Gənc şair: “Bir dənə də olsun, şeir kitabı oxumamışam” MÜSAHİBƏ

Gənc şair: “Bir dənə də olsun, şeir kitabı oxumamışam” MÜSAHİBƏ
7 avqust 2013
# 10:26

Kulis.Az gənc şair Elçin Aslangilin müsahibəsini təqdim edir.

Dosye: Elçin Aslangil 1985-ci il təvəllüdlü. Ucar rayonunda yaşayır. Slavyan Universitetinin “Yaradıcılıq fakültəsi”ni məzunu, “Axtarış”, “Uçmağın ətri” şeir və hekayələr kitablarının müəllifidir. “Bizdən bizə” aylıq ədəbi dərgisinin baş redaktorudur.

-Elçin, ədəbiyyatla nə vaxtdan ciddi şəkildə maraqlanırsınız?

-Ədəbiyyata marağım çox-çox əvvəllərdən olub. Babam elə də çox tanınmayan və şeirləri işıq üzü görməmiş şairlərdən olub. Onun şeirləri və zəngin kitabxanası ilə böyümüşəm. Ciddi şəkildə maraqlanmağımsa, ilk kitabdan sonra baş verdi.

-Ümumiyyətlə, necə düşünürsünüz? Ciddi ədəbiyyat necə olmalıdır?

-Çətin sualdır. Mənim düşüncəmə görə, ciddi ədəbiyyat zamandan, mövzudan, kənar təsirlərdən, sifarişlərdən asılı olmamalıdır. Buna "ciddi ədəbiyyat"ın özgürlüyü deyək. Ciddi ədəbiyyat istər yazar, istərsə də şair olsun, müəlliflərin özünü ortaya qoymasıdır. Məsəlçün, mən düşünürəm ki, şeir əsrarəngiz, gizəmli bir səsdir. Mən bu səsi duyan və çatdıran sadə bir vasitəçiyəm, cismani olaraq. Mən həqiqətimi yalnız yazanda hiss edə bilirəm. Bunu da qeyd edim ki, mənim bütün şeirlərim hansısa bir musiqi üzərində qurulub.

-Bəs kimləri oxuyursunuz? Belə deyək, öz həqiqətinizə yaxın hansı yazarları hesab edirsiniz?

-Mən yazarlardan və müəlliflərdən çox az qidalanıram. İndiyə qədər bir dənə də olsun, şeirlər kitabı oxumamışam. Sevdiyim müəlliflərə gəlincə, İbn Ərəbi, Mənsur Həllac, Rumi, Çexov, Cek London, Con Steynbek, Dostayevski, Çingiz Aytmatov, Tolstoy, Bulqakov və sairə və ilaxır. Sevdiyim müəlliflərlə bağlı uzun siyahım var. Qidalandığım kitablarsa, qədim miflər, qədim mətnlər, ümumiyyətlə, mistika.

-Bu qədər uzun siyahının, müəllifin arasında deyək ki, hansısa oxuyub, ancaq bəyənmədiyiniz bir əsər oldu. Ona sərf elədiyiniz zaman vaxt itkisidir sizə görə?

-Olub. Kafkanın "Qəsr" əsəri məni çox əsəbiləşdirib. Əsər boyu gərginlik sonda mənə görə çox bəsit bitir, buna təəssüflənmişəm. (Kafkanın “”Qəsr romanı yarımçıq qalıb-Red.) Ancaq mən buna zaman itkisi deməzdim, əksinə, bu, mənə belə bir şey öyrətdi. Hər şey həyat kimi ziddiyyətlidir. Mən o əsərdə bir çox ziddiyyətlərlə qarşılaşdım. Bir müddət keçdikdən sonra o əsəri yenə oxudum və düşündüm, bir yazıçının böyüklüyü hər şeyi olduğu kimi oxucuya hiss etdirə bilməkdir. Kafka "Qəsr" əsəri ilə bəhs olunan hadisələri əsəblərimi tarıma çəkməklə mənə hiss etdirə bildi. Bundan başqa düşünürəm ki, bəhs etdiyim əsərin ortaya çıxması Kafkanın sırf ruh halından və yaşamındakı özünəməxsus həyat tərzindən irəli gəlir. Əsərdə həzin bir inadkarlıq, anlaşılmazlığa sürüklənmə, gizlilik və çılğınlıq var. Çılğınlıq...Kafkanın eyni qıza bir neçə dəfə nişanlanması kimi. Düşünürəm ki, bəhs etdiyim müəllif bir çox əsərlərində özünü axtarıb.

-Kafka eyni zamanda insanın zəkasını da sınayır, mənim Kafkanı sevmə səbəblərimin içində bu da var, məsələn. Cəmiyyətimizdə gənclərin mütaliəsi necə, qane edirmi sizi ? Ümumiyyətlə, aydın məsələdir: əsas oxumaq yox, nəyi oxumaqdır. Sizcə gənclər kitab seçimini düzgün edə bilirlərmi?

-Gənclərin mütaliəsi bir xeyli qəribə və maraqlıdır. Mən bilmək istərdim, gənclərin oxuduqları dedektiv romanlar nə verir onlara? Bu gənclər Ceyms Bondmu olmaq istəyir? Mən bunu dərk edə bilmirəm. Bəli, əsas nəyi oxumaqdır. İnsanların təxəyyülləri zənginləşdikcə, insanlar öz orijinallıqlarını itirirlər. Və bununla da fani həyatı, virtual dünyanı daha çox sevirlər. Özümüzü dərk etmək üçün əsl əsərlər, vasitəçi olmalıdır və məncə, gənclər belə əsərləri oxumağa üstünlük verməlidirlər.

-Divan və Aşıq ədəbiyyatı haqda fikirləriniz də maraqlıdır bizə...

-Hə, aşıq ədəbiyyatı bir xeyli maraqlıdır mənimçün. Məsələn, dodaqdəyməz, dildöndənməz, qıfılbənd. Bu bir az kənardan haqq-hesab istəyən ədəbiyyata oxşasa da, əslində ilahi bir vergidir, məncə. Aşiqlə eşq sözü eyni tutulmalıdır, fikrimcə. Aşıq ədəbiyyatı təkcə sazına görə, sarı siminə görə çox dəyərlidir və çox araşdırılmalıdır. Sazla gələn söz halla gələn sözdür və bu sözlər müqəddəsdir. Təbii ki, mən əsl aşıq ədəbiyyatından danışıram. Aşıq Alıdan, Dədə Ələsgərdən, Aşıq Nəcəfdən, bir sözlə, haqq aşıqlarından. Divan ədəbiyyatına gəldikdə isə, açığı bununla çox maraqlanmamışam, sadəcə qısa bilgilərə sahibəm. Yəni iç aləmini araşdırmamışam.

-Sovet ədəbiyyatı barədə nə düşünürsünüz bəs?

-Sovet ədəbiyyatı dövründə də gözəl nümunələr ərsəyə gəlmişdir. Bilmirəm, siz Elçin Əfəndiyevin "Ölüm hökmü" və Maksim Qorkinin "Həyatın dibində" və yaxud da Yusif Səmədoğlunun "Qətl günü" kimi əsərlərini dırnaqarası sovet ədəbiyyatı adlandırırsınızmı, ya yox.

-Sovet dövründə elə təkcə "Qətl günü" üzümüzü ağ çıxardan az sayda əsərlərdəndir. Əlbəttə, yazıldığı dövrü nəzərə almasaq. Bəs necə düşünürsünüz? Azərbaycan ədəbiyyatının ən böyük problemi nədir?

-Mən deyərdim ki, inkişaf yolunu tapmaq və tutmaq mənasında Azərbaycan ədəbiyyatında hal-hazırda yeraltı kiçik təkanlar var. Bu təkanlar zamanla böyüyəcək və köklü sarsıntılara səbəb olacaq. Mən lap seysmoloq kimi danışdım. Azərbaycan ədəbiyyatının ən böyük problemi ölkədə təhsilin həddən ziyadə aşağı səviyyədə olmasıdır. Bu təhsillə ədəbiyyat inkişaf etməyəcək, etsə də, kor-koranə şəkildə baş verəcək bu. Məktəb bağçadan qidalanmalı, cəmiyyətə sağlam düşüncəli insanlar bəxş edən ailələrsə, həm orta məktəbdən, həm də bağçadan qidalanmalıdırlar. Nə bizim bağçalarda gələcəyimizə xidmət edən inkişaf proqramı var, nə də orta məktəblərimizdə.

-Düşünürəm ki, bütün bunlarla yanaşı, sizi hər sahədə olduğu kimi ədəbiyyatda da yaranan və yayılan brendləşmə də narahat edir. Bu barədə fikirləriniz maraqlıdır.

-Bəli, bu, məni çox narahat edir. Filankəsi adına görə dərc edirlər, filankəsi mükafatına görə, bəhmənkəsi isə minnət, dostluq və xahişlə. Məni heç bir ad, heç bir mükafat maraqlandırmır. məni oxuduğumdan, yazdığımdan aldığım həzz və bu həzzin fonunda yaranan pərdəarxası kimliyimin əsl həqiqəti maraqlandırır. Mən buna görə yazıram, mən buna görə oxuyuram. Mənim yazdıqlarımı dərc etməyə də bilərlər. Bu heç də mənə əzab verməz. Mənə əzab verəcək yalnız bir şey var, yaradılışın ən gözəl nümunəsi olan insan kimi istiqamətləndiyim yolda doğru-düzgün addımlamamaq və bacarığımı ölçüyə salmaq. Mən yazmaqda ölçüsüzəm. İnsanı yaşadığına və yaratdığına görə qiymətləndirmək lazım deyil. İnsanı təkcə yaradılışına görə qiymətləndirmək bəs edər.

-Bir az da "Bizdən bizə " dərgisi haqda danışaq...

-Danışaq. Bu dərgi, dərgiyə ön söz yazan Xanəmirin dediyi kimi bütün yazarların ekspermenti olacaq. Dərgidə daim gənclərə yer veriləcək. O gənclərə ki, onların orada yazılarının yayımlanmasından belə xəbərləri olmayacaq. “Bizdən Bizə” yə kimsə ağız açıb: “bizi çap et”,-deməyəcək. “Bizdən Bizə” əsl ədəbi nümunələri özü müəlliflərindən izn istəyib, xahiş edib dərgidə çap edəcək. Qütbləşmədən, qrupbazlıqdan, ayrıseçkilikdən tamamən uzaq olacaq dərgi, “Bizdən Bizə”ni hamı oxuyacaq, hamı sevəcək. Dərgidə hər dəfə dünya ədəbiyyatından dəyərli tərcümələr yer alacaq. “Bizdən Bizə”dən başqa heç bir yerdə yayımlanmayan, yalnız “Bizdən Bizə”yə məxsus olan tərcümələr. Dərgimizin üzvlərindən gənclər çoxluq təşkil edəcək. İstəyən hər kəs dərgimizə üzv ola bilər-mən istəyirəm deməklə. Maraqlı olacaq, çox maraqlı və orijinal bir dərgi olacaq. İnşallah, özünüz görəcəksiniz. Qeyd edim ki, dərginin redaktorları Xanəmir Telmanoğlu və Bahadur Qobustandır. Təsisçi və baş redaktor özüməm.

-Azərbaycanda çap olunan digər ədəbi jurnallar haqda fikriniz nədir, sizi nə dərəcədə qane edir?

-“Azərbaycan” və “Ulduz” jurnalından başqa, heç bir ədəbi dərgi ilə maraqlanmamışam. Düzü, rastıma da çıxmayıb. Bir də bir dostumun, Elşən Əzimin "Söz odası" adlı qəzetini hərdən alıb oxuyurdum. Təəssüratım isə bu qeyd etdiyim dərgilər haqda pis deyil. Bəhs etdiyim qəzet haqda isə bunu deyə bilərəm, min bir əziyyətlə (həm maddi, həm mənəvi) və tanıdığım dəyər verdiyim iki nəfərin araya-ərsəyə gətirdiyi bir qəzetdir. Əməyə hər zaman hörmətim var. Ancaq qeyd etdiyim jurnalları daha sanballı çıxarmaq olar.

-Dərgini hansı şərtlər daxilində çıxardığınız mənə məlumdur. Belə çətin şərtlərlə bunu etməyiniz ətrafınız tərəfindən necə qarşılandı, maraqlıdır.

-Bunu hərə bir cür yozdu.. Amma doğrusunu deyəcəm. Xanəmir, mən və Bahadur Qobustanlı bunu ona görə etdik ki, həm ədəbiyyata xidmət olsun, həm də əsl söz və yaradıcılıq nümunələrini çap edək. Düşünənlər var ki, biz bunu hansısa səbəbə görə və yaxud da, nə bilim, məqsədlərə görə edirik. Əsla belə deyil. Kim nə düşünür düşünsün, düşünmək yaxşıdır.

-Rayonda yaşayırsınız. Rayonları öz qədərinə tərk etmək nə dərəcədə düzgündür? Sizcə, bölgələrdə yaşayan yazarlar rayonun sosial-ədəbi mədəni həyatının yaradılmasında nə dərəcədə fəaldırlar?

-Ucarda yazar çox azdır. Və Ucarda məni çox az adam yazar kimi tanıyır. Elə bilirlər ki, hələ də əvvəlki kimi yazıram və yaxud da çoxları elə bilirlər ki, mən daha yazmıram, uşaqlıq həvəsi idi, ötüb keçdi. Məni rayonda daha çox tədbirlərin ssenaristi, təşkilatçısı, hərdən də aparıcısı kimi tanıyırlar. Və yaxud da aktyor kimi. Bir ara belə bir söz dedim, - Tanrı Ucarı çoxdan unudub. Bilirsən, unudulmuş yerdə yaşamaq çox gözəldir, buralar inziva üçün yararlıdır.

-Sonda bizə ən sevdiyiniz misralarınızı bəxş edərdiniz.

-Bu adam başını alıb gedəcək,

qoymayın yağışlar aparsın onu.

Deyin arakəsmə pərdələriylə,

qoy Allah özündən qoparsın onu

Aytən Nəsibbəyli

# 3316 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #