Bu yazıçılarımız bir zamanlar alverçi idilər - SORĞU

Bu yazıçılarımız bir zamanlar alverçi idilər - <span style="color:red;">SORĞU
22 yanvar 2016
# 09:00

Kulis gənclik yaşlarında ticarətlə məşğul olan yazıçıların xatirələrini təqdim edir.

Murad Köhnəqala

Biz gənc rus qızlarını bazarda tərəzi arxasında qoyur, özümüz isə böyük bazalardan satış üçün onlara mal gətirirdik. Sözsüz ki, bütün əlavə xərclər və mühafizə tipli işlər bizim boynumuza idi. Bu yolla əsasən meyvə alveri və ət alveri ilə məşğul olmuşam. Satıcı qızlara isə bazarın məzənnəsi üzrə, yığılan alver pulunun 8, ya 10 faizini verirdik. Nə üçün gənc qızlar? Çünki gənc rus qızları olan yerlərə alıcılar daha inamlı gəlirdilər. Həm də satıcı xanımların əməkhaqqını gündəlik ödəyirdik. Ancaq bir şey də deyim, sonralar o şəhərlərdən gələnlərdən eşidirdim ki, bizim satıcılıq məktəbini keçən qızların çoxusu ciddi komersant olub, varlanıblar. Bazardan başladıqları alver yolunu böyük komersiyaya çevirən qızlar çox oldu yəni. Neynirsiniz ki, belə şeyləri soruşub?

Şərif Ağayar

Laçın dağılan il atamla arşın malı satmışam. Atam mağazada işləyirdi. Köhnə ticarətçidir. Biz Ağcabədiyə gələndə Laçının “Raypo”su da orda fəaliyyət göstərdi. Atam mal alırdı ordan. Müxtəlif parça-filan. Kisələrə doldurub Ağcabədini, Beyləqanı, Füzulini kənd-kənd gəzir, parçalardan ölçüb satırdıq. Mən atama kömək edirdim. Həm də o, mənə maraqlı əhvalatlar danışırdı. Hətta öz gördüyü işə ironiya edib gülürdü. Bir parça satanla bir dilavər qadının lətifəsini indi də xatırlayıram. Özü də parça almağa gələn qadınlarla zarafatlaşırdı. Qarabağ qadınları bizim yerdəkilərdən fərqli olaraq zarafatcıl idilər. Bizi çox yaxşı qarşılayır, bəzən evlərinə - nahara dəvət edirdilər. Atam da onlara pay-püş verirdi. Ya da ucuz satırdı parçanı. Maraqlı günlər idi. Bir dəfə də belimizdə kisə Füzulidə bombardmana düşdük. İndi düşünürəm, əsl kino materialıdır. Abbas Kirostamiyə danışsan, şedevr yaradar. Yazmaq da olar bu məsələlərdən. Bir ara da qoyun satan qohumlarıma kömək eləmişəm. Amma alverdə əlim yoxdur. Atamdan fərqli olaraq bu işi bacarmaram.

Seymur Baycan

90-cı illərin ortalarında "28 May" metrostansiyasının yaxınlığında yerləşən yeraltı keçiddə ayaqqabı satırdım. Oranın necə bir yer olduğunu ifadə edə bilməyəcəyəm. O istedadın sahibi deyiləm. Bircə onu deyə bilərəm ki, tale məni vaxtından əvvəl cəhənnəmə atmışdı. Ülvi duyğularla yaşayan, xəyalpərəst, az-çox bəşəri dəyərlərdən artıq xəbər tutmuş bir gənc olaraq orada cəhənnəm əzabı çəkirdim. Maddi və ruhi vəziyyətim bərbad gündə idi. Müharibə nəticəsində hər şeyimizi itirmişdik və mənim kimi utancaq, çəkingən bir gənc yeraltı keçiddə tamam yad adamların arasında ayaqqabı satmağa məcbur olmuşdu. Yeraltı keçiddə çox az adamla ünsiyyətdə olurdum. Orda bir tikə çörək uğrunda dəhşətli mübarizə gedirdi. Adamlar bir tikə çörək üçün bütün bəşəri dəyərləri, insanlığı ayaqlar altına atırdılar. Mənim üçün tamam yad olan mühitdə, artıq ədəbiyyatla yetərincə zəhərlənmiş bir gənc olaraq kiminləsə ünsiyyətdə olmaq, dərdləşmək, kiməsə inanmaq çətin idi. Ünsiyyət heç cür alınmırdı. Gözümün qarşısında iki-üç manat əldə etməkdən ötrü insanlar imam, peyğəmbər, ana, quran, çörək, balalarımın canı deyib, hər şeyə yalandan and içirdilər. Cibgirlər gözümün qarşısında qoca qadınların, yaxud övladına məktəb bazarlığı etməyə gəlmiş kasıb adamların pulunu oğurlayırdılar. Axşam isə həmin pulla vağzal yaxınlığındakı kafelərdə yeyib-içirdilər. Bütün bu mənzərələri görəndə dəhşətə gəlirdim, heç cür bu mənzərələri həzm edə bilmirdim. Özümü aciz hiss edirdim. Bir sualdan çox qorxurdum - görəsən, mən də nə vaxtsa onlar kimi olacam? Burda heç kimi xilas etmək mümkün deyildi. Sən görürsən ki, bir qadının çantasından pul çıxarıldı. Bir azdan o qadın ağlaya-ağlaya əbəs yerə pulunu axtarır. Üstəlik, bütün bu iyrəncliyə "bacarana can qurban" adı qoyulmuşdu.

Günel Mövlud

2003-cü il idi. Bahalı supermarketlərdən birində işləyirdim. Bizə qara-qırmızı uniformalar geyindirib, 12 saat ayaq üstündə, varlı müştərilərin xidmətində saxlayırdılar. Mən şərab bölməsində işləyirdim. Bəzən naşı müştərilər gəlib, qiymətinə baxmadan araq, çaxır götürür, kassadan keçəndə 30, 50, 100, 300 manat qiymət eşidəndə şoka düşür, bərk pərt olurdular. Bir dəfə bir ata-oğul gəldi. Paltarlarından, danışıqlarından kasıb adam olduqları hiss edilirdi. Uşağın yeddi-səkkiz yaşı olardı. Əlindəki sellofan torbadan peçenye çıxarıb, yeyirdi. Atası yuxarı rəflərdən bir araq götürmək istədi. Arağın qiyməti təxminən 40-50 manat olardı. Bildim ki, qiymətinə baxmayıb. Tez xəbərdar elədim ki, kassada pərt olmasın. Sonra aşağı rəflərdən ucuz bir araq məsləhət gördüm. Kişi həmin arağı götürdü. Oğlan ürəklənib, əlindəki torbanı mənə uzatdı ve peçenye təklif elədi. Bizə belə şeylər qadağan olunduğundan, götürmədim. O isə, bəlkə də, təkəbbür göstərdiyimi düşündü. Aradan xeyli vaxt keçib. Mən o uşağı unuda bilmirəm...

Pərviz Cəbrayıl

Sibirdə bir ilə yaxın qohumların hesabına dolanmaqdan xəcalət çəkib bir işin qulpundan yapışmaq üçün borc götürdüm; köşk icarələyib meyvə satmağa başladım. Elə ilk həftə satıcı rus qız malın yarısının pulunu basıb yedi, təbii ki, heç nə edə bilmədim, başladım satıcılığa. Alver yox, maya batır, üstəlik, bir gecə işıq götürdüyüm qonşu köşkün satıcısı çay qaynatmaq üçün xəttimi ayırıb, sonra qoşmaq yaddan çıxarıb, 40 dərəcə şaxta... Sabah gəldim ki, köşk buz bağına dönüb. İşığı qoşandan sonra meyvə-tərəvəzin donu açıldı, fəlakət oldu. Nə isə, bir də təkan verdim, alverə yenidən başladım, müştəri adına ancaq quşlardı, meyvələri görüb şüşə vitrinin barmaqlığına qonur, o üzdən meyvələri dimdikləyir, başı kitab oxumağa qarışmış məni xəyaldan ayırır, sevincək baxıram, elə bilirəm, müştəri gəlib, ay gəldi ha... Onda “Quşlar, döyməyin aynamı” şeirimi yazdım. Nəhayət, bir gün ziyalı görkəmli adam köşkümün önündə görünməyə başladı. Gəlir, beş-on dəqiqə nəyəsə tərəddüdlə baxır, sonra dinməzcə çıxıb gedir. Axır ki, bacamı döydü, ürəyim sevincdən uçdu. Barmağını iri, qara Türkiyə əncirinə uzadıb soruşdu ki, çto takoye injir? Dadı nədi, içi necə olur (kiviyə bənzəyir dedim içdən) və s. Giləsi dolların 30 rubl olduğu vaxt 13 rubl idi. Uzun izahatdan sonra bir gilə aldı, dedi ki, özümü bağışlamaram almasam, o dünyaya əncirin nə olduğunu bilmədən gedə bilmərəm... Bu köşküm yanandan sonra məcbur oldum bir yerlimizin köşkünü götürdüm icarəyə. At minnətinə. Ancaq belə şərti oldu - köşkdə spirt də, daha doğrusu, texniki spirtdən düzəldilən “araq” da satacaqsan, spirti də yalnız məndən götürəcəksən. Çarəm nəydi. Adam həmin bu spirtlə milyoner olmuşdu, mənə də eyni cənnəti vəd eləyirdi. Baxdım ki, günə 5-6 alkaş gəlir, ya gəlmir, vəssalam. Bir baməzə yerli vardı, dedim, adə, bu Surxay mənə deyirdi burda alkaş əlindən tərpənmək olmur. Hanı bəs onlar? Uğunub getdi, dedi, ay zalım, düz deyib, ancaq Surxay onları sən gələnəcən bu texniki spirtlə qırdı, sənə də 5-6-sı qaldı, onları da sən qıracaqsan... Heç onları qırmaq da mənə qismət olmadı. Belə-belə işlər...

Yafəs Türksəs

Ali təhsilli ticarətçiyəm. Qaçqınçılıq düşəndə bazarda alver edirdim... Gördüm hamı çəkidə aldadıb, qiymətdə güzəşət edərək mallarını satıb qurtarır. Məcbur oldum mən də elə elədim. “Vosmoy” bazarında indi də axşamüstü belə edirlər... Xatirələr bir romanlıqdır. Səyyar satıcılıqla məşğul olmuşam. Ailəmin problemləri çoxalanda yoldaşımla oğlumu qoydum “polka”da, özüm də başladım plastik qablar, ayaqqabı, yumurta və sair satmağa... Arada balıq da satırdım. Qızlara cehiz vermək lazım idi, oğlanlar əsgər getməliydi. Çatdırmaq olmurdu, ona görə əlavə iş kimi plastik qablar da satırdım. Qablardan qalanda metronun çıxışına qoyub satırdım. Tez-tez şair dostlarla qarşılaşırdıq, xərclik qoyurdum ciblərinə, yeyib-içməyə gedirdik.

Mirmehdi Ağaoğlu

Doxsanların axırı idi. Qəfildən atamın işləri dayandı. Hara iş üçün gedirdisə elə bil quruyurdu. Borclarımız da artmışdı. Evimizi satışa çıxarmışdıq. Alan yox idi. Onda atam çarəsizlikdən alverə başladı. Səhər dördə-beşdə “Vosmoy” bazarına gedib “optovoy”dan mer-meyvə alır, gətirib Sabunçu bazarına, maşının qabağına düzüb satırdıq. Məni də arada köməyə çağırırdı. Mənim də özümü tanıyan vaxtlarım idi. Utanırdım, deyirdim birdən sinif yoldaşlarım, müəllimlərim görər biabır olaram, amma kömək etməmək də olmurdu. Bir dəfə atam hardansa balıq alıb gətirdi. Balıqları da bazarda düzdük qabağımıza, bir neçəsini satdıq, ikisi qaldı. Günortaya yaxın kostyumlu-qalstuklu bir nəfər yaxınlaşıb özünü təqdim etdi ki, “sanepidem” stansiyasından gəlib. Mer-meyvəyə yox, əsasən balıqlara diqqətlə baxdı, elə bil ilk dəfə görürdü. Sonra atama dedi ki, heç ömründə balıq satmısan? Atam da lovğalandı ki, Neftçaladan olasan balıq nədir bilməyəsən, əlbəttə satmışam. O da şübhə ilə bir atama baxdı, bir balığa, bir də mənə. Dedi görürəm ki, ilk dəfədir balıq satırsan, bu dəfə sənə toxunmuram. Bu balıqların üzərinə heç olmaya nəm tənzif sərəydin, arada üstünə su çiləyərdin, sənin balığınsa əyilib təkərə dönüb. Camaatı zəhərləyərsən, götür bunu satma. Bu dəfə keçirəm. Bir də görsəm cərimələyəcəm. Sonra da o məşhur və mənasız zarafatı elədi: Elə bil “pavarotda” tutmusan. O gedəndən sonra atam tez balıqları yığışdırdı, amma atmağa ürəyimiz gəlmədi, onları evə apardım. Anam onları yarıb kürüsünü çıxardı, yaxşı bir kükü bişirdi. Nahara atamın yanına bir tava kükü ilə qayıtdım. Tavanı furqon avtomobilimizin baqajına qoyub kükünü iştahla yedik və o gündən sonra bir daha balıq satmadıq.

Cavid Zeynallı

Cəlilabadın “İran bazarı” o vaxtlar çox məşhur idi. Bazar bizim evə yaxın, dolanışıq da pis. Qonşuların, qohumların çoxu bazarda alver edir, dolanışığını çıxarırdı. Mən də ailəmizə kömək etmək üçün bazarda alver edirdim. Nə desən, satmışam: siqaret, qarğıdalı, dondurma, vafli, çörək... Səhər bazara, günorta məktəbə gedirdim. Qışın oğlan çağında sübh tezdən bazara gedirdim, bir kişi səsi titrəyə-titrəyə dedi ki, zəmanənin üzü qara gəlsin, sənin indi bazara yox, məktəbə gedən yaşındır. Mən də pis qazanmırdım, ürəyimdə kişiyə güldüm ki, qoy işimizi görək. Məsələn, pul yığıb o vaxt üçün yaxşı qiyməti olan maqnitofon almışdım. Bir dəfə gördüm alver yaxşı gedir, dedim, məktəb olmasa da olar, əsas pul olsun. Məktəbə getmədim. Axşam atam “qiymətli sözlər”lə həyatı mənə başa saldı, bir də belə səhv eləmədim. Tələbə vaxtı da alver etmişəm, fəhlə işləmişəm. Əsas odur özümü dolandırırdım. Amma sonra gördüm yox, məndən alverçi çıxmaz, gəldim mətbuata. Səriştəsiz alverçiliyimdən qalan borcumu hələ də ödəyə bilməmişəm. Alverçi çıxmazı elə belə demirəm. Yəni camaat alver edəndə, mən dükanda oturub hekayə yazırdım.

Əsəd Qaraqaplan

Uşaq vaxtı rayon bazarında anamla bir yerdə göy satmışam. Ona kisələri, selofanları daşımaqda yardım edir, nə iş olsa görürdüm. Sonra tələbəlik və əsgərlikdən sonra işləməyə başlayanda həm də kitab satmağa başladım. Bir dəfə müdir hələ işə gəlməmişdi. Mənsə onun otağında oturub kitab dükanımız üçün gətirilən yeni kitabların qeydiyyatını aparırdım. Yorulduğum gedib bufetdə çay içməyə qərar verdim. Bufetin əks çıxışında universitetin rektoru ilə üz-üzə gəldim. Rektor əks qapının o üzündə toplaşan bufet işçilərinə tərəf gedir, nəyləsə bağlı göstərişlər verirdi. Onun dalınca düşüb rektorun artıq gedib çatdığı izdihama doğru irəliləməyə başladım. Ancaq qapıçının qapını keçib bir-iki addımdan sonra dayandığını görəndə istər-istəməz ona çatanda dayandım. Həm də ona görə dayandım ki, qapıçıdan nə baş verdiyini xəbər ala bilim. Sanki qapıçı nə soruşacağımı bilirmiş kimi cavab verdi: – Vahid müəllim... Vahid müəllimin – bufet müdirinin ürəyi tutub. Bu xəbərdən sonra sarsılmağıma baxmadan, nədənsə içimdən irəli getmək, adamların arasından ürəyi tutmuş Vahid müəllimin halına baxmaq keçdi. Qapıçı yerində qalsa da, mən irəli yeriyib xəstənin başına toplaşan adamlara çatdım. Xəstəni öz balaca otağının ortasında adyal atıb yerə uzatmışdılar. Qadınların həyəcandan əlləri üzündə qalmış, kişilərsə narahat halda ora-bura vurnuxurdular. Mənsə sanki heç kimin görə bilmədiyi ruh kimi adamların içərisində sakitcə döşəməyə uzadılmış, heç bir əzası belə tərpənməyən, üzünün rəngi tünd yaşıla çalan bufet müdirinə baxırdım. Bir azdan təcili yardım gəlib çıxmış, həkim xəstəni müayinə edib qapıdan çıxırdı. O, qapı ağzına toplaşanlara sadəcə bunu deyə bildi: – Keçinib... Bu söz hamıya bir cür təsir etdi, mən isə uzaqlaşdım, otağımızın qapısını açanda satış üçün rəflərə düzdüyümüz kitablara baxan, üzdən tanıdığım, müəllim olduğunu bildiyim ağ saçlı, səliqəli geyinmiş yaşlı bir kişi məni saxlayıb soruşdu. Kitab gətirəcəyini dedi, mən də razılaşdım. Təxminən iki-üç dəqiqədən sonra Tibb kafedrasının müdiri, professor Seyid müəllim əlində üç kitab gəldi. Adını və vəzifəsini deyəndən sonra kitabları bir-bir mənə göstərir, nələrsə deyirdi. Dalğın-dalğın kitabları alıb baxmağa başladım; əvvəlki iki kitab rus dilində olduğundan mənə qaranlıq qalsa da, Seyid müəllimin izahından və kitabların adındakı “pomoş” sözündən onların tibbi yardıma aid kitablar olduğunu anladım. Amma üçüncü – nisbətən balaca və doğma dildə olan kitabın adını görəndə elə bil qəfildən yuxudan ayıldım. Bir az öncə bufetdə gördüyüm hadisədə keçirdiyim hisslər daha qabarıq şəkildə baş qaldırmağa, məni o hadisənin daha dərinliklərinə sürükləməyə başladı. Həmin kitabın adı beləydi: “Ürək-damar xəstəliklərinin prevedevtikası”.

# 1125 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #