“O serial mənim ən böyük xətam oldu” - MÜSAHİBƏ

“O serial mənim ən böyük xətam oldu” - <span style="color:red;">MÜSAHİBƏ
13 mart 2018
# 21:00

Ədəbiyyatımızda istedadlı xanım yazarlardan biri də Cavi Dandır. Cavidan xanım 2006-cı ildən yazmağa başlayıb. Şeirləri, heakayləriylə dövri mətbuatda çıxış edib.

"Lənkəran təzadlı məkandır. Mühafizəkarlıqla çərçivəsizliyin bir arada, iç-içə bəlkə də əsrlərlə yaşaya bildiyi bir yerdir. Məsələn, bir neçə il əvvəl məhərrəmliklə yeni il eyni vaxta düşmüşdü və bir küçənin üzbəüz dükanlarından birində mərsiyyə oxudulur, dini film diskləri satılırdı, digərində bəzəkli küknarlar, işıqlı-nəğməli oyuncaqlar təqdim edilirdi. İnsanlar beləcə bir-birlərinə qaynayıb-qarışaraq, şəhərlisi-kəndlisi, talışı-türkü, kiçik bazarlısı-böyük bazarlısı, dindarı-sekulyarı olaraq həyatlarını yaşayırlar. "

Cavidan xanımla uşaqlığından, yaradıcılığından, ədəbiyyatdan söz açdıq.

Adalet.az yazar, şairə Cavi Danla müsahibəni təqdim edir.

- Yasaq siqaret sümürən uşaqlar kimiydik bir az,

Uşaq ciyəri kimi çaşıb qalmışdıq.

Çox güman uşaqlığınız ağır keçib...

- Deməzdim. Uşaqlıq illərimi xatırlayanda gözlərimin qarşısına böyük bir kənd həyəti gəlir, hər tərəfim meyvə ağaclarıyla, sarı yabanı çiçəklərlə doludur və mən onların arasında balaca boyumla itib-tapılaraq anamın məni axtarmasını, qonşu qadınların həyəcanla quyuya, magistral yola, həyətin başındakı arxa boylanıb adımı çağırmaları gəlir. Anam çox sakit, atam zəhmli idi. Mən əsasən ata nənəmlə başqa məhəllədə qalırdım deyə, öz evimizə qonaq kimi gedirdim, yəni nənəm harasa gedəndə məni anama tapşırsa, qaçmağa çalışar, alınmayanda mütləq bir xəlvət yer tapıb gizlənər və adamların məni axtarmalarını sakitcə izləyərdim. Bu mənim üçün bir az da əyləncə kimi idi. Həmişə elə bilirdim ki, mən bu evin uşağı deyiləm, bu kəndin deyiləm, hardasa başqa yerlərdən gəlib düşmüşəm buralara. Odur ki, yaşıdlarımla qaynayıb-qarışmırdım, ya uşaqlar üçün olan kitablar oxuyurdum, ya şəkil çəkirdim, ya da özümün xəlvəti dəftərlərimdə kiçik hekayələr uydurub yazardım. O zamanlar uçan boşqablar, yadplanetlilərin gəlişi mövzuları aktual idi, bu haqda söhbətlər edən böyükləri dinləyər və gah özümü yadplanetli, gah da yadplanetli dostları olan biri kimi hiss etməyim xoşuma gəlirdi. Bir də kimsənin görmədiyi sehrli çubuğum varmış kimi hiss edirdim özümü, onunla istədiyim hər şeyi əldə edirdim xəyallarımda. Bax belə bir ovqatla keçib uşaqlıq illərim. Günəş dolu, nənə sevgisi, ata zəhmi, nağıllı və gilas qoxusuna bürünmüş ilıq iyun havası kimi.

- 2000-ci illərin əvvəllərində sizin imzanız parladı. Daha sonra ədəbi mühitdən uzaq düşdünüz. Bir müddət görünmədiz. Bunun səbəbi nə idi?

- 2006-cı ildə verdim o müdhiş və həyəcanlı qərarı: yazıçı olacam və kitablarım olacaq. O vaxt uşaqlar körpə idilər və tələbəlikdən, sonra universitetdəki işindən, sevdiyi adamla azad və rahat münasibətlərindən birdən-birə ayrılan, sanki qəfildən peyda olmuş üç xırdaca adama, mətbəxə, məişətə məhkum edilərək dünyadan qopmuş qadının qərarı idi bu. Ədəbiyyat – ətrafımda kimsənin görmədiyi gizli bir portaldan keçib öz dünyamı qurduğum, içində gizlənib yaşadığım həmin o başqa planet olmuşdu mənim üçün. Sehrli çubuğum da vardı: qələm. Sonra sehrli, gizli bir imza da düşündüm özüm üçün və internet imkanım yaranan kimi virtual yazarlığa başladım. Yadımdadır, bir məktəb yoldaşıma bu qərarımı deyəndə məni fikrimdən daşındırmağa çalışmışdı: “Sən sadəcə məktəb illərində yazıb çap edilmisən, vəssalam. Heç bilirsən indi ədəbiyyatda nələr var? Əsl inqilab baş verib, sənin bildiyin şeylər deyil bunlar, filan-filan imzalar var, onların arasına gəlib düşmək üçün sənə minimum on beş il fasiləsiz yazmaq və çap olunmaq lazımdır”. Vəssalam. İnanmış və ölmüşdüm.

- Bəs necə oldu sonra?

- Amma bir sutka çəkmişdi bu hal. Sıxıntım, yazmaq eşqim eqomu oyatmışdı və bu eqo necə güclü olmuşdusa, artıq səkkiz aydan sonra məni ilk Nəsimi ədəbi müsabiqəsinin birincisi etmişdi. Doğrudan da virtual bir parlaqlıq vardı imzamın ətrafında. Kişi imzalı, kimsəyə görünməyən gənc evdar qadının yazdıqları şəxsi bloqunda görünər-görünməz üzdə olan bütün ədəbiyyat saytlarında, qəzetlərdə və forumlarda yayımlanır, kitab, müsahibə, əməkdaşlıq, görüş təklifləri gəlirdi. Evdən ədəbiyyata, ədəbi cameədən evə sığınmış halda idim. İki fərqli insana bölünmüşdüm sanki. Biri azad ruhlu, dəlisov, digəri müti və kompleksli. Psixikam dözmürdü. Bir gün də ədəbiyyat sevdam evimi dağıtdı, mən də ədəbiyyat sevdamı. Və susdum. İkisindən də gizləndim bu dəfə: ulu nənəmdən qalan evdəki qədim pirin hücrəsində yeddi ilədək özümə və meditasiyalara qapandım. Ta ki dağılanları arınmış və yeni gücümlə qaytaranadək.

- Başını itirmiş

qadınlar şəhərində

hər qadın

bir kişinin başını

bişirməyə borcludur,

sonra isə yeməyə...

Qadını anlamaq yox, sevmək lazımdır. Ümumiyyətlə, kişilər niyə qadını çözməyə çalışırlar?

- Çözməyə çalışsaydılar, bu sual hələ də açıq qalmazdı. Onlar sadəcə idarə etmək, sahiblənmək istəyirlər. Bu da normaldır. Qədim müdriklər deyirdilər ki, kişi tanrını, qadın məbədi simvolizə edir və tanrıya inanmaq, etibar etmək, məbədi isə bəzəyib, təmiz saxlayıb qorumaq lazımdır. Nəzərə alsaq ki, qədim müdriklər də kişi idilər, arxayın bir təbəssümü üzümüzə rəva bilərik. Kişilər özlərinin ilk yaradılan insan olduqlarını beyinlərinə oturdublar və bu da onların allahlıq iddiası (Tanrı surətində yaradılmış kimi) kimi təzahür edir.

- Maraqlıdır...

- Hər bir kişi qarşılaşdığı qadını tanrı əlinə keçən palçıq kimi yoğurub ondan öz surətində insan yaratmağa çalışır. Bu, yalançı eqonun daim narahat ovqatına görə baş verir, yəni bütün kişilər qadınlara qarşı kökündə məhz dediyim fəlsəfə dayanaraq davranır, sadəcə bunu bütün kişilər bilmir, nə etdiyini başa düşmür, hər şey altşüurun təsiriylə olur çünki. Maraqlıdır ki, biz qadınlar da bu prosesin ilkin mərhələlərini sevə-sevə, həm də maraqla qarşılayırıq. Sonra isə kim güclüdürsə, o qazanır, yəni, bir də görürsən, məbəd tanrının başına çöküb, ya da tanrı məbədi dağıdıb. Hər iki hal kədərlidir.

- Qadın, yoxsa şair. Hansı çətindir?

- Heç birisi sənət ya peşə olmadığı üçün bu suala belə cavab verə bilərəm: Hər ikisi kimi ya varsan, ya da yoxsan. Yəni ya qadınsan, ya da qadın formasında görüntü sərgiləyən kişi qabırğası. Ya şairsən, ya da şair formasında görüntü sərgiləyən ədəbiyyat qabırğası.

- Statusunuzda yazırsız ki, "Məni istedadla təəccübləndirmək mümkün deyil. Amma sevinirəm, hətta çox xoşbəxt və qərib yerdə doğmasını tapmış kimi oluram istedadlı adam görəndə. Sizi nəylə təəccübləndirmək olar?

- Məncə yer üzündə heç nə ilə. Bu dünyada hər şey mümkündür və bu da çox normaldır.

- Lənkəranda mədəni sfera nə vəziyyətdədir?

- Lənkəran təzadlı məkandır. Mühafizəkarlıqla çərçivəsizliyin bir arada, iç-içə bəlkə də əsrlərlə yaşaya bildiyi bir yerdir. Məsələn, bir neçə il əvvəl məhərrəmliklə yeni il eyni vaxta düşmüşdü və bir küçənin üzbəüz dükanlarından birində mərsiyə oxudulur, dini film diskləri satılırdı, digərində bəzəkli küknarlar, işıqlı-nəğməli oyuncaqlar təqdim edilirdi. İnsanlar beləcə bir-birlərinə qaynayıb-qarışaraq, şəhərlisi-kəndlisi, talışı-türkü, kiçik bazarlısı-böyük bazarlısı, dindarı-sekulyarı olaraq həyatlarını yaşayırlar. Müəllimə, ziyalı imicinə hörmət çoxdur, eyni zamanda aktyora, yazara, rəssama və s. Mən həmişə bizim adamların teatr sevgisindən, tamaşalarda həvəslə iştirak etməsindən ürəklə danışa bildiyimə çox sevinirəm. Bir yerdə teatr varsa, musiqi kolleci, rəssamlıq məktəbi, mədəniyyət sarayı, ziyalılar evi, universitet, kitabxana fəaliyyət göstərirsə, demək o yerdə mədəni sferanın vəziyyəti yaxşıdır. Qalan məsələlər sırf individual yanaşmalardan asılıdır.

- Səhv etmirəmsə 2 şeir kitabınız çap olunub...

- Üç kitab olub. Bir şeir, bir roman, bir də şeir və hekayə toplusu.

- Yazıçılar Birliyinin üzvüsünüzmü?

- Bəli. Üç ildir ki, AYB üzvüyəm.

- Bizim şairlərdən kimləri sevirsiz?

- Nəsimini, Hüseyn Cavidi ədəbiyyatımızın azad və ürək ritmləri ilə həmahəng yaza bilən şair ruhları olaraq qəbul edirəm. Poetik nəfəsi rahat və sərhədsiz olan Səməd Vurğunu, Məmməd Arazı, Əli Kərimi sevirəm. Müasirlərdən Salam Sarvan və hələ ki, yenə də Salam.

- Bəs qadın şairələrimizdən?

- Məhsəti Gəncəvi. Bu qadın mənə hər zaman maraqlı olub, məhz onu tanıya bilməyim üçün barəsində roman belə yazmışam. Qədim və eyni vaxtda hər zaman üçün müasir olan müdhiş bir ruh sadəcə.

- Yadıma düşür, "Proloq” qəzetində zorlanma ilə bağlı bir hekayə yazmışdız. Bu hekayə reaksiya doğurmuş, söz-söhbətə səbəb olmuşdu. Çoxları belə düşündü ki, bu hekayədə avtobioqrafik məqamlar var...

- "Hamilə” adlı qısa hekayəni deyirsiniz yəqin.

- Aha...

- Tələbə ikən bir dəfə çörək almağa getmişdim və məhəllə dükanının yaxınlığında gün altda uzanıb can verən bir "bomj” görmüşdüm. Qoca və çox xəstə idi, pis qoxuyurdu, kimsə yaxın getmirdi ona. Mən əlimdəki çörəklə suyu ona verdim və halsız, titrəyən əlləriylə onları sinəsinə sıxıb zorla gülümsədi. Dükançı kişi məni acıladı ki, ona nahaq yaxınlaşmışam, xəstə və dəlidir, kimi görürsə deyir ki, hamiləyəm. Mən qorxmuş halda ordan uzaqlaşdım, amma o qadın hərdən-hərdən gözümün qabağına gəlirdi. Nə hiss etdiyini, niyə o cür dediyini anlamağa çalışırdım. Yalnız illər sonra forumda bədahətən o hekayəni yazanda anladım onu. Hekayə birinci şəxsin təkində yazıldıqca qadının sirrini görmüş oldum. Qaldı avtobioqrafik mətn yazmağa, onu bircə dəfə etmişəm, "Cırcırama öpüşü”ndə.

- Əyalətdə yaşamağın çətinlikləri nədir?

- Pulun, işin, şəraitin varsa, məkanın fərqi yoxdur. Şəxsən mənim üçün əyalətdə yaşamağın yeganə çətinliyi yazı fəaliyyətimlə əlaqəli konkret məhdudiyyətlərdir. Məsələn, mətbuatda olduğum bu illər ərzində müxtəlif iş təklifləri almışam (tərcüməçi və redaktor kimi), lakin o yüksək maaşlarla və qaynar kollektivlərlə çalışmağım üçün Bakıda yaşamağım lazım olub. Bu da hələlik mənim üçün real olmadığına görə imtina etmişəm.

- Tez-tez giley dolu statuslarınızla rastlaşırıq. Narazılığınız nəyədi? Ədəbi mühitin vəziyyəti sizi qane etmir?

- Tez-tez olmur, ümumiyyətlə pozitiv və optimist adamam, çox nadir hallarda ruhdan düşə bilərəm, məsələn, bir neçə gün əvvəl Allahdan xahiş etmişdim ki, mənim daydayım olsun. Belə bir kədərli zarafat.

- Sizin ssenariniz əsasında serial çəkilib. Hazırda işlər nə yerdədi?

- Bəli, ATV kanalında gedən "Günəşim ol” serialı. Həyatımın ən böyük xəyallarından biri idi və reallaşması ən böyük xətama çevrildi. Təkbaşıma yüzdən artıq seriya yazmağı öhdəmə götürmüşdüm, gündəlik telelayihə olması məni həm mənən, həm fiziki olaraq darmadağın etmişdi. Təsəvvür edin, gecə-gündüz bilmədən sadəcə ümumi konveyerin bir hissəsi kimi muzd qarşılığında əziyyətə qatlaşırsan. Sırf fəhləlik. Amma kifayət qədər uğurlu reytinqi vardı və hal-hazırda da Özbəkistan telekanallarının birində nümayiş etdirilir. Həmin serialdan sonra bir neçə ssenari təklifi aldım, lakin yorğun olduğum üçün imtina etdim. Hal-hazırda da serial ssenarisi təklifi var və mən layihəni hazırlayıb təhvil vermişəm, lakin davamlı olaraq çalışmayacam, ssenaristlərə tretman və ümumi süjet xətti üzrə yardımlar edəcəyəm, vəssalam.

- İndi nə işlə məşğulsunuz? Yeni kitab olacaqmı? Roman yazırsınızmı?

- "Hətəmxana” adlı absurd roman-nağıl yazıram. Eyni zamanda indiyədək hazır olan digər romanlarımı redaktə etməklə məşğulam. 2018-ci ili özüm üçün kitab ili qəbul etmişəm. Çoxlu oxucu istəyirəm, bu dəfə onların sevgisinə sığınıb gizlənmək keçir ürəyimdən. Məncə yazı adamı üçün bundan gözəl sığınacaq ola bilməz. Kaş ki alınsın./adalet.az/

# 1993 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #