Fahişəni sevən avaralar – Oğuz Ayvazın hekayəsi

Fahişəni sevən avaralar – <span style="color:red;">Oğuz Ayvazın hekayəsi
30 mart 2016
# 14:54

Kulis gənc yazar Oğuz Ayvazın “Uduzmuşlar” hekayəsini təqdim edir.

Otağını zibil qutusunun içinə atmışdılar sanki. Pal-paltar, kağız-kuğuz, corab tayları ortalığa tökülmüşdü; masanın üstündəki yarıya qədər içilmiş çay bardağı, bir də çirkli qab-qacaqlar xarabalığı, təzəcə tikilmiş binaların həndəvərini xatırladırdı. Yerdəki paltarları ayağı ilə kənara eləyə-eləyə əsnəyirdi. Bir an ona elə gəldi ki, meşədə azıb, cəngəlliyin içindədir, adamın üzünə dəyən budaqları heçə sayıb irəliləməyə davam edir, iri, qollu-budaqlı yarpaqları yara-yara üfüqdə görünən qəsəbəyə tələsir.

Tualetə çatanda gözünün qabağına gətirdiyi mənzərəyə qımışdı: güzgünün qabağında təbəssümlü üzünü gördü. Gözlərinin altı torlanmışdı, elə bil yüz ilin narkomanı idi. Saçları uzanıb, adda-budda ağarmış, üz-gözü isə tüklənmişdi.

Səhərlər üzünü yumağa ərinirdi, amma yumasa özünü çox pis hiss edirdi. Bu günlər tez-tez halı xarablaşırdı, mədəsi bulanırdı, gözünə əcaib-qəraib adamlar görünürdü. Sonra bütün bunlar gecə güc-bəla “gəlib çıxan” yuxunun içinə girirdi. Hərdən öz-özünə deyirdi ki, camaat gözəl şeylər görür yuxuda, mən isə heç yatanda da xoşbəxt ola bilmirəm.

Səhər azuqəsini günorta yeməyi adət eləmişdi. Neçə vaxtdır günəşin çıxdığından belə xəbəri olmurdu. Bacı-qardaşı ertədən durub dərsə gedirdilər; mürgülü halda onların ayaq səslərini, çay içmələrini, əl-üzlərini yumalarını bir-biri ilə pıçhapıçla danışmalarını eşidirdi, amma oyanmağa ərinirdi. Oyanıb neyləyəsi idi? İş yox, güc yox. Onun üçün səhər durmaq bu boz, mənasız günü saqqız kimi uzatmağa bənzəyirdi. Təsəvvür elə, durursan, heç nə eləyə bilmirsən, vaxt da keçmir, üstəlik gecə də yatmamısan. Eynən postdakı əsgər kimi hiss edirdi özünü, yataraq növbədə olduğu günlərin sayını azaltmağa çalışırdı. Onun üçün həyatda yaşamaq növbə çəkməyə bənzəyirdi. Çayını içib qurtarana yaxın telefonuna zəng gəldi.

- Hardasan, əclaf? - həminki doğma gülüş.

- İndi durmuşam, Niyaz, yarım saata gəlirəm.

- Tez ol, səni “Dədə-baba”da gözləyəcəm.

Zəng edən də iş-güc sahibi deyil, veyl-veyl gəzənin biridir. Bir sevdiyi qız olub, sonra nə səbəbdənsə ayrılıblar – bunu heç cür yadına sala bilmirdi – indi Niyaz hər gün arağın küpünə girirdi. Özü də heç keflənmirdi. Hərdən ona elə gəlirdi ki, dostunun bədənində deşik var, içdiyi araq ordan süzülüb boşalır.

Onu görəndə özünə güzgüdə baxırdı elə bil. Niyazda öz yarımçıqlığını görürdü, içində tərpənən hansısa bir hissin dostunda da olduğuna inanırdı. Bir yerdə baxdıqları filmlər, oxuduqları kitablar onların yanında tez-tez görünmək istəyən adamları uzaqlaşdırırdı. Oxuduqca illərdir bir yerdə hərləndikləri bu tanış-tunuşun yad olduğunu anlayır, onlara elə gəlirdi ki, başqa dillərdə danışırlar. Niyaz qızdan ayrıldığını da həzm edə bilmirdi, oxuduqlarını da, bütün bunlar onda zəncirdən qopmuş it kimi ona-buna cummaq istəyi yaratmışdı. Adamlar iynə kimi batırdı Niyaza, hamı bir-birinin tayı idi, hər yerdə bir-birinə yalan deyənlərlə bir yerdə oturmaq ona olmazın əzab verirdi. Bir dəfə yenicə tanış olduqları yaşlı müəllim Niyaza diqqətlə baxıb belə demişdi: “Sən yüz faiz bir adamı çox sevirsən. Yoxsa bu qədər aqressiv olmazsan. Yalnız bir adamı bu qədər çox sevmək əsəb yarada bilər”. Niyaz, yalan olmasın, günün hər saatı onu xatırlayırdı. Düzdü, hər dəqiqə baş-beyin aparmırdı, yeri gəldi-gəlmədi ondan söz salmırdı, amma qəfil sükuta gömülürdü, bayaqdan deyib gülən adam birdən-birə buz heykəl kimi donub qalırdı. Yavaş-yavaş o buz heykəl əriyirdi, baxırdın ki, Niyazın gözləri dolub. Bir azdan bu gözlərdə yığışan ilıq su üzünə axmağa başlayırdı. Sonra isə lap pis olurdu: masaya, o da yetməyəndə divarlara yumruq vurmağa girişirdi, hönkürtüsündən qulaq tutulurdu. Amma bütün bunlar bircə dəqiqənin içində baş verirdi, ta ki Niyaz tualetə gedib qayıdana qədər.

Bütün yerlər ona boş, ucsuz-bucaqsız səhranı xatırladırdı. Hətta bir dəfə demişdi ki, Bakının küçələri çox yerdə bir-birinə sıxdır, amma o küçələr o qızla məni heç vaxt qarşılaşdırmadı. Onun üçün bu dünyada üç adam vardı: sevdiyi qız və iki dostu. Ailəsi ilə bunun üstündə neçə dəfə davaya da çıxmışdı, bəzən gecəni dostlarıgildə keçirməli olurdu. Təkcə yad adamlar deyil, öz doğma adamları belə onun üçün dözülməz olmuşdu. Onların söhbətləri tikan kimi Niyazı dalayırdı. Bütün günü evlənmək söhbətləri, mənasız, heç nəyə yaramayan məsləhətlər...

Çayını yarımçıq qoyub tualetə girdi, siqaret yandırdı. Ən zövq aldığı şey unitazın üstündə oturub siqaret püfüldətmək idi. Dişlərini fırçalamağa girişdi. Tavandan hörümçək torları sallanırdı. Hamam-tualet bir olduğundan şampun iyi sidik iyinə qarışmışdı. Dişini yuduğu yerdə telefonu yenə səs elədi. Ağzında diş fırçası telefonun düyməsini sıxdı.

- Nətərsən, mənasız? Nə var nə yox? Hardasan?

- Sağ... yaxş... xışş...

- Səsin niyə elə çıxır, ala? Niyazın yanına gedəcəm. Tez gəl səndə.

Bu dəfə zəng eləyən uşaqlıq dostu Şamil də özünü tapmayan, işsiz, avara, xuliqan, bəxti gətirməyən, uğursuzun biri idi. Bunun ən böyük arzusuna baxın: varlanmaq, yaxta sahibi olmaq. Bəzən işləri həddindən çox qəlizləşəndə Tanrını söyürdü. Bir dəfə küçədə göyə baxıb ağzına gələni demişdi. Oğruların, avtoritetlərin arasında hörməti olan, “yaxşı oğlan”lardan sayılıb bir vaxtlar. Ata-anası neçə dəfə onu evdən qovmaq istəyib, dava-dalaşdan sonra deyib ki, bir də o qapını döymərəm. Səhər zəng vururdun ki, bəs hardasan. Cavab: “Evdə”. Atası ilə arası yoxdu, deyirdi, zəhləmi tökür ki, iş tap, evlən, özünə gün ağla. Elə gün olmazdı ki, atası ilə dalaşmasın. Bütün bu söhbətləri, dava-qırğını dostlarına danışandan sonra isə evin yolunu tutar, hələ zarafatla deyərdi ki, kişini çox incitməmək lazımdı, bu günə qədər məni böyüdüb.

Onunki qızlarla da tutmurdu. Deyirdi ki, məni kim sevər, arıq, çəlimsiz, çirkinin biriyəm. Özü də cadu-pitiyə yaman inanırdı, bir dəfə də falçının biri ona deyib ki, sənin qaraçuxan bağlıdı, bala, səni heç bir qız yaxınına buraxmaz. Elə o gündən Şamil tutuquşu kimi eyni sözləri deməkdən yorulmur, bir baltaya sap ola bilmirdi. Qızlarla tanış ola bilməməyin səbəbini təzəcə öyrəndiyi sözə – mistikaya bağlayırdı.

Ağzı köpüklü halda güzgüdə əksinə baxıb qımışdı. Qalın jaketini, bacısı hördüyü naxışlı papağını geyinib evdən çıxdı.

Həmişə görüşdükləri kafeyə yollandı. Masalar boş, adamsız görünürdü. Hava soyuyandan kafenin müştəriləri demək olar yağlı əppəyə dönmüşdü. Kafe məzarlığı xatırladırdı. Masalar baş daşı kimi düzülmüş, soyuq, vahiməli görünürdülər.

Damağına siqaret qoyub masaların birinin kənarında əyləşdi. Hələ dostları gözə dəymirdi. Ofisiant oğlan boğunuq səslə dilləndi.

- Çay olacaq da?

- Başqa nə olmalıdır ki? - ikisi də güldülər.

Dostları qapının kandarında göründü. Uzun boylu, qıvrım saçlı, səliqəli geyimli Niyaz, balaca boy, sısqa bədənli isə Şamil idi. Gülə-gülə içəri keçdilər.

- Bədbəxt, hələ də o zay siqaretdən çəkirsən? - Niyaz idi.

- Neyləyək? Sənin kimi əmimiz bizə sponsorluq eləmir e.

Dostların hər zamanki zarafatı həm də onların hal-əhval tutmağı idi. Bundan sonra həmişə araya qara ilan dürtülür, heç kimdən səs-səmir çıxmırdı, ofisiant oğlanın qoşduğu televizorun səsi qırıq-qırıq kafeyə dolurdu.

Üçü də dinməzcə çaylarını qurtumlayırdılar. Sükutu hərdən Şamilin səsi pozurdu: “Heç keçən il də belə şey olmamışdı.” Bu Şamilin tez-tez işlətdiyi, özünün də xoşuna gələn cümlə idi. Elə bil hər gün bunu deməsə, ürəyi partlayardı. Niyaz da eşidən kimi üzündə təbəssüm Şamilə guya əsəbiləşirdi: “Yığışdır da mənasız cümləni. Səni aparacam bir dağın başına, orda anqıra-anqıra deyərsən”. Üçü də gülüşdü. Şamil söz altda qalan oğul deyildi: “Sənin maşının ora çıxmaz”

- Ənvər, bu mənasızın başını burax, fikir vermə ona. Dəlidir. - bir xeyli didişmədən sonra ağ bayrağı Niyaz qaldırırdı. - Təzə kafe açılıb, orda babat qəhbələr var.

- Əla, axşamüstü gedərik. Onsuz da əlim şeyimdə qalıb. Qəhbələr də olmasa batardıq, özüm ölüm. Yoxsa Facebookda tanış olduqların hamısı mənasızdı. Özlərini dağın başına qoyurlar. Verirsən ver də. Nə mazqi xarab eləyirsən? Sən də istəyirsən, mən də. Geridə qalmışlar. – hamı dişlərini ağartdı.

- Fahişələri sən də, mən də, bu Şamil axmağı də sevir. Onlar olmasa, həyat çəkilməz e...

Niyazın yaralı yerinə toxundular elə bil:

- Hamısı mentaldı. Özlərini “cool” göstərmək istəyənlər də bunların tayıdır. Bax, mən bunları yaxşı tanıyıram. Aparıb kafedə “şot” verirsən, bir az pul göstərirsən, g..tünün açarını itirirlər. Olurlar sənə qardaş. Bunların qızları da belədir, oğlanları da. Yalandan orda-burda “azadam” deyirlər, amma mentalın dibidilər.

- Ayə, bəsdi da, nə qədər bazlıq eləmək olar? – Şamil bilirdi ki, Niyazın ağzı qızışdısa, dayanan deyil, ona görə sözünü kəsib zarafatla soruşdu.

- Ala, sənə dəxlisi var? Özüm bilərəm, gəlmirsən cəhənnəmə kimi... - Niyaz bayaqkı söhbətin gətirdiyi əsəblə cavab verdi.

Araya yenə uzun bir sükut çökdü. Niyazla Ənvər başlarını əymişdilər telefona. Niyaz orda tapdığı gözəlçəni göstərir, Ənvər də əlini-əlinə sürtürdü. Şamil isə əlləri qoynunda küt baxışları ilə ətrafı süzür, arada dodağının altında zümzümə edir, öz-özünə gülümsünürdü.

Şamil mızıldanmağın başını buraxıb ciddiləşdi:

- O gün yenə dədəmlə dalaşdım. A kişi, məni gedib başı bağlı bir qızla evləndirmək istəyirlər. Qızın da 19 yaşı var e. Ağızlarına da bir söz düşüb, evlənəndə ağlın başına gələcək, Allah ruzini verəcək. Mən dindar qızı neyləyirəm e? Hər gün Allahı söyürəm. Bircə yaxtam, “Mustang”ım olsun, qalan hər şeyin canı cəhənnəmə. “Blondika” da olsa pis olmazdı. – axırıncı sözə hamı qımışdı.

- Dindar qızla evlənsən, o səni heç yaxına buraxmaz. - Ənvər gülüb Niyaza baxdı ki, o da təsdiqləsin. - Bunun Ramazanı var, namazı var, qüsullanmağı var, məhərrəmliyi var. Sənin kimi avaranı yatağa buraxar heç? Gərək sən də namaz qılıb, qüsullanasan e.... Hahaha.

Niyaz da bərkdən güldü, hiss olunurdu ki, Şamilə acıq vermək istəyir. Araya yenə sükut çökdü. Kafenin masaları yavaş-yavaş adamlarla çoxalırdı. Domino-nərd səsi də bir yandan artırdı. Adamların qışqırığı, hırıldamaları Niyazı acıqlandırdı. Hərdən başını arxaya çevirib bu adamlara dodaqaltı nəsə deyirdi. Sifəti qıp-qırmızı olmuşdu.

Niyaz çayın başını buraxıb pivə sifariş etdi, stulunu arxaya çəkdi.

- Dünən yuxumda yenə onu gördüm. – indi də onun dərdi açılmışdı. - Dedi, unutmusan məni? Səhər oyananda qan-tər içində idim. Hönkürdüm. Nənəm o yandan soruşdu ki, kimdi o qız. Sən demə, gecə adını sayıqlamışam. Sonra anam da deyinməyə başladı. Bəsdi da, bəsdi, özünə yazığın gəlmir, heç olmasa bizə yazığın gəlsin. Bundan sonra özümü elə tək hiss elədim ki. Sənə zəng elədim, əclaf, götürmədin. – Ənvər qımışdı. - Məni başa düşmürlər e. Səhərin gözü açılmamış ac qarnına pivə içdim. Nə qədər gəzdim e. Sonra ağladım, bütün adamları söydüm.

Niyaz danışdıqca səsi titrəyirdi. Qəhərlənmişdi. Ofisiant pivəni gətirəndə elə görünürdü ki, az qala bakalı yerə çırpsın. Nə yaxşı ki, siqaret yandırıb susdu.

Ənvər eləcə yerindən bir-iki söz dedi. Niyazın danışdıqları ona toxunmuşdu. Amma dedikləri havaya atılan güllələr kimi təsirsiz qaldı, külək kimi ötüşüb keçdi.

Şamil isə lağlağı elədi:

- Bəsdi da, buranı yas yerinə çevirmək istəyirsən?

Niyaz başını aşağı salıb öskürdü. Ənvər danışmaq istəyirdi, ancaq nədən başlayacağını bilmirdi. Gözlərini tavanda gəzdirib dilləndi:

- Doğurdan da səni başa düşmürlər. Nə atan, nə anan, nə də bu Şamil zibili. - Şamilin başı telefona qarışdığından söhbətə qulaq vermirdi. - Sənin kimi heç birimiz sevməmişik. Mən də sənin kimi birini sevib-dərdindən ağlamaq istəyirəm. A kişi, gecələr qadın istəyirəm, amma mütəkkəylə qucaqlaşıb yatıram. Belə şey olar?!

- Hahaha. - Şamil qəh-qəhə çəkdi. - Danış da, danış, sən mənim canım. Mütəkkəylə neyniyirsən?

- Ee, yaxşı da burda ciddi söhbət eliyirəm. - Ənvər qımışsa da, özünü düzəltdi.

Axşam düşürdü. Gün işığı, zəifləyir, solmuş, çılpaq ağacların, küçələrin, boz binaların içindən yoxa çıxırdı. Nədənsə Ənvər günün batmağına kədərlənirdi. Qaranlıqdan qorxurdu. Dostlarına çox vaxt zarafatla deyirdi ki, bir gün günəş batmayan ölkəyə gedəcəm.

Axşam Niyazın dediyi təzə kafenin qarşısında dayanmış siqaret püfüldədirdilər. Bir-birilərinə baxıb qımışırdılar. Az keçməmiş balaca boy, sallaq döş, üzü pudralı qadın onlara yaxınlaşdı.

- Nə dayanmısız burda? Gəlin keçək otağıma, sizi qızdıraram.

- Baxırıq da... - Şamil mızıldandı...

Qadın burcuda-burcuda barmağının arasında tüstülənən siqaretlə içəri girdi. Dostlar da onun ardınca keçdilər. Masaların birində əyləşib pivə sifariş etdilər. İrəliki masada bir dəstə pudralı qadın onlara baxır, aralarında pıçıldaşır, bəziləri isə ucadan gülürdülər.

- Hansını bəyəndin? - Ənvər gözlərini Niyaza tuşladı.

- Qaqa, o qara saçlı, iri döşlü qəşəngdi, onu çağıraq.

Şamil ayağa qalxıb dediyimiz qadını dəvət elədi. Qadın gülümsünə-gülümsünə gəlib çıxdı. Gözlərini oğlanların üzündə gəzdirdi.

- Hə, hamımızı neçəyə yola verərsən? - Niyaz dedi.

- Üçünüzü 100 manata. Onsuz da bu aralar “klent” yoxdu.

- Nəsə içmək istəyirsən? - Niyaz təbəssümlə soruşdu.

- Pivə olar.

Ənvər başını bulaya-bulaya dodaqaltı mızıldandı: “Bu saat evimdə olmalı, arvad-uşağa qarışmış olmalı idim. Tarix müəllimi olacaqadım, şagirdlərim sevəcəkdi məni. Nə bilim...”

Şamil də, Niyaz da dostlarının dediklərindən kefləri pozulmuşdu. Niyaz da mühəndis olacaqdı amma fələk onu həyatın boşluğuna yuvarlamışdı. Şamil dilləndi:

- Hə düz deyirsiniz amma bura kef eləməyə gəlmişik, yığışdırın bu söz-söhbətləri. Hə, nə olsun mən də guya həkim olacaqdım. İndi neyləyək, oturaq bütün gecəni adam olmamağımızdan danışaq?

Pudralı qadın Ənvərdən bir siqaret istədi.

- Çətin olar yəqin sənin üçün? – Bir az keçəndən sonra Ənvər soruşdu.

Fahişə tərs-tərs baxdı, üzündə donuq bir ifadə canlandı. Sonra əlindəki pivə bakalını yerə qoyub gülümsədi:

- Sən canın, bu nə suallardı verirsən? Birinci kim gəlmək istəyir? Gedək. – ayağa qalxdı.

- Mən gedirəm. – Ənvər dilləndi.

Niyaz:

- Ağıllı çıxmısan? Pulu mən verirəm, birinci də mən gedəcəm.

Şamil qımışdı:

- Mənə dəxli yoxdur. Bir az tez olun, prosto. Evə gecikməyim.

- Mama uşağı. – fahişə onun üzünə baxıb güldü.

Şamil heç nə demədi, Niyaz ayağa qalxıb yarı qalmış pivəsini başına çəkib fahişənin qolundan tutdu. İkisi gedəndən sonra Ənvər öz-özünə donquldandı:

- Buna bax! Pulu var deyə özünü dartır.

Şamil yenə qımışdı:

- İstəyirsən, əlindən alaq pulu, sonra da döyək. Hə?

- Sən də lağ-lağısan elə. – Ənvər gülümsəyib ofisiantın gətirdiyi pivə bakalını yaxın elədi.

Gecə düşmüş, ay parıldayırdı. Hava sakit idi. Dostlar kafedən uzaqlaşırdılar. Kefləri yerinə gəlmiş, ağızdolusu yatdıqları qadından, onun döşlərindən, ayaqlarından danışırdılar. Aşağı küçədə qaranlığın içində yoxa çıxdılar. Arxalarında qalan küçə itləri zir-zibilin içində sümük axtarırdılar.

# 1773 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #