Gənc yazar “Dədə Qorqud”u təzədən yazdı – Mətn

Gənc yazar “Dədə Qorqud”u təzədən yazdı – <span style="color:red;">Mətn
8 may 2019
# 15:23

Kulis.az gənc yazar Məhəmməd Tanhunun “..Bİ-DƏDƏ-QORQUD” yazısını təqdim edir.

(57%-i sənədli sicilləmə)

“Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-Oğuzan

bu gün bizdən yan gəzər, yan gəzər, dostum, heeey!

(12+1+BİR kompaniyası)

“Qorqud” adının etimologiyası bir türk rəvayətinə istinadən “qorxutmaq” felindəndir və yeganə variant kimi üstündə ciddi-cəhdlə durulan olan həmin rəvayətə görə, şəffaf mavi gözlü div qadının dərisinin altında üç iləcən qalaraq onda hamiləlik statusunu uzadan körpə, doqquz gün möhkəm sancılı doğuş həmlələrinin yekununda ana bətnindən çıxanda, bu, əcaib-qəraib qorxulu sifəti görən bəyaz çadırdakıların diksintidən ödləri ağzına gəlib və qorxularından qaçaraq uzaqlaşıblar, anası ağ çadırdaca vəfat edib və o gündən çağaya “Qorqud” (“eli qorxudan”) ismini seçiblər və bu ad Oğuzda igidlik göstərmədən, el tərəfindən qoyulan birinci və axırıncı ad olub. Qırx incəbelli qız hərəsi növbələşməklə qırx gün süd veriblər tifilə (Zəruri qeyd: “Qırx incəbelli qız” xüsusi təyinatlı qurum mahiyyətli olduğundan Oğuz qanunvericiliyinə görə, qırx üzvdən biri vəfat edərsə, yaxud cəzalanaraq kənarlaşıdırılarsa, indiki terminlə desək, həmin vakansiyaya yeni gənc qız təyin olunur – m.) və nə on üç yaşında, nə də ondan sonra xüsusi igidlik göstərməyən yeniyetmə Qorqudun bir gecə quyruqlu ulduzu seyr edəndə içinə girən ölüm qorxusu ölənəcən canını tərk etmir.

Gənc Qorqudun iztirabları

Rəvayətlərin bir başqasında, ölüm qorxusu vücudunda gəzişən Qorqudun, adının “ölümdən qorxan” mənasına gəldiyi və bədmənalı adın dədənin taleyini qarabaqara izlədiyini oxuyuruq:

“Gənc Qorqudun qaçanda sürəti küləyə tay tutulan ata yadigarı dəvəsi Yelmayanı minib şimala, cənuba, şərqə, qərbə, cənub-şərqə, şimal-qərbə dörd fəsil səfərlər edib yaxasını ölümün cəngindən qurtarmaq cəhdləri təkrarsız, başdan-sona eyni bir müəllifin əsərindən çıxma hadisəylə onun əl-qolunu boşaldırdı: dəvədən enib ayağını yumşaq quma basdığı hər tərəfdə gor qazan pəhləvanlar gördü.

Bu qəbri kimin üçün qazırsınız, balalarım? – Qorqud xəbər aldı.

Bir ağızdan cavablandırırdılar:

Qorqud üçün qazırıq.

Şifahi hansısa xalq ədəbiyyatı məhsulu olan sözügedən rəvayətdə qazıntıyla məşğul olan hər bir dəliqanlının Əzrayıl olduğu bildirilir. Dəvəsini sürdüyü hər nöqtəni, hər yanı qazılmış, dəlmə-deşik görən Qorqud bir dəfə qaibdən gələn səslə dəvəsinin “əyləcini” sərt dartır. Qaibdən gələn bir səs:

- Elə hey qaçırsan, Qorq, imkan vermirsən sözümüzü deyək. Doğulduğun Sır-

Dəryanın sağ sahilinə qayıt, ölümsüzlük oradadır. Əsən qal, elata salamımı çatdır.

***

Orta əsr qaynaqlarında əski əlifbayla köçürülən “Dədə Qorqud” nüsxələrini ilk dəfə üzə çıxarıb mədəniyyətimizi zənginləşdirərək bu dastanın yerli-dibli yerli mal olduğunu dönə-dönə vurğulayan folklorşünas alim Təbriz Soltanlı son məqaləsində, dastanın Drezden əlyazmasında olan təhriflərin və indiyəcən yaşadılan bu mifin yanlışlığının zaman-zaman xalqımızın əl-qolunu “qandallayacağını” yazıb. Eposun bir hissəsini latın qrafikasıyla yenidən üzünü köçürən, dastanın yenicə tapılan və Drezden əlyazmasından da daha qədimə aid olduğunu “köynək-yaxa yırta-yırta” yazan professor dastanın həmin variantı ilə tanışlıq mərhələsini asanlaşdırmaq məqsədilə bəzi boylardan seçdiyi hissələri hekayə formasına salıb. (Hekayəni tam şəkildə oxumaq üçün bax: “Şərqin dünyası” qəzeti 2013-cü il, aprel, №12) Həmin hekayədən parçalar:

“At ayağı çevik, ozan dili iti olur, demədilər.

Qam Ğan oğlu Bayındır xanın yurdunda adamların təməl məşğuliyyəti dan yerindən alatoran çağınacan eynidir, kəskin fərqlənmir: uşaqlar materialı taxtadan olan qondarma qılıncla bir-birini “yaralayıb” ölüm-ölüm oynayır, qırx incəbelli qız və digər oğuz qadınları sübhdən ətirli dağ çiçəkləri toplayandan sonra səhər-axşam qızğın odun üstündə qara qazanda bozartma bişirir, tərtəmiz göy üzünə, bu sonsuz lacivərd ənginliyə yüksələn yağlı-buğlu tüstülər qol yetdikcə atılmış ağ kəlağayı kimi sağdan-sola, soldan sağa uçur. Əksərən ertə vaxtı eldən çıxıb Qazlıq dağının ətəklərində səf-səf düzülən sıx meşələrə ova tələsən igidlər, yan-yana qaynayan çoxluca qazandan, manqaldan buğlanan tüstüləri xəbərdarlıq tonqalının tüstüsü sanıb tezcənə ceyran ovlamağı buraxıb atlarının sükanını dəyişərək dabanıqırıq bəyazı-qızılı-qaralı çadırların yanına tələsir, ardınca məyus olur və gəlmişkən yaxşıca duzlanıb közə verilmiş yağlı cavan quzunun ətini dişlərinə çəkirlər. Enlikürək kişilər yağlı quzu kababının ardından iydə ağacının budaqlarını qarıb sındırır, kustar üsulla dişqurcalayan düzəldib dişlərinin dibindəki qırıntıları qurcalaya-qurcalaya yappanırlar sərin çəmənliyə, qımız içə-içə qollarıyla üzlərini örtərək qızmar şüalardan kölgələnib, o vaxtlar adlarını bilmədikləri zəhərli radiasiyalardan daldalanıb gözlərinin acısını alırlar. Günlərdən o gün çapar dördnala çaparaq onlara yetişib söz söylədi: “Oğuz elinin ağsaqqal bilicisi, ozan Qorqud dədə el-elatı başına toplayır, deyir gələn gəlsin, gəlməyən qopuzuma.. qopuzuma qurban olsun min kərə, heey. Dursun getsin, qara qoyun ətinin qara yerindən yesin, altına qara keçə, qara çadır, qara ox... nə isə ardını bilirsiz”. Damarlarına qımızın bihuşedici təsiri asta-asta yeriyən igidlər Qorqud dədənin qəzəbli sözlərinə qulaqları vərdiş etdiyindən təəccüb hissini göyə sovuraraq mızıldanmağın gərəksizliyini anlayıb bir həmlədə yəhərə oturub atların üzünü Qorqud çadırları” adlanan yerə tutdular. El-obanın gözünün odunu alan yanşaq Qorqud dədədən möhkəm qorxurdular, ala ördək, qara qaz belə qorxusundan suya qonmurdu. Çatanada gördülər ki, Dədə Qorqud mərkəzdə oturub, qopuzu böyrünə dirəyib, əl-qolunu ölçə-ölçə, hərdən alnındakı puçur-puçur təri silərək bir ucdan üyüdüb tökür. Bürküdən dayanmaq olmurdu, sanki, göydən od ələnir, bu səbəbdən nitqini qısa etdi, axrıncı cümlələrini isə duymaq igidlərə qismət oldu:

“...Baybican vədinə xilaf çıxıbdır, Baybörə oğlu Bamsı Beyrəyə göbəkkəsmə adaxlı etdiyi yeganə qızını Bayburd qalasının hakiminə peşkəş çəkib əbləh. Tezliklə haqq divanı qurulsun, cəzası verilsin. Cəzası verilənəcən igidlik göstərmək, arvad almaq, adqoyma üçün çadırımın qabağını kəsdirmək qadağandır, and olsun qolça qopuzuma, bu yurdun zayı çıxdı”. Oğuz igidlərindən biri qabağa durub söz haqqı istədi: “Ana haqqı, Allah haqqı...

***

Dağılış” komandasından sonra canlı təbiətə, şən-şaqraq adamlara göz kəsilən, bir-birinin qulağına pıçıldayıb qaqqıltıyla gülən qadınları sol gözünü yumub süzən Dədə Qorqud, lüt-üryan qaçışan oğlan uşağını görcək cürdəyə su doldurmağa başı qarışan anaya qeyzləndi:“A gəlin, o uşaq niyə tumançaqdır? Bayındır xan yalın görsə, geydirəndir, Dış Oğuz bəylərini bizə güldürmək niyyətimi güdübsüz? Yeyəndə badamı qoşa-qoşa yeyirsiz, heç ağzınıza da sığmır, uşağı geydirməyə ərincəklik edirsiz?”.

Gəlin yaşmağının açıldığını, payız almasına bənzəyən al yanaqlarının bayırda qaldığını unudub cürdəyi çadırın böyrünə söykəyib: “Dədə, bircə canımız sənə qurban, uşaq bir yana e, Banıçiçək yıxılıb, ayağını daşlar əzib. Şişmanladığını dərd edibən qaça-qaça arıqlamağı qərar tutubmuş. Evdən çıxıb yüyürəndə topuğuna sarmaşan qara saçları onu kəlləmayallaq daş-kəsəyə tirləndirib, qaşları çatılıb” – dedi.

***

Dədə Qorduq qopuz və dombra çalmaqda mahir olduğunu İç və Dış oğuzda bilməyən tək-tük adam tapılardı, bığıqurma qalın oğuz bəyləri çeşidli məclislərdə Qorqudun nəğmələrini eşidib gildir-gildir yaş axıdar, qız-gəlinlərin yanında onları ağladan yanşaq Qorquda qarşı hərdən gizli nifrətləri də baş qaldırardı. Alp Aruz uşaqlıqdan qopuza maraq salsa da Dədə Qorqud bu alətin onun başı üçün olmadığını, ona qopuz yox, qılınc çalmağın yaraşdığını deyib və beləliklə gizli düşmənçiliyin ilk cücərtiləri boy atıb.

***

Köksündə daima bir narahatlıq, əndişə gəzdirən Qorqud dədə dünyanın ən gözəl qopuzunu düzəldib şən mahnılar qoşmağı diləyir, ancaq bunu necə edəcəyini bilmir. Qalın oğuz bəyləriylə qapalı iclaslar keçirib qərarlaşdıraraq oğuz igidlərini yığıb tökür meşələrə, salamat ağac qoymur, hamsını qırıb-tökdürür, di gəl istədiyi səsi çıxaran yaxşı çalğı aləti düzəldə bilmir. Bir axşam çadırların ortasında qalanmış tonqala zillənərək tək-tənha oturub düşüncələrə dalan, qopuz simlərini boş-boşuna titrədib sarsaq səslər çıxaran Dədə Qorqudun qoca qulağı şeytanın vəsvəsəsi ilə dolur:

Qorqud ata, sən adi ağaclardan uzaq gəz. Könlündəki qopuzu qayırmaq üçün vəhşi donuzun qırdığı loh-jid ağacının budağından çanaq düzəlt, üstünə dəvə dərisi çək, ardınca yaxşı kişnəyən atın qılından tel düzəltdir, sonra quru balqabaq parçası üstünə bərkit.

Dəvə dərisini çıxmaqla Qorqud ata şeytanın tapşırdığı nəsnələri bir-bir toplayıb heybəsinə yığdı və dəvəsini tam sürət göy dənizə tərəf sürməyə üz qoydu. Dədə Qorqud dəvəsi Yelmayanı Xəzərin sahilinəcən çapıb dayandı. Yelmaya sahibinin kədərini bilirdi, lakin o dərdin dərmanının özünə olduğunu duymurdu, ağası üçün qəm çəkirdi. Ağsaqqal bilici, ozan Dədə Qorqud dəvədən enib onu boğazlayaraq bismillah deyib qırtlağını kəsdi, al qanını mavi dənizə fışqırtdı, dəvə axrıncı nəfəsini verəndə Qorqud üzünə, əbasına baxa-baxa gözləri açıla qaldı. Mavi suların səthində dağılan qırmızı qan əbru sənətini xatırladırdı. Sapfir daşına bənzər masmavi Xəzər ləpəli göy dalğalarını arabir qırmızı qan qarışıq yaşıl çəmənliyə püskürdür, pürdiqqətlə göz gəzdirsən, düzənlikdə xəyalən göy-qırmızı-yaşıl harmoniya cızmaq olardı. Yorğun Qorqud qanlı çəmənlikdə azca dincəlib təzədən dikəldi, dəvənin dərisini soya-soya “Yaxşı manqurt qayırmalı dərisi var ha” deyə zarafat də etməkdən qalmadı, güləndə saralmış dişləri bir düzünə dağ silsiləsini andırırdı. Dodaqaltı zümzümə etməyə başladı:

Hanı dediyin bəy ərənlər

Dünya mənim deyənlər

Yel aldı, əcəl gizlədi..

(Misradakı ifadələri dəyişik saldığını anladı, qocaldığını düşündu və kefi duruldu.)

“Hər yerdə bu qoşuğu deyirəm, gərək təzəsini tapam. Heyif, bu dəvədən, bir köşəyi də olmadı yazığın” deyə fikirləşdi və şeytanın dediyi ardıcıllıqla çalğı alətini düzəltməyə başladı, ancaq düzəltdiyi qopuzda yenə istədiyi səsi tapa bilmədi və baş-gözünə döydü, bürküdən yaranan tozqarışıq tər boynuna, sinəsinə və kürəyinə axdı. Ölmüş dəvəsinin gün altında qaralan kəlləsinə baxdı, gəzib Xəzərin aydan arı yerini tapdı əl-üzünü yudu və beynində dumanlı sözlər ləpələndi: “Eli başsız qoyub ta buralaracan gəldim, ata yadigarı elin yeganə dəvəsi Yelmayanı kəsdim, di gəl nəticə hasil olmadı. Necə də yadımdan çıxdı, axı şeytan insanı əliəyriliyə ilk öyrədəndir. Heeeeeeeeeeeeey!”

Ozan Qorqud Xəzərin sahilində qırx gün dayanmadan cürbəcür nəğmələr çalıb-oxudu:

Uzaq Oğuz elində

igidlər bir-birilə süpürləşir, savaşır,

Qoca Qorqud ad qoyur, dastan danışır.

Nişanlı qızlar adaxlılarıyla yarışır.

Mənsə, buradayam, yuxum qarışır.

Xəzərin sahilində.

Öz elatının sədası olan dədənin səsi Arka elinəcən gedib çıxdı, bu yanğılı, ahəngdar səsi qulaqları göydəcə çalan elin qırx qızı dözə bilmədi və səsin yaxında olduğunu sandılar, qopuz səsini eşitdikləri hər tərəfə axışmağa başladılar, müxtəlif bölgələrdən keçərək Xəzəryanı tərəflərə yol aldılar. Yol boyunca qırx qız soyuğa, aclığa, istiyə dözməyərək bir-bir ölməyə başladı. Qopuz nəğmələri dinləyə-dinləyə nəhayətsiz çöllərdə yol alan qızların bəziləri səs gələn tərəfi əsla tapa bilməyəcəklərini zənn edərək dəli oldu və dağdan, qayadan, qaladan özlərini aşağı atdılar, hansı ki, yerli əhali sonradan bu hadisələrin olduğu ərazilərin adını “Qırxqız” yaylağı, “Qırxqız” dağı, “Qız qalası”, “Gəlin qayası”, “Ceyranbatan” (Qızlardan birinin adı Ceyran imiş), “Qarı dağı” (Qızların arasında ən yaşlısı imiş, 29 yaşında), “Xatun arxı” (Xatun adlı qız əyilib arxdan su içərkən arxa aşaraq boğulub) adlandıracaq. Dodağı susuzluqdan cadar-cadar olmuş bircə qız Qorqud ataya yetişə bilir və başını onun açıq sinəsinə atıb buludsuz və özəlliksiz səmanın altında canını tapşırır. Ozan Qorqud ənənənin əleyhinə gedərək qırxıncı nəğmədən sonra susmaq əvəzinə qucağında gözünü əbədiyyən yuman bu qızın eşqinə qopuzu köksünə dirəyib bir nəğmə də səsləndirir; sözsüz, instrumental bir mahnı. “Sonuncu qəhrəmanın axırıncı nəfəsini ustadının qollarında verməsi” motivinin tarixi buradan başlanır və bu sujet rus, fransız, hind, çin və s. xalqların mədəniyyətlərinə də yansıyıb.

# 3525 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #