Gözümü yumub gedəcəm alçağın birinə - Bircənin romanı

Gözümü yumub gedəcəm alçağın birinə - <span style="color:red;">Bircənin romanı
15 mart 2019
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Anam ev məsələsinə öz düşüncəsinə, ovqatına uyğun yozumlar verə-verə dediklərinə məni də inandırdı; sözündən belə çıxırdı ki, mən özümün də, balamın da gələcəyindən arxayın olub heç kimlə ailə qurmayım deyə qardaşım bizə ev alıb. Qayğının ən böyüyü, şələnin ən ağırı çiynimdən götürüləndən sonra anamın dincliyi pozulmuşdu – bilmirdim oğlunun evə verdiyi pul onu yandırır, yoxsa mənim onları kənddə qoyub uşağımla birgə şəhərə köçəcəyimdən qorxur.

Günün birində onun atmacalarından cana yığılıb dedim:

- Aqillə bir də danışacam, əgər ev doğrudan mənim deyilsə, mənim olmayacaqsa, başımın çarəsini qılacam.

Anam üzümə saymazyana baxıb soruşdu:

- Neyləyəcəksən?

- Zaurun anasına xəbər göndərib deyəcəm razıyam oğluna gəlməyə, uşağımı da götürüb gedib İmanın evində yaşayacam.

Anamı elə bil vurğun vurdu, üzü-gözü əyildi:

- Səni ilan dəməyinin ağzında yatasan, Telli yorsun, sən eləyərsən!

Sonra da qaçıb dediklərimi Rüfətin ovcuna qoydu. Rüfət Zaur məsələsinə çoxdan düyün vurmuşdu, anasının elçilik missiyası iflasa uğrayandan sonra uşaqlıqdan dostluq, yoldaşlıq elədiyi Zauru daldaya çəkib bu məsələni bir də dilinə gətirməməyi ona bərk-bərk tapşırmışdı. Bundan sonra Zaur Rüfətdən gizlənməyə başlamışdı, dostunun üzünə çıxmağa utanmışdı. Handan-hana qardaşım özü onun qolundan tutub kənd arasına çıxarmışdı.

Anamın dediklərindən qorxub üşürgələndiyi Rüfətin titrəyən səsindən bəlliydi, elə qapının ağzındanca mənə tərəf qolaylanıb:

- Bu arvad nə danışır, - soruşdu, - nə demisən buna?

Qahmarımı görcək ürəklənib anamın işləklərini üzünə oxudum:

- Sən səhər gedib axşam gəlirsən, onun mənə yedirtdiyi kötöydən nə xəbərin var?

Sonra nə müddətdən bəri anamızın evlə bağlı dediklərini bitdə-bitdə Rüfətin ovcuna qoydum:

- Mənim evim-zadım yoxdu, hamınız əlbir olub başımı qatırsınız. Mən də elə buna görə gözümü yumub gedəcəm alçağın birinə. Sizə elədiyim hamballığı yad oğluna eləyəcəm. Mən onun qulluğunda duracam, o da oğluma baxacaq.

Rüfət ayaq üstə qala bilməyib stula çökdü, anamı qanlı-qanlı süzəndən sonra gözünü yumub ağzını açdı:

- Nədi, niyə dincəlmirsən, ay arvad, - dedi, - oğlun bir daxma alıb deyə minəcəksən bizi?! Niyə bu qızın yediyini irin-qana döndərirsən? Apar o evi də ver şeyinə dirək vurduğun qardaşlarının balalarına! Bir gözünü aç yan-yörənə bax, gör neçə şəhid arvadı ev-ocaq dərdindən çöllərə düşüb, balası yedəyində zirdəst olub. Sən o evi keçirmisən bizim gənziyimizə, nə uda bilirik, nə qaytara bilirik.

Qardaşım zəhərini tökdükcə yüngülləşib hönkür-hönkür ağlamağa başladı:

- Bircə, səni and verirəm nəyə inanırsansa ona, ərə getmə. Tay-tuşları Cavidi araya qoyub gülsələr mən təpəmə bir güllə çaxacam. Neylək, atanı, qardaşlarını düşünmə, bizi adam yerinə qoyma, hamısına dözərəm, bircə balanı sındırma. Onu tay-tuş arasında boynuburuq görəndə başıma qiyamət qopur.

Sonra Rüfət qarşımda dizlərini yerə atıb əllərimdən öpə-öpə yalvarmağa başladı:

- Oğlunla səni kürəyimdə gəzdirəcəm, kürəyim ağrıyanda boynuma alacam, boynum ağrıyanda başıma qaldıracam, qazancımı sizə yedizdirəcəm, bircə sən ərə getmə.

Körpəlikdən balam kimi əlimdə böyütdüyüm qardaşımı yerdən qaldırdım, üz-gözünü dəsmalla qurulayıb dedim:

- Ağlını başına yığ, ay bala, dəlisən-nəsən? Ərə getmək nədi, mən eləcə anamızı qorxudurdum. Sizin kimi qardaşlarım olan yerdə əri neylirəm?

Mən dönə-dönə and içib, qəsəm eləyib Rüfəti ər sevdasında olmadığıma inandırdım, onu özümdən arxayın salıb sakitləşdirdim.

Ancaq görünürdü ki, Rüfət ev söhbətinə biryolluq nöqtə qoymaq fikrindədi. Axşam onunla birgə çəliyinə söykənə-söykənə Musa əmi də bizə gəldi. Sonra Rüfət adlayıb Kamili də çağırdı. Onların şahidliyilə atamın dilindən kağız aldı. Atam əvvəl üzünə narazılıq maskası taxıb rola girdi, ciddi-ciddi etiraz eləyib:

- Yox, belə söhbət ola bilməz, - dedi, - qoy onda Cavid də öz dilindən kağız versin. Yazsın ki, dərslərini yaxşı oxuyacaq, ali məktəbə girəndən sonra anasını da götürüb gedib öz evində yaşayacaq.

Onun bu təklifini Kamil də alqışladı, sonra qələm-kağız götürüb iki sənəd hazırladı. Birini atam doldurdu – məzmunu beləydi ki, nə olur olsun, kim ölür, kim qalır qalsın, Aqilin aldığı ev Bircəylə balasınındı. O biri sənədi də Kamilin diktəsiylə Cavid yazıb tamamladı – babalarının, dayılarının şahidliyilə yaxşı oxuyacağına, ağıllı davranacağına söz verdi.

Müqavilə bağlanandan sonra atam təntənəli surətdə bəyan elədi:

- Cavid ali məktəbə qəbul olunan günü anasını da götürüb bu evdən hara istəsə gedə bilər.

Rüfətin ürəyi bununla da soyumadı, qaçıb qonşumuz Yetəri də şahidliyə çağırdı. Atam, Musa əmi, Kamil, Rüfət, Yetər, Cavid kağızlara imza atdılar. Kamil sənədləri bir zərfə qoyub ağzını bağladı, zərfi sapla dörd yerdən sarıyıb düyün vurdu, sapın uclarını ocaqda yandırıb atama verdi:

- Bu zərfi bir də Cavid ali məktəbə girəndə bu adamların şahidliyilə özüm açacam.

Musa əmi gözünün yaşını saqqalı aşağı axıtdı:

- Yəqin mən o vədəyə qalmaram.

Atam ahıl qardaşının boynunu qucaqlayıb dedi:

- Hünərin var qalma, gəlib goreşən kimi gorunu qazarıq.

Hamı gülüşüb aydınlığa çıxdı. Ev söhbəti bununla da qapandı, bir müddət nəfəsim genəldi.

Rüfət Aqilə xəbər göndərib bağlanmış müqavilədən onu da agah elədi. Aqil zəng vurub işin xırdalığına varanda Rüfət anamızın kürlüyündən ona yerli-yataqlı danışdı. Onda Aqil Hakimi anamın dalınca göndərdi, anam payızdan gedən bir də ikinci çərşənbədə kəndə qayıtdı.

***

Rüfət Cavidi rayon mərkəzindəki dərnəklərə, idman kurslarına yazdırmışdı. Kənd məktəbində dərslər qurtaran kimi Cavid qaçaraq gəlirdi evə, yeməyini tələsik yeyib Rüfətin tutduğu maşınla şütüyürdü şəhərə. Orda iki saat şahmatla, karateylə, nə bilim daha nələrlə məşğul olandan sonra elə həmin maşınla da geri qayıdırdı. Uşaq o qədər yorulurdu, ağzındakı tikəni çeynəməyə də gücü qalmırdı. Həmişə od olub yeri-göyü yandıran nəvəsini belə halsız, yorğun görəndə atam ürəkdən şaqqanaq çəkirdi:

- Ay sənin ananın üzündən öpüm, yazıq karateisti gör nə günə qoyublar ey.

Sonra Rüfətə sarı çönüb:

- Allah səni saxlasın, - deyirdi, - yaxşı buna göz açmağa aman vermədin. Boş-bekar qaldıqca qudurub kəndi didirdi...

Novruzun axır çərşənbəsi əmim qızı Səhərlə bizdə şəkərbura bükürdük. Əmiqızı o qış ikinci uşağını doğmuşdu. Demişdim axı, Musa əminin halı pisləşəndən sonra Səhər yığışıb ailəsiylə ata evinə gəlmişdi.

Sazaq qış gecəsində, hamımız dünyadan xəbərsiz yatanda əmiqızının doğum sancısı tutur. Əlçatardakı qardaşlarından heç biri evdə olmur. Əmimgillə burun-buruna yaşayan Kamilə də Səkinə bibiylə Səhər utandıqlarından xəbər vermirlər, Səhərin əri Kamilgilə qaçmaq istəyəndə həmişə qardaşlarımdan yaşmanan Səkinə bibi qıyya çəkir:

- Dernəyin dağılmasın, geri qayıt, - deyir, - gərək sənin arvadının bağırtısını Kamil də eşidə?

Heç zad anlamayan yeznə quruyub yerində qalır. Bir-iki sancı tutmasından sonra Səhər evdəcə doğur, Səkinə bibi uşağın göbəyini kəsir.

Ertəsi gün obaşdan xəbəri eşidən kimi əmimgilə qaçdım – Səhərin qaraqaş, qaragöz, gur saçlı bir balası olmuşdu. Əmim qızı elə həmin gün günortadan sonra ayağa durub xəstə atasına qulluq eləməyə başladı...

Səhərlə ərzağımızı bir yerə qatıb şirniyyat bişirirdik, axırda hazır məhsulu yarı bölürdük. Yanımızda yatan çağa hərdən cükküldəyəndə Səhər onu bardaq kimi döşlərinə salıb əmizdirirdi, körpə doyub yatandan sonra əmiqızı iş başına qayıdırdı.

İşin şirin yerində anamın səsinə ikimiz də birdən bayıra atıldıq: arvad baldızımın əriylə qaynımın qabağını kəsib durmuşdu, onlarla bərk deyişir, əlini belinə vurub iki kişiyə meydan oxuyurdu. Elgizi görcək üstünə yüyürdüm, qucaqlayıb üzündən öpdüm. Orta məktəbdə müəllimim olmuş baldızım əriylə xala-xətrin qalmasın görüşdüm. Onu mehriban qarşıladığımı görüb ürəklənən Elgiz məni azca qırağa çəkib dedi:

- Bircə, anam ölür, bizi Cavidlə sənin dalınca göndərib. Sən Allah məni boş qaytarma, gedək həm uşağı görsün, həm də səndən halallıq alsın.

Bir anlığa anamın gözündən oğurlanıb onun qulağına pıçıldadım:

- Qadan alım, anam qoymasa gedə bilmərəm.

Bu dəm anam üstümüzə şığıyıb məni Elgizdən araladı, yeznə-qayın onları qabağına qatıb darvazadan çölə çıxardı:

- Anan cəhənnəmə ölsün, - dedi, - bu neçə ildə balasının balasını çöllərə saldığı yadına düşmədi, indi o dünyaya gedəndə düşdü yadına? Çıxın gedin, bir də bu qapıya üzükməyin. Cavid burda yoxdu, Bircənin də hünəri nədi ora gedə!

Anam doqqazı hikkəylə çırpıb mənə sarı tüyüdü:

- Sən niyə ilmanmışdın onun boynuna? Yaman hörmət qoydular ey sənə, arvadının qorxusundan əziz bayramlarda bir dəfə dalınızca gəlmədi.

- Cavidin qolu qırılanda gəlmişdi də, niyə qovdun qapıdan?

- Mən qovdum, o getməyəydi, bir də gələydi.

Gündüz olanları axşam süfrə başında Kamilə nağıl elədim. Qardaşım başını narazılıqla bulayıb:

- Ay ana, sənin heç insafın yoxmuş, - dedi, - gərək verəydin Cavidi aparaydılar. Yazıqdı, gedərgi adamdı, Allaha ağır gedər.

Anam dediyindən dönmədi:

- Vermərəm, qoymaram, qoy elə Caviddən tamarzı getsin.

Kamil onun sözünün başına ip salmadı, atamla məsləhətləşib Rüfətə dedi:

- Sabah Cavidi idmana göndərmə, iki saat dərsim var, onu deyib uşağı aparacam nənəsinin yanına.

Anam kükrəməyə başlayanda qardaşım özünə yazıq görkəm verib onu yumşaltmağa çalışdı:

- Ay ana, Allah birimizi alar əlindən, səni dağlayar, onda başa düşərsən o qadının çəkdiklərini. Bizi eldə tüncar eləmə, Allahı arada gör.

Anam Kamilə dov gələ bilməyəcəyini görəndə hirslə mənə baxıb dedi:

- Onda Bircə getməyəcək.

Ona xoş gəlsin deyə:

- Mən heç istəmirəm də, - dedim, - qoy Cavid gedib nənəsini görsün...

...O gecə ta sübhə kimi xəyalən elə bax bu Novruz günlərində gəlin köçdüyüm o evi dörd dolandım. Eminin solğun, pozuq surəti, Mahmud əminin nurlu çöhrəsi, Maralın kəklik qaqqıltısı, balaca dostlarımın qırov örtmüş xəzəllərin arasından tapıb mənə gətirdikləri sapsarı heyvalar, onların soyuqdan qızarmış körpəcə əlləri gözümün qabağından çəkilmədi.

Düşündüm görən tale məni o kəndə yox, bir özgə qapıya aparıb atsaydı, indi dünyanın harasında olardım, necə bir həyat yaşayardım? İndikindən bəxtəvər, indikindən azadmı olardım? Məsələn, elə əmim qızı Səhərin ömrünü yaşasaydım, həyatımdan razımı qalardım?

Belə-belə fikirlərlə ömrümün ayaq dəyməmiş cığırlarından birinə düşüb getməyə, özümü yaşadığım həyatdan azdırmağa xəyali bir cəhd göstərdim. Alınmadı. Gedilən yol bir imiş, Dostum, qalan yollar gedənlərin arxasınca baxmaq üçünmüş...

***

Səhəri Misir əmi Kamildən qabaq qapımızı kəsdirdi. Onu görəndə məni ağlamaq tutdu, kişini qucaqlayıb sinəsinə sıxıldım, Maralı, uşaqları soruşdum. Misir əmi məni bağrına basıb qulağıma dedi:

- Mən ölüm məni bu qapıdan əliboş qaytarma. Musa əmindən icazəni alacam, Cavidi də götür gedək. Zöhrənin ölümü bir mahnadı, uşaq-böyük hamı sizi görmək istəyir.

Az sonra Misir əmi atamla birgə Musa əmigilə keçdi. Üstündən yel ötməmiş Səhər çaparaq anamın dalınca gəldi:

- Bibi, dədəm deyir ayağını bizə qoysun.

Arvad yerindən qımzanmadı:

- Bilirəm dədən məni neyləyir.

Anam – tərs, ərköyün, Səhər – dikbaş, öcəşkən.

- Böyük qaynındı, bir get gör nə deyir. Səni o gəlin gətirib ey, toyunda Aşıq Şəmşiri oxudub, ayağının altında keçi kəsib.

Anam qaşının birini dartıb alnından yuxarı qaldırdı:

- Hə, anan da yaman qulluğumda durdu ey, gərdəyimi çırmalayıb göyə atdı.

Səhər onu yola gətirmək üçün boynunu qucaqlayıb hər iki yanağından marçıltıyla öpdü:

- Ay anamın o gərdəyi atan yerdə qolu quruyaydı, gərdəni qırılaydı.

Səhərin sözləri arvadın canına sarı yağ kimi yayıldı. Bu səfər də mən dilimi saxlamadım:

- Sənin dörd uşağının hadığı olub, körpələrinin göbəyini kəsib, sənin quymağını çalıb, bacın hay vurub gələnə qədər qulluğunda durub – bunlar o bir gərdəyin əvəzini vermədi?

Anam yaylığını başına atıb çustunu ayağına geyə-geyə:

- Sənin də göbəyini o kəsdi deyə belə gönüqalın oldun, - deyib getdi.

O çıxan kimi Səhərlə qucaqlaşıb şaqqanaq çəkdik, ağız-ağıza verib o ki var gülüşdük. Mən əmiqızıya dil-ağız eləmək istəyirdim ki, o məni qabaqladı:

- Bircə, səni verən Allaha qurban olum, onun dediyinə fikir vermə, yaşlanıb, bir az da sənin taleyin onu yandırır.

Mən Səhəri bir də qucaqlayıb bağrıma basdım:

- Nənəmiz nə təhər deyirdi?

Səhər qollarımın arasından çıxıb əllərini belində nənəmsayağı çataqladı:

- Bütün mahal, sonra da mənim sürgündəki dayılarım, qardaşlarım – hamısı qurban olsun sənin yanağının ağına-qırmızısına!..

***

Anamın getməyilə qayıtmağı bir oldu. Yaylığını başından sıyırıb masanın üstünə atdı, mətbəxdəki açıq qazanların ağzına qapaq qoydu, örtülü qazanların qapağını götürdü, şaqqıltı danqıltıya qarışdı. Axır öz ağzının da qapağını açdı:

- Cavidə qane olmurlar, səni də aparmaq istəyirlər Zöhrə xanımın dərgahına.

Söz içimi üşütdü, ürəyimin dərinliyində arzuladım kaş Misir əmi məni də aparaydı. Arzum fikrə dönüb beynimə çatmamış tez özümü yığışdırıb dilimə ayrı söz gətirdim:

- Məni neylirlər, Cavidi istəyirlər. Ona da siz icazə versəniz gedər, verməsəniz yox. Mənim orda nə işim var?

Anam mənim mütiliyimi görcək bir az toxtadı, içinin-çölünün səbbi alındı.

- Cavid məktəbdən gələndə əynini qəşəng geyindir, ver Misir aparsın.

Uşağın dərsləri bitənə yaxın atamla Misir əmi də evə qayıtdılar. Çardağın altında cücərtdiyim səməniləri sulayıb bellərinə qırmızı bağlayırdım – ikicə gündən sonra bahar bərəkət qədəmini torpağımıza basacaqdı.

Atam məni işarəylə yanlarına çağırdı, Misir əmi ətrafı dinşəyib anamın eşitməyəcəyi səslə dedi:

- Bircə, sən də hazırlaş, Cavid gələn kimi gedək.

Qorxa-qorxa kişinin üzünə baxdım:

- Vallah anam qoymaz. Getməyinə gedərəm ey, amma qayıdanda dərimə saman təpər.

Atam mənə göz vurdu:

- Narahat olma, Rüfət alar onun havasını.

Sevinirdim, amma sevincimi üzə vura bilmirdim, anamın təhnizindən qorxurdum...

Cavid dərsdən gələndən sonra bir müddət Misir əmiyə üzükmədi. Kişi ona hər baxdıqca gözündən sel gedirdi.

Uşağı yüngülcə yedirtdim. Anam da eşitsin deyə atam ucadan səsləndi:

- Bircə, durun hazırlaşın, gedin Zöhrə bacıya dəyin gəlin. Bu kişi də səhərdən ayaq üstə qalıb.

Anam daldalandığı yerdən çıxıb ona qan düşməni kimi baxdı:

- Cavid gedir getsin, Bircənin nə işi var orda?

İndi də Cavid başladı dəcəlovluğa:

- Getmirəm, məni orda heç kim tanımır.

Misir əmi, atam, mən qaldıq Cavidlə anamın arasında. Anam mənim getmək söhbətimi yaxına da buraxmırdı. Aranın qarışdığını görən Cavid əlimizdən çıxıb yelbə kimi gözdən itdi. Atamı xəcalət təri basmışdı. Bu dəkədə Kamil Cavidin biləyi əlində doqqazdan içəri girdi. Atamla baxışdıq, gözümlə ona dedim ki, narahat olma, Kamil indi hər şeyi yoluna qoyacaq.

Qardaşım yetirib Misir əmini qucaqladı, kürsüyə çöküb üzünü Cavidə tutdu:

- Ay qadan alım, gör sənin dalınca kim gəlib! Kaş mənim də belə babam olaydı. A kişi, sənin Ərəbzəngi kimi nənən ölür, köçünü yığıb gedər-gəlməz yola çıxır, get heç olmasa son dəfə səni görsün. Onu qarşılayan atana desin narahat olma, Cavid böyüyüb, dərslərini yaxşı oxuyur, anasını incitmir.

Kamil sözünü bitirməmiş içinin dalğası gözünə vurdu, əyilib üzünü Cavidin boynuna sürtə-sürtə ağladı. Elə bildim qardaşımın göz yaşları anamı bir az yumşaltdı. Elə Cavidi də. Uşaq balaca burnunu qırışdıra-qırışdıra çönüb Kamili qucaqladı:

- Dayı, mən tək getmirəm, istəyirəm Bircə də gəlsin.

Anam Cavidin ayaqqabılarını təmizləyirdi, ağzını açıb nəsə demək istəyəndə Kamil onun sözünü ağzında qoydu:

- Anan da gedir, qadan alım, o da gedir.

Anam ayaqqabı əlində Kamilə cocudu, qardaşım gözüylə Misir əmini göstərib onu sakitliyə çağırdı:

- Ay anama qurban olum! Bax, Cavid, nənən sənin ayaqqabılarını da təmizlədi.

Beləcə, Kamil usta tərpənib anamıza əl yeri qoymadı. Sonra məni qabağına qatıb evə saldı:

- Di tez ol uşağını geyindir, özün də əynini dəyiş gəl. Ayıbdı, ağsaqqal kişi qapıda qalıb.

Anam bizim dalımızca özünü içəri atdı, Kamili dartıb divana oturtdu, səsini alçaldıb dedi:

- Aparır Cavidi aparsın, Bircə nəyə gedir ora? Sən məni Zöhrənin ayağına verirsən, tüpürdüyümü yaladırsan mənə?

Kamil də anam kimi səsini qısıb:

- Ay ana, qadan alım, - dedi, - o boyda arvad taxtından düşür, əzrayılın gözünə baxır, gör sən nə danışırsan! Bu dünyada ölüm əzabı deyilən bir şey var. Bəlkə Cavidin gedişi o arvadın əzabını yüngülləşdirəcək, Allah sənin bu rəhmini balalarının savabına yazacaq?

Kamil anamın zəif damarının yerini yaxşı bilirdi, elə ordan tutmuşdu.

- Allah bizə bir tikə çörək verib, sağlam can verib, ağıl verib. Bax indi sən Zöhrə xalaya pinə eləyərsən, Allah birimizi əlindən alar, deyər di get sən də yan, döz bu dağa. Dillənmə, qoy Bircə də getsin, bir gecəylə nolasıdı? Bəlkə də bunlar ora çatınca arvad canını tapşırdı.

Qardaşım beləcə-beləcə dillər töküb anamı birtəhər yola gətirdi. Naçar qalmış arvad mənə sarı yön çevirmədən dedi:

- Sən də gedib o felmanların qabağında Keçəl Bəliş kimi gözünün midiyini axıtma haa! Uşağının əlindən tut, bir tərəfdə qaxıl otur.

Keçəl ayamalı kəndçimiz Bəliş ürəyiyuxa bir kişiydi, vay bir yana, toyda da ağlayırdı, acı söz heç, şirin sözdən də kövrəlirdi.

- Di dur uşağını geyindir, özün də hazırlaş, gedin.

Anam göstərişini verib eşiyə çıxan kimi Kamil sevincək Cavidi qucaqladı:

- Tez olun, nə qədər anam fikrini dəyişməyib aradan çıxın.

Cavidin əyin-başını qaydaya saldım, özüm də qara geyinib, bir zənbilə əlimə gələndən yığıb eşiyə çıxdım. Anam bizi görcək yenidən evə qaytardı:

- Gəl o qara donu soyun, yubkanla qırmızılı qoftanı geyin, - dedi, - qara don səni qoca arvada oxşadır.

Anamın niyə belə elədiyini yaxşı bilirdim. Eygili zaman qoymazdı qara paltar əynimdən çıxa, indi məni can verən qaynanamın yanına qırmızıya büküb göndərmək istəyirdi.

Misir əmi eşitməsin deyə yavaşca dedim:

- Ay ana, ayıbdı, ölüm ayağında olan adamın yanına gedirəm, toya getmirəm. Həm də bu don gen-boldu, qolumu-qıçımı örtür.

Anam yenə dediyim dedik deyib durdu:

- Yoox, sən o qapıya qara paltarda getməyəcəksən.

Əlacsız qalıb əynimi dəyişdim, Aqilin çoxdan aldığı bənövşəyi donum vardı, onu geyindim. Kamil bizi anamın əlindən çıxarıb Misir əminin maşınına doğru itələdi:

- Sağ-salamat gedin. Sabah bir saat dərsim var, onu deyib arxanızca gələcəm.

Qardaşım oğlumu daldaya çəkib qulağına nəsə pıçıldadı, sonra da əlini uşağın cibinə saldı. Cavid dayısını diqqətlə dinləyib başını asta-asta yellədi. Maşında ha dilə tutdum Kamilin dediklərini mənə demədi. Çatana qədər sağ əlini cibindən çıxarmadı.

ardı var

# 7885 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #