“Həsrətin sonu” – İsi Məlikzadənin hekayəsi

“Həsrətin sonu” – İsi Məlikzadənin hekayəsi
23 sentyabr 2016
# 21:00

Kulis.Az “Axşam oxusu” layihəsindən İsi Məlikzadənin “Həsrətin sonu” hekayəsini təqdim edir.

Aşıq Ələsgərin xatirəsinə

Onun yolu, həyatı tək enişli-yoxuşlu, kədəri tək sonsuz idi. Bir çiynindən iki gözü də dolu, ağzı ağ qaytanla möhkəm çəkilib bağlanmış xurcun, o biri çiynindən saz asılmış aşıq səhərdən yol gedir, mənzil isə görünmürdü.

Bir az əvvəl şiddətlə yandıran günəş yavaş-yavaş batırdı. Aşığın qara, yoğun bığları tozdan ağappaq görünürdü. Əynindəki boz şalvarın bir dizinə çəhrayı parçadan salınmış yamaq o saat gözə çarpırdı. Sağ ayağındakı köhnə çarığın cırığından çirkli corabının burnu bayıra çıxmışdı. Çiynindəki yükün ağırlığından bədəni azacıq yana əyilmişdi. O, iri addımlar atır, tozun üzərində qoyduğu ayaq izləri də arxasınca uzanıb gedirdi.

Aşıq gedir, aşıq tələsirdi. Ancaq yol qurtarmaq bilmirdi. Canından artıq sevdiyi el-oba, həsrətini çəkdiyi sevgilisinə yetişmək arzusu onu elə bir qüvvə ilə çəkib aparırdı ki, o, ayaqlarındakı yorğunluğu belə hiss etmirdi.

...İki il bundan əvvəl qəlbində ağır bir kədər, çiynində könlünün munisi sədəfli sazı olan aşıq kənddən çıxmışdı. Aşığı öz yurdundan didərgin salan yoxsulluq idi. Bu yoxsulluq hər evə başını salmış, dəmir yumruqları ilə hər qapını döymüşdü. Gözünün işığı sönmüş qocaları, geyməyə paltar tapmayan cavan qızları, sevinc-şadlıq bilməyən, bir parça çörək üçün fəryad qoparan uşaqları görən aşıq elin bu dərdinə yanmış, elin bu dərdinə ağlamışdı. Lakin el dərdini ağlamağa el gərəkdi. Bir aşığın ağlamağından nə çıxar?

Onun evində bir dəst yamaqlı yorğan-döşək, qara bir aftafa, bir neçə saxsı qab-qacaq və gecələr alçaq tavanlı daxmasına zəif işıq salan hisli çıraqdan başqa heç nə yox idi.

Aşığı dərd götürmüşdü. Bəs, o necə evlənsin, necə həyat qursun? Səltənəti atasının yoxsul komasından çıxarıb, ondan da yoxsul olan bir komaya gətirsinmi? Yox, ağır keçən günləri bir-birinə calamaqla ömür sürməyin özü də aşığın nəzərində yaşamamaq kimi bir şey idi. O, çox fikirləşdi. Nəhayət, özünə də əzablı, ümid-siz görünən bir yol seçdi.

Həmin axşam aşıq kəndin qırağındakı qoca çinarın altında Səltənətlə görüşdü. Kədərli-kədərli onun üzünə baxdı. Sonra həyəcanını boğaraq dedi:

- Gedirəm, Səltənət.

Qız heç nə başa düşmədi.

- Hara? - deyə soruşdu.

Aşıq Səltənətin əlini öz əlinə alıb titrək səslə dedi:

- Qulaq as, Səltənət, mən cavanam, qolum qüvvətlidir. Ancaq Tağı xanın xiyabanında ömrüm boyu işləmək, belimi əymək istəmirəm. Əllərimi qabar-qabar edib onun əvəzində xandan sədəqə almaq istəmirəm. Nəyim də olmasa, sazım var. Eli-obanı dolaşıb bir az pul qazanaram. Sonra da səni evimizə gətirərəm. Məni gözlə, Səltənət. Çox çəkməz ki, qayıdaram. Bir aydan sonra buradayam. Uzaq başı iki aydan sonra. Səltənət göz yaşları içəri-sində başını tərpətdi. O, başındakı ağ cunanın ucu ilə gözlərinin yaşını silirdisə də, bu yaş daşdan süzülən dağ bulağı kimi quru-maq bilmir, axır, onun uzun kirpiklərini isladır, hey isladırdı. O, hıçqıra-hıçqıra dedi:

- Tez qayıt...

Oğlan ayın zəif şüaları altında qızın solğun çöhrəsinə, nəmli gözlərinə baxdı və dönüb uzaqlaşdı.

Aşıq getdi. Ürəyinə sığışmayan dərdini sinəsinə basdığı telli saza həzin-həzin söyləyərək getdi. Saz da insanın dözə bilmədiyi bu kədəri gecənin mehinə qataraq uzaqlara, lap uzaqlara göndərdi.

... Budur, bir aylığa gedən aşıq iki ildən sonra kəndə qayıdır. Bütün bu illərin qazancı onun çiynindəki xurcunda, bir də cibindəki kisədədir. O, Səltənət üçün nə almamışdır? Xara, məxmər, əsməşal, gecə-gündüz. Bir sözlə, kətandan tutmuş qumaşa qədər xurcunda hər cür parça vardı.

Aşıq qonşu kəndə çatanda toran qarışmışdı. “Gecəni burada keçirib, obaşdan öz kəndimizə yola düşərəm”, deyə o fikirləşdi. Qabağına çıxan ilk evin darvazası qarşısında dayandı. Çəpərdən həyətə boylandı. Heç nə görə bilmədi.

- Ay ev yiyəsi! Ay ev yiyəsi! - deyə çağırdı.

Böyük bir köpək hürə-hürə darvazaya tərəf qaçdı. Həyətdən kişi səsi eşidildi:

- Ay it, ay it! Ay səni qara yaman öldürsün!

Cavan, enlikürək bir oğlan darvazanı açdı. Axşamın ala-qaranlığında qarşısında dayanmış ucaboy, başıpapaqlı adamın kim olduğunu yaxşı seçə bilmədi. Aşıq dilləndi:

- Axşamın xeyir.

- Hər vaxtın xeyir.

- Qardaş, qəribəm, uzaqdan gəlirəm. Kəndimizə hələ çox qalıb. Bir gecəliyə məni allah qonağı saxlaya bilərsənmi?

Oğlan gülümsədi:

- Allaha da qurban olum, qonağına da. Buyur, qardaş, buyur içəri.

Onlar həyətdən keçib alçaq bir daxmaya girdilər. Evdə işıq zəif olduğundan, aşıq əvvəlcə heç bir şey seçə bilmədi. Ev yiyəsi sınıq tərəfinə xəmirli kağız yapışdırılmış hisli lampanın işığını bir az artırdı. Aşıq xurcunu çiynindən alıb yerə qoydu, sazını şirəli palçıqla suvanmış divara söykədi. Ev yiyəsi qara aftafanı su ilə dol durub qonağı səslədi:

- Gəl, qardaş, gəl üz-gözünün tozunu yu.

Aşıq artırmaya çıxdı. Həyətdə tüstülənən ocağa bir qadın çır-çırpı sındırıb atır, nəsə bişirirdi. Qadının arxasıevə tərəf olduğu üçün qonaq onun üzünü görə bilmirdi. Aşıq əllərini yuyub daxmaya keçdi. Ev yiyəsinin ona verdiyi cod məhraba ilə əl-üzünü silə-silə otağa nəzər saldı. Tirdən ikiqat kəndirlə asılmış beşik gözlərinə sataşdı. İlk dəfə evə girərkən o, bu beşiyi görməmişdi. Gülə-gülə üzünü oğlana tutdu:

- Oğlandı, ya qız?

- Oğlandı.

- Allah başacan eləsin.

Ev yiyəsinin xırda gözləri sevinclə parladı. Mışıl-mışıl yatan körpəsinə xeyli baxdı. Nəzərlərini uşaqdan çəkmədən yarıciddi, yarızarafatla:

- Oğul qırığıdır da, böyüyəndə qolumdan tutacaq. Mən atama xeyir verdiyim kimi, bu da mənə xeyir verəcək, - deyə astadan xırıltılı səslə pıçıldadı. Sonra yadına bir şey düşmüş adamlar kimi üzünü qonağa çevirdi:

- Oğuldan, qızdan nəyin var, ay qonaq qardaş?

- Subayam, qismət olsa bu payızda evlənəcəyəm.

- Allah qoysa, allah qoysa. A kişi, təklik bir şey deyil, evlən.

Sonra o, yük yerindən kiçik bir döşəkcə götürüb, qonağın altına saldı.

- Sən allah, rahat əyləş. Zamanın üzü qara olsun, qonağa layiq bir şeyimiz də yoxdur.

Ev yiyəsi süfrə saldı. Qalın stəkanda çay gətirdi. Haradansa, eşələyib iki yumru qənd tapdı. Mis kasanı şorla doldurub süfrəyə qoydu. Sonra bayıra çıxdı. Az keçməmiş, əlində bir neçə isti yuxa gətirdi.

- Qonaq qardaş, bismillah elə. Pisdirsə yaxşı, azdırsa çox hesab elə, - deyərək yuxadan bir parça kəsib kasadakı şora batırdı.

- Çox xoşdu, allah artıq eləsin. - Aşıq əlini süfrəyə uzatdı.

Aşıq şor çörəkdən bir az yedi, çay içib çəkildi. Ev yiyəsi də ağzındakı son tikəsini uddu, əlinin dalı ilə çənəsini qaşıdı və düz aşığın gözlərinə baxdı.

- Qonaq qardaş, soruşmaq ayıb olmasın, haradan gəlib, hara gedirsən?

Fikrə getmiş aşıq, cavan oğlanın bu sualından diksinən kimi oldu. Onu indi görürmüş kimi sol gözünü azacıq qıyıb diqqətlə baxdı. Ev yiyəsinin yaşı otuzdan artıq olmazdı. Başındakı cod tükləri qapqara olmasaydı, geniş alnında və almacıqları çıxmış üzün-də əmələ gələn qırışlardan onu qoca hesab etmək olardı.

- Heç soruşmasan yaxşıdır. Neçə vaxtdır evimdən-eşiyimdən didərgin düşmüşəm. Gəzmədiyim el-oba qalmayıb. Hara getdimsə hamının güzaranını pis gördüm.

- Neynəyək, alnımıza nə yazılıb, onu da görəcəyik, - deyə ev yiyəsi fikirli-fikirli söyləyib, xirtdəyinə qədər düymələnmiş köy-nəyinin üstündən sinəsini qaşıdı.

Körpə cır səslə çığırmağa başladı. Atası yerindən durub beşiyi yırğaladı. Uşaq kirimədi. Oğlan qapını açıb başını bayıra çıxardı, ocağın yanındakı qadını səslədi:

- Ay qız, bu uşaq çatdadı! Gəlib bunu kiritsənə!

Qapı cırıltı ilə açıldı. Qadın, bir şeydən ehtiyat edirmiş kimi, asta addımlarla beşiyə yanaşdı. O, uşağı qucağına alıb dikəldi. Başını yana döndərərkən, gözləri bayaqdan onu izləyən aşığa sataşdı. Elə bil qadını ildırım vurdu. Bu ani baxışdan bütün varlığı sarsıldı, qıçları titrədi. Heyrətdən ağzı açıldı. Yaşmaq üzündən sürüşdü. İndi onun solğun çöhrəsi daha aydın görünürdü. Aşıq onu elə ilk baxışda gözlərindən tanımışdı. O, bu gözlərin həsrətini nə qədər çəkmişdi. Ac-susuz qaldığı dəqiqələrdə, çətinliklə üz-üzə gələndə aşığa ruh verən, onun ürəyini yaşamaq arzusu ilə dolduran bu gözlər deyildimi? Səltənətin baxışında aşıqdan başqa heç kimin başa düşə bilməyəcəyi bir məna vardı. Müqəssir-müqəssir baxan o gözlər sanki deyirdi: “Məndə günah yoxdur, ata-anama artıq yük idim. Məni bağışla. Bir də ki, sən, axı, bir aylığa getmişdin”.

Aşıq oturduğu yerdə quruyub qalmışdı. Onsuz da qaranlıq olan daxma ona qatı bir zülmət kimi görünürdü.

Səltənət körpəsini sinəsinə bərk-bərk sıxaraq evdən çıxdı.

Uzun illərdən bəri aşığın ürəyində kök salan arzular bir anda məhv olub getdi. O son görüş, aylı gecə, çinar ağacı, hətta Səltənətin göz yaşları da ona bir yuxu kimi gəldi.

Qonağın susduğunu görən oğlan dilləndi:

- Aşıq qardaş, bir-iki ağız desənə.

Aşıq bu sözləri eşitmirmiş kimi heç qımıldanmadı da. Xeyli sükutdan sonra gözləri yol çəkə-çəkə əlini saza tərəf uzatdı. Ev yiyə-si cəld yerindən qalxıb sazı aşığa verdi. Aşıq başını sazın sağanağına söykəyib, gözlərini yumdu. Barmaqlarını tərpətdikcə, simlər həzin-həzin səsləndi. O, əlini gah bütün tellərə vurur, gah da elə astadan çalırdı ki, sazın səsi güclə eşidilirdi.

Onu boğan göz yaşları yanaqlarına deyil, ürəyinə axırdı. Çöl-də odu sönmüş ocağın yanında oturan qadın isə körpəni bağrına basıb, sazın səsinə uyğun səslə zümzümə edirdi. Yox, bu uşağı ovundurmaq üçün çalınan lay-lay deyildi, kədər və şikayətlə dolu bir ürəyin sədası idi.

Oğlan aşığın susmasını yorğunluq əlaməti hesab etdi:

- Yol gəlib yorulmusan, yat, dincəl, aşıq! - dedi.

Ev yiyəsi sübhdən oyandı. Aşığı yatağında görmədi. O, sazını götürüb getmişdi. Evin küncündəki xurcun yerində idi. Ancaq onun üstünə bir pul kisəsi də qoyulmuşdu.

1959

# 1041 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
# # #