Ananın asfaltda sürüdüyü çılpaq qız – ROMANDAN PARÇA

Ananın asfaltda sürüdüyü çılpaq qız – <span style="color:red;">ROMANDAN PARÇA
20 yanvar 2017
# 14:00

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

O günəcən mənə başqa şeylər deyirdilər: guya nişanın qayıtmağı onun ürəyincə olub; guya mənim xəstəliyimdən qorxduğuna görə Əli geri durub; guya daha sevmir məni; hətta guya kiməsə nişanlanıb da artıq...

Məktubu oxuduqca öz düşüncələrimdən lap utandım. Geri durmaq nədi, Əli məni qoşulub qaçmağa səsləyirdi! Üstəlik, fikirləşmək üçün mənə bir ay vaxt da verirdi. Qaçışın baş tutmasından ötrü mənim öhdəmə bircə iş düşürdü: pasportumu götürüb darvazadan eşiyə çıxmaq.

Əlinin Moskvada yaşayan dayısı hər şeyi ölçüb biçmişdi. Təyyarə biletləri belə alınmışdı. Qalmışdım yeddi yolun arasında, nə qərar verəcəyimi bilmirdim. Anam nənəmin otağında qərənfilləri, bir də kitabı görüb şübhələnmişdi, görürdüm ki, altdan-altdan məktub axtarışına çıxıb. Ona görə də məktubda yazılanları əzbərləyib kağızı yandırdım. Düşünüb-daşınmaq üçün hələ vaxtım vardı.

Sirrimi ancaq Telli mamaya aça bilərdim. Mənim o günlər yaxşılığa doğru dəyişdiyimi görən bibim sevincindən uçur, həm də bu dəyişikliyin səbəbini anlamağa çalışırdı. Mən fürsət tapıb məxfi plan barədə onu xəbərdar elədim. Bibim heç fikirləşmədən mənə qoşulub qaçmağı məsləhət gördü, üstəlik, bu yolda əlindən gələn köməyi göstərməyə də söz verdi. Mama-bala birlikdə qərara gələndən sonra o, keşik çəkdi, mən də razılıq məktubu yazıb əmim oğlundan Əliyə göndərdim.

Çox keçməmiş anam tez-tez yanıma gələn əmim oğlundan şübhələnməyə başladı. Əhvalımın yaxşılaşması da onu təşvişə salırdı – artıq güzgüyə baxa bilirdim, bir para işlər görürdüm, bunlardan da ötəsi, səsimi başıma atıb oxuyurdum.

Deyilən vaxta on gün qalmış əmim oğlu bərk-bərk tapşırdı ki, pasportumu evdə sənəd-sünəd yığılan sandıqdan gizlicə götürüb ona verim. Onun bu məsləhətinə bibim də şərik çıxdı. Sandığın açarını çox çətinliklə ələ keçirib, anamın orda gizlətdiyi pasportumu əmoğluya ötürə bildim. Bundan sonra lap rahatlaşdım.

Plan beləydi: əmim oğlu məni darvazamızın qabağında öz maşınına mindirib hardasa Əliyə təhvil verəcəkdi. Bibim bu işə çox çətinliklə razı oldu – həm ailəmizin əmoğlunun başına oyun gətirəcəyindən, həm də işin üstü açılandan sonra el-camaatın biz ata uşağına lağ eləyəcəyindən qorxurdu. Bir qızı öz əmisi oğlunun aparıb gələcək ərinə təhvil verməsi bizim kənddə bic uşaq doğmaqdan da betər sayılardı. Bütün bu qorxulara, qadağalara baxmayaraq əmim oğlu mənə kömək əli uzatmağa hazır idi.

Vədə tamam olmağa vur-tut beş gün qalırdı. Anam Hakimin həmişə əlini döydüyü o məşhur Quranı gətirib masanın üstünə, düz qarşıma qoydu:

- Atam oxuyan bu Quran haqqı, qaçıb getsən, harda olursan ol, səni tapdırıb tikə-tikə doğratdıracam!

Üzümə qonan istehzalı gülüş anamı lap təbdən çıxardı. Xalam ona xəbərləmişdi ki, hardasa əmim oğlunu Əlinin maşınında görüblər, ona görə də anam daha əmoğlunu mənə yaxınlaşmağa qoymurdu.

Artıq geridə qoyacağım heç nəyin gözümdə bir dəyəri qalmamışdı. Tərəddüdlə, götür-qoyla üzülüşmüşdüm. Deyilən günə üç gün qalırdı. Həyəcandan əsirdim. Gün ərzində tez-tez darvazaya çıxıb qayıdırdım ki, qaçacağım gün şübhə doğurmayım.

Vədə vaxtına bir gün qalmış günorta anam qəfil hay-həşir qoparmağa başladı – pasportumu tapa bilmirdi. Mən çox arxayın idim; bu günü, bir də qarşıdakı gecəni başa vura bilsəm, sabah rahatca taleyimi qabağıma qatıb bir ayrı dünyaya köçəcəkdim.

Anam hər yeri, hətta nənəmin evini də axtarıb pasportumu tapa bilməyəndən sonra elə həyətdəcə məni soyundurmağa başladı. O məni lütlədikcə mən gülməkdən uğunurdum. Kiçik bacım ağlayır, məni anamın əlindən almaq üçün yalvarırdı. Mənsə çox rahat dayanıb anama imkan yaradırdım ki, üst-başımı axtarıb sakitləşsin. Ancaq onun məni qaydasınca soyundurmağa da hövsələsi çatmadı, bir anda paltarlarımı cırıb əynimdən çıxardı. Hər yerimə, döşlərimin altına belə baxdı. Axtardığını tapmayanda on barmağının onunu da təpəmin ortasına yığdığım qulac-qulac saçlarıma geydirib məni həyət boyu sürütmə çəkdi. Bütün bu müddətdə bacım ağlaya-ağlaya elə hey ona yalvarırdı. Mənim baxdıqca öyündüyüm şux döşlərim qapımızın asfalt döşəməsinə sürtülməkdən sıyrıq-sıyrıq oldu. Sonra anam məni həyətin ortasında lüt qoyub qəfildən evə qaçdı. Bacım da onun dalınca yüyürdü.

Mən asfaltın üstündə lüt-üryan oturub, ovuclarımın içinə aldığım döşlərimin yaralarını sayırdım. Anam evə hansı sürətlə girmişdisə, elə o havayla da bayıra çıxdı. Sifətindən qan damırdı – axtardığını tapmamışdı deyə hikkəsindən öz üzünü cırmışdı. Onun xasiyyətiydi, ayrı yerə əli çatmayanda dediyini yeritmək üçün saçını yolar, üzünü yırtardı. Ancaq məni bu hala salmış ananın al qana boyanması ürəyimdə bir zərrə mərhəmət hissi oyatmadı. Bacım bunu duyduğundan məni nifrətlə süzürdü.

O gecə anam döşəyini mənim çarpayımın qabağından saldı. Biləyimi bir möhkəm iplə öz biləyinə bağlayıb düz gözlərimin içinə baxa-baxa durdu. Mən yolumun dalana dirəndiyini anladım. Bağlı biləklərimə baxdıqca ümidlərim bircə-bircə atdan düşdü. Anladım ki, bu cəhənnəmdən qaçış mənə asan başa gəlməyəcək...

Gecə nə anamın gözünə yuxu getdi, nə mənim. Ona çox yalvardım, qaçmaq fikrimin olmadığına onu inandırmaq üçün çox dil tökdüm, xeyri olmadı. Ana-bala səhəri dirigözlü açdıq. Məni əsməcə tutmuşdu. Bibim anamın qorxusundan gəlməyəcəkdi – danışığımız beləydi. Onsuz da yazığın başı çox bəlalar çəkmişdi, bir zaman qardaşları onu istədiyi oğlana vermədiyinə görə qoşulub qaçmışdı. Atamla əmilərim də bunun qarşılığında bibimi diri-diri dəfn eləmişdilər, nənəmin razılığıyla qapılarındakı bircə inəyi kəsib bircə bacılarının ehsanı kimi kəndə paylamışdılar. Telli mamanın cavan əri fələyin bir qəzasına düşüb öləndən sonra nənəm də, atam da, əmilərim də körpə tifilləri əlində qalmış bibimlə barışmışdılar...

Dan söküləndən qapı-bacada dəli-dəli vurnuxurdum. Şübhə doğurmamaq üçün iki gündən bəri geydiyim təzə donumu anam o səhər soyundurub bir nimdaş paltar taxmışdı əynimə. Gözüm darvazada qalmışdı, əmim oğlunu gözləyirdim.

Günortayacan bir səs-soraq eşidilmədi. Danışığa görə, mən saat 4-ə kimi evdən çıxmalıydım. Çəpər qonşumuz Suğra arvadın kərpic evinin balaca pəncərəsi düz bizim həyətə baxırdı. Arabir o tərəfdən qulağıma qorxaq bir fit səsi gəlirdi. Bir də diqqətlə o səmtə baxanda əmim oğlunun qonşunun pəncərəsindən mənə sarı boylanan kəlləsini gördüm. O, əliylə, başıyla mənə nəsə işarələr verirdi, qolundakı saata baxıb həyəcanla darvazanı göstərirdi. Dumanlı beynimlə handan-hana qandım ki, o mənə vaxtın çatdığını, mənim çıxmalı olduğumu anladır.

Həyəcandan, qorxudan ayaqlarım yerimirdi. Anam qardaşını, bacısını, qonum-qonşudakı istəkli bacılıqlarını çağırıb bizə yığmışdı. Çox sonralar bildim ki, xalam bizim qoşulub qaçmaq planımızın olduğunu hardansa öyrənib anama xəbər veribmiş.

Ayağıma yüngül ev çəkələyi taxdım. Əmim oğlunun maşını artıq iki dəfə siqnal vermişdi. Həyətimizdəki tualetə iki yol vardı – biri evlə mətbəximizin arasından, o biri də məhləmizin lap ayağından. Mən şübhə oyatmamaq üçün mətbəx tərəfdən tualetə girdim. Ağlımdakı bu idi ki, təndirxananın darvazayla arası iki-üç addım olan bala qapısından adlayıb, darvazanın küçəyə açılan doqqazından bayıra çıxıb, özümü əmoğlunun maşınına çatdırım. Bunca qısa məsafəni salamat başa vura bilsəydim, həyatım kökündən dəyişəcəkdi – o vaxt düşünürdüm ki, olduğundan qat-qat yaxşı, indisə düşünürəm ki, bəlkə də qat-qat pis olacaqdı...

Ürəyim qulaqlarımın içində guppuldayırdı. Təndirxananın yanından salamat keçdim. Qalırdı bala qapıdan adlayıb darvazaya çatmaq, ordan da eşiyə çıxmaq. Taleyimin dönüş nöqtəsi olan saniyələr! Dörd yana baxındım: sakitlik idi. Özümü güllə kimi bala qapıya atdım. Ondan sonra bir göz qırpımında darvazaya çatıb doqqazdan keçdim. Və küçə! Azadlıq!

Əmim oğlunun maşının pəncərəsindən boylanan başını da gördüm. Yüyürüb özümü maşına çatdırdım, əlim qapının soyuq dəstəyinə dəyəndə üşəndim. Sevincdən qaynayan qanım fışqırtıyla beynimə sıçradı. Yarım içəridə, yarım çöldə olduğu məqamda elə bil çəkiclə başıma vurdular. Maşının dəstəyindən qoparmağa macal tapmamış əlimi kimsə bərkdən dişlədi. Kimsə arxadan saçıma əl atdı. Bundan sonrasını xatırlamıram...

Gözümü açanda nənəmin köhnə taxtının üstündə meyit kimi uzanmışdım. Kiçik pəncərədən çölün qaranlığı içəri axırdı. Mənim taleyimə yiyə durmaq istəyim, qaçış planım iflasa uğramışdı...

Anam qardaşlarımın əliylə əmim oğlunu qanına bələtdi. Bununla da ürəyi soyumadı, Əligilin evinə hücum çəkdi, onları polislə, hökumətlə hədələdi. Təyyarə biletlərini ələ keçirib cırdı, ayaqlarının altına səpələdi.

Bütün bunlar mənim yenidən havalanmağıma fərman verdi...

ardı var

# 4652 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #