İsa Hüseynovun Kulis.az-a müsahibəsi: “Düşmənlərim üçün də darıxıram”

İsa Hüseynovun Kulis.az-a müsahibəsi: “Düşmənlərim üçün də darıxıram”
1 aprel 2014
# 09:44

Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan İsa Hüseynovla müsahibənin baş tutacağından əmin deyildik. Əvvəla müsahibəyə razılığı nasirin özü verməmişdi.

Yaxınları Ağstafaya-İsa Hüseynov hazırda burda istirahət edir-gedəcəyimiz halda müsahibənin baş tuta biləcəyini söyləmişdilər. Bu səbəbdən müsahibənin baş tutmamaq ehtimalı vardı.

Bundan başqa İsa Hüseynovun səhhəti ilə bağlı narahatçılığımız vardı. Müsahibə bu səbəbdən də alınmaya bilərdi.

Amma hər şey yaxşı oldu. Yazıçının həyat yoldaşı Firuzə xanım gülə-gülə “Razılaşmağa imkan vermədiniz. Başımızın üstünü aldınız, ancaq neynəyək, 500 kilometr yol gəlmisiniz” sözləri ilə bizi qarşıladı, müxalifət qəzetlərindən olub-olmadığımızı soruşdu, müsahibə zamanı İsa Hüseynovu əsəbiləşdirəcək suallar verməməyi tövsiyyə etdi. Və yazıçını razı salmağa getdi. Biz bütün suallarımızı verdik. Ustad yazıçı da hamısını cavablandırdı.

Kulis.az saytında işləyənlərdən hər biri görkəmli yazıçıdan müsahibə almaq arzusunda idi, məhz buna görə Ağstafaya 4 nəfər jurnalistin yollanmağı təəccüblü qarşılanmamalıdır.

Müsahibənin baş tutmasında Fərid Mirzəyevin çox böyük əməyi oldu. Fotoları və videonu Elmin Həsənli çəkdi. Sualları vermək və müsahibəni hazırlamaq Qan Turalı ilə mənim öhdəmə düşdü.

Bizimlə salamlaşanda İsa Hüseynovun ilk sözü bunlar oldu: “Gözüm görmür, təzyiq də məni əldən salır”.

(Müsahibə 2012-ci ilin avqustunda götürülüb və İsa Hüseynovun mətbuata verdiyi son geniş müsahibəsidir)


- Deyəsən Ağstafada özünüzü daha rahat hiss edirsiniz?

- Ağstafaya gələndə, həyətdə oturub bu havanı alanda babat oluram. Qalan vaxtlarda qan təzyiqim çox yüksəyə qalxır. Həyat yoldaşım Firuzə xanım dörd-beş dərman içirdir. Gündə iki iynə vurur. Birtəhər yaşayıram da.

- Belə çıxır ki, səhhətiniz yazmağa imkan vermir?

- Yazıram. Ağstafaya gəlməmişdən qabaq “Söz yarası” adlı balaca bir povest yazmışdım, “Azərbaycan” jurnalına vermişəm. Bəqədri-qüvvə, yaşayırıq.

- İstərdik, ilk povestiniz olan “Bizim qızlar”dan imtina etməyiniz barəsində danışasınız.

- Mən bu povestdən çoxdan imtina etmişəm, ancaq siz yenə dilinizdən çıxarmırsınız. Bu povest çox bəsitdir. İlk povestim idi. Moskvada da çap olundu. Bakıda da 1953-cü ildə kitab çıxdı. Bu əsəri tərifləyənlər də oldu, tənqid edənlər də... Mircəfər Bağırov da tənqid edənlər sırasında idi. Tənqidçilərdən bir-ikisi ona qoşuldu. Amma sonra təriflədilər. Mənim indiki səviyyəmlə yox, elə o dövrdəki səviyyəmə görə də çox aşağı səviyyəli əsəri idi. Ona görə bu əsərin adı çəkiləndə birtəhər oluram. Bu mənim ilk qələm təcrübəmdir, bunu niyə yaddan çıxarmırlar. “Bizim qızlar”ı “Seçilmiş əsərlər”imə da salmamışam. Amma yəqin küncdə-bucaqda hardasa qalıb.

- Amma tarix kimi maraqlıdır axı, Mircəfər Bağırov bu əsəri tənqid edib.

- Yox, ay kişi, unudun getsin. Mircəfər Bağırov məni sonralar da dəfələrlə tənqid edib. Dəfələrlə təzyiqlərə məruz qalmışam.

- Ümumiyyətlə, əsərlərinizin böyük bir hissəsindən, o cümlədən, “Yanar ürək”dən imtina etmisiniz.

- Mən variantlardan imtina etmişəm. “Bizim qızlar”dan, “Dan ulduzu”nun birinci variantından imtina etmişəm. “Dan ulduzu”nu sonrakı variantda xeyli zənginləşdirdim. Və onu cildlərə salmağı layiq bildim. “Yanar ürək”dən imtina edib, onun əvəzində “İdeal”ı yazdım. “İdeal” romanını çox bəyənirəm. Əsəri bir də oxuyuram, görüm çatışmayan cəhətlər varsa, onları düzəldim ki, “İdeal” mənim ən kamil əsərlərimdən biri olsun. 1957-ci ildə “Yanar ürək” povesti çap olunanda çox böyük tənqidlərə məruz qaldı bu əsər. Jurnalistlər, tənqidçilər, Mərkəzi Komitə tənqid elədi. Hətta bunun sədası Moskvaya qədər getdi. Ordan tənqidçilər gəldi. Raykom katibini mənfi surət kimi vermişdim. Bu o dövr üçün görünməmiş şey idi. Ümumiyyətlə, Sovet vaxtı doğru söz demək mümkün deyildi. Süleyman Rəhimov 5 cildlik “Şamo” romanını yazdı. Bu, inqilaba həsr olunmuş əsər idi. Mehdi Hüseynin “Səhər” romanı da eləcə. Bundan başqa Əli Vəliyevin, Əbülhəsənin romanları ədəbiyyatın birinci inkişaf dövrünə təsadüf edir. Bunlar romandırlar, müəyyən problemləri qoymuşdular, ancaq həqiqi ədəbiyyat yoluna gəlməmişdilər. Mən onlara qiymət verir, xatirələrini əzizləyirəm. Mirzə İbrahimov, Mehdi Hüseyn haqqında xüsusi portret məqalə yazmışam. ədəbiyyatın o dövründə inkişafa xidmət edən yazıçılar olublar. Amma bizim nəslimiz tamam başqa yolla getdi. Fərqli əsərlər yaratdıq.

- Özünüzü hansı ədəbi nəslə aid edirsiniz?

- Mən ədəbiyyata gələn dövrdə mənim kimi yazıçılar yox idi. Mən Mirzə Cəlildən öyrənirdim. Çar dövründə zülm altında olan yazıçılar həqiqəti qələmə alırdılar və millətə xidmət edirdilər. Mirzə Cəlil tənqidi əsərlər yazsa da onun qələmə aldıqları bizim xalqın həyatında proqressiv rol oynayıb. “Poçt qutusu” mənim bir çox mövzuları işləməyimə təkan verib. Beləliklə mənim ətrafımda yeni bir nəsil yetişdi. Anar, Elçin, Mövlud da o yolla getdi. Ədəbiyyatda proqressiv yol bunlara aiddir. Onlar dünya ədəbiyyatına çıxmağa layiqliyə doğru gedirlər. Anarın “Ağ qoç, qara qoç” əsərini qiymətləndirirəm, bu barədə məqalə də yazmışam, bu əsəri şedevr adlandırmışam. Güman edirəm ki, səhv etməmişəm. Çox qiymətli əsərdir. Mövludun povestlərini az-çox qəbul edirəm. Elçinin “Ölüm hökmü” romanı və pyeslərindən bəziləri çox xoşuma gəlir.

- Bəs Əkrəm Əylisli?

- Əkrəm Əylisli mürəkkəb adamdır. Elə yazdıqları da mürəkkəbdir. Əkrəm solçuluğa getdi.

- Dostunuz İsmayıl Şıxlını necə xatırlayırsınız?

- Çox yaxın yoldaş olmuşuq. Mən “Dəli Kür” romanının yazılmasında iştirak etmişəm. Firuzə xanım şahiddir, hər fəsli oxuyurdu, müzakirə edirdik, ondan sonrakı fəsli yazırdı. “Dəli Kür”ün yazılmağı 10 il çəkdi. Və yazıçı kimi əmələ gəldi, yetişdi. Bundan sonra hekayələr yazdı və bu hekayələr də az-çox qiymətini alıb. Amma son romanını bəyənmirəm. İsmayıl Şıxlı “Ölən dünyam” əsərində babamın həyatından yazıb. Rəhmətlik qardaşım Omar İsmayıl Şıxlı ilə yaxın idi. İsmayıl xəstə olandan Omar tez-tez onun yanına gedib-gəlirdi. Ona babamın həyatından danışır, sən yaxşı yazıçısan, mənim babam haqqında yaz. Bizim nəslin adı Ağalardır. Muğandan sonra Padşahlıq kəndini yaratmışıq. Qardaşım Ağaları qəbul eləmirdi. Omar babam məhkəmə iclasçısı olub. Cəza çəkməli olan bir çox adamları xilas edib. Ona görə buna Koxa deyirdilər. Qardaşım isə deyirdi ki, biz ağa nəsli olmamışıq, mənim babama Koxa deyiblər. İsmayıl Şıxlı da götürüb Koxa adı ilə qardaşımdan eşitdiklərini yazıb. Roman bizim həyatımızı təhrif edib. Özü də xeyli bəsit çıxıb. Ona görə İsmayıl Şıxlının bu romanını qəbul etmirəm.

- 60 ildən çoxdur ki, yazırsınız.

- 1947-ci ildə “Arx” adlı ilk hekayəm “Azərbaycan gəncləri” qəzetində çıxıb. Balaca bir hekayədir. O hekayəni bizim dərnək müdirimiz Cəfər Xəndan oxudu və dedi ki, bu, əsər olmağına əsərdir, ancaq çap etməzlər. Dedim niyə? Cavab verdi ki, qəhrəmanını öldürmüsən, bizim ədəbiyyat belə şeyləri sevmir. Universitetin ikinci kursunda oxuyurdum. Sonluğu elə universitetdəcə dəyişdirib qəzetə göndərdim. Çap olundu, mükafat da verdilər. Sonra bu hekayəni iki dəfə dəyişdirdim. Çünki material doğma idi. Bəsit olsa da həyatımızın yaralı sahəsinə toxunurdu. Ona görə bundan əl çəkmədim. 1949-cu ilə qədər bu hekayəni dəyişdirib saxladım. Sonra məndən oçerk istədilər. İsmayıl Şıxlı, Əli Tudə, Balaş Azəroğlu bizə gəlib-gedirdilər. Şeir-zad oxuyurdular. Onlar dedilər ki, ay İsa, sən oçerk yaz. Bu arada kəndə-Muğanlıya gəldim. Muğanna təxəllüsü bu adnan bağlıdır. Muğanda yaşayan muğannalar nəsli olub. Ulu Bağ Əs Əlin, Süleyman peyğəmbərin, Solomonun nəsli orada yaşayıb. Mən bilmirəm, siz Süleyman peyğəmbər haqqında məlumatlısınızmı? Azərbaycana planetdən əhali gəlib məskunlaşandan sonra İraq, İran, Türkiyə ərazisinə, Qərbi Sibirə səpələniblər. Birinci 50 min illik tarixdən başlayaraq Süleyman peyğəmbər bunlara başçılıq edib. O vaxt Allaha Bağ deyirdilər. İnsanı insana bağlayan Bağ... I Aleksandr Muğana gələrək Süleyman peyğəmbərlə söhbət edib. Süleyman peyğəmbər deyib ki, göylər bizə müharibə etməyə, adam öldürməyə imkan vermir. Aleksandr deyib ki, siz bizim qonşu dövlətlərlə əlaqələrimizə mane olursunuz. Bizimlə müharibə etməsəniz də biz sizdən qorxuruq, burdan köçün. O vaxt Bağlara Muğ deyirdilər. Tarixi hadisələrlə əlaqədar olaraq Bağlar Muğ adı altında gizlənirdilər. Muğanna isə bizim muğlar mənasını verir. Mənim təxəllüsüm bununla bağlıdır. Süleyman peyğəmbərlə I Aleksandr anlaşırlar və Muğlar Türkiyədə indiki Muğla ərazisinə köçürlər. İndiki Azərbaycanın Şirvan, Zaqatala, Qazax ərazilərinə köçüblər. Borçalıya köçənlər də var və bu kəndlərin hamısının adı Muğanlı qalıb. Nəslimiz peyğəmbər nəsli olduğuna görə mən göylərlə bağlandım.

- Bu necə baş verdi?

- 1985-ci ildə ün eşitdim. Onda mən “Yanar ürək” əsərini yeddinci dəfə işləyirdim. Dünyada İusus adı ilə tanınan Ey Sar (-ey uca, Sar hökmdar deməkdir, ruslar çar demirlərmi) mənimlə danışmağa başladı. O, məni danladı ki, bir romanı nə qədər yazmaq olar? Sən elə hesab edirsən ki, Azərbaycanın faciəsi partiyanın siyasəti ilə bağlıdır. Amma səhv edirsən. O vaxt qonuşlarınız olan yunanlar, dil, təfəkkür baxımından vəhşi xaqları sizin dilinizi, göylərlə bağlı təfəkkürünüzü əlinizdən alıblar, sizin faciəniz də bundadır. Ey Sar dedi ki, “Yanar ürək” əsəri üzərində işləməkdən əl çək, mən sənə müasir dövrə aid roman verəcəyəm. Hadisələr danışacağam və sən onun əsasında roman yazacaqsan. Mən də tabe oldum və 1985-ci ildən “İdeal”ı yazmağa başladım. Bundan sonra mənim şüurum, təfəkkürüm, yaradıcılığım tamamilə dəyişdi. Dostlarımdan, yazıçı kollektivindən aralandım. İndi 80 yaşı olan o vaxtkı cavanlar mənim ətrafımda oldular. Mən onlara təsir elədim, Anar, Elçin, Mövlud yeni ədəbiyyat yaratmağa başladılar. Bundan sonra bizim ədəbiyyatımızda böyük dəyişiklik oldu. Həm mövzu, həm də ideya cəhətdən ədəbiyyatımız dəyişməyə başladı.

- “İdeal” romanının son hissəsi Saf Ağ elmi haqqındadır. Ancaq əsas hissəsində bu yoxdur.

- Yox, siz yəqin ki, 1986-cı il nəşrini oxumusunuz. Türkiyədə çıxan variantda çoxlu dəyişikliklər etmişəm. Bir də Mədəniyyət və Turizm Nazirliyi seçilmiş əsərlərimi çap etdirib. “İdeal”ın orada çap olunan variantında da dəyişiklər etmişəm. Saf Ağ elmi, Odərlər haqqında çox geniş məlumat verilir. Odərlər sufiyə çevriliblər. Ərəblər Saf Ağ elmini təhrif ediblər, mən bu barədə ətraflı yazmışam.

- Sizin ssenariniz əsasında “Tütək səsi” filmi çəkilib. Maraqlı məqamlardan biri budur ki, filmdəki Cəbrayıl obrazı ilə povestdəki Cəbrayıl fərqlidir. Filmdə Cəbrayılı müdafiə elementləri var.

- Mən Ey Sarın sözü ilə dərk etdim ki, bizim ölkədəki bəlalar hamısı quruluşdan gəlir. Bir qədim dövrdə təhrif etmə olub, bir də Stalin dövründə. Stalinin müharibədən çox repressiv bir dövrü oldu, Azərbaycan kəndlisinin çörəyini əlindən aldı, aclıq başladı. Camaat şəhərlərə qaçışdı. Təsərrüfatlar başsız qaldı. Çox kobud səhvə yol vermişdi. Çörək kənddən çıxır da. O, çörəyin yolunu bağladı. Kəndləri soydu, Moskvanı, başqa şəhərləri doldurdu. Bir dövrdə ədəbiyyata bir cür yanaşırdım, başqa dövrdə ayrı cür. Cəbrayıl birinci variantda Stalinin kənddəki əks-sədasıdır. Sonra gördüm ki, Stalin KQB-nin əli ilə hərəkət edib. Kəndə təsir KQB-nin əli ilə idi. Hər üç nəfərdən biri KQB-yə işləyirdi. Az-çox fəaliyyət göstərən adamları ləkələyir, tuturdular. Sürgünlər başladı, Göyçə mahalı bütünlükdə köçürüldü. Göyçə deyilən şey qalmadı. Göyçəlilər Muğanın ən isti, şor torpaqlarına köçürüldülər. Buz bulaqların suyunu içən qırmızı yanaqlı adamlar duzlaqlarda çürüdülər. O dövrdə Stalin gözümün qabağından getmirdi, onun obrazını mən kənd həyatına köçürürdüm. “Doğma və yad adamlar” adlı roman yazmışdım, orada Canbalayev vardı. Onu da Stalinin protipi saymaq olar. Sonra bu romanı da dəyişdirdim. O romandan da imtina etdim.

“İsa həqq, Musa həqq” adında yeni bir roman yazdım. Azərbaycan jurnalında çıxdı, cildlərə də salmışam. Amma bu əsəri sonradan bir az təkmilləşdirmişəm. Cildlərdə yer almış silsilə əsərlər Azərbaycanın mənəvi təkamülünə həsr olunub. Bəlalardan, ruhi sarsıntılardan çıxa-çıxa millət necə indiki hala düşüb, bax, buna aydınlıq gətirmişəm. Romanlar, povestlər silsiləsi millətin taleyinə həsr olunub. İndiki əsərlərimin əksəriyyətində Saf Ağ elmini təbliğ edirəm. Amma əsərlərimin hamısı çap olunmayıb. Bir povestim çap edilməyib. Orda çox ciddi məsələlər qaldırmışam. O povest çap olunsa, bizim həyatımızda böyük dəyişiklik ola bilər. “Azərbaycan” jurnalına təqdim etdim, İntiqam Qasımzadə bildirdi ki, sən bu əsərlə inqilab edirsən, bunu çap etsək, başım bəla çəkər. Bu əsəri bir alimə oxumaq üçün verdim. O alim də Dövlət Təhlükəsizlik orqanında işləyirmiş, aparıb verib ora. Onlar da mənə deyirlər ki, əsərin çap olunacaq. Nə vaxt çap olunacaq, bilmirəm. Ancaq özlərinin işçiləri var ki, ədəbiyyatla maraqlanırlar, elmli adamlar kimi tanınırlar, onlar hamısı bunu oxuyublar.

- Özünüz çap etdirmək istəmirsiniz?

- İstəyirəm. Arzu edirəm ki, orada yazılan həqiqətlər həyata keçsin.

- Əsərin adı, mövzusu barədə məlumat verin, zəhmət olmasa...

- Əsərin adı “Türfə”dir. Mən bir az irəli gedib yazmışam, peyğəmbərin həyatı, “Quran” təhrif olunub. “Quran”ı ərəb dilində tərcümə ediblər.

- İstərdik, bir az “Məhşər” romanı haqqında danışasınız.

- Mən Nəsimi haqqında roman yazmaq fikrində deyildim. Ulu öndər dediyimiz gözəl insan Heydər Əliyev Azərbaycan tarixini bərpa etmək istəyirdi. Nəsimnin 600 illiyi yaxınlaşanda görkəmli ictimai xadim və şair Rəsul Rzanı Suriyaya, Hələb şəhərinə göndərdi. Sonra KQB-yə məktub gəlmişdi ki, köhnə almanaxlarda Nəsimi haqqında çoxlu yazılar var. Rəsul Rza getdi və Hələbdən Nəsiminin 4 divanını gətirdi. Biri farca, biri əsərbcə, ikisi türkcə. Bunları gətirəndən sonra Həsən Seyidbəyli dedi ki, a kişi, bu qədər yazıb-pozursan, Nəsimi, Nəsimi deyirlər e, onun haqqında yaz da, mən də çəkim. Başladım Nəsimi ilə maraqlanmağa. Rəsul Rzanın gətirdiyi materialların hamısını oxudum. Nəsimi yerdə yaşayıb, yerdə yazdığına baxmayaraq Bağlardan biridir.

İlk epizod yazıb Həsənin evinə apardım, oxudum. Bir kəlmə dedi ki, yaxşıdır. İkinci, üçüncü epizodlara da bir kəlmə ilə yaxşı dedi. Bu arada romanı da başladım. Əvvəl ssenarini başlamışdım, paralel olaraq romanı yazırdım. Ssenarini bitirəndə romanın birinci hissəsini bitirmişdim. Ssenarini Moskvada çox böyük hay-küylə qarşıladılar. Çünki Nəsimi qeyri-adi insan, qeyri-adi yaradıcıdır. Həyatı da, fəlsəfəsi də qeyri-adidir. Moskvada hay-küylə qarşılandı, özümüzün Mərkəzi Komitəsində də bunun əleyhinə çıxan adamlar vardı. Heydər Əliyev yubiley ərəfəsində şöbə müdiri Azad Şərifovu yanına çağırıb deyib ki, ssenari necədir. Azad Şərifov da deyib ki, ssenari ilə böyük bağlı şübhələrim var. Heydər Əliyev bildirib ki, mən film gözləyirəm ancaq müxtəlif bəhanələrlə işi uzadırsınız. Əlavə edib ki, hanı film. Azad Şərifov cavab verib ki, Moskvaya göndərmişik. Heydər Əliyev zəng vurub, Moskva Kinematoqrafçılar Birliyinin sədrinə. Sədr də deyib ki, ssenarini oxumuşam, xoşuma gəlib amma kimlərsə buna mane olmaq istəyirlər. Bildirib ki, mən bilmirəm kimlər mane olmaq istəyirlər amma mən ssenarini təsdiq edirəm. Ona Kinostudiyanın direktoru Adil İsgəndərov idi, məni çağırdı, əli-ayağı əsirdi, dedi, indicə Heydər Əliyev mənə zəng eləmişdi, sən Moskvaya getməlisən, ssenari ilə bağlı qərar var, onu götürməlisən. Səhər relsinə bilet aldım saat doqquzun yarısı komitənin qarşısında dayanmışdım.

Onların bir baş redaktorları vardı, çox harın bir qadın idi. Komitənin qapı açılmamış gəlib çıxmışdı, ona da zəng etmişdilər gəlməsi üçün. Mənə fikir vermədi, yanımdan ötüb getdi, darvazanı açdılar. Getdi otağına. Tez-tez nəsə yazdı, verdi mənə, baxdım-gördüm müsbət rəydir. Birbaş aeroporta getdim, güclə təyyarəyə güclə çatdım. Artıq təyyarəyə pilləkən də qoyulmuşdu, özümü güclə çatdırdım. Saat dörd, beşin yarısında Kinostudiyaya getdim. İsgəndərov həyəcanla dedi ki, bəs sən Moskvaya getməmisən, sən bizim başımıza nə oyun açırsan? Dedim ay kişi getmişəm də, gəlmişəm də, bu da rəy. O, müavini çağırıb dedi ki, filmlə bağlı əmri imzala. “Nəsimi” filminin taleyi belə başladı. 1971-ci ildə film hazır oldu. Moskvada qəbul olundu, yenə məni ittiham etdilər ki, bu adam yer kürəsində olmayan dini təbliğ edir. Halbuki, bu, elmdir.

- Hesab etmirsiniz ki, romanla müqayisədə ssenari zəifdir?

  • - Mən zəif hesab etmirəm. Roman doludur, material genişdir, əhatəlidir. Buna görə də ola bilər ki, oxucuya daha çox təsir etsin. Onu da deyim ki, ssenari dəyişikliklərə də məruz qalıb. Ümumiyyətlə, kino romanla düz gəlmir.

    - Asif Ata Cəbrayılı şərin təcəssümü adlandırır, ancaq onu da vurğulayırdı ki, İsa Hüseynov Cəbrayılı hansı mühitin yetişdirdiyini yazmayıb.

    - Asif Ataya münasibətim mənfidir. Çünki Asif Ata Saf Ağ elmini öz adına çıxır. Halbuki Rəsul Rzanın gətirdiyi materiallarda da Saf Ağ elmi yox idi. Mən bunu Nəsimidə kəşf elədim və Azərbaycanda bu barədə yazan ilk adam mənəm. Asif Ata bunu öz adına yazdı. Şagirdlərini çox pis yolla apardı. Asif Ata ziddiyyətli yazır. O, çox ziddiyyətli tənqidçi idi. “Tütək səsi” əsərində Cəbrayılın mühiti çox geniş verilib. Baş verənlər Cəbrayılı dəyişdirmişdi, o, insana nifrət edirdi.

    - Əsərlərinizdən belə anlaşılır ki, Nərimanova xüsusi rəğbətiniz var.

    - Nərimanov bizim nəsildən olub. Onun Leninlə əlaqələrini, “Lenin və Yaxın Şərq” əsərini bəyənirəm, onun tutduğu yol çox xoşuma gəlir.

    - Hətta Sovet vaxtı demisiniz ki, Nərimanov Lenindən böyük adamdır və buna görə təzyiqlərlə üzləşmisiniz.

    - Nərimanov Saf Ağ elmini bildiyinə, Leninə dərs dediyinə görə onu Lenindən üstün saymışam. Bu fikrə görə təzyiq isə gizli oldu, açıq yox. Nərimanov haqqında ssenari yazanda da məni çox çək-çevirə saldılar.


    - İstərdik iş rejiminiz haqqında da danışasınız.

    Firuzə xanım: İsa gecə saat 12-də, hamı yatandan sonra stolun arxasına keçərdi. Özü də mətbəxdə, çayı da özü dəmləyirdi. Mənə deyirdi ki, narahat olma, get yat. Səhər saat 6-ya qədər işləyirdi. Mən durub çay-çörək verərdim. İki saat yatardı və durub işə gedərdi. İşdən qayıdanda da dincələrdi. Massajoru vardı, 1 saat masaj eləyirdi. İsa da masajın altında yatırdı.

    - Müxtəlif vəzifələrdə işləmisiniz.

    - Bir dəfə Mehdi Hüseyn məni çağırıb dedi ki, düşmənlərim günü-gündən artır, ola bilər həyatım qurtarsın. Sən bir vəzifəyə get. Həyatda özünə bir yer tut. Onda mən Kinostudiyaya baş redaktor getdim. 1964-ci ildə.

    Firuzə xanım: Mehdi Hüseyn dedi ki, İsa, gəl səni vəzifəyə göndərim. Ölüb eləyərəm, Yazıçılar Birliyində səni parçalayarlar. Yoldaşım olduğuna görə demirəm, İsa ən görkəmli yazıçılardandır. Kitablarının birini 100 manata da satırdılar. Kitablar o qədər oxunmuşdu, əldən-ələ gəzmişdi ki, cırıq-cırıq idi. İsanın kitabları 30-60 min tirajla çap olunurdu. Moskvada bütün əsərləri çap olunurdu.

    - İsa müəllim, Tibb İnstitutunu niyə atdınız?

    - Mənim ora getməyim təsadüfi olub. Niyazi adlı bir dayım vardı, atamın qatili. Meşə mühəndisi idi. Müharibə vaxtı, 1945-ci ildə məni çağırıb dedi ki, sən Tibb İnstitutuna getməlisən. Dedi ki, müharibə qurtarır. Ola bilsin ki, yenə müharibə başlasın, dövlətimizə həkim lazımdır. O, bir çox adamları tibbi komissiyadan keçirib, hərbidən saxlayırdı, özü də yaxşı yaşayırdı. Məni də zorla Tibb İnstitutuna göndərdi. Getdim, qəbul imtahanlarını yaxşı verdim. Komissiya imtahan verənlərdən soruşurdu ki, hansı fakültəyə girmək istəyirsən, sonra təkidlə deyirdilər ki, sən filan yeri seç, o biri bir başqasını. Mən dedim, müalicəyə girmək istəyirəm. Daha demədim ki, dayım məni zorla həkim etmək istəyir. Tibb İnstitutunda bir professor vardı, orduda xidmət etmiş, çadırlarda cərrahiyyə əməliyyatları aparmışdı. Uğursuz həkim idi, qan töksə də, insanları öldürsə də bu mərtəbəyə gəlib çıxmışdı. Bu məni gözündən aldı. Dərslərdən birində, ölüxanada çılpaq rusu uzatmışdılar. Tələbələrə cərrah bıcaqları, sarğılar verdilər ki, filan işi gör. Mənə çatanda çox pis yeri göstərdi ki, oranı kəs, göstər. Getdim gördüm ki, rusun murdar sahəsi məndən qabaq da işlənib. Çox biabırçı və qarışıq bir şey olub. Qəzəbimin üstünə qəzəb gəldi, cərrah bıçağını onun çəkmələrinin üstünə çırpdım. Üzümü tutdum qapıya, o ağzı açıq qaldı, heç nə deyə bilmədi. Ölüxananın pilləkənlərindən düşəndə birdən ürəyimə nəsə gəldi, arxaya çöndüm və dedim, əlvida, ey Tibb İnstitutu... Gəldim evə, gördüm ki, bir qohumuz əsgərlikdə yaralanıb gəlib, bir tibb bacısı var, onun üçün də bilet alıb, ancaq tibb bacısı kəndə getmir. Mən dedim ki, kəndə getmək istəyirəm. Qohumumuz cavab verdi ki, elə tibb bacısının bileti ilə gedərsən. Getdik, camaat əsgəri qarşıladı, qarşılayanlar arasında dayım da vardı. Dedi ki, sessiya vaxtı sən burda nə gəzirsən? Mən dillənə bilmədim, anam dedi ki, institutdan çıxıb. Belə deyəndə dayım mənə bir şapalaq ilişdirdi, tozun içinə yıxıldım. Bununla da dayımla aramızda konflikt yarandı. Sonra bildim ki, atamla da əvvəlcədən konfliktləri varmış. Konflikt dərinləşdi və dayım nazirlərdən birinin sifarişi ilə atamı öldürdü.

    - Hadisə haqqında bir az ətraflı danışa bilərsinizmi?

    - Mən bədii əsər sayağı bir tərcümeyi-hal yazmışam. Adı “Həyatımdan səhifələr”dir, “Azərbaycan” jurnalında işıq üzü görüb, ancaq hələ kitab şəkilində çap olunmayıb. Orada atamın başına gələnləri açıqlığı ilə yazmışam. Atam meşə idarəsində direktor idi. Dayımın əlindən bu işdən çıxdı, kəndimizdə kolxoz sədri işləyirdi. Günlərin bir günü maşına minib Çeyrançöl deyilən yerə gedirmiş ki, qoyun sürüləri üçün yer müəyyənləşdirsin. Qıraq Kəsəmənə gəlib ki, bu kənddən bir neçə nəfərlə örüşləri müəyyənləşdirə bilsinlər. Qıraq Kəsəmənə çatmamış, yolda Niyazi əl qaldırır, deyir ki, mən də səninlə getmək istəyirəm. Atam deyib ki, otur, o da keçib arxada oturub. Bir azdan cibindən çəkic çıxararaq atamın gicgahına vurub. Atam yıxılıb, bundan sonra maşını aşırıblar, xəbər yayıblar ki, qəza baş verib.

    - Mehdi Hüseyn atanızla tanış idi deyəsən...

    - Mehdi Hüseyn bizim nəsildən idi, atamla çox yaxşı münasibəti vardı. Atam məni onun yanına aparmışdı ki, mənim yeddi uşağım var, bunu da sənə oğulluğa verirəm.

    - Tibb İnstitutundan çıxandan sonra nə etdiniz?

    - Atama dedim ki, axı mən sənə yazmışdım ki, instituta girmək istəyirəm. Bəs sən məni niyə aparmadın? Atam dedi ki, arxayın ol. Sən demə, Azərbaycan Dövlət Universitetinin dekanı atamın əsgər yoldaşının qardaşı imiş. Atam orden, medallarını taxdı, yola düşdük. Dekanla öpüşdü, görüşdü, dedi ki, oğlumu gətirmişəm. Dekan da dedi ki, lap yaxşı, bir az oğlunla söhbət edək. Mənə dedi ki, Səməd Vurğundan, Osman Sarıvəllidən şeirlər de. Cavab verdim ki, Tibb İnstitutu məni elə hala salıb ki, şeirlər də yaddımdan çıxıb. Ancaq qəbul etsəniz, əla qiymətlərlə oxuyaram. Dedi ki, çıx, atanı çağır. Atam da kabinetin qarşısında oturmuşdu. Cağırdım atamı, özüm otaqdan çıxdım, ancaq qapı aralı qalmışdı, deyilənləri eşidirdim. Dekan bildirdi ki, uşaq fəhmlidir, onu qəbul edərəm. Qəbul imtahanları sənədlərini çıxardı, üç-dörd fəndən qiymət yazdı. Sonra mənə dedi ki, çıx dördüncü mərtəbəyə, tarix fakültəsinin dekanı Məmməd Şıxlıya-İsmayıl Şıxlının qayınatası- de ki məni Səmədzadə göndərib. Deyir ki, mən qazaxlıyam, mənə bir yaxşı qiymət yazsın. Səmədzadənin dediklərini olduğu kimi çatdırdım, kişi güldü və yaxşı bir qiymət yazdı mənə. Səmədzadə sonra məni qəbulla məşğul olan qızın yanına göndərdi, sənədləri ona verdim ki, işə tiksin. Auditoriyanı göstərdilər, getdim. Müəllim tribunaya çıxdı və dedi ki, mən Mir Cəlalam, sizə ədəbiyyat nəzəriyyəsindən dərs deyəcəyəm. Ona çox maraqla qulaq asırdım, bir də onda ayıldım ki, arxa cərgədən qabaq cərgəyə keçmişəm. Universitet həyatı belə başladı, 4-cü kursa qədər oxudum. Bir gün Mehdi Hüseyn məni Yazıçılar İttifaqına çağırdı, dedi ki, Moskvada Qorki adına Ədəbiyyat İnstitutu var, səni ora göndəririk. Dedi, rus dilini necə bilirsən? Tağıyevin kompanyonu vardı, xozeyn Məmməd adında, bizim qohum idi, bizim kənddə rus dili dərsi deyirdi. 3-4-cü siniflərdə oxuyanda o, mənə dərs dedi. Uşaqları təpiklə döyürdü, qanmırsınız, deyirdi. Müəllim deyildi axı... Pedoqoqluğu yox idi, ancaq mənim başımı sığallayır, rus dilini öyrədirdi. Mehdi Hüseynə dedim ki, rusca az-maz bilirəm. Dedi, oxuya bilərsənmi? Müsbət cavab verdim. Beləliklə də “Qorki” həyatı başladı.

    - Orda hansı tanınmış şəxslərlə birgə oxumusunuz?

    Firuzə xanım: Nəbi Xəzri, Salam Qədirzadə...

- Yazıçı Konstantin Paustovskini heç vaxt unutmaram. O, bizə dərs deyir, yaradıcılıq emalatxanasına rəhbərlik edirdi. Yazılarımızı oxuyur, fikirlərini bildirirdi. Diplom müdafiəsindən sonra həyətdə gəzişirdim, Qorkinin heykəlinin qarışına gəldim, heykələ baxdım və dedim ki, Aleksey Maksimoviç məndən yazıçı olacaqmı? Arxa tərəfdə hənir olduğunu hiss etdim. Çöndüm, gördüm ki, Paustovskiydir, dedi, gedək nahar edək. Məni “Bakı” restoranına apardı. Dal tərəfdə xüsusi qonaqlar üçün yer vardı, orda oturduq. Dedi kabab yeyək və yüz qram koynak içək. Dedim elə mən də siz deyəni deyirdim. Yedik-içdik, çıxanda dedi ki, bilirsən də, mən türkəm. Mətəəl qaldım, bu adamın sifətinə də yazılıb yəhudidir, ancaq belə qatı yəhudi özünə türk deyirdi. Əlavə etdi ki, bütün yəhudilər türkdürlər. Küçə ilə adamlar gedirdi, hamısı da yəhudilərdi, dedim bunlar hamısı türkdür? Bir az tutuldu. Cavab verdi ki, oxumaq lazımdır. İllər sonra “İdeal”ı yazanda o kişini xatırladım və o motivi inkişaf elətdirdim.

Müsahibənin bu yerində Firuzə xanım İsa Hüseynovun bir balaca dincəlməli olduğunu söyləyir. Diktofonu söndürürük. Söhbətimiz diktafonsuz davam edir. Yenə “Türfə” romanından söz düşür. Firuzə xanım deyir ki, bəlkə də bu romanın çapını görməyə İsa Hüseynovun ömrü çatmayacaq. İsa Hüseynovun reaksiyası sərt və qəti olur: “Mənim sağlığımda çap olunmalıdır”.

- “Qətl günü” romanından xoşunuz gəlir?

- Yox, çox qəlizdir. Bu cür qəliz yazmaq, ədəbiyyatı bu şəklə salmaq olmaz. Dil, ifadə, süjet hamısı qəlizdir. Qəliz yazmaq düz deyil, gərək sənin əsərini sadə insanlar da başa düşsün.

Firuzə xanım: Axı sənin özündə də qəlizlik var. “İdeal” başa düşmək üçün iki-üç dəfə oxumuşam. Sən də qəlizsən, ay yoldaş.

- İsmayıl Şıxli bir dəfə yazmışdı ki, Dostoyevski çap olunanda evə qapanıb onu mütaliə ilə məşğul olmusunuz.

- Ola bilər, amma Dostoyevskini “Qorki”də təhsil alanda oxumuşam.

- Hiss olunur ki, Dostoyevskidən təsirlənmisiniz...

Firuzə xanım: Təsirlənib. Məndən soruşun, deyim. Müharibə dövrünə aid povestləri çap olunanda bizə zəng edib deyirdilər ki, İsa Hüseynov Azərbaycanın Dostoyevskisidir. Mən onun bütün əsərlərini oxumuşam, görürəm ki, təsir var.

- Makinada yazırdınız, yoxsa əl ilə?

- Əl ilə. İndi də əllə yazıram. Makinaya etibar etməmişəm heç vaxt. Əlyazmalarımın hamısını saxlayıram.

Bu yerdə Firuzə xanım əlavə edir, İsa Hüseynov şeir də yazıb və şeir “Azərbaycan” jurnalında çap olunub: “Mən də deyirəm, şeir yazma...”

- Necə tanış olmusunuz?

Firuzə xanım: İsa mənim xalam oğludur. Mən buna getmirdim. İsmayıl Şıxlı mənim müəllimim olmuşdu, məni yaxşı tanıyırdı. Bir də görürdün, İsmayıl Şıxlı ilə İsa gəldilər. İsmayıl İsanı tərifləyirdi, deyirdi ki, belə sakit olmağına baxma, çox yaxşı oğlandır. Mənim atam raykom olub, ərəb dilini yaxşı bilirdi. İsanın atası da vəzifədə işləyirdi. İsanın atası əl çəkmədi, dedi ki, alsan bunu alacaqsan, almasan heç kimi. Məni ağlada-ağlada İsaya verdilər. Sonra gördüm ki, çox gözəl insandır, o qədər gözəl ürəyi var ki. Çox çətin vaxtlardı, çox əziyyət çəkmişik, Bakıya nə zülmlə gəlmişdik, ümumi qatarda. Toyumuz 1951-ci ildə olub, buna toy demək mümkünsə.

- Məşhurlardan kimlər vardı toyunuzda?

Firuzə xanım: Bi zim toyumuzda tanınanlardan bircə İsmayıl Şıxlı olub. Bir heyvan kəsdilər. Kabab elədilər, aş elədirlər. Belə də, toy deyildi bu.

- Bah, bah, bah. A kişi, siz məndən soruşun, deyim də (ümumi gülüşmə). Çox çətin vaxt idi, atamı da işdən çıxarmışdılar. KQB-dən adamlar gəlmişdi, sənədləri araşdırırdılar. Demək olar ki, yas içində idik. Atam dedi ki, Moskva necədir? Dedim, Moskva bərbaddır, bir-iki gün də qalsa, oğlunun başından əl çək. Cavab verdim ki, onların bircə salamat qızı yoxdur. Hamısı adamın boğazından sallaşır. Söylədi ki, onda deyirsən, toyunu eyləyək? Başımı aşağı salaraq dedim ki, edirsinizsə, edin. Toy günü yeznəm, məktəb direktoru olan əmim oğlu gəlmişdi. İsmayılın gəlməyi yadımda deyil. Cəmi 4-5 adam vardı. Mən çıxıb həyətdə qəmli-qəmli dayanmışdım. Bizim ev dəmiryolunun qırağında idi, bir də gördüm ki, dəmiryolunun relsləri üstündən bir adam çıxdı. Əynində çuxa vardı, çuxanın böyrü domba idi. Baxdım ki, bu atamın, babamın toyunu eləmiş 100 yaşlı Aşıq Alıdır. Anama dedim ki, Alı əmi gəlir. Anam kövrəldi və dedi ki, Alı əmi nə gəzir burda, onu sürüblər, Muğanlıda xəstə yatır. Dedim, vallah, gələn Alı əmidir. Getdim bunun qabağına, gördüm doğrudan da Alı əmidir. Öpüşdük, görüşdük, dedi ki, uzanmışdım, birdən göydən səs gəldi, a kişi, Əfəndinin toyudur, nə oturmusan? Mənim əmimin adı İsa Əfəndi olub, məni Əfəndi çağırırdılar. İsa Əfəndi adı gələndə kövrəlirdilər ona görə. Aşıq Alı dedi ki, səs eşidəndən sonra sazı götürüb gəldim, doğrudan toyundur? Səhərəcən çaldı, oxudu. Sonra mənimlə Bakıya getdi. Bakıdan yola saldım onu. 10 gün sonra rəhmətə getdi.

- Səməd Vurğunla münasibətiniz vardı?

- Səməd Vurğun “Literaturnıy qazeta”da “Poeziya hüququ” adlı bir yazı yazmışdı. Bakıda bu məqaləni tənqid etmişdilər. Mən ilk məqaləmi o vaxt yazdım. 1954-cü ildə. “Şairin həqiqəti” adlı məqaləm “Ədəbiyyat” qəzetində çap olunmuşdu. Az sonra Səməd Vurğun yatağa düşdü, qalxmadı. Bu hadisədən əvvəl onunla Moskvada görüşmüşdük.

Firuzə xanım: Yusif Səmədoğlu ilə yaxşı münasibətləri vardı. Yusif istiqanlı, mehriban adamdı. Gözəl ziyalı idi.

- Yazıçılar Birliyinin qurultayında Vaqif mənə yaxınlaşdı, qucaqladı məni, dedi ki, gəl, şəkil çəkdirək. Çəkdirdik, sonra o şəkili böyütdü, evində başının üstündən asdı. Onun evində bir atasının şəkli var, bir də mənim. Bundan bilirəm ki, onun mənə münasibəti yaxşıdır. Həmişə deyir ki, sən bizim canımız-ciyərimiz, böyüyümüzsən.

- Ümumiyyətlə, Azərbaycan şairlərindən kimi bəyənirsiniz?

- Zəlimxan Yaqubu.

Firuzə xanım: Zəlimxan Yaqub həm yaxşı şairdir, həm də yaxşı el aşığıdır. Bəxtiyar Vahabzadə də yaxşı şairdir, ancaq axır zamanlarda kişini bir az sancırdı.

- Bəxtiyar yaxşı şairdir.

- “Qorki”də Əli Kərimlə eyni vaxtda oxumusunuz, necə idi münasibətiniz?

- Yaxşı şair idi. İçki korladı onu. Rəsul Rzadan başqa heç kimi şair saymadı. Yanaşmaları çox subyektiv idi. Axırda mənə düşmən kimi baxdı.

Firuzə xanım: Yox, İsa, o, səni çox istəyirdi.

- Əvvəl istəyirdi. Mənimlə heç bir problemi olmasa da mənə düşmən kimi baxırdı. İçərisində qaynayan adam idi və onu başa düşmək çətindi.

- Əli Kərim əsasən kimlə içirdi?

- Salam Qədirzadə ilə, onu da içki məhv etdi. Qabil də içkinin qurbanı oldu.

- Bəs siz necə içirdiniz?

- Moskvaya gedənə qədər içmirdim. Moskvada araq nöyüt kimi idi, yəni çoxdu. Yoldaşlarım məni içməyə məcbur edirdilər, mənim də ürəyim qalxırdı. Bir dəfə yataqxanın zirzəmisində araq tapmışdılar, böyük qabda idi, o arağın axırına daş atdıq. Arağı orada almanlar gizlədibmişlər. Bir dəfə qardaşım Omar məni ağsaqqalların yanına apardı, dedi bunlarla ye-iç. Yedik, içdik, saat 4-də bir dənə də heyvan kəsdilər. Səhər evə gəldim və infarkt keçirdim. 1987-ci il idi.

Firuzə xanım: Səhhətdən söz düşmüşkən, bir neçə dəfə klinik ölüm keçirib. Saxlayırıq da birtəhər.

- Bir dəfə 9 dəqiqə, bir dəfə 6 dəqiqə klinik ölüm keçirmişəm. Məni aparata qoşmuşdular, aparatla nəfəs alırdım. Nəfəsim kəsilib, aparatdan ayırıblar. Bir müddət sonra bir həkim gəlib görüb ki, nəfəs alıram, çöldə gözləyən yaxınlarımı muştuluqlayıb. Firuzə xanım isə evə gedibmiş, dəfn hazırlıqları görmək üçün. Zəng ediblər, ona da deyiblər ki, nəfəs alır. Bədənimdə 80 faiz oksigen varmış, həkimlər təəccüb ediblər ki, bu, necə ola bilər? Klinik ölüm keçirəndə o dünyadan atam gəldi. Əmilərim gəldilər, cərgələnib oturdular, atam dedi ki, ölməyəcəksən, çıxanda “Qəbirstan” adlı bir roman yazacaqsan, Saf Ağ elminə həsr olunmuş bir əsər. Xəstəxandan çıxan günü bir kağız götürdüm və üstünə “qəbirstan” sözünü yazdım. Beynimdə heç nə yox idi. Hər şey itmişdi, yazdım, qoydum stolun üstünə. Səhəri mexaniki şəkildə yazmağa başladım. Yazıçılıq həm yaxşıdır, həm də məşəqqətdir.

- Yəqin əsərləriniz üzərində çox işlədiyinizdən bu qənatə gəlmisiniz.

- Əsərlərim üzərində həddindən çox işləmişəm. Əsərlərimin hamısının variantları var. Özü də əllə. Makinada, kompyuterdə yazmaq olar? İnsanın beyninə milyon fikir gəlir-gedir. Bunu kağıza yazmasan, vəziyyət necə olar?

- Əvvəllər deyəsən çox siqaret çəkirdiniz?

- Hə, səhərə qədər çəkirdim. İşləyəndə siqaret çəkmədən dura bilmirdim.

- İnternetə girirsiz heç?

- Yox.

- Amma saytınız var.

- Var, amma baxmıram.

- Sayt hazırlanmasının ideyasını kim verib?

- Bu işlə uşaqlar məşğul olub, mənim xəbərim yoxdur.

- Yazdıqlarınızı nə əcəb vermirsiniz, sayta yerləşdirsinlər.

- Saytı oxuyan varmı ki? Ümumiyyətlə, internet yox olacaq. Kitab əbədidir. Axırda kitab oxunacaq.

- Sovet vaxtı kitablarınıza görə yaxşı qonorar alırdınız?

Firuzə xanım:
Hər çap vərəqinə 3 min rubl alırdı. Əsərlər jurnallarda çap olunurdu, buna görə də qonorar alırdı. Amma qazandıqlarını başqaları kimi içkiyə xərcləmirdi. Bunun o qədər yetimləri var ki, bu pullar olmasaydı, onları saxlaya bilməzdi. Bunlar bilirsiniz nə vaxt içirdilər? İsmayıl Şıxlı idi, tənqidçi Əhəd Hüseynov idi, Məsud Əlioğlu idi, İsa idi, elə ki, biri qonorar aldı, yığılıb içməyə gedərdilər.

- Kabab yeməyə gedirdik (gülür). Bakının yuxarı tərəfində, Gözəldərədə bir kişi evində gözəl kabab bişirirdi. Həmişə qonorar alanda bura gəlirdik.

- Dostlarınızdan ən çox kimin üçün darıxırsınız?

- Hətta düşmənlərim üçün də darıxıram.

- Kim idi düşmənləriniz?

- Ən böyük düşmənim Süleyman Rəhimov idi. Mən “Azərbaycan” jurnalında işləyəndə “Şamo” romanını gətirirdi. Mən də vərəqləri mürəkkəbdə çimdirirdim, sonra çıxırdı. Onun yazdıqları bərbad idi, üstündə xeyli işləyirdik. Bir gün bildi ki, onun əsərini işləyən mənəm. Bu, onu qıcıqlandırmışdı, əsərlərim çap olunanda hamısını vururdu. Hikkəli adam idi, partiya iclasında mənim dərimi soyurdu.

- Cavab verə bilirdiniz?

- Bircə dəfə cavab verdim. Yazıçılar İttifaqında partiya iclası idi. 43 nəfərin 41-i canıma döşədi. Bibim oğlu Vidadi Babanlı və Mehdi Hüseyndən başqa hamısı əleyhimə danışdılar. Axırda iclası aparan Zeynal Xəlil qalxdı ki, məsələ aydındır, İsa Hüseynovun Yazıçılar İttifaqında, partiyada qalmağı mümkün deyil. Bu vaxt mənə qeybdən kömək elədilər. Dedilər ki, Zeynal Xəlil müzakirə edilən əsəri oxumayıb. Qalxdım, dedim ki, müzakirəyə qoyulan əsərim necə başlayır, necə qurtarır, əsərin qəhrəmanı kimdir, iclası aparan bunları desin. Zeynal Xəlil kəkələyə-kəkələyə dedi ki, mən oxumamışam, amma mənim kommunist yoldaşlarım oxuyublar. Dedim, mən belə iclasda oturmaram, qapını açdım, çıxdım. Çölə çıxandan sonra hiss etdim ki, kimsə arxamda siqaret çəkir. Mehdi Hüseyn idi, dedi ki, mən səni həmişə belə görmək istəyirəm, sənin sözündən sonra iclas dayandı.

Bir dəfə də məni Mirzə İbrahimov xilas edib. Bütün yazıçılar Mərkəzi Komitəyə məktub yazmışdılar ki, Mehdi Hüseyn öz qohumu İsa Hüseynovu bizə qarşı qoyur. Halbuki, o, antisovet əsərlər yazan adamdır. Biz onu Yazıçılar İttifaqından, partiyadan qovuruq, Mehdi Hüseyn bərpa edir. Siyasi şöbənin müdirini bu məsələni araşdırmaq üçün Bakıya ezam elədilər. O, gəldi, Mərkəzi Komitədə Yazıçılar İttifaqının plenumunu çağırdı. Mirzə İbrahimov da Ali Sovetin sədri idi. Hamı mənim əleyhimə danışdı. Sonda söz Mirzə İbrahimova verildi. Mirzə İbrahimov balaca adam idi, o, tribunaya çıxanda isə elə bildim ki, nəhəng bir adam kürsüyə qalxıb. Dedi, nə istəyirsiniz, öldürmək fikriniz var onu? İsa ürəyinin qanı ilə yazır. Çıxın gedin hamınız, Mehdi Hüseynin də, İsa Hüseynovun da günahı yoxdur. İclas da bununla qurtardı.

Firuzə xanım: İsanı o qədər KQB-yə aparıb-gətiriblər ki. Bir qara maşın dayanırdı, onunla aparırdılar.

- Axırıncı dəfə Heydər Əliyev “26-lar” mədəniyyət evinə çağırmışdı. Stolunu çıxarıb foyeyə qoymuşdu. İşçilər də divar boyu düzülmüşdülər. Mənə dedi ki, sənə bircə sualım var. De görüm, “Yanar ürək” romanını öz düşüncən, hissiyatınla yazmısan, yoxsa sənə təsir eyləyən olub? Dedim, heç kəs təsir etməyib, öz düşüncəmlə, hissiyatımla yazmışam. Gördüklərimi, dəfələrlə şahidi olduğum hadisələri qələmə almışam. Qalxdı ayağa, dedi ki, təbrik edirəm, bundan sonra da belə yaz. Son nəfəsində də televizor vasitəsilə mənimlə danışdı. Kanalı bizim evə birləşdirdilər, başqa yerdə getmədi. Dedi roman göndərmisən və baş barmağını aşağı elədi. Mən dik atıldım. Necə yəni, ən yaxşı əsərimə bu cür qiymət verilir. Qəhqəhə çəkdi və dedi ki, a kişi, zarafat edirəm. Dedi, sən mənim birinci kadrımsan. Üç gün sonra rəhmətə getdi.

- Yaza bilmədiyiniz nəsə olubmu?

- “Nizami” filminin ssenarisini yazmışdım, 3-4 seriyalıq. Nizami özü İsgəndərlə döyüşlərdə iştirak edirdi, daha doğrusu, döyüşlərə kənardan baxırdı. Həm yazırdı, həm də döyüşlərin içində idi. Moskvada dedilər ki, ixtiyarın olmayan sözlər demisən. Alimlər deyirdilər ki, Nizaminin “İsgəndərnamə”si yalandır. İsgəndər buraya gəlməyib. Anaxronizm adlandırırdılar bu əsəri. Əvvəl yəhudi alimi Bertels, sonra isə mən təsdiq etmişdik ki, “İsgəndərnamə” yalan deyil. Mətni akademiyanın prezidenti oxuyub Heydər Əliyevə zəng etmişdi ki, mən dəhşətə gəldim, İsa antirus əsər yazıb. Sonra məni iclasa çağırdılar, bu mənə dedi ki, sən nə özündən müştəbeh adamsan. Rusa qarşı əsər yazırsan? Nizamini şair kimi göstərməlisən, siyasətçi kimi yox. Dedi ki, səni xaricə göndəririk, filmini orda çəkərsən. Dedim, ölmək lazımdırsa, burda da ölərəm, niyə xaricə göndərirsiz? Bizim çox gözəl alimimiz Məmməd Cəfər Bertelsin oğlu Nizami haqqında məqalə yazdığına görə bütün titullarını əlindən alıblar. Sən niyə belə bir şey yazmısan? Bu sözlər belimi qırdı. Rejissor da gəldi və dedi ki, mən bu əsəri çəkə bilmərəm. Dedi, Nizaminin bioqrafiyasından ayrı-ayrı parçaları yaz ver, çəkim. Mən də kömək edərəm. Mən razılaşdım və mənim ilk variantda yazdığım getdi. KQB apardı, qoydu arxivə. Burda bəzi səhnələr var, ürəyimdəndir, amma imtina etmişəm bu ssenaridən. Müslüm Maqomayev Nizami deyil.



Hazırladı: Ağa Cəfərli

# 6079 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #