Metro hadisəsindən sonra pulsuz olan avtobusda gedişhaqqı davası

Metro hadisəsindən sonra pulsuz olan avtobusda gedişhaqqı davası
5 iyul 2018
# 12:28

Ayxan Ayvaz

Metrodakı “faciə”dən sonra avtobuslar pulsuz olmuşdu axı. Necə də xeyirxah addım. Camaatımız elə sevinirdi ki, elə bil bu avtobus onları Xoşbəxtlər şəhərinə aparacaqdı...

İşdən çıxanda metroya düşməyə qorxdum. Yəqin ki, uzun zaman metroya yaxın durmayacam. Metro mənim gözlərimdə heykəl olub indi. Eləcə uzaqdan baxmağa yarayır.

Avtobus dayanacağındakı dialoqa qulaq kəsilirəm:

- Metro işləyir?

- Hə, deyəsən.

- Bəs niyə minən yoxdu?

Söhbətə lövbər atıram:

- O həngamədən sonra kim risk eləyər metroya minməyə?

Qadın məni başdan-ayağa süzüb gülümsəyir:

- Siz də dünən metroda qalmısınız?

- Hə...

- Mənim hələ də ayaqlarım əsir. Siz hansı tərəfdə qalmışdınız?

İstədim bu gözəl xanıma metro haqqında yazımın linkini atım. Ya da yazımı danışım əzbərə. Elə də elədim. Qadın qulaq asdı. Hər cümləmdən sonra ah çəkir, əlini dizinə vururdu. Yas məclisində hiss etdim özümü.

- Metro indi sakitçilik olar. Rahat ayağını uzat, yata-yata get. – nitqimin sonu.

Qadın gülümsünür:

- Mən bir də minmərəm metroya! – Elə inamla deyir ki...

- Taksilərin canı sağ olsun!

- Elə varlı deyiləm. Avtobus yaxşıdır. Həm də kondisioner var.

- Həm də pulsuzdu...

Avtobusumuz gəlib çıxır və sürücü heç kimə kartı vurmağa aman vermir: “Pulsuzdu, keçin”.

Bir topa adam deyə-gülə içəri keçirik. Mənə elə gəldi ki, bu balaca avtobusa bütün 9 milyon mindi. Hamı var idi burda. Köhnə dostlarımı, sinif yoldaşlarımı da gördüm. Müəllimlərimizi də... Oxucularımı da... Təzə yazan cavanları da... Hamı ordaydı, hamı...

Dünənki metro hadisəsinin söhbəti gedirdi:

- Ay qız, mən qorxdum e... Zəng də çatmırdı heç kimə. Meqabaytım da yox idi ki, status yazım.

- Mən nauşnikdə mahnıya qulaq asırdım.

- Kefsən e...

- Heç bilmədim nolub. Nauşnikdə qulaq asa-asa yatmışam. Hiihihii...

Bu gənc və perspektivli xanımların söhbəti. Sizin üçün kameramızı yaşlı qadınların yanına aparıram.

- Bax, - əlindəki su qabını göstərir. – Uje bunla çıxacam çölə. Yaman qorxmuşam.

- Yer verən də yoxdu e indi.

- Əşşi, camaat içəridə qalıb. Sən də gör nə deyirsən.

- Yox e, ayaqlarım əsirdi e. Biri durub yer vermir e...

- Hamı ayağa qalxmışdı da. Oturardın onda. – Qadın həmkarının çiyninə xəfifcə vurur.

Avtobus hər söhbət arası dayanır, bir xeyli yubanır.

- Ürəyimi ovcuma almışdım. – Qocanın səsi gəlir. – Bir dəfə də olmuşdu e belə. Onda cavan idim.

- Hə, yadımdadır o gün. Onda Bakı başqa Bakı idi. Özü də kamera yox idi e metroda. İndiki kimi də basırıq olmurdu.

- Olurdu, a kişi. Nə danışırsan?

- Yox, onda camaat avtobusla gedib-gəlirdi.

Qocalar söhbət eləməyində olsun, mən sizə hardan deyim, hardan, bizim bu sürücüdən. Bir az keçən kimi elan verdi ki, bəs deməzsənmi, artıq gediş haqlarını vermək lazımdı, “pulsuz xidmət haqqı” başa çatmışdır.

Bizim avtobusdakılar dünənki metro söhbətini qatlayıb qoydular ciblərinə və başladılar nə başladılar.

- Nə deyir bu? İndi kartı vurmalıyıq?

- İndən sonranı deyir yəqin.

- Ay da... – cavan oğlanın səsi – qaqaş, mən pul götürmədim e üstümdə. Kartdan keçirərsən də...

Yazının müəllifinə bu yerdə dediyi şeyə bax? Yaxşı keç.

Qapı ağzında Azərbaycan xalqının geri qalanı düzülmüşdü.

Avtobus sürücüsü:

- Kartı vurun. Pulsuz deyil daha.

- Nə? – bir qadın elə qəzəblə dedi ki, elə bildim bu saat çantasından tapança çıxarıb avtobus sürücüsünün beynini deşəcək.

Avtobus sürücüsü deyəsən yaxın gələcəkdə olacaq bu hadisəni gözünün qabağına gətirdi və bayaqkı dediyinə bir azca düzəliş elədi:

- Mənlik deyil e, vallah. Məndən olsa deyərəm keçin. Prosta, göstəriş belədir.

Yer-yerdən narazılıqlar göyə fişəng kimi atıldı.

- Dayı ortadan girmə. Hamı qabaq qapıya.

Fürsətdən istifadə edib orta və arxa qapıdan girmək istəyən xalqımızın gözəl nümayəndələri hadisə yerindəcə saxlanıldı...

- Belə şey olar? Onlara pulsuz, bizə pullu?

- Niyə bölürsən ki, bizi? Hamımız azərbaycanlıyıq.

- Mən bəyəm erməniyəm? Deyirəm, bizə də pulsuz eləsin də.

Pulsuz minən bizlərlə pullu minən onlar arasında savaş başladı. İki tərəf də söz güləşinə çıxmışdı. Hiss edirdim ki, yavaş-yavaş “pullu minən”lərin belini yerə vura bilirik.

- Qardaş, biz nə edək e? Saat 8-dən sonra deyiblər pul alın da...

- Niyə məhz səkkiz? Niyə? 9 olsun da...

- O bizim günahımız deyil.

Bir azdan böyük bir kəşf tapmış qadının çığırtısı eşidildi. Buyurun, bərabər dinləyək:

- Saat səhv göstərir şoferdə. Hələ 7-di e...

Sürücü qəzəbləndi:

- Görmürsünüz, orda 8-di.

- Saat neçədi?

Qadın bunu deyib öz saatına da baxdı, dodaqaltı mızıldandı:

- Bəlkə mənim saatım səhvdi.

Hamı telefonunu çıxarıb baxdı, baxdı və sanki Azərbaycanın himnini deyirmiş kimi ucadan:

- Saat 7-didir. – dedi.

- Görürsən? – qadın barmağını sürücünün az qala gözünə soxacaqdı. – Görürsən? Qaytar indi, qaytar.

- Nəyi qaytarım?

- Nəyi olacaq? Pulları...

- Kartla olub axı...

- Hə... – qadının beyninə qəpik düşdü indi. – Düzdü e...

- Vallah mənim saatımda 8 göstərir. Bu dövlət avtobusudu. Onun saatı səhv göstərməz axı.

- Eh... – qadın əlini yellədi. – Bircə gün pulsuz olur, onu da axıra kimi qoruyub saxlaya bilmirsiniz.

- Mən nə edim e?

- Yaxşı, yaxşı. Xanım, o neyləsin e?

- Nə bilim, neyləsin.

Savaş sona çatdı deyəsən. Avtobus sürücüsü rahatlıqla nəfəsini dərdi. Deyintilər əvvəl az-az eşidildi, sonra yat-küt oldu. Xalqımız sevgi və məhəbbət içində gözəl şəhərimizin mənzərələrinə baxa-baxa xəyallar aləminə səyahət etdi.

# 1987 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #