Ayn Randın Boris Spasskiyə məktubu – MƏTN

<b>Ayn Randın Boris Spasskiyə məktubu – <span style="color:red;">MƏTN </b>
19 may 2018
# 13:00

Kulis.az Orxan Əmrullayevin tərcüməsində Amerika yazıçı-filosofu Ayn Randın rus şahmatçı Boris Spasskiyə məktubunu təqdim edir.

Hörmətli yoldaş Spasski,

Bobbi Fişer ilə dünya şahmat çempionluğu uğrunda oyununuzu böyük maraqla izləyirəm. Şahmata elə də böyük həvəsim yoxdur, heç oynamıram da, yalnız oyunun əsas qaydalarından xəbərim var. Mənim peşəm yazıçılıq və filosofluqdur.

Lakin televizorda bir oyununuzu izlədim və oyundakı ardıcıl həmlələrinizi şahmatçının ehtiyac duyduğu güclü düşüncə və planlaşdırma kombinasiyasının həqiqi isbatı olaraq dəyərləndirdim. Bu, şahmatçının nə qədər bilgini fikrində tutmalı, neçə parametri bir-biri ilə əlaqələndirməli, nə qədər irəlini görməli və planlaşdırmalı olduğunun isbatı idi. Sizin və rəqibinizin qeyri-adi intellektual bacarığa malik olmanız gün kimi aydındır.

Sonra isə oyunun və oyunçuların zehni qabiliyyətinin onların məşğul olduğu reallığın metafiziki mütləqliyi sayəsində mümkün olduğunu sezərək sarsıldım. Oyuna “Kimlik qanunu” və onun nəticəsi olan “Səbəb-nəticə qanunu” hakimdir. Hər şey olduğu kimidir: vəzir vəzirdir, fil fildir və hər birinin edə biləcəyi hərəkətlər onların kimlikləri ilə müəyyənləşir: vəzir düz və ya diaqonal istənilən açıq xətt üzrə hərəkət edə bilər, bir fil irəliləmə hərəkəti edə bilməz; top şahmat taxtasının bir tərəfindən digər tərəfinə irəliləyə bilər, piyada isə yox və sair. Onların kimlikləri və hərəkətlərinin nizamı sabitdir – və bütün bunlar oyunçuların mürəkkəb, uzungedişli bir strategiya qurmasını mümkün edir, buna görə də oyun yalnız və yalnız oyunçunun (və rəqibinin) bacarığından asılı olur.

Bütün bunlar məni sizdən soruşmalı olduğum suallara yönəldir.

1. İki saatlıq beyin yoran zəhmətdən sonra – rəqibinizi dalana dirədiyiniz – kritik bir anda qeyri-müəyyən bir qüvvə qəfil rəqibinizin filinin vəzir kimi hərəkət edə biləcək formada oyunun qaydalarını rəqibinizin lehinə dəyişdirsə, oynaya bilərdiniz? Oynaya bilməzdiniz? Lakin real həyatda bu, sizin ölkənizin qanunudur və bu, oynamaq üçün yox, yaşamaq üçün ölkənizin vətəndaşlarının da içində olduğu vəziyyətdir.

2. Şahmatın qaydaları dialektik reallığa uyğun şəkildə ziddlərin vəhdətini təmin edəcək formada yenilənsə, belə bir halda sizin vəziriniz Ağdan Qaraya çevrilib rəqibinizin vəziri olsa və sonra da hər ikinizə aid olan Boza çevrilsə, oynaya bilərdiniz, yoxsa yox? Ancaq real dünyada bu, sizin vətəndaşlarınıza qəbul etməsi, mənimsəməsi və bununla yaşaması öyrədilən reallıq anlayışıdır.

3. Komanda olaraq oynasanız – yəni, təkbaşına düşünməyiniz və oynamağınız qadağan olunsa və bir qrup məsləhətçi ilə deyil, hər hərəkətinizi səsvermə ilə müəyyənləşdirən bir komanda ilə oynamaq məcburiyyətində olsanız, oynaya bilərdiniz? Çempionsunuz və komandadakı ən bacarıqlı şəxs sizsiniz, bəs komandanı sizin strategiyanızın ən yaxşısı olduğuna razı salmaq üçün nə qədər səy və vaxt sərf etməli olardınız? Bacara bilərdinizmi? Lakin real həyatda bu sizin ölkənizin nəzəri idealıdır və bu ölkənizin (bir gün) elmi iş, sənaye istehsalatı və bəşəriyyətin sağ qalması üçün lazım olan istənilən fəaliyyətlə məşğul olarkən təklif etdiyi metoddur.

4. Komandanın işləmə mexanizmi ağır templi olsa və arxanızda dayanan – heç nəyi izah etməyən, müzakirə etməyən, yeganə arqumenti və xüsusiyyəti silahlı olması olan – bir şəxs kürəyinizə silah dirəsə, edəcəkləriniz onun tərəfindən diktə edilsə, oynaya bilərdiniz? Oyuna davam etmək bir yana qalsın, oyuna heç başlaya bilərdiniz? Lakin real dünyada bu, sizin ölkənizdə insanların içində yaşadığı (və öldüyü) real siyasi mühitdir.

5. Oyunun qaydaları fərqliləşdirilsə və siz “proletar” qaydalarla, rəqibinizsə “burjua” qaydaları ilə oynadığı zaman Beynəlxalq Şahmat Federasiyasının professional anlayış, maraq və yanaşmasından razı qalardınız? Belə şərtlərlə oynaya bilərdiniz? Bu cür “çox qaydalı” sistemin çoxməntiqçilikdən daha absurd olduğunu deyərdiniz? Lakin real dünyada sizin ölkəniz başqa ölkələrin “burjua” məntiqi və ya “Aryan” məntiqi, ya da “üçüncü dünya” məntiqi və s. tətbiq etdiklərini iddia edərkən özünün “proletar” məntiqini izlədiyini və qlobal harmoniya və anlayış qayğısı daşıdığını ifadə etməkdədir.

6. Oyunun qaydaları istisnai hal olaraq bugünkü kimi qalsa, yəni (kütləni təmsil etdikləri üçün) piyadalar daha təsirli fiqurları (fərdləri) qurban vermək bahasına qorunmalı olan ən dəyərli fiqurlar hesab olunsa, oynaya bilərdiniz? Bu sualın cavabının heç-heçə olduğunu deyə bilərsiniz, çünki bu cür əxlaq qaydasını qəbul edən təkcə sizin ölkə deyil, bütün dünyadır.

7. Oyunun qaydaları dəyişməsə, lakin bərabərlik prinsipinə uyğun olaraq mükafatların paylanması qaydası dəyişdirilsə, yəni medallar qalib gələnə yox, məğlub olana verilsə, qalib gəlmək eqoistliyin göstəricisi sayılsa və qalib gələn şəxsin yüksək zəkaya malik olduğu əsas götürülüb, başqalarına fürsət tanımaq üçün bir il oyundan uzaqlaşdırılma ilə cəzalandırılsa, oyunu oynamağa razı olardınız? Siz və rəqibiniz qalib gəlmək üçün yox, məğlub olmaq üçün oynamağa çalışardınız? Bu, sizin düşüncənizə necə təsir edərdi?

Mənə cavab vermək məcburiyyətində deyilsiniz, Yoldaş. Danışmaq və hətta bu kimi sualları ağlınızdan keçirmək azadlığınız belə yoxdur və mən onsuz da suallarımın cavabını bilirəm. Xeyir, yuxarıdakı heç bir şərtlər altında oynaya bilməzsiniz. Şahmat dünyasına baş vurmağınız bu kimi hadisələrdən qaçmaq üçündür.

Hə Yoldaş, şahmat qaçışdır, reallıqdan qaçışdır. Şahmat yaşamaqdan qorxan normadan yuxarı zəkaya malik olan, amma ağlını məşğuliyyətsiz qoya bilməyən və onu həqiqi olmayan bir şeyə həsr etmiş və beləliklə rədd etdiyi canlı dünyanı anlaşılması çox çətin olduğuna görə başqalarına həvalə etmiş bir insan üçün “çıxış yolu”dur, “uydurma” bir oyundur.

Zəhmət olmasa, bunu bu cür oyunlara qarşı olduğum kimi dəyərləndirməyin: oyunların insan həyatında vacib bir yeri var, onlar bizə lazım olan rahatlığı, istirahəti verir və şahmat daima özünü məqsədə doğru irəliləmək təzyiqi altında hiss edən insanlar üçün bu işi görür. Bundan əlavə, – idman yarışları kimi – bəzi oyunlar insan bacarıqlarının mükəmməllik səviyyəsinə çatdığını nümayiş etdirir. Lakin həqiqi dünyada qoltuq ağacı ilə gəzən qaçış üzrə dünya çempionu haqqında nə fikirləşərsiniz? Və ya ayaqları və əlləri ilə iməkləyən hündürlüyə tullanma ilə məşğul olan idmançı haqqında...? Siz şahmat professionalları insan bacarıqlarının ən üstünü olan intellektual gücün ifadəsi olaraq qəbul olunursunuz – ancaq bu güc 64 xanalı şahmat taxtasından kənarda sizi tərk edir və ağlınızı qarışmış, narahat hala gətirir. Çünki siz bilirsiniz, şahmat taxtası öyrənmə sahəsi deyil, həqiqətin yerinə qoyulmuş əşyadır.

Bacarıqlı, erkən inkişaf etmiş gənc özünü dünya qarşısında sərsəmləyən vəziyyətdə görür: o, insanları başa düşmür, onu qorxudan insanların anlaşılmaz, ziddiyyətli, dağınıq davranışlarıdır. Düzgün diaqnoz qoyduğu, ancaq mübarizə aparmaq istəmədiyi insan irrasionallığıdır. Ağlının rahat olacağı sığınacaq arayaraq geri çəkilir, vəziyyətlə barışır və qaçır – və şahmat tələsinə düşür.

Siz şahmat professionalları xüsusi bir dünyada yaşıyırsınız; təhlükəsiz, qorunan, nizamlı bir dünyada. Bu dünyada mövcudluğun bütün vacib və fundamental prinsipləri elə aydın və dəqiq yerləşib və tətbiq olunur ki, onlardan xəbərdar olmaq məcburiyyətində belə deyilsiniz (Bunlar mənim 7 sualımdakı prinsiplərdir). Bu prinsiplərin oyununuz üçün ilk şərtlər olduğunu bilməzsiniz, – və siz onlarla rastlaşanda reallıqda onları və ya onların pozulmasını tanımaq məcburiyyətində deyilsiniz. Siz dünyanızda onlara görə narahat olmaq məcburiyyətində deyilsiniz, etməli olduğunuz yeganə şey düşünməkdir.

Düşünmək bəşəriyyətin sağ qalma yoludur. Bunu uğurla həyata keçirməyin həzzi – fərdin öz ağlının bəhrəsini görməsi – insana məlum olan bütün həzzlərin ən əhəmiyyətlisidir və bu, uşaq və ya böyük olmasından asılı olmayaraq, istənilən zəka səviyyəsindəki insanların ən dərin ehtiyaclarıdır. Bu səbəbdən, sizi şahmata nəyin cəzb etdiyini başa düşmək olur: bütün lazımsız maneələrdən təmizlənmiş və ağlınızın gücündən təntənə ilə istifadə etməkdən başqa heç nəyin əhəmiyyətli olmadığı bir dünya tapdığınıza inanırsınız. Lakin bunu tapmısınızmı, yoldaş?

Riyaziyyatdan fərqli olaraq, şahmat zehni səyin əsas meyili olan abstraktlığı təmsil etmir; onun ziddi olanı təmsil edir: zehni səyi bir qrup konkret şeylərə cəmləyir və ağlın başqa heç nəyə yer qalmayacaq formada mürəkkəb hesablamalar aparmağını tələb edir. Hərəkət və mübarizə illuziyası yaratmaqla şahmat professional oyunçunun ağlını həyata qarşı tənqidi olmayan, həyata əhəmiyyət verməyən sülhə gətirir. Şahmat intellektual səylərin mühərrikini, yəni “Niyə?” sualını aradan götürür və qorxuducu bir şey buraxır: məqsədindən uzaq düşmüş, izolyasiya olunmuş intellektual fəaliyyət.

Əgər, psixoloji yaxud ekzistensialist xarakterli müəyyən səbəblərə görə, insan həqiqi həyatın ona qapalı olduğuna, bacaracaq və ya ardınca qaçacaq heç nəyə sahib olmadığına, heç bir hərəkətin mümkün olmadığına inanmağa başlayarsa, onda şahmat onun panzəhəri olar, yəni şahmat inanmağı və hərəkətsiz dayanmağı rədd edən üsyankar zehnini uyuşdurmaq üçün metoda çevirlər. Yoldaş, şahmatın sizin ölkədə indiki rejimdən əvvəl və sonra həmişə bu qədər populyar olmasının və amerikalı şahmat ustalarının bu qədər az olmasının səbəbi məhz budur. Gördüyünüz kimi, bu ölkədə insanlar hələ də hərəkət azadlığına malikdirlər.

Sizin ölkənizin liderləri bu çempionluq oyununu ideoloji məsələ, Rusiya və Amerika arasındakı yarış olaraq elan etdiklərinə görə Bobbinin qalib gəlməsini istəyirəm, həmçinin bütün dostlarım da mənimlə həmfikirdirlər. Bu qarşılaşmanın ölkəmizdə gözlənilməz maraq oyandırmasının səbəbi amerikan xalqının sizin ölkənizin təcavüzkar, provokativ və aqressiv təkəbbürlülük siyasətinə və öz hökumətimizin hədsiz tolerant və ifrat mədəni səbrinə olan uzunmüddətli qəzəbinin və hirsinin nəticəsidir. Hamımız simasız, adsız kollektiv toplumlar arasındakı (bizə bir xeyir-şər mübarizəsi nümayiş etdirən iki cəngavərin orta əsrlər mübarizəsi kimi görünən) qlobal toqquşmalardan yorğun və bezmiş olduğumuz üçün ökəmizdə Sovet Rusiyasının hər hansı bir cür, hər hansı bir baxımdan və hər hansı bir şəkildə kürəyinin yerə vurulmasını görmək kimi kütləvi bir arzu vardır. (Lakin təbii ki, bu bir simvoldur, siz şeytanın könüllü müdafiəçisi deyilsiniz, bəlkə də hamımızın bildiyi kimi, dünyanın geri qalanı kimi – onun qurbanısınız.)

Hər şeyə baxmayaraq, Bobbi Fişerin davranışı simvolizmi pozur; bu, şahmat ustasının ağlı ilə reallıq arasındakı qarşıdurmanın bariz bir nümunəsidir. Özündən arxayın, nizamlı və parlaq olduğu aşkar olan oyunçu həqiqi dünya ilə məşğul olmalı olanda çökür. O, uşaq kimi səhvlər edir, anlaşmaları pozur, ixtiyari tələblər irəli sürür və məktəb turnirindəki şahmat oyununda diskvalifikasiya ediləcək tərzdə kaprizli davranır. Buna görə o, həqiqi dünyaya, özünü ondan uzaq tutan şeytanı – yəni, irrasionallığı gətirir. Məktub imzalamaqdan, istənilən ciddi məsuliyyət altına girməkdən qorxan, həyatını necə yaşayacağını öyrənmək üçün mistik bir məzhəbin ixtiyari göstərişlərini axtaran bir adam, möhtəşəm və özünə arxayın bir adam deyil, əksinə ani hirs və bəlkə də xainlik hissi ilə boğuşan faciəvi dərəcədə çarəsiz bir qurbandır.

Lakin ağıl prinsiplərinin şahmat taxtasının sərhədlərindən kənarda tətbiq oluna bilməyəcəyini, onların təkcə insan icadı olduğunu, kənardakı xaosa qarşı gücsüz olduğunu, həqiqi dünyada heç bir şansları olmadığını deyə bilərsiniz. Bu doğru olsa, heç birimiz sağ qalmazdıq və hətta doğulmazdıq, çünki insan növ olaraq uzun zaman əvvəl məhv olardı. Əgər yuxarıda bəhs etdiyim tipli irrasional qaydalarla insanlar bircə oyun belə oynaya bilmirlərsə, necə yaşaya bilərlər? İnsanın ixtirası – daha doğrusu, insanın səhvi – ağıl deyil, irrassionallıqdır.

Təbiət (reallıq) şahmat qədər mütləqçidir və onun qaydaları (qanunları) da o qədər çox (hətta da çox) sabitdir – lakin onun qaydaları və qaydaların tətbiqi daha mürəkkəbdir və insan tərəfindən kəşf edilmək məcburiyyətindədir. Və eynən bir insanın şahmat qaydalarını əzbərləyə biləcəyi, lakin onları tətbiq etmək üçün ağlından istifadə etməli olması kimi hər insan təbiətin qanunlarını tətbiq etmək üçün, yəni uğurlu şəkildə yaşamaq üçün öz ağlından istifadə etməlidir. Uzun zaman əvvəl bütün ustaların böyük ustası bizə təbiətin və həyatın xüsusiyyətlərinin fundamental prinsiplərini vermişdir. Onun adam Aristotel idi.

Aristotel prinsiplərinə əsaslanan cəmiyyətdə yaşasanız, şahmata qaçmaq istəyərdinizmi? Bu ölkə sizin ağlınızın gücündən istədiyi ölçüdə sona qədər istifadə edəcəyiniz, uğurlarınızın mükafatını alacağınız və irrasional olmağı üstün tutan insanların sizə müqavimət göstərəcək güclərinin olmadığı və özlərindən başqa heç kimə zərər verməyəcəkləri, qaydaları obyektiv, sərt və aydın olan bir ölkə olardı. Bu cür sosial sistem yaradıla bilməz deyirsiniz, elə deyilmi? Lakin yaradıldı və tam mövcudluq məqamına yaxınlaşdı – sadəcə səviyyəsiz zehniyyətlər, silahlı insanlar və onların cadugər həkimləri insanların onu bilməsini istəmədilər.

Ona kapitalizm adı verilib.

Lakin Yoldaş, bu mövzuda heç-heçə etdiyimizi demək olar: sizin ölkəniz bu ifadənin mənasını bilmir və bu gün bizim ölkənin bir çox insanları da onun nə olduğunu bilmir.

Hörmətlə,

Ayn Rand.

Kultura.az

# 1160 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #