yazmaq istəyirdim...

- Başınıza gələnləri hekayə eləyirsiniz...

- Hə, elədir. Məsələn, “Pul qabı” hekayəmi götürək. Bir dəfə pul tapmışdım küçədə. Hardan tapdığımı deməyim, birdən yiyəsi oxuyar (gülür).

- Nə qədər pul vardı içində?

- 300 ya, 400 manat.

- Neylədiniz bəs?

- Xərclədim. Mən pul qabını götürəndə elə bilirdim ki, hamı görür məni. Öz-özümə dedim, bu şansdır. Pulqabını cibimə qoyub o küçədən uzaqlaşdım, qabağıma çıxanlardan çəkinirdim. Düşünürdüm ki, onlar məndən şübhələnir, cibimdə çoxlu pul olduğunu bilirlər. Mən də bu hisləri qələmə aldım sonra.

- Heç düşünmədiniz ki, pulqabının sahibi kasıb adam imiş, vacib bir iş üçün lazımmış o pullar?

- Düşündüm. Çox düşündüm. Çox əzab çəkdim. Sonradan həmin adamı tapıb pulu qaytarmağı da düşündüm. Amma gücüm çatmazdı o pulu qaytarmağa. Dəhşətli əzablar çəkdim. Qaytarsaydım, daha rahat olardım.

- Hekayə yarandı amma. Buna görə bağışlamaq olar sizi...

- Hə... Bəlkə də...

- İndi nə yazırsınız?

- Açığı, heç nə yazmıram. Depressiyadayam bir az. Yəqin ki, bu depressiyadan çox gözəl bir əsər ortaya çıxacaq. Həyat mənə depressiya yaşadır ki, yaza bilim...

# 1738 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #