Qan Turalının “Fələk qırmancı” romanında oxucu ilə dialoqun qarşı tərəfini dörd səs təmsil edir. Bunlardan ikisi tarixin içindən gəlir: Molla Sadiqlə şagirdi Mehdinin – sufi çiləkeşin yaşadığı zaman konkret göstərilməsə də, onlar Füzulidən sonrakı dövrün, Aşıq Abbas Tufarqanlının zəmanəsinin adamları kimi qəbul edilə bilərlər. Digər iki səsin sahibləri – kənd mühitində böyümüş Zeynəb adında gənc qadın və ilk romanının nəşrindən sonra yazmaqdan imtina edən yazıçı Mehdi isə bizim müasirimiz olublar - XXI əsrdə yaşayıblar. Roman bitəndə artıq müasirlərimizin da həyatı keçmişə – tarixə qarışır: romanın sonunda Zeynəb qətlə yetirilir, Mehdi intihar edir...
Əsər boyu səslərini eşitdiyimiz, yazıçının vasitəçiliyi olmadan oxucu ilə birbaşa dialoqa girən bu insanları birləşdirən ümumi bir cəhət var: onların dördü də içində yaşadığı zaman, mühit və əxlaq çərçivələrinə sığmır, darıxır, üsyan edir, zamanın, mühitin və əxlaqın qayda-qanunları, ehkamları ilə yaşamaq istəmirlər. Bu mənada, roman fərdlə cəmiyyət arasında tarazlığın, harmoniyanın pozulmasını, disharmoniyanın yaratdığı insan faciələrini əks etdirir. Yazıçının bizə çatdırmaq istədiyi (həm də çatdırmalı olduğu) isə natarazlıq içində yaşayan qəhrəmanları son həddə, əsərin dili ilə desək, “sonun sonuna” gətirən səbəbləri bədii söz vasitəsilə əyaniləşdirmək, gözlə görünən, əllə tutulan etmək, insanın içində olduğu zamanın və mühitin mənzərəsini yaratmaqdır.
Əsər iki süjet üzərində qurulub: orta əsrlərlə yeni dövrün sərhədində yaşamış, şəriətdən yola çıxıb həqiqətə – özünə yol gedən Mehdinin mənəvi kamilləşmə səyahəti və yazıçı Mehdinin XXI əsrdə baş vermiş faciəli həyat hekayəsi.
Qan Turalı öz baxışlarına görə sosialist olduğuna görə onun yaradıcılığında problemin ictimai mülahizələr əsasında qoyuluşu, cəmiyyətin sosial-siyasi və iqtisadi təhlili, ictimai proseslərə tənqidi münasibət üstünlük təşkil edir. O ayrı-ayrı insanların fərdi düşüncə və fəaliyyətləri vasitəsilə cəmiyyətdə baş verənləri ümumiləşdirməyə meyllidir. “Mustafa” romanında bu daha aydın və üzdə görünür, müəllifin təqdim etdiyi qəhrəman oxucu ilə esse dilində ünsiyyət qurur, getdikcə onu mənəvi iflasa itələyən tarixi və siyasi proseslərin nəzəri-publisistik şərhini verməyə çalışır. Romanın mətni (və qəhrəmanı) oxucu ilə daha çox mühakimə, şərh, yozum, köşə yazısı dilində danışır. Əsərdə öz mühitinə üsyan edən, lakin gedişata təsir göstərməyə gücü çatmayan gəncin düşüncələri və taleyi obrazlaşdırılır...
“Mustafa”nın başlıca uğuru gənc yazıçının mövqeyini, ictimai və siyasi narahatlıqlarını bədii dillə ifadə etməsində, ortaya ciddi ictimai-siyasi tutumu olan mətn qoya bilməsindədir.
“Fələk qırmancı”nda isə mətn fərqli təqdim olunur: burada “obrazlı şərhdən” daha çox obrazların əyaniləşdirilməsi, ideyanın görüntüyə çevrilməsi diqqəti cəlb edir, əsərin gücü (eləcə də gücsüz məqamları) bu prizmadan yanaşanda daha aydın görünür. Müəllif ayrı-ayrı qəhrəmanların düşüncələri, həyatı, yaşayış tərzi və münasibətləri fonunda cəmiyyəti təsvir və təhlil etməyə çalışır.
Qan Turalının təqdim etdiyi qəhrəmanlar (istər orta əsrlərin dini-mistik mənəvi dünyasının içi ilə yol gedən, yaşadıqları sevgi və dərk etdikləri həqiqətlərin çiləsini, ağrısını çəkənlər, istərsə də XXI əsrdə digər dəyərlər kimi ədəbiyyatı da əmtəəyə çevirən “vəhşi kapitalizmin” insan həyatında yaratdığı böyük burulğan və tərəddüdlərin qurbanları) hər iki zaman səviyyəsində “kitab adamlarıdır”. Burada söhbət yazıçının ədəbiyyata “həyatdan, yoxsa kitabdan gəldiyindən”, həyata, ictimai gerçəkliklərə nə dərəcədə bələd olmasından getmir (əslində, bunlar da çox əhəmiyyətlidir). Qan Turalının romanlarında və əksər hekayələrində təqdim etdiyi insanlar ictimai proseslərə bəlkə özlərinin də tam əxz eləyə bilmədikləri, özləri ilə aradakı məsafəni götürməyə macal tapmadıqları kitab(lar)dan baxırlar. Məncə, onların faciələrinin başlanğıcı da buradan gəlir. Hansı mövqe tutmasından asılı olmayaraq “kitab adamının” idealizmi ilə həyatın sərtlikləri kəllə-kəlləyə gələndə həyat daha amansız davranır, “nə ömrə acıyır, nə yaşa”...
XX əsr Azərbaycan mühitinin yetişdirdiyi ən maraqlı “kitab adamı” Mehdi Bəyazid idi. Aqşin Yeniseyin “Azərbaycanın dahi oxucusu” adlandırdığı Mehdinin dramatik həyatı onlarla kitaba mövzu ola bilərdi, bununla belə o, ömrü uzunu dünyaya kitabdan baxdı. Mən tələbə olarkən radioda Mehdinin Evarist Qalua haqqında son dərəcə maraqlı bir essesini dinləmişdim. (Qalua böyük fransız riyaziyyatçısı olub, 1832-ci ildə 22 yaşında dueldə qətlə yetirilib. İki il dalbadal riyaziyyatdan şifahi imtahandan kəsildiyinə görə ali məktəbə daxil ola bilməyən, həyatının son illərini isə elmdən ayrılıb siyasi macəralara həsr edən Qaluanın 19 yaşında irəli sürdüyü elmi ideyalar ölümündən 40-45 il keçəndən sonra diqqəti cəlb edib və müasir riyaziyyat elminin inkişafına çox böyük təsir göstərib.)
Mənim də soyadım Bayramov olduğuna görə bəzən onunla məni – Mehdi Bayramov ilə Məti Bayramovu dəyişik salırdılar, Mehdinin ara-sıra yayılan yazılarına görə məni təbrik eləyənlər olurdu... Biz tanış olanda Mehdi Bayram imzası ilə yazırdı. Hərdən “Ulduz” jurnalının redaksiyasına gəlirdi, hiss olunurdu ki, öz mütaliəsini və düşüncələrini bölüşməyə münasib adam və yer axtarır. Mehdinin beynində, indiki anlayışla desək, həmişə yeni layihələr dolaşırdı və hələ doğulmamış layihələrin ayrı-ayrı detallarını böyük həvəslə şərh edirdi...
Mehdi Bəyazidi xatırlamağımın iki səbəbi var: birincisi, Qan Turalının “Fələk qırmancı” roman(lar)ının baş qəhrəman(lar)ının adı, heç şübhəsiz ki, həm də Mehdi Bəyazidi assosiasiya edir. İkincisi, əsərin mətnini fabuladan kənarda müşayiət edən iştirakçılarından biri Mehdi Bəyazid, digəri isə Qan Turalıdır. Əsərin müəllifi deyil, obrazlarından biri olan Qan Turalı yalnız əsərin son bölümündə “Fələklər yandı ahimdən və ya Mehdinin sönən şamı” essesi ilə fabula xaricindən mətnə daxil olur. Beləliklə, roman içində verilən roman – “Fələk qırmancı” Mehdi Bəyazidin heç vaxt həyata keçirməyəcəyi layihələrindən birinin rekonstruksiyası kimi oxunur və qavranılır (Şərif Ağayarın resenziyasından bəlli oldu ki, “Fələk qırmancı” Mehdi Bəyazidin reallaşdırmadığı layihəsinin – yazmadığı əsərinin adı imiş...).
“Fələk qırmancı”nın qəhrəmanları da Mehdi Bəyazid kimi “kitab adamlarıdır”.
Kənddə, dörd divardan başqa heç nə və heç yer görməyən Zeynəb əsərin lap başlanğıcında özünün əsir olduğunu düşünür. Onun üçün bütün səhərlər, günortalar, gecələr adamı haldan çıxardan təkrardan başqa bir şey deyil. Zeynəb məhkum edildiyi əsarətdən azad olmaq istəyir və başqa dünyaları ilk dəfə kitablardan hiss etməyə başlayır...
Ağlı kəsəndə “özü özünə yol olan” sufi gənc də körpəlikdən başqa uşaqlardan fərqli böyüyür, yaşıdları kimi atasına qoşulub əkinə-biçinə getmir. Onun ən çox sevdiyi məşğuliyyət palazın üstünə uzanıb göyün sonsuzluğuna baxmaq və kitab oxumaqdır...
Bağdadda mükəmməl dini təhsil almış Molla Sadiqin vətənə qayıdandan sonra düşündükləri də Zeynəbin düşüncələri ilə ekizdir: “Bu kənddə bütün səhərlər, günortalar və gecələr insanı haldan çıxandan təkrarlardan başqa bir şey deyildi”. Molla Sadiqin də sığınacaq yeri, həqiqət meyarı kitabdır: “Quran” və hədislərdir.
Əsərin müasir qəhrəmanı Mehdi, demək olar ki, bütün mülahizələrini, hərəkətlərini bəzən sitat səviyyəsində kitablarla əlaqələndirir. Mehdi ən sərt üsyanını da kitablara qarşı edir: “Yoruldum onlardan. Bir kitab oxudum və hər şeyə nifrət elədim. Bütün kitablara, bütün romanlara. Ona görə də bir gecə taksi çağırdım, evdəki bütün kitabları yığdım taksiyə. Şəhərdən çıxdıq. Bir yolun kənarında kitabları boşaltdım. Benzin töküb kibriti vurdum”.
Mehdi kitablara üsyan edir, lakin onun beyni və qəlbi kitablardan, böyük yazçı və filosofların aforizmlərindən, həyat hekayələrindən heç ayrıla bilmir. Nizami Hüseynovun müşahidə etdiyi kimi, romanda “Qızla oğlan içkili, sərxoş ikən birdən-birə sevişir, sonra sevişməyə ara verib Kafkadan, Folknerdən, fəlsəfi problemlərdən danışır (Mehdi danışır)...”
“Fələk qırmancı”nda açıq ironiya yoxdur. Ümumiyyətlə, mənsub olduğu ədəbi nəslin əksər təmsilçilərindən fərqli olaraq Qan Turalının bədii təfəkkürü ironiyanın əleyhinə işləyir, o, hər bir müşahidədə, təsvirdə və təqdimatda ciddilik və dramatizm yaratmağa, bəzən də hadisəni faciə həddinə çatdırmağa daha çox üstünlük verir. Aqşin Yeniseyin “Mıçı” hekayəsinin qəhrəmanı da Mehdi Bəyaziddir. Lakin burada Mehdinin nəzərində cəmiyyətə, cəmiyyətin nəzərində də Mehdiyə ironik baxış aparıcıdır, Mehdi sığışa bilmədiyi cəmiyyətə toxunanda, toplumla təmasa girəndə çiliklənir, sınıb tökülür. Qan Turalının qəhrəmanları isə ciddi şəkildə dünyanı dəyişmək iddiasındadırlar və buna gücləri çatmadığını dərk etməyin faciəsini yaşayırlar: tam ciddi, ironiyasız.
Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərinin müqəddiməsindəki bir əhvalatın xatırlanmasının (müasir tənqidin təbirincə, “dekonstruksiyasının”) romanın strukturunda nə qədər əhəmiyyət daşıdığını, mətnə nə verdiyini söyləməyə çətinlik çəksəm də, həmin kiçik epizod Qan Turalının düşüncə tərzinin və üslubunun qiymətləndirilməsi baxımından maraq doğurur. Cəlil Məmmədquluzadənin əsərində özünü savadlı və fərqli göstərmək naminə ərəb-fars ibarələri ilə danışan molla, Lağlağı Sadığın qurduğu tora düşür, öz savadını nümayiş etdirmək əvəzinə gülüş və ironiya, məzələnmə obyektinə çevrilir. “Fələk qırmancı”nda da Xəbərçi Xəlillə Lağlağı Sadiq Bağdadda təhsil almış gənc molla ilə məzələnmək istəyirlər, ondan çörəyə ərəb dilində nə deyildiyini soruşurlar. Molla Sadiq qəzəblə ərəb dilində çörəyin adını deyir. Məsələ (yəni lağlağı və ironiya) bununla da bitmiş olur. Ancaq başqa bir dram, Diogen dilemması ortaya çıxır: Molla Sadiq çoxluğun içində söhbət etməyə adam tapa bilmir – onun nəzərində kitabdan başqa hər şey təkrar və yekrəngdir.
Molla Sadiqin şagirdi Mehdini təkkəyə göndərməsində əsas məqsəd ona həqiqəti dərk etdirmək idi. Mənəvi kamilləşmə yolunda böyük əzm, iradə göstərən sufi həqiqət məqamına yüksəlməli olduğu (bəlkə də yüksəldiyi?!) anda can atdığı idealın yalan olduğunu, Allahın insan oğluna verdiyi təbiətə zidd gəldiyini dərk edir. Mehdinin təkamülünün kulminasiyası yalanı dərk etməsi olur – bununla da onu özünə aparan yol başa çatır, dövrə qapanır, geriyə qayıdış qaçılmaz olur. Şeyx rütbəsinə çatmış Mehdi təkkə əhlinə azadlıq verir, sufiləri öz ixtiyarlarına buraxır. Öz azadlığını və əsər boyu Aşıq Abbas Tufarqanlını yada salan, “Abbas və Gülgəz” dastanının dekonstruksiyasının (!) mərkəzində olan dostu Abbasın azadlığını isə sərbəst düşünməkdə, sərbəst yazmaqda və sərbəst yaşamaqda görür. “Bir ay sonra İstanbulda şairlər məclisində şeir deyib şərab içərkən təkkə həyatı bizə uşaqlıqda eşitdiyimiz nağıl kimi uzaq gəlirdi”...
Həqiqət yolçularının yeni mühitdə darıxmayacaqları, yenidən azadlıq, könül rahatlığı axtarışına çıxıb-çıxmayacaqları bəlli olmasa da, XXI əsrin təcrübəsi göstərir ki, “şeir deyib şərab içmək” heç də azadlıq deyilmiş...
K. Marks yazmışdı ki, filosoflar dünyanı, yalnızca, çeşidli şəkillərdə izah etmişlər; başlıca vəzifə isə onu dəyişdirməkdir... Tarix göstərdi ki, filosofların işi izah etmək, yazıçıların işi göstərməkdir – elə bu qədər. Dünyanı dəyişmək filosoflara və yazıçılara düşən vəzifə deyil. Yazıçı Mehdinin də, oxucu Zeynəbin də faciəsi bundadır ki, onlar yazının və yazıçının dünyanı dəyişdirəcəyinə inanırlar və elə bu inancın da girovuna və qurbanına çevrilirlər...
“Fələk qırmancı” ilə bağlı bir neçə qeydi də bölüşməyi zəruri bilirəm.
Birincisi, əsərdə qadın psixologiyasının təqdimatında problem olduğunu düşünürəm. Məsələn, hər iki Mehdinin iç dünyası bədii söz vasitəsilə dolğun şəkildə əyaniləşdirildiyi halda, Zeynəbin dünyası özündə qalır. Aydın olmur ki, Mehdinin əsərində onun taleyini dəyişməyə təkan verən başlıca amil nədir? Yaxud Zeynəbi Rafiq Tağınının yaradıcılığına bağlayan, onun ölümündən sarsılmağa vadar eləyən hansı məqamdır. Bunlar mətndə əyaniləşdirilmir, mühakimə şəklində verilir. Mehdi ilə oturub-duran, yatağa girən digər qadınlar da Zeynəb kimi “hazır” təqdim olunurlar. Əsərdə qadınların başına gələnlər göstərilir, onların içdə yaşadıqları, nə çəkdikləri isə qaranlıq qalır. Şərif Ağayarın yaratdığı “əxlaq polisi” baxımından deyil, estetik şərtlər nöqteyi-nəzərindən əsərdəki “qadın ayrı-seçkiliyi” diqqətdən yayınmır.
İkincisi, əsər boyu yazıçı Mehdi ilə bağlı bol-bol verilən “sevişmə” aktlarının estetik yükü bəlli deyil. Mehdinin “sevişməyə” ara verib Kafkadan, Folknerdən, fəlsəfi problemlərdən danışması detalını çıxsaq, yataq təfərrüatları öz bədii həllini tapmamış kimi görünür.
Üçüncü qeydim də var. İsa Muğannanın “İdeal”ında olduğu kimi, bu əsərin qəhrəmanları da həqiqət acıdırlar. Onlar həqiqəti görə bilmədiklərinə görə üsyan edirlər. Ancaq onların görmək istədikləri, axtardıqları, yolunda canlarını fəda etdikləri həqiqət idealı aydın deyil. Sufi Mehdinin çatdığı həqiqət – yalanı dərk etməsidir. Bəs həqiqətin əsli nədir? – mənə elə gəlir ki, əsərdə bu sual açıq qalır. Xüsusilə Qan Turalı kimi bədii yaradıcılıqda ictimai, siyasi və iqtisadi təhlilə meylli yazıçı üçün bu amillə hesablaşmaq qaçılmazdır.
...Qan Turalının romanının təəssüratı altında Mehdi Bəyazidi və bir vaxtlar Mehdinin mənə tanıtdığı Qaluanı düşünürəm. Qalua dueldən əvvəl yazmışdı: "Məni günahkar bilməyin ki, vətən uğrunda yox, iki ağılsızı toruna salmış işvəli bir qadının böhtanının qurbanına çevrilərək ölürəm. Belə bir əhəmiyyətsiz iş ucbatından ölməyimə təəssüflənir, göyləri şahidliyə səsləyirəm..."