Oğluyla Qarabağa qayıdan yazıçı – HEKAYƏ

Oğluyla Qarabağa qayıdan yazıçı – <span style="color:red;">HEKAYƏ
7 sentyabr 2017
# 21:00

Kulis yazıçı Elçin Hüseynbəylinin “Kəndə gün çıxanda qayıdacağıq…” hekayəsini təqdim edir

Orxanla Şəmkirin küçələrini gəzirik. Hava sərt keçə kimi qara və soyuqdur.

- Bura ananın vətənidir - deyirəm, - mənim vətənimsə uzaqlardadır. Orxan soruşmur, mən özüm bunları ona danışıram. - Anan burda məktəbə gedib. O dey bax orda. Ancaq biz onunla Bakıda universitetdə tanış olmuşuq, sonra mən Moskvaya oxumağa getmişəm. Oradan ananın dalınca Şəmkirə gəlmişəm və anan onu sevdiyimə inanıb. Bura mənim qaldığım mehmanxanadır. Əvvəllər burda park yox idi. Sonradan tikilib.

- Sən də məktəbə gedirdin? - Orxan soruşur.

- Gedirdim, ancaq burda yox, öz kəndimizdə. İndi kəndimiz olsaydı, mən sizi ora aparardım, quzu otardığım, ot biçdiyim yerləri göstərərdim. Özü də mütləq yayın başlanğıcında gedərdik. İyun ayının əvvəlində. Barama qurtarandan sonra. Qurdun mizindən zəhləm gedir. Yəqin, kəndə qatarla gedərdik. Əvvəlcə səs-küylü, his və sosiska iyi verən «28 may» stansiyasından bilet alardıq. Vağzalda bir az gəzişərdik. Perronda ora-bura qaçışan, müştəri axtaran yükçülərə baxardıq. Bələdçinin (diktorun) qatarın yola düşməsi barədə səsi məni xüsusi həyəcanlandırardı. Nədənsə vağzal məndə nostalji hissləri oyadır. Yəqin, ona görə ki, vağzallar insanların dünyaya gəlişini və gedişini xatırladır. Mənə elə gəlir ki, insan xoşbəxtliyini vağzallarda tapır, vağzallarda da itirir…

Ailəlikcə bir kupedə gedərdik. Mən həm Bakıdan uzaqlaşmağımın, həm də kəndə getməyimin şərəfinə bir yüz vurardım. Səhərə kimi yatmazdım. Sonra yuxlayardım və bir də ayılanda görərdim ki, «Daşburun» stansiyasındayıq. Horadizə çatanda hər şey mənə yavaş-yavaş doğmalaşardı. Horadizdə atamın xalası uşaqları yaşayır. Axırda Böyük Mərcanlının ot tayaları görünərdi. Anamın xalası uşaqları isə Mərcanlıda yaşayır. Bir qədər sonra Aşağı və Yuxarı Maralyanı, bir az o tərəfdə – boz təpələrin ətəyində isə Karxulunu, Cəfərabadı arxada qoyardıq və mən kəndimizə tez çatmaq üçün uçunardım. Xəstə olsam da, kəndimizin havası məni sağaldardı. Ona görə də havanı ciyər dolusu içimə çəkərdim. Sonra «Çay ağzı» bağı, axırda «Toxmaçar» və nəhayət Qəbilgilin evinin altında Məmişgilin təzəcə tikdiyi evlər, sonra Qulunun, Qəbilin, Eynişgilin evi, Bəylərin durduğu keçid, Sonagil, lap axırda əmimgil, ondan sonra bizim evimiz görünərdi. Nənəm (anam) həmişəki kimi həyətimizin ağzında, Arazın qırağında durub qatara baxardı, şəhərdən gələn oğlanlarını qarşılamaq ümüdü ilə... Təzə getsələr də elə bilirdi ki, sabah açılacaq və kimsə dəmiryolla evə gələcək, o isə uşaq kimi sevinəcək. Biz ona əl edərdik, ancaq o bizi görməzdi və məyus-məyus həyətə girərdi. Elə bilərdi ki, bu gün bizdən gələn olmadı. Nənəmin gözlərində həmişə bir qayğı, nisgil vardı. Bəlkə də ona görə ki, qardaşları lap uşaqlıqdan ölmüşdülər. Bizi həm oğul, həm də qardaş əvəzi hesab edirdi. Bacının ürəyi qırıq olar - nənəm deyərdi və bizi bacılarımıza qarşı soyuq olmaqda qınayardı.

Danışdıqca kövrəlirəm.

- Sənin nənən yoxdu axı? - Orxan deyir.

Mən əhəmiyyət vermirəm. Çünki mənimçün indi hər şey keçmiş zaman şəklindədir.

Bir qədər dinməzcə gedirik.

Orxan:

- Ata, danış da, bəs sonra nə olar, qabağımıza nə çıxar?

- Bu dəfə nənəm bizi qarşılmayacaq - deyirəm, - heç olmasa, Sona xala, Tamaşa xala qarşılayardı. Sona xala rəhmətə getdi, xəbərim də olmadı ki, gedəm halallaşam. Axırda Tahiri, Bəxtiyarı, Xaqinini səsləyərdim, deyərdim ki, qarmaqları hazırlayın, balığa gedəcəyik.

- Top gətirmisən? - soruşardılar.

- Bəs necə, onsuz şey olar?

Səhər yeməyi yeməmiş Arazın qırağına qaçıb balıq tutardım. Heç acmazdım da.

Nənəm:

- Ay bala, heç olmasa ağzına bircə loxma al - deyərdi. Ancaq sevindiyimdən ona fikir verməzdim. Özümü suya buraxılan balıq kimi hiss edərdim.

Sonra sizinlə Yal obaya çıxardıq. Əmimgilin bağından keçərdik. Simuzər bulağından sopsoyuq su içərdik. Yarğanın başında durub, sizə Güneyi göstərərdim və deyərdim: - Ora İrandır, ata-babamızın ana vətəni ordadır. Aslandüzdə. Bir zamanlar Şahsevənlər tayfasına qoşulub, 20 il Nikolay hökumətinin qaçağı olub. Axırda Güneydən də qaçaq düşüb və sərhədi qoruyan kazaklarla atışmada öldürülüb. Həmin gün dayısı Fərhad Şuşa qalasından ona bəraət kağızı gətirib.

Sonra rəhmətlik Tapdığın yarğanının başında atılıb qalmış DT-75 traktorun yanına gələrdik. Bir zamanlar ona minmək üçün növbəyə durardıq. Tısbağa yerişli traktorun üstündə oturub, ləzzətlə yer şumlayardıq.

Mahmudlu bağına gedərdik. Ot biçdiyim yerləri sizə göstərərdim. Kəndçilərimizdən kim qabağıma çıxsaydı - Xoş gəlmisən - deyərdi - bunlar səninkidilərmi? - soruşardılar. Mən həvəslə başımı tərpədərdim. Onlar əyilib sizin üzünüzdən öpərdilər. Payız olsaydı, Möhbətin bağından sizə üzüm yığardım. Bilal əmidən isə qorxardım. Su gəlsəydi, Qulugilin bərəsindən bağa su açardım. Susuzlayanda yarğanın altına – selliyin qırağına enərdik, dizimizi yerə qoyub su içərdik, ancaq sizə qıymazdım, ananızdan xəlvət əlimdə sizə su içirdərdim və bərk-bərk tapşırardım ki, çiy su içdiyinizi evdə deməyəsiniz. Sonra İmrangilin bağından qarella (qaragilə) dərərdik. Palıd ağacının qozalarından muncuq düzəldib boynunuzdan asardım. Qurbanalı dikindən tozlu-torpaqlı yolla aşığı enib Tək tutun dibinə düşərdik. Bir az orda dincimizi alardıq. «Alı xəndəyi»nin yanında işləyənlərə baxardıq. - Bax dərs oxumasanız, siz də bu günün altında işləyib, qaralarsınız - deyə sizi qorxudardım. Ancaq ürəyimdə həmin adamlara həsəd aparardım, kəndimizin torpağını qoruduqlarına, becəridklərinə görə onlara ürəyimdə minnətdar olardım. İstidən qorunmaq üçün bizə göz eləyən Günəşdən gizlənərdik. Quzu otaran uşaqları salamlayardım. - Sən kimin oğlusan soruşardım. Hidayətin, ya Vidadinin, Mobilin, Əhlimanın oğluyam - deyərdilər. Qəribədir, bir zamanlar onlar öz uşaqları boydaydılar və mənimlə birgə elə buradaca quzu otarırdılar. O qədər dalaşmışıq, gizlənpaç, xaşmaş oynamışıq ki.

Rəhmətlik Sərdarla, Zakirlə burda dalaşdığım, oynadığım, küsüşdüyüm günləri yadıma salardım. Sonra «Alı xəndəyi»ndən ötüb, «Hacı yeri»nə gedərdik. Selliyin üstündəki turbanın yanına gələrdik. Bir dəfə burda az qala Raufla kəşf eləmişdik. Bulaq qazmaq istədik, neftli su çıxdı - deyirəm.

- Sudan neft çıxdı? - Orxan təəccüblənir.

- Sonra kəşfimiz puça çıxdı. Sən demə suya qarışan traktor solyarkasıymış.

Bu sözləri deyərkən Orxanın üzündəki məyusluğu duyuram. Biz də o zaman beləcə məyus olmuşduq. Həm kəşf eləyəndə, həm də onu itirəndə həyəcanlanmışdıq, yumruğumuz boyda ürəyimizin döyüntüsünü eşitmişdik.

Bir müddət selliyin qırağında durub suda üzən, günəşin altında bərq vuran balıqlara baxardıq.

- Ata ondan tut da mənə no-olar, - sən deyərdin. Olmaz deyərdim, bu balıqları əllə tutmaq çətindir. Sonra tutaram, deyərdim və başınızı birtəhər tovlayardım.

Ada yerinə adlayardıq. Burda mal otardığım, ot biçdiyim günləri xatırlayırdım, Çərəkən qızları ilə pambıq yığdığım zamanları, Qoçu ilə güləşdiyim yerləri lap dəqiqliyiylə sizə göstərərdim. Sərhədin tikanlı məftillərinə əlimi vurardım. Pambıqdan qaçdığım günləri yada salardım.

Küdrüyə qalxardıq. Onun üstündən sərhədi seyr eləyərdik. Axırda Arazın üstündəki borudan keçib Toxmaçara çıxardıq. Bəyləri uzaqdan göstərib - elə gördüyüm kimidir, yəqin yenə də ot biçir -deyərdim və onunla səmimi görüşərdim. Sonra Toxmaçardakı yerimizi göstərərdim. Bir tərəfi Gülnisəgil, bir tərəfi Mirkişigilin yerlərinə baxardım və öz-özümə gülərdim. Nazimlə ot üstündə dalaşdığım günləri xatırlayardım.

Axşamlar futbol oynayardım. Sənsə top daşıyardın. Balacasan axı.

- O günü Nadirgilin komandasına 12 qol atdım - Orxan deyir və məni inandırmaq istəyir ki, top daşımaq onun işi deyil.

- Biz kəndə qatarla gedəndə qatarın nəğmə oxuyan təkərlərinin səsinə qulaq asardım. Taq-taq-daqadat-daq. Bunlar hamısı bir zamanlar olmuşdu.

- Bəs indi niyə yoxdu ki? - Orxan sorşur.

- Düşmənlərdədir - deyirəm. Beş qardaş bizi gözləyən anamızı qoruya bilmədik.

Bu sözləri deyərkən istər-istəməz gözüm dolur və anamı yenə də Arazın qırağında durub bizi gözləyən görürəm. Bir zamanlar mən onun bətnində olarkən də beləcə Arazın qırağında durub mənim doğulmağımı gözləyib. O zamanlar yəqin mən də onun düşüncələrinə uyğun böyüyürmüşəm. Yəqin elə ona görə də ən çox anama oxşamışam. Qardaş-bacılarımı da bir qarında yatdığımıza görə çox istəyirəm. Hərdən düşünəndə ki, anam onları da bax beləcə qarnında gəzdirib, bizə eyni nəğmələri oxuyub, eyni laylaları deyib, eyni döşdən süd verib, eyni əllərlə qucağına götürüb oynadıb, bizi eyni dərəcə də sevib - bax onda mən qardaş-bacımı sevirəm. Bütün bunları təsəvvür etməsən və düşünməsən ki, bu uşaqlar səni həyata gətirən ata-anandır onları sevə bilməzsən. Sən ata-ananın əvəzindən onları sevməyə məhkumsan.

- Mən böyüyəndə düşmənləri ordan qovacam - Orxan uşaq sadəlövhlüyü və təmizliyiylə deyir.

- Kəndimizə qayıdanda mütləq anamın qəbrini ora apararıq, atamın yanında basdırmaq üçün - deyirəm və Orxanın əlindən tutub evə tələsirəm. Dəmir qapını açıb həyətə girirəm. Pensioner toyuqlar qabağıma qaçır.

«Görən, kəndimizdə hava necədir» - öz-özümə düşünürəm. «Yəqin gün çıxıb» - hava proqnozunu özüm verirəm. Bayırda isə hava yağış qoxuyur...

Kimsəsiz məzarlara yağış damır, yəqin…

07.01.2004

# 1434 dəfə oxunub

Oxşar xəbərlər

"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

12:00 27 oktyabr 2024
"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

09:00 23 oktyabr 2024
Bəlkə, ədəbiyyatı ləğv edək?

Bəlkə, ədəbiyyatı ləğv edək?

16:00 21 oktyabr 2024
Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

15:00 19 oktyabr 2024
Əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı

Əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı

13:32 19 oktyabr 2024
Yazıçının yazı tərzi dəyişmirsə... - Cavanşir Yusifli

Yazıçının yazı tərzi dəyişmirsə... - Cavanşir Yusifli

09:00 19 oktyabr 2024
# # #