Qəfil sönən qəndil – Səbahəddin Əlinin hekayəsi

Qəfil sönən qəndil – <span style="color:red;">Səbahəddin Əlinin hekayəsi
2 aprel 2019
# 21:00

Bu gün böyük türk yazıçı Səbahəddin Əlinin (1907-1948) anım günüdür. Kulis.az bu münasibətlə onun “Qəfil sönən qəndil” hekayəsini təqdim edir.

Əsəb xəstəliyim üçün tövsiyə olunan bu kimsəsiz və sakit yerlərdə uzun axşam gəzintisindən qayıdırdım. İsti bir payız axşamıydı. Gecənin yaxınlaşdığını duyan təbiət sərin bir nəfəs almaq üçün qımıldanırdı. Biçilmiş tarlaların arasıyla, yaş kəndir kimi uzanan cığırla gedərkən hündür bir daş bina dəydi gözümə. Pərdəsiz pəncərələrinə düşən günəş onu qırmızı gözlü canavara oxşadırdı. Divarı yıxılmış bağçanın ortasında xaraba bir qalanı, yaxud boş qalmış sarayı xatırladan hüznlü ehtişamı vardı.

Hələ erkən olduğundan bu binaya baxmaq istədim. Qurumuş tarlalardan keçəndən, balaca bir yoxuşu qalxandan sonra dəmiri paslanmış yarıaçıq qapıdan keçdim, çınqılları arasından ot çıxan döşəli yolla addımladım. Ətrafdakı ağaclar vəhşiləşmiş, vaxtı ilə çiçək əkilən yerlər təpəciyə çevrilmişdi. Qurumuş hovuzun kənarındakı mərmər dibçəklər aşıb tökülmüş, onların arasında necəsə qalmış ağ bir payızgülü buraları örtən qara pərdədə keçmişi görmək üçün açılan dəlik kimiydi. İnsana səbəbsiz cəsarət verən binanın heç bir memarlığa uyğun gəlməyən qəribə tərzi vardı. Silindir şəklində on iki metrəcən uzanandan sonra qəfil daralır, qüllə kimi uzanır, şüşəbəndli qübbəylə bitirdi. Alt tərəfini qalın daş çənbər qurşaq kimi sarmışdı və bina bu görünüşüylə köhnə yağ qəndilinə bənzəyirdi. Qapının üstündəki otağın balkonabənzər çıxıntısı isə bu qəndilin qulpuydu. Binanın niyə bu şəkildə tikildiyini və sonralar burdan hansı cəhənnəm yelinin əsdiyini kəsdirmək mümkün deyildi. İti bıçaqla açılmış kimi görünən incə, uzun pəncərələrdən qorxuducu qaranlıqdan başqa heç nə görünmürdü. Daş çənbərin üstündə oyulmuş ayaq pillələrini çıxaraq paslı mismarlı böyük qapının yanına gəldim. İllərdən bəri insan əli dəyməyən və yavaş-yavaş çürüməyə başlayan taxtalara söykəndim. Yarısı batan günəşin saralmış düzənliklərə və kiçik bulud topalarına ilan dili kimi uzatdığı şüaları uzun-uzun seyr etdim. Ətraf sükunət içindəydi. Kərtənkələlər mamır bağlamış daşların üstündən axşamın alaqaranlığına baxaraq yavaş-yavaş irəliləyirdilər. Yalnız arabir nəm taxtaların günəş istisində çıxardığı səsə bənzər çırtıltı eşidilirdi. Getdikcə artan səssizliyin içində dərin bir quyuya daş atılırmış kimi boğuq səslər də vardı. Əvvəl-əvvəl istiqamətini bilmədiyim bu səslərin evin içindən gəldiyini anladım. Səslər eyni tərzdə və müntəzəm fasilələrlə yaxınlaşmaqda idi. Bu səslər son anda daş nərdivanlarda aydın eşidilən addım səslərinə çevrildi və gəlib qapının arxasında dayandı. Qorxu, maraq və heyrətdən qarışıq duyğular yaşayırdım. Başımı arxaya çevirmirdim, ancaq kiçicik bir səs belə çıxarmadan qapının yavaşca açıldığını və soyuq, buz kimi nəfəsin ənsəmi yalayaraq keçdiyini hiss etdim. Cəld döndüm və axşamın sürətlə artan qaranlığı içində qüllənin sirli adamıyla qarşılaşdım: bu, skelet halında olan bir bədənin üstünə qoyulmuş böyük və qırmızı qafa-tasından ibarət idi. Cəhənnəm bitkisnin liflərinə bənzəyən qıpqırmızı saç və saqqalının arasında ağ, lakin saçları rəngdə xallarla örtülmüş dəri görünürdü. Və bütün bunların hamısını çürümüş meyvə rəngi toz təbəqəsi kimi örtmüşdü. Və sonra gözləri… Qırmızı çilli göz qapaqları arasında, qranit yosunununa bənzər solğun, yaşıl gözləri vardı. Dərin və qaranlıq çuxurların dibində zirzəmi qapısını xatırladan bu gözlər heç nə ifadə etmirdi. Əyninə qara, dağılıb-tökülmüş paltar, ayağına köhnə dəri ayaqqabı geyinmişdi. Adam onun, hansısa bir dəfndən qayıdandan sonra əynini dəyişməyərək, illərlə elə bu cür qaldığını düşünə bilərdi. Qurumuş bədəninə böyük gələn qara paltarı onu bostan qorxuluğuna oxşadırdı. Əlini mənə tərəf uzatdı (Ah, bu, dünyada gördüyüm şeylərin bəlkə ən qorxuncudur). Əllərinin də qırmızı çilli, çürük-ağ dərisi vardı. O qədər arıq, o qədər həyatdan uzaq idi ki… Və gecənin qaranlığında o qədər də fərq edilməyən qara bir pencəkdə üstümə gəldiyi üçün boşluqdan asılıymış kimi görünürdü. Əli çiynimə yarasa kimi qonanda qorxub qışqırdım və silkələndim:

– Ah… Nə istəyirsən?

Fəqət bu sümük əl çiynimə xərçəng caynağı kimi yapışmışdı. Sükunətlə əyildi, köksündən deyil, yalnız ağzından gələn xəfif səslə soruşdu:

– Siz birdən birə sönən qəndilin hekayəsini bilirsinizmi?

– Xeyir! – dedim, – Xeyir…

– Elədirsə, gəlin!

Dediyinə əməl etməmək mümkün deyildi, barmaqlarını çiynimə batıraraq çəkir və ağrıdır, ağrıdırdı…

Ayaqlarımızın altından sürüşən bir mərtəbəni keçdik, minarələrin sirli nərdivanlarını xatırladan ensiz daş pillələrlə yuxarı qalxdıq. İndiyə qədər qorxunu içimdə bu qədər maddi olaraq hiss eləməmişdim. Yarasa qanadı kimi üzümə sürtünən bir qaranlıq vardı. Biz yeridikcə, ətraf divarlardan tökülən suvaqların gurultusu addımlarımızın səsinə qarışırdı. Mən bütün qorxuma rəğmən harda və necə bitəcəyini bilmədiyim pillələri əyilə-əyilə çıxırdım. Sanki onun barmaqlarından çiynimə keçən bir güc məni çəkir, ensiz pillələrlə tez-tez addaımlmağa vadar edirdi. Hər mərtəbəyə yaxınlaşanda məni sürükləyən adamın əvvəlcə dağınıq saçlı başı görünür, sonra yüngül bir aydınlıq bütün bədəninə yayılırdı

Bütün mərtəbələrdəki qapılar yarıaçıq, otaqlar boş idi. Dar pəncərələrdən nur kimi girən gecə açıq qapılardan yanımıza qədər uzanırdı. Pəncərələrin çölündə ağac siluetləri, qarışıq şəkilli dağlar, həyat və işıq dünyası vardı. Mən bu yarı aydınlığın verdiyi cəsarətlə soruşdun:

– Hara gedirik? Niyə gedirik?

Əyilir, buz kimi nəfəsi üzümdə dolaşaraq yavaşca təkrar edirdi:

– Siz birdən-birə sönən qəndilin hekayəsini oxumusunuzmu?

– Xeyr!

– O zaman gəlin də!

Barmaqları büsbütün ətimə batır, məni təkrar ardınca sürüyürdü. Bu dəfə də pilləkəndə əvvəl başı yoxa çıxırdı. Qarşımda, qara rəngli gen şalvarın içində quru budağa oxşayan və pillələri tez-tez adlayan iki ayaq vardı. Yenə maye halındakı qaranlıq, yenə uçub tökülən suvağın hayqırtısı… Ayaq səslərimiz və bu səslərin torpaq altından gəlirmiş kimi əks-səda verən qorxunc uğultusu… Sonra ikinci və üçüncü mərtəbə gəlir, qapıları yarıaçıq boş otaqları, bıçaq yarası kimi incə, uzun pəncərələri və lap tpələrindəki bir neçə yarpağı fərq edilən qara ağacları təkrar görürdüm. Mərtəbələri qalxdıqca dodaqlarım daha taqətsiz qımıldanırdı:

– Hara gedirik, niyə gedirik?

Cavab eyni idi:

– Siz qəfil sönən qəndilin nə olduğunu bilirsinizmi? O zaman ardımca gəlin!

Və pilləkənlərlə qorxunc addımlamağımız təkrar olunurdu.

Nəhayət harada olduğumu, bu yüksəlişin nə qədər sürdüyünü, hətta özümü belə büsbütün unutduğum bir vaxt qəfil durduq. Önümdəki adam əliylə bir qapını qalıdrdı, içəri girdik. Qapını örtmək üçün çiynimi buraxdığı zaman dərin bir yuxudan oyanan kimi oldum və ətrafa baxdım. Bura yuvarlaq bir otaq idi. Qüllənin lap yuxarısı olduğunu tavandakı şüşəbəndli qübbədən anlayırdım. Otaq o birilərin əksinə olaraq gözəl döşənmişdi. Qaranlıq divarların dibiylə böyük kresloların kölgəsi görünürdü.

Şüşəbəndli qübbənin altındakı, yəni otağın ortasındakı yumru masanın üstündə hərəkət etməyən alovla xəfif-xəfif yanan bir yağ qəndili vardı: eynən içində olduğumuz binaya bənzəyən bir qəndil…

Uzaq küncdə, içində kimsə yatıbmış kimi görünən qabarıq yataq gözə dəyirdi. Qarşısıalınmaz maraqla yaxınlaşdım və orada yatanı gördüm. Gördüm… Və boğazına şiş soxulan heyvan kimi qışqırdım: orada bir skelet yatırdı. Qurmuş və qaralmış əti yanaq sümüklərinə yapışmış və sarı saçları çürümüş yastığa topa-topa yığılmış bir qadın skeleti…

Bu an qulaqlarımın dibində qırılan pəncərə şüşəsinin cingiltisinə bənzəyən qəhqəhə eşitdim. Qara paltarlı adam:

– Çox qorxdun? – deyirdi – Niyə qorxursan? Səndən, yəni həyatdan fərqli bir varlıq gördüyün üçünmü? Ancq bu abdallıqdır. Onun bizdən fərqi nədir ki? Heç nə… Bax, əyil bax… Bu dişlər yoxdurmu, bu mərcan kimi düzülən dişlər, onların arasından indi bizim danışdığımıza bənzəməyən nə şirin sözlər çıxardı, bilsən… Düşünürsənmi, baxmağa diksindiyin bu dişləri görmək üçün onun təbəssüm etməsini necə səbirsizliklə gözləyiblər bir vaxt?! Təxmin edə bilirsənmi, boğazına dolanaraq, səni boğacaqmış kimi qorxduğun bu saçların günəş altında necə həyat dolu parılısı vardı?

Bu qadın mənim idi. Bu əllərim, sənə söz söyləyən bu ağzım necə mənim idisə, o da eləcə. Fəqət, bilirsənmi, qollarımın arasından sıyrılıb getməsi necə asan oldu. Onunla aramızda heç bir məsafə yoxdur. Bizim onun vəziyyətinə düşməyimiz üçün bir səbəb belə lazım deyil. Və bu skelet bizə o qədər yaxındır ki, ondan qorxmaq üçün bir insan nə qədər kor və düşüncəsiz olmalıdır.

İndi səsi düyü əzən həvəngdəstə kimi ötürdü. Sanki adamın boğazında bir pərdə vardı və bəzən içindən gələn şiddətli səslər o pərdəni qaldıraraq qulaqları şəng edir, şiddət azalınca pərdə təkrar düşür, səslər divar arxasından gəlirmiş kimi qısılırdı.

Cavab tapa bilmədiyim üçün ürkək-ürkək soruşdum:

– Sizi bu qədər sarsıdan, eyni zamanda həqiqətə yaxınlaşdıram bu ölümün səbəbi nə idi? Nə dərdi vardı qadıncığazın?

– Heç – deyə cavab verdi – Heç bir şeyi yox idi. Sənin qədər həyata bağlı, bu daş bina qədər sağlam – əliylə şüşəbənd qübbəni göstərdi – və bu ulduzlar qədər nurlu, zərif idi. Səadəti aramızda bir alov kimi hiss edir, bu alovdan həm isinir, həm işıqlanırdıq. Fəqət…

Səs yenə uzaqdan gəlirmiş kimi yavaşladı:

– Ancaq, bilirsənmi, o qüvvə ki, gəlib, yağ qəndillərinin alovunu alaraq birdən-birə qaraldır!

Heç nə başa düşmədim, eləcə üzünə baxdım.

– Gəl – dedi – səninlə qəfil sönən qəndilin hekayəsini oxuyaq. O zaman bu qadını hansı ölümün apardığını anlayacaqsan.

Otağın ortasındakı masaya yaxınlaşdı, qəndilin qarşısındakı açıq, məxmər üzlü-nazik kitabı götürdü

– Bu kitabı qadının yüz illər əvvəlki babalarından biri yazıb – dedi.

Geniş bir divanı masanın kənarına sürüdü, yan-yana otuduq. Mən qurumuş yarpaq rəngindəki sarı və qalın səhifələrdə köhnə, ancaq yaxşı oxunan əlyazma gördüm. Uzaqdakı skeletə və başına düşən qırmızı işığın altında axşamı seyr edən Sfenks kimi yanımda durmuş adama baxa-baxa əlyazmanı oxudum. Əvvəl maraqlı gəldi, sonra heyrətləndim:

– Yüzlərlə əsər yazdım. Hər əsərimə qəlbimin və zehnimin bir parçasını qoyurdum. Və bunlar həqiqətə çox yaxın şeylərdir. Ancaq heç bir yazımda həqiqətin olmadığını bilirdim. Bütün gözəl yazanlar kimiydim: danışdıqlarım məndən əvvəl yüz dəfə təkrar olunan sözlərin dəyişdirilmiş şəkliydi. Halbuki, mən insanlara bilmədiklərini söyləmək, gözlə görünənlərin o biri üzünə keçmək istəyirdim. Bunun üçün çənəmi ovcuma, dirsəyimi dizimə dayayar, gözümü yerə və ya üfüqə dikərək gördükırimin ötəsindəkini bilmək istərdim. Lakin torpağın saymazyana sükutu, üfüqün laqeyd qaçışı vardı. Mənə, “Sənin gözlərin,” – deyirdilər, – “Açıq görünən şeyləri görməkdə belə çox balaca və zəifdir. Gizli həqiqətləri necə anlatmaq istəyirsən?”

Ancaq mən axtarır, həmişə axtarırdım.

Yenə bir gün masamın başında çənəmi dəftərlərimə dayamışdım, ağ kağızın üstünə dağılan saqqalımın qıvırcıqlarına baxırdım. İstəyirdim ki, bu ağ tellərin hər biri incə bir qələm olub bu vərəqləri bilmədiyim şeylərlə yazıb doldursun və mən onları dayanmadan oxuyum, oxuyum…

Birdən-birə kağızlar və saqqalım görünməz oldu. Otaq qəfil qaranlıqlaşmışdı. Başımı qaldırında qarşımda illərdən bəri eyni intizamla yanan qəndilimin söndüyünü gördüm. Heç bir küələk və ya hər hansı bir hərəkət olmadığına görə, yağı bitmişdi yəqin. Ancaq götürüb baxanda yağla dolu gördüm. Fitili də qaydasında idi. Nə bir deşiyi, nə bir başqa qüsuru vardı. Fərqinə varmadığım küləyin əsdiyinə yozub təkrar yandırmaq istədim. Heyrətamiz idi: yanmırdı! Yaxınlaşdırdığım od yalnız fitili qızardır, his qoxusu verirdi. Alov, illərdən bəri davam edən qırmızımtıl alov artıq yox idi.

Bu qoca şamdanın hansı səbəbdən qaraldığını düşünürkən, itən alovabənzər bir işığın qafamın içində yandığını hiss etdim və qarşımdakı qəndilin arxasında ona bənzəyən çoxlu qəndilin sıralandığını gördüm. Bəsizi mənim qəndilim kimi sönmüş, bəzisi hələ də qırmızı və dəyişməz alovla parlayırdı. Lakin ara-sıra onlardan biri heç bir külək və üfləmə olmadan sönürdü. Və sönən qəndillərin bir daha yanması mümkün deyildi. Silkinib özümə gələli, bunu bir xəbərdarlıq kimi anladım. Artıq tapmaq istədiyim həqiqəti burada axtaracaqdım. Heç bir qüsuru olmayan qəndillərin niyə söndüyünü, qeyb olan alovların haraya çəkilib getdiyini öyrənməli idim.

Bunun üçün eynən qəndil şəklində bir bina tikərək içində yaşamağa başladım. Ətrafında dolaşdığımı hiss elədiyim böyük həqiqətə burada qovuşacağıma əmin idim. İndi ən yaxınlarımı belə buraxmadığım bu otaqda dayanır, qübbənin şüşələrindən yuxarı baxır, qəfil sönən qəndillərin alovunu axtarırdım.

Kitabın səliqəsiz şəkildə yazılmış o biri hissələri görülməyən və hiss olunmayan bir xəyalatı təqib edən insan düşüncəsinin hansısa qaba həbs olunmuş buxar kimi ətrafa necə həmlələr etdiyini göstərirdi.

Bataqlıq kənarındakı çürük qamışların turşməzə rütubət qoxusunu dağıdan qalın yarpaqlar barmaqlarının altından bəxtiyar bir günün saatı kimi sürətlə keçirdi. Və səbəbsiz yerə sönən yağ qəndillərinin hekayəsini, bir ibrani peyğəmbəri kimi içimdən sarsılaraq oxuyurdum.

– Bir yerdə yanmaq üçün yaradılmış iki qəndil vardı. Birləşmək istəyirlərmiş kimi alovlarını biri-birinə tərəf əyir, birinin çata biləmədiyi yeri o biri işıqlandırırdı. Aralarında ipək qumaşlar kimi qıvrılan və parlayan işıq şüaları gedib gəlirdi. İşıqları o qədər bənzər idi ki, ətrafa yaydığı aydınlığın başqa yerdən gəldiyini ehtimal etmək mümkün deyildi. Bir gün heç bir qüsuru olmayan bu qəndillərin biri gözlənilmədən qaraldı. Titrək bir işıqla yas tutmaq istəyən digəri də onun arxasınca getməkdə gecikmədi. Və mən dörd-beş qəndil də gördüm. Onların içində döyüşdən çıxmış qılınc kimi parlayan yeniləri olduğu kimi, zirzəmilərdə mamır bağlamış küplərə bənzəyən köhnələri də vardı. Böyük qəndillərin yanında civ-civ cücələr kimi görünən balacaları oynaq alovlarla qımıldayırdı. Balaca qəndillər sevinclə səs-səsə verib yanırkən, eyni hiss edilməyən rüzgar onları bir-bir söndürdü. Yağları hələ bitməmişdi, yarəbb, hələ uzun müddət yana bilərdilər. Mən artıq anlamaq istəyirəm, bu alovları alıb aparan hansı sarsılmaz qüdrət, hansı dayanılmaz səbəb, hansı yaradılış məntiqidir?

Və mən qızıldan düzəldilmiş yeni və çox gözəl bir qəndil gördüm. Usta zərgər əlindən çıxdığı, qıraqlarını bəzəyən gözalıcı ziynətlərdən bəlli idi. O qədər şirin bir işığı vardı ki, qəndilin parlaq səthinə su kimi axan şüalar çılpaq çiyinlərə tökülən qumral saçları andırırdı. Alovu o qədər ağ, o qədər həyat doluydu ki, yanacağı müddəti sonsuzluqla ifadə etmək, onun ömrünü qısaltmaq olardı. Fəqət o da, göz qapaqları açılan zaman qeyb olan yuxu kimi, ona həsrətlə baxanların qarşısından çəkildi.

Ah… Yanmaq istəyən qəndilləri səbəbsiz yerə və qəfil söndürən qüvvənin bu alovu saxlayacaq qədər gözəl yerləri vardımı, əcəba?

Artıq sonuna yaxınlaşdığım kitabı ovcumun arasında sıxır, etiraz və əsəbdən vaz keçərək, iman və təvəkkül ifadə etməyə başlayan sətirləri qəndilin qızılı işığına tutaraq oxuyurdum:

– İstəyimə çatmaq üçün ətrafla əlaqəmi azaltmalı idim. Bədənim zəiflədikcə düşüncəm parlayırdı. Əllərimin əsməsi artdı, ancaq mən baxdığım şeyləri daha sabit görməyə başladım. Ah, ey arxasınca qaçdığım həqiqət, nəhayət səni yaxalayacağam!

Digər səhifələr getdikcə qarmaqarış düşən yazıyla davam edirdi:

– Görürəm… Parlaq alovların üstünə uzanaraq onları alıb aparan qara əli artıq fərq etməyə başladım. Yazdığım yazıları seçməkdə çətinlik çəkən gözlərim, bu alovları çox uzaqlara qədər qovalaya bilirdi. Bəlkə yaxın vaxtlarda onların harada gizləndiyini söyləyə biləcəyəm. Heç bir şeyi əskik olmadığı halda birdən-birə sönən qəndili hansı qüvvənin qaraltdığını və alovların haraya getdiyini öyrənmək üzrəyəm. Ey hər tərəfimdən yavaş-yavaş çəkilən həyat, yalnız qafama və gözlərimə yığış!

Son səhifəyə gəlmişdim. Burada yazı oxunmaz haldaydı. Dəliliyə yaxın bir maraqla gözlərimi büsbütün yaxınlaşdırdım və davam etdim:

– Düzdür, əllərimi tərpətməkdə çətinlik çəkir və yazdıqlarımı görmürdüm, ancaq bunun heç bir əhəmiyyəti yox idi. Artıq həqiqətin lap yanında idim. Qonacağı budağın ətrafında uçan quş kimi başımın üstündə qanad çırpıntıları eşidirdim. Önümdə sırlanmış qəndillər var. Parlaq işıqları qəfil yox olan zavallı qəndillər… Onların üstünə uzanan böyük və qara bir xəyalat görürəm. Alovlar titrəşərək bu istiqamətə uçurlar. Ancaq haraya gedirlər, yarəb? Və o xəyalatın əsli nədir? Bəzən aıçılır kimi olduğu halda təkrar gözlərimin üstünə düşən bu pərdə nə zaman büsbütün qalxacaq? Lakin bir həqiqət dünyasını görmək ərəfəsində olduğum mütləqdir. Getdikcə güclənən bir işıq mənə yaxınlaşır, yaxınlaşır… Ətrafım getdikcə daha da aydınlandı… Ah… Budur… Budur o qəndilləri qəfil söndürən qüvvə…

Eyvah! Kitab burada bitmişdi. Oxuduğum müddətdə heç səs çıxarmadan yanımda oturan adama dəli kimi sarıldım.

– Söyləyin – dedim, – kitab burda niyə bitir? Söyləyin, qəndilləri qəfil söndürən hansı qüvvədir? Söyləyin, bu adam niyə yazmayıb, niyə davam etməyib?

Qara paltarlı adam yavaşca ayağa qalxdı, xəfif səslə:

– Bir gün – dedi, – onu əlində qələm bu kitabın üstündə ölmüş görüblər…

Qəfil başımızın üstündəki şüşəbəndi titrədən bir qəhqəhə çəkdi:

– Fəqət – dedi, yağı bol, fitili mükəmməl, hər yeri qüsursuz olan qəndilləri qəfil və səbəbsiz yerə söndürən qüvvə, o ədalətli və şəfqətli qüvvə, bu adamın zəhmətinə acıdı; yalnız son dəqiqədə tapdığı, ancaq ifadə edə bilmədiyi böyük sirrin qeyb olub getməsini istəməyərək, bu həqiqəti onun uşaqlarında heç çaşmadan davam etdirdi.

Qolumdan tutaraq yatağa tərəf addımladı. Orda, yarımçıq qalmış bir şikayətə davam etmək istəyirmiş kimi ağzı açıq qalan skeleti göstərdi. Sonra quru budaqların güzgarda çıxardığı iniltiyə bənzər bir səslə:

– Budur – dedi, – o vaxtdan bəri, bu adamın nəslindən gələn hər kəs, heç bir səbəb olmadan, ən parlaq zamanlarında beləcə sönüb gedirlər.

Başının harasından çıxdığına məəttəl qaldığım iki damla yaş skeletin gözlərinin dərin çuxurlarından aşağı yuvarlanırdı. Göz yaşını silmək üçün sümük qolunu qaldırarkən otaq qəfil qaraldı. Masanın üstündəki qəndilin qırmızı alovu heç kiçilmədən və titrəmədən yavaşca yox olmuşdu.

1929

Tərcümə etdi: Şərif Ağayar

# 2690 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #