Cüt güllər, qara lentli şəkil-Alpay Azərin hekayəsi

Cüt güllər, qara lentli şəkil-<span style="color:red;">Alpay Azərin hekayəsi
14 yanvar 2015
# 13:11

İldə yeddi-səkkiz dəfə müəllimlər, tələbələr, süpürgəçilər, bənnalar, rəngsazlar universitetin əsas korpusuna girəndə və birinci mərtəbədə, divardakı çərçivəyə salınmış, üstündən qara lent keçən şəkil görəndə, qəfildən əyləci basıb özlərinə ilk sualı verirlər: “Görən kimdi?”

Sonra yaxınlaşıb şəklə baxır, altındakı elanı oxuyurlar: “...Filan kafedranın professoru (ya dosenti) Filankəsov Filankəs (vaxtsız, ya uzun sürən xəstəlikdən sonra) vəfat etmişdir. Allah rəhmət eləsin. Universitet rəhbərliyi”. Şəklin altında dörd dənə qırmızı qərənfil.

Hələ uzaqdan baxıb şəkildəkinin kim olduğunu bilməyəndə, Nahid müəllimin, bəlkə də çoxunun ürəyindən keçən ilk fikir bu olur: “Dostum, bir də, bizim kafedradan kimsə olmasın”. Görəndə ki, tamam tanımadığı, az qala heç vaxt üzünü görmədiyi birisidi, bir az rahat olurlar, ürəklərində: “Şükür Allaha”, – deyir universitetin diri müəllimləri. Rəhmətlik onun şəklinə baxanın həmyaşıdı, ya nəsildaşı olanda, ölüm diriyə bir növ ilğım formasında görünür, bir dəfə sığal çəkib gedir.

Adamlar şəkildəkini tanıyıb-tanımamalarından asılı olmayaraq, qarşısında dayanıb gərgin hisslərə qərq olurlar. Adətən, həmin yerdə iclaslar, xaricdə təhsil, konfranslarla bağlı elanlar, bir də bayram təbrikləri asılır, az hallarda kimsənin divara yaxınlaşıb o elanları oxuduğunu görmək olar. Elə ki, kiminsə ölüm xəbəri, üstündən qara lent keçən şəkil cüt qərənfillərlə bir yerdə orda peyda oldu, müəllimli, tələbəli yaxınlaşırlar ora. Cavan, ortayaşlının ölümünə təəssüf mənasını verən nırç-nırçlar, başbulamalar, “heyif, nə yaşı varıydı ki”. Ölənin yaşı səksəni keçirsə, ürəklərdə “Bəsidi”, dildə isə, “Kaş elə hamımız bu yaşda ölək”, yanlarında tələbə olanda isə ortayaşlı müəllimlərdən bunu eşitmək olur: “Allah cavanlara dəyməsin”. Şəklə doğru addımlayanda və görəndə ki, qonşu, tamam yad kafedranın işçisi olmuş ölən adam qoca deyil, ilk ağla gələn suallardan biri bəzən bu olur: “Görən, avariyada ölüb, yoxsa xəstəlikdən?”

Dünən də divardan asılmış növbəti cüt güllü, qara lentli şəkil görəndə, Nahid müəllimin ayaqları apardı onu... Və tanıdı... Baxmayaraq ki, şəkildəki gözlüksüzüydü... Hardasa altmış-yetmiş yaş arasında olan “Müqayisəli politologiya kafedrasının baş məlliməsi”. “Hmm, deməli, bu illər ərzində müdafiə etməyibmiş, yoxsa indiyə qədər baş müəllim qalmazdı... Öz də uzun sürən xəstəlikdən sonra...”

Az qala dünənə qədər universitetin yeməkxanasında görürdü o qadını. Gözləri çox zəif görürdü deyə, rəhmətlik sifariş elədiyi yeməyə gözlüyünün şüşəsindən bir xeyli baxandan sonra qaşığı əlinə götürür, iştahla, tez-tez yeməyə başlayırdı. Ona baxanda Nahidin hərdən ağlından qara fikir keçirdi: Görən, bu qadın nə vaxt öləcək? Bu da sənə sualın cavabı, indi şəklinin qabağında dayanmışam.... Sonrakı günlər Nahid məllim yeməkxanada oturub nahar edəndə, həmin boş masaya baxıb öz-özünə fikirləşirdi: “Heç bir həftə keçməyib üstündən, orda oturub tez-tez qreçkayla kotlet yeyirdi. İndi isə yeri boşdu”.

Üç bir-biriylə tanış olmayan müəllim növbəti vaxtsız vəfat edənin şəklinin qabağında dayanıb.

- Görən, nədən rəhmətə gedib? – dəblə geyinmiş, makiyajlı ortayaşlı müəllimə soruşur.

- İnfarktdan. İnanırsız, xanım, sapsağlam kişiydi, yəni ürəyiylə bağlı bu son illərdə elə bil şikayəti yoxuydu, – suala cavab verən onun yanında dayanan incəsəsli kişi müəllimdir.

- Bəlkə, qapalı adam olub, sizdən gizlədirmiş ürəyində problem olmağını? – Nahid kişidən soruşur.

- Yox, yox, elə məsələ burasındadı ki, rəhmətlik qapalı adam deyildi, mən yaxşı tanıyrdım rəhmətliyi. Evlərində neçə dəfə olmuşdum. Yəni elə bir şey olsaydı, bu universitetdə mən birinci bilərdim.

- Öz də cavan adamdı, deyəsən, – makiyajlı müəllimə dillənir.

- Bəli, xanım, qırx iki yaşında, – incəsəli müəllim cavab verir.

- Zəhrimar infarkt, – “zərimarı” vurğuyla deyir, Nahidə elə gəlir ki, xanımın bu yaşda əzizi, ya yaxını ürəktutma xəstəliyindən ölüb.

- Əslində, zəhrimar infarkt deyil, xanım. Zəhrimar xərçəngdi, – Nahid bu dəfə fikrən yox, çönüb diliylə qadına reaksiya verir. Amma davamını demir: “Biri var, ayların, illərin metastazından öləsən, biri də on-on beş dəqiqənin içində”.

“Zəhrimar xərçəngdi”dən sonra qadın çaşan kimi olur, başa düşmür Nahid ciddidir, yoxsa ciddicəsinə məzələnir onunla və heç nə demədən onlardan aralanır...

Nahid məllim yenə öz-özünə sürrealistcəsinə fikirləşir: “Yox, belə olmaz.... Nəysə, orijinal bir şey tapmaq lazımdır. Məsələn.... Məsələn, bizim ən qoca müəllimlərdən biri, deyək ki, İsmayıl müəllim sabah ölsə, divardan cavanlıq şəklini asıb, altından da bu sözləri yazmar olar: “İsmayıl Qurbanov dünən 89 yaşında yuxuda ikən sifətində təbəssüm dünyasını dəyişmişdir. Universitet rəhbərliyi adından ailəsinə başsağlığı verir, eyni zamanda onların sevinicini bölüşürük. Ruhu şad olsun. Müəllim kollektivi”. Aşağıdan isə 5 dənə qırmızı qızılgül. Belə elan asılsa, qıraqdan baxan adamın hələ lap şitliyi də tutar. Baxarsan ora-bura, görərsən ətrafda heç kim yoxdu, tez qələmi çıxarıb əlavə də edərsən: “P.S. Bircə il də yaşasaydı, 90 yaşını görsəydi”.

Bir dəfə universitetə girəndə, elanlar lövhəsində iki şəklin yan-yana asıldığını görəndə az qaldı dəli olsun: biri cavan kişi müəllimi, o biri cavan laborant xanımıydı. Kişini tanımırdı, xanımla hansı tədbirdə tanış olmasını xatırlayammırdı, amma dünənə qədər üz-üzə gələndə salamlaşırdılar. İnstinktiv olaraq fikirləşdi: “Bu, lap ağ oldu, vallah. Axı, nə məcburdu ikisini birdən asalar. Onsuz da hüzrlərinə kafedra yoldaşları, dekan, bir də, yəqin ki, prorektorlardan biri gedəcək. Olmazdı ki, aralarında dörd-beş gün ara verməklə şəkilləri və başsağlığı elanını assınlar?” Üstəlik, onu əsəbiləşdirən mərhumların şəkillərinin iki, bəzən üç-dörd gün o lövhədən asılmalarıydı. “Bir gün bəsdi, o biri günlərə ehtiyac yoxdu”.

Və Nahid başa düşdü ki, o özü də universitetdə işləyə-işləyə ölə bilər və şəklini qara lentə bağlayıb, kağızdakı başsağlığıyla bir yerdə divara vura bilərlər, altında da altı dənə qərənfil, (ya cavan olduğuna görə qızılgül). Bunu fikirləşəndə, hirs vurdu təpəsinə, qərara gəldi ki, birbaşa rektorun yanına getsin, arzusunu (bu barədə sonra) ona desin. Soruşa bilərsiz, niyə, dekanın, prorektorun yox, rektorun yanına? Məsələ burasındadır ki, rektorla aralarında şit olmayan zarafatlar eləmək dərəcəsində araları açığıydı. Bilirdi ki, ölsə, birinci xəbər tutanlardan biri rektor olacaq və o dəqiqə göstəriş verəcək: şəklini tapıb vurun, gül alın, elanı yazın vurun. Nahiddə isə sadəcə kompleks vayırdı, yox o da müdrik adamlar kimi ölümə praqmatik yanaşırdı, amma şəkil, elan məsələsi ürəyincə deyildi....

İki gün universitetdə, evdə fikirləşdi ki, rektorla görüşəndə, məsələni necə açıb desin, arzusunu deyənə qədər hansı giriş cümlələri desin....

Növbə tutmuş müəllimlərə “Axırıncı kimdi?” sualını verməzdən əvvəl katibəyə yaxınlaşıb, rektorun otağının qapısına başıyla işarə edərək sakitcə soruşdu:

- Kefi necədi?

- Yaxşıdı? Görüşmək istiyisən?

- Hmm.

- Nə məsələdi ki?

- Heeç, şəxsi söhbətdi.

- Oldu, indi səni salaram qəbuluna.

Qəbuluna saldı. İki-üç dəqiqəlik giriş söhbətindən sonra rektor Nahidin üzünə baxıb susdu: yəni niyə gəlmisən, mətləbə keç görək. Nahid boğazını arıtlayıb, qurduğu plana uyğun başladı:

- Eldar məllim, heç bilmirəm, necə deyim ki, düzgün başa düşəsiz məni.

- De, de, utanma.

Nahidə nədənsə, elə gəldi ki, rektor onun pula ehtiyacı olduğunu düşünür.

- Dediklərim sizə qəribə gələcək, amma deyim də.

- De, cəsarətli ol.

- Bizdəki kimsə rəhmətə gedir tutaq ki.

- Başa düşmədim, bizdə, yəni kimdə? – rektor təəccüblə soruşdu.

- Burda, universitetdə.

- Aha, kimsə rəhmətə gedir, düzdü. Nədi ki? – yenə qəribə nəzərlərlə Nahidə baxmağa davam elədi.

- Kimsə rəhmətə gedəndə, aşağıda, birinci mərtəbədə elanlar vurulan yerdə başsağlığı verirlər, şəklini də qoyurlar.

- Hə, elədi, sonra?

- Demək istədiyim odur ki, dünyanın işini bilmək olmaz, işdi-şayət mən də birdən bu dünyadan getsəm, mənimlə bağlı elan, şəkil vurmaq lazım deyil, – bu cümlələri isə Nahid az qala birnəfəsə dedi.

Araya sükut çökdü, Nahid gözlərini qarşısındakı bir nöytəyə, rektor isə düz müəllimin gözlərinə zilləmişdi.

- Həə, – rektor dilləndi. – yatsam da, yuxuma girməzdi ki, hansısa müəllim, üstəlik, sənin kimi cavan birisi... Neçə yaşın var sənin?

- Otuz beşin içindəyəm.

- Mənim otuz beş yaşım olanda... Nəysə. Doktorluğu başlamısan yazmağa?

- Yox, hələ mövzu seçməmişəm, – “Gör hardan vurdu e”.

- Niyə?

- Gərək araşdırma aparam, görəm hansı mövzular seçilib, gərək təkrarçılıq olmasın mövzu seçimində, yoxsa koordinasiya şurasında[i] qəbul...

- Onu bildim, araşdırma apar da. Mövzu seç də.

- Eldar məllim, mən onsuz da sosiologiya üzrə fəlsəfə elmləri doktoruyam. Yəni...

- Yənisiz, sənin potensialına bələdəm, ona görə mövzu götürüb, işləyib dörb-beş ilə elmlər doktor olmalısan. Fəlsəfə elmləri doktoru əslində namizədlikdi...

- O bizdə elədi, Qərbdə isə elə birbaşa...

- Onu bildim, amma hələ ki, bizdə elmlər doktoru var, sən də bu sahədə öz sözünü deməlisən. Axı, mən sənin savadına bələdəm. Bilməsəm, bu şeyləri sənə deməzdim.

- Oldu, Eldar müəllim.

Nahid dinmədi, sükut yarandı və ona elə gəldi ki, rektor söhbətin mövzusunu azdırmaq üçün doktorluq məsələsini atdı ortaya. “Buna axı necə deyim ki, mən şəxsən öz ölümümə praqmatik yanaşıram”. O, ölümə praqmatik yanaşma məsələsini orijinal tapıntı-söz hesab edirdi, elə bilirdi, bunu desə, rektor onun xahişini nəzərə alacaq. Amma rektor sükutu pozdu:

- Bura bax, bəlkə, bu il səndə dərs yükündə problem olub?

- Yox, yox, Eldar məllim, heç bir problem olmuyub, o barədə narahat olmayın.

- Bir dəyqə, – cavab deyəsən, rektora səmimi gəlmədi, telefonu götürüb Nahidin işlədiyi kafedra müdirinin daxili nömrəsini yığdı. – Salam Fikrət məllim... Necəsən?... Yaxşıyam, sağol. Sizin, elə bizim, – Nahidə göz vurub, – Nahidin bu ilki dərs yükü necədi?... Tam ştat.... Yəni əvvəlcədən özü elə istiyib, düz?.... Oldu, sağ ol.... Yox, elə-belə soruşdum.... Hələlik, – dəstəyi yerə qoyub Nahidə, – dedim bəlkə tam yox, bir yarım dərs yükü istiyirmişsən, ona görə müdirinə zəng elədim.

- Yox, bir yarımı çatdırmaram, – söhbətin bu cür gediş almasına görə Nahidi gülmək tutdu.

- Hmm, – birdən rektor özünə gəlirmiş kimi, – Hardan gedib hara çıxdıq. Başsağlığı, doktorluq, dərs yükü.

Əvvəlcə rektor, dalınca Nahid gülməyə başladı və birdən rektor ciddiləşdi, buna uyğun Nahid də ciddi sifət aldı.

- Yaxşı, onda mənə de görüm, sənin problemin nədir? – rektor soruşdu.

- Yox, inanın mənə, Eldar məllim, heç bir ciddi problemim yoxdu. Amma dediyim o məsələ...

- O məsələni qoyaq qırağa. Bəlkə xəstəliyin var?

- Yox, ay Eldar məllim, heç bir xəstəliyim yoxdu. Elə keçən il ful biokimya qan analizləri vermişəm, şükür, hamısı yaxşı çıxıb.

- Yaxşısansa, niyə analiz verirdin? – rektor bir növ kəsələmə sual verdi.

- Mən hər il bu analizi verirəm, hər ehtimala qarşı.

- Buna inandım. Bəlkə pula ehtiyacın var? Utanma, de.

- Yox, narahat olmayın, pulum var.

- Maaşın nə qədərdi?

- Üç yüz dörd manat.

- Dosentlik, elmi dərəcə, sosial yardımla bir yerdə?

- Bəli.

Rektor yenə telefonu götürüb həmkarlar işinə baxan prorektoru yığdı:

- Cahangir, salam. Necəsən?...

Bu vaxt kafedra müdiri Fikrət müəllim Nahidin mobil telefonuna zəng elədi, rektorun prorektorla danışmağından istifadə edən Nahid yaşıl düyməni basıb, sakit səslə cavab verdi: “Fikrət məllim, mən indi rektorun yanındayam, çıxanda özüm sizə zəng eliyəcəm”. – “Zəng eləmə, birbaşa yanıma gələrsən”, – kafedra müdiri həyəcanla dedi. Rektor isə prorektora bunları deyirdi:

- ...Deməli, Nahid müəllimə... Nəydi soyadın?

- Hətəmov.

- Sosiologiya kafedrasının dosenti Nahid Hətəmova gələn ay üçün yüz əlli manat mükafat yaz, özü bir azdan düşəcək yanına. Mühasibata təqdimat yazarsan, oldu?... Oldu, sağ ol, – dəstəyi yerinə qoyub Nahidə baxdı: – Belə, yüz əlli manat da qabağa düşdün, pis variant deyil hə?

- Hə, yaxşı variantdı, – Nahid pıqhapıq gülməyə başladı.

- Belə gülərsən ha, – rektor dedi. – Oldu, Nahid, burdan çıxanda elə birbaşa düşərsən Cahangir məllimin yanına, pulu götürüb qoyarsan cibinə. Axşam gedib oturarsan Hiltonun lap yuxarıdakı mərtəbəsində fırlanan kafeyə, çaydan, kofedən içə-içə baxarsan Bakının gecə peyzajına. Nə bilim, kafedə qəşəng qızlar olsa onlara da baxarsan. Dalısına tay özün baxarsan. Və bu şəkil-məkil məsələsini unudursan, oldu?!

“Oldu”nu “Gedə bilərsən” tonunda dediyindən, Nahid avtomatik dik yerindən qalxdı:

- Oldu, çox sağ olun... Eldar məllim, xəcalət verdiz, vallah.

- Xəcalət-zad deyil. Özünü yaxşı aparsan, o biri illər də mükafat almaq şansların var.

- Çox sağ olun. Onda, son olaraq bir xahiş, – rektor onun şəkil, elan xahişini yaxın buraxmayandan sonra qəfildən ağlına gələn, amma deməyə tərəddüd edən xahişinə keçdi. – Mümkünsə, heç olmasa, şəkilsiz, bir də qərənfilləriz elanım vurulsun.

Fikirləşirdi ki, şəkilsiz, cüt güllərsiz iki-üç adam xaric çətin ki, kimsə o elanı oxusun. Çoxu divardakı onu iclas elanı bilib yaxın durmayacaqdı.

- Çıx burdan, – rektor əsəbiləşdi. – Sən artıq əsəbilərimlə oynayırsan.

- Oldu, Eldar məllim, əsəbiləşməyin. Sağ olun, – Nahid gülə-gülə otaqdan çıxdı.

- “Qayıdıb deyəsən ki, özüm bir yana, heç olmasa göstəriş verin bir gün saxlasınlar rəhmətliklərin şəkillərini, o biri günə qalmasın. Nəysə. Belə də ki, yüz əlli manat qabağa düşdüm. Heç bir Hilton. Ancaq teleqüllə, çay içərəm, uzağı, otuz-qırx manat xərcim çıxar, əvəzində çoxdankı arzuma çataram”. Bir də ki.... Mənə nəysə olsa, bu xahişimdən sonra çox güman, göstəriş verər ki, şəklimi asmasınlar. Hər halda səmimiyyətimə inandı...”

Kabinetdən çıxıb prorektorun yanına düşdü. Cahangir müəllim:

- Hə, gəl görək, – salamlaşdılar, ­– Əyləş.

Oturduğu masanın siyirməsini açdı, ordan yüzlük və əllilik çıxardıb Nahidə uzatdı. “Çox sağ olun”, – Nahid təşəkkür etdi.

- Sağ ol əslində Eldar məllimə düşür. Amma mən də ürəklə verirəm. Burdan qol çək.... Hmm, sən gör necə Eldar məllimin kefini açmısan ki, ya hansı yaxşı hərəkət eləmisən ki, o, sənə birdən-birə mükafat yazıb, – deyib prorektor qımışdı.

Qol çəkib, pulu şalvarının cibinə qoyan Nahid də qımışdı.

- Nə demisən ki? – prorektor soruşdu. – Çünki biz nadir hallarda yüz əlli manat mükafat veririk.

- Bəs, nə qədər olur mükafat?

- Yüz manat. Nə məsələdi?

- Heeç, rektorun xoşuna gəldi seçdiyim doktorluq mövzusu.

- Nə mövzusudu ki?

- Azərbaycan cəmiyyətində mortafobiya problemləri.

- Nə? O nədi elə? – prorektor riyaziyyatçıydı.

- Mortafobiya, yəni ölüm fobiyası.

Prorektor boğazını arıtladı, hiss olundu ki, mövzu onun xoşuna gəlməyib, amma rektorun xoşuna gəlmişdi deyə, bir şey deyə bilmədi.

- Nahid məllim, sənə doktorluğu yazmaqda uğurlar arzu edirəm. Necə deyərlər, qələmin iti olsun, – bunları zorla dedi.

- Oldu, Cahangir məllim, siz də sağ olun. Görüşmək üzrə.

Universitetin binasından çıxhaçıx altıncı mərtəbədən öz adını eşidib, başını yuxarı qaldırdı. Kafedra müdiriydi:

- Mən sənə nə dedim? Hara gedirsən?!

- Fikrət məllim, narahat olmuyun, sizlik bir şey yoxdu, hər şey aydınlaşdı.

- Çıx yuxarı deyirəm sənə!

- Doktorluq işiylə bağlı söhbət eliyirdik, yəni dərs yükü mane olmasın deyə...

- A kişi, çıx demirəm sənə!! – səs tonunu bir az da qaldırdı.

“Bu da, səhərdən dayanıb pəncərənin ağzında məni güdür”, – fikirləşdi.

- Yaxşı, gəlirəm, – Nahid geri qayıtdı.

2 noyabr, 2014 – 13 yanvar, 2015, Bakı

# 1515 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #