Meyxananın anatomiyası - Cavid İsmayıl yazır...

Meyxananın anatomiyası - <span style="color:red;">Cavid İsmayıl yazır...
24 mart 2019
# 19:42

Azərbaycanda meyxanaya münasibət birmənalı deyil. Hərçənd bədahətən söz demək sənəti olmaq baxımından meyxana ilə aşıq yaradıcılığını bir medalın iki üzü də saymaq olar. Bu mənada aşıqlarla müqayisədə meyxanaçılara qarşı, yumşaq desək, xoş münasibətin olmaması düşündürücüdür. Fikrimizcə, bunun əsas səbəbi meyxanada konkret bölgənin ləhcəsinin üstünlük təşkil etməsi, nəticədə bu janrın ədəbi Azərbaycan türkcəsindən uzaq düşməsi, eləcə də deyişmələr zamanı etik prinsiplərin çox vaxt gözlənilməməsidir.

Meyxananın vətəni, heç şübhəsiz, Bakı və Abşeron yarımadasıdır - meyxanada Bakı ləhcəsinin dominantlıq etməsi, ustad meyxanaçıların məhz bu bölgədən çıxması da bunun göstəricisidir.

Meyxana Azərbaycan folklorunun qədim janrlarından biridir. Meyxana haqqında ilk məlumatlara Herodotun “Tarix” əsərində rast gəlinir. Herodot yazır: “Deyilənə görə, bu massagetlər çoxsaylı və igid tayfadır. Onlar gündoğan istiqamətdə, Aras çayının o tərəfində, issedonların qarşısında yaşayırlar. Massagetlər dəstə ilə bir yerə toplaşıb tonqal qalayır, sonra onun ətrafında oturaraq meyvələri oda atırlar. Ellinlər çaxırdan necə sərxoş olurlarsa, bunlar da yanan meyvələrin iyindən sərxoş vəziyyətə düşürlər. Ocağa çox meyvə atdıqca özləri də o qədər artıq sərxoş olurlar ki, axırda ayağa qalxıb oynamağa və mahnı oxumağa başlayırlar” (Herodot. “Tarix”, Bakı-1998, səh. 107).

Abbasqulu Ağa Bakıxanov başda olmaqla, bir çox Azərbaycan tədqiqatçılarının fikrincə, Bakının Maştağa kəndinin adı massaget tayfalarının adından götürülüb. Bu üzdən ehtimal etmək olar ki, Herodot “tonqal başında mahnı oxumaq” deyərkən məhz meyxanaya işarə edib. Bu isə bir daha meyxananın vətəninin Bakı, Abşeron olduğunu deməyə əsas verir.

***

Əsrlərin sınağından çıxmış meyxana sovetlər dövründə ciddi qadağalarla üzləşmişdi. Rəsmi təbliğat maşını meyxananı küçə-tin uşaqlarının, bir də məhbəs adamlarının janrı kimi təqdim etməyə nail olmuşdu. Amma Əliağa Vahid, Ağahüseyn Əfsun kimi ustad qəzəlxanlar sovet rejiminin basqılarına rəğmən, meyxananı qoruyub saxlaya bildilər. Onların səyləri nəticəsində meyxana cəmiyyətdəki mövcud eybəcərliklərə müxalif janr kimi hər zaman sevildi.

Qorbaçov perestroykasının mehləri imperiyanın Azərbaycan adlı köşəsinə çatdıqda, meyxana üzərindəki qadağalar da tədricən götürülməyə başladı. Bu işdə mərhum meyxana ustası Nizami Rəmzinin danılmaz xidmətləri oldu. Təkcə meyxananı tinlərdən, “palatka” toylarından konsert salonlarına, filarmoniya səhnəsinə daşıması, çırtma müşayiətini musiqi ansamblının müşayiəti ilə əvəzləməsi onun adının tarixə həkk olunmasına kifayət edirdi.

Nizamini digər həmkarlarından fərqləndirən başlıca xüsusiyyəti meyxananı hər bir dövrün nəbzinə uyğunlaşdırmağı bacarmasıydı. Meydan hərəkatı illərində Nizami Rəmzinin Xalq Cəbhəsinə, Qorbaçov və Vəzirova həsr etdiyi meyxanalar bütün ölkədə populyar idi. Bəlkə də çoxları bilmir - 1992-ci ildə bir çox müğənnilərin ifasında məşhurlaşmış “Dolansın boynuna qollarım, Təbriz” mahnısının sözləri Nizami Rəmziyə, musiqisi Abbasqulu Nəcəfzadəyə məxsus idi.

Meyxananın Vahid məktəbinin davamçısı Ağasəlim Çıldağ da vardı. Ustad meyxanaçı kimi tanınsa da, klassik meyxanaçı tipi olduğundan, Nizami Rəmzi kimi cəmiyyətin bütün təbəqələrinin sevgisini qazana bilməmişdi. Son illər daha çox onun Novruz şənliklərində mərhum prezident Heydər Əliyevlə maraqlı təmaslarına adət etmişdik. Mərhum Ağasəlim Çıldağ, bir növ, Novruzun müasir personasına çevrilmişdi.

Nizami Rəmzinin Kəbir Azəri ilə birlikdə avtomobil qəzasında faciəli şəkildə həlak olmasından sonra meyxananın geniş kütlələrə sevdirilməsində iki Namiqin - Namiq Məna və Namiq Qaraçuxurlunun böyük xidmətləri oldu. Onların hər ikisi meyxanaçı tipi olaraq Nizami məktəbinin yetirməsi sayıla bilər. Çünki üçkünc bığlı, “aerodrom” şapkalı, “yatıb-çıxmış” meyxanaçı obrazının darmadağın edilməsi işində Nizami Rəmzinin başlatdığı yolu müvəffəqiyyətlə başa çatdıra bildilər.

Amma Namiqlərin qüsurlarını da açıq söyləmək lazımdı. Namiq Qaraçuxurlu Aygün Kazımova ilə duet oxumağa o qədər aludə oldu ki, nə meyxananı həddən artıq estradalaşdırdığının, nə də meyxananı Aygün Kazımovanın kölgəsinə saldığının fərqində olmadı. Namiq Məna isə meyxananın ruhundakı müxalifliyi mədhiyyəçiliklə əvəzlədi. Lakin onun hərəkəti birmənalı qarşılanmamışdı, üstəlik, hakimiyyət tərəfindən bəyənildiyi də hansısa formada büruzə verilməmişdi. Amma ruhdan düşməyən Namiq Məna dövrün və zövqün dəyişməsindən sonra 90-cı illərdəki stilini 2000-ci illərdə başqa formada təkrarladı - bu dəfə Bakı-Ceyhan kəmərinə, Olimpiada medallarına meyxana qoşmaqla. Halbuki meyxananı əsrlərin sınağından çıxaran, totalitar rejimin basqılarından qoruyan və xalqa sevdirən onun ruhundakı müxaliflik, hər zaman rəsmiyyətdən uzaq və cəmiyyətdəki eybəcərliklərə qarşı olması idi.

***

Bəstəkar Elmir Mirzəyevin Kulis-də meyxana haqqında yazdığı “Zirzəmidən televiziyaya: meyxananın deqradasiyası” adlı mükəmməl yazısından sonra bəlkə də bu yazıya və geniş tarixi arayışa, meyxananın mahiyyətini “xanə-xanə xırdalamağa” ehtiyac yox idi. Amma son günlər ədəbi və mətbu çevrələrdə anti-meyxana əhval-ruhiyyəsinin güclənməsi səbəbindən bu mövzuya təkrar müraciət etmək qərarına gəldik. Maraqlıdır ki, folklorumuzun qədim janrlarından olan meyxanaya qarşı növbəti hücumlara bir başqası yox, ANS-in filoloq aparıcısı Rövşanə Bektaşi rəvac verib. Görkəmli yazıçı Seyran Səxavəti və bir neçə gənc yazarı səhər verilişinə qonaq çağıran Rövşanə xanım qəfildən üç-dörd meyxanaçını studiyaya dəvət edib, onlar da başlayıblar “Ala, bu qız dəlidir, nədir” rədifli meyxana deməyə. Bundan şoka düşən qələm əhlinin hərəsi məsələyə bir cür reaksiya verib - Aqşin kitab oxumağa başlayıb, Əli Əkbər isə bu verilişdə iştirak etdiyinə görə oxucularından üzr istəyib.

O “qaqaşları” efirə çıxarmazdan öncə rejissorların bu meyxanaya qulaq asıb-asmadıqlarını bilmirik, amma bir şeyi onların nəzərinə çatdırmaq istərdik. Sovet dövründə Bakı kəndlərində belə bir adət vardı - qadın olan məclisdə meyxana deməzdilər. Meyxanaçılar toyun axşam saatlarında məclisə təşrif buyurar, əvvəlcə bəy tərifi deyərdilər. Toyun sonuna yaxın isə qadınlar mağardan çıxarılar və deyişmə başlardı. Meyxana kasetlərinin “altdan” satılması da bu daxili senzuranın təsiri idi.

Əfsus ki, son illər bir çox dəyərlərimiz kimi, meyxanaya münasibətdə nümayiş etdirdiyimiz daxili senzura mədəniyyətimiz də deqradasiyaya uğrayıb. Üzeyir Mehdizadə və onun “məktəbi”nin yetirmələri bu gün Azərbaycanda bir çox millət vəkillərindən nəinki çox sevilir, hətta çox tanınırlar. Bu gün istənilən məktəbin qarşısında dursanız, mobil telefonundan “Xodda maşını Nabrana sür”, “Sən də qaqaş, mən də qaqaş”, “Mənə gəl”, “Təki sən xoşbəxt olasan” rədifli meyxanaları dinləyə-dinləyə dərsə gələn məktəbliləri görə bilərsiniz. Səbəb təkcə şou-biznesin cəmiyyətin bütün dərinliklərinə nüfuz etməsi, neft pullarından Azərbaycan xalqına çatacaq digər hissəni şou əhlinin mənimsəməsi və nəticədə söz sahibinə çevrilməsi deyil. Problemin əsas səbəblərindən biri kifayət qədər səviyyəli meyxana demək bacarıqlarını ortaya qoymuş Namiq Məna, Namiq Qaraçuxurlu, Vüqar Əbdülov kimi istedadlı meyxanaçıların meyxananın səviyyəsinin və nüfuzunun getdikcə aşağı düşməsindən narahat olmaq əvəzinə, “meyxana, yoxsa bədihə?” kimi mənasız mübahisələrə vaxt sərf etməsidir. Nəticədə səviyyəsiz meyxanaçılar bütövlükdə meyxanaya münasibəti dəyişəcək qədər “böyüyüblər”. Vəziyyət o həddə çatıb ki, “Eurovision”a ev sahibliyi edəcək bir ölkənin hit mahnısı “Qəşəng-qəşəng” rədifli səviyyəsiz meyxanadır.

Bu gün Azərbaycanda bir neçə telekanalda meyxana yarışması keçirilsə də, meyxana əvvəlki kimi sevilmir. Deyişmələr zamanı etik prinsiplərin pozulması, “c” və “ç” səslərinin qulaq deşən cingiltisi cəmiyyətdə meyxanaya qarşı kifayət qədər antipatiya yarada bilib. Zatən ağlı başında olan normal adam bu tipli meyxananı sevə də bilməz.

Meyxana Azərbaycan folklorunun bir qoludur. Muğam, aşıq yaradıcılığı bizim üçün nə deməkdisə, meyxana da odur. Meyxanaya kimlərəsə görə, şit qafiyələr əsasında nifrət etmək yox, onu maraqlı bir janr olaraq özünə görə sevmək lazımdı. Axı necə olur ki, müharibə dövründə, milli azadlıq hərəkatı illərində sevdiyimiz, əzbərlədiyimiz meyxanaya indi nifrət edə bilirik? Gəlin meyxanamıza sahib çıxaq!

2011

Image result for cavid ismayıl

# 5928 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #