Əsəd Cahangir "Ulduz"un ilk sayını tənqid edir

Əsəd Cahangir "Ulduz"un ilk sayını tənqid edir
9 iyun 2014
# 13:25

Kulis.az tanınmış tənqidçi Əsəd Cahangirin “Parla, ey şans ulduzu!” yazısını “525-ci qəzet”ə istinadən təqdim edir.

Qulu Ağsəsin baş redaktorluğu ilə “Ulduz”un ilk sayını demək olar ki, hamı gözləyirdi, onu istəyənlər də, istəməyənlər də. Qulu məni nömrənin eksperti təyin etdiyindən nömrəni xüsusi maraqla gözlədiyimi yazmaq isə yəqin ki artıqdır. Və budur, Markesin diliyə desək, gözlənilən jurnal artıq qarşımızdadır, bircə qalır onu “qətlə yetirmək...” Amma biz öz saydığımızı sayaq, görək Qulu nə sayır.

Jurnal pozitiv və neqativ anlamda nələri üzə çıxardı?

Zərif, cəlbedici dizayn, istər üz qapağı, istərsə də interyerdəki romantik, modernist, postmodernist şəkillər Qulunun həm klassik, həm də müasir zövqündən xəbər verdi. Bunu hətta çək-çevirə salmağın özü belə artıq işdir. Buna ancaq baxmaq və zövq almaq lazımdır. Buyurun, baxın və zövq alın. Necə deyərlər, görünən dağa nə bələdçi?

Jurnalda Qulunun bir baş redaktor və naşir kimi ən böyük uğuru odur ki, o sadəcə yazını yazının dalınca düzmür, çoxsaylı yeni rubrikalardan tutmuş, müəllif seçiminə qədər aydın görünən proqrama söykənir, məsələyə konseptual yanaşır. Məsələn, jurnalın “Ustad” rubrikasında İsa Muğanna haqqında baş redaktorun özünün yazısıyla başlaması klassik ənənələrə hörmətin təzahürü kimi diqqətəlayiq olduğu qədər də aktualdır - İsa Muğanna ötən ay dünyasını dəyişib. Jurnalın gənc şair Könül Həsənqulunun “Dərgidə kitab” rubrikasındakı şeirləri ilə bitməsinin isə bir neçə mənası var: birincisi, Qulu iki zaman, iki ədəbi nəsil arasında körpü salmaq istəyir və son on beş ildə ədəbi mühiti bürümüş qoca-cavan qarşıdurmasına sətiraltı etiraz edir, yəni demək istəyir ki, həpimiz bir günəşin zərrəsiyik; ikincisi, Könülün - özü sözü, sözü özü qədər bu zərif xanımın yaradıcılıq dünyasının konturlarını bizə göstərmək istəyir. Mən Könül xanımın şair obrazını bu şeirlərdə görə bildim və ən azı öz payıma deyə bilərəm ki, Qulu rubrikada qarşısına qoyduğu məqsədə nail olub. Bu başqa söhbətdir ki, bütün modern yenilik çabaları, aydın görünən savadı ilə yanaşı Könül xanım mənə bir azəri qızından daha çox, avropalı birisini, onun şeirləri isə tərcümələri, ən yaxşı halda Nazim Hikmətdən çevirmələri xatırlatdı:

Sıx zəmi –

Bir azca mən,

Bir azca sən...

Bir ovuc göy,

Bir ovuc yer

Zəmi dolu

Buğdalar...

Bir sözlə, Nazim Himət demişkən,

Su başında durmuşuz,

Çinar, ben, kedi, bir de güneş.

Suda suretimiz çıkıyor,

Çinarın, benim, kedinin, bir de günəşin.

Suyun şavkı vuruyor bize

Çinara, bana, kediye, bir de güneşe.

Mən bu sözlərlə klassikadan təsirlənmənin əleyhinə çıxmıram, amma, məncə, bu, yalnız bir halda məqbul sayıla bilər - sadəcə, təqlid yox, yaradıcı bəhrələnmə olsa. Demirəm ki, törəmə mətn orijinaldan hökmən güclü olmalıdır, amma gərək bu mətndə də nəsə fərqli, orijinal bir şey olsun. Üstünlük olsa isə daha yaxşı: Füzuli “Leyli və Məcnun”u Nizamidən, Edqar Allan Po “Qarğa”nı Fransua Viyondan, Səməd Vurğun “Azərbaycan”ı Əhməd Cavaddan daha güclü yazdığı kimi.

Yeri gəlmişkən, Könülün öz şeirlərini “Sol çiynində qarğa gəzdirən qız” başlığı altında verməsi də mənə Avropa şairlərindən epiqonu xatırlatdı. Amma məsələ sadəcə epiqonda deyil. Niyə sağ yox, məhz sol, bülbül yox, məhz qarğa? Niyə təkcə Könül yox, gənclərin əksəriyyəti yeniliyi, istedadı hökmən solxaylıqda görürlər? Niyə onlara elə gəlir ki, bülbül yox, məhz qarğa şeirin baş qəhrəmanına çevrilməlidir? Mən bu cür düşünmək və yazmağın mahiyyətcə əleyhinə deyiləm, sadəcə, bu cür düşünməyin kütləviləşməsinin, doqmaya, etalona, ölçüyə, meyara çevrilməsinin, bədii fikrin özünün bülbül qütbündən birmənalı surətdə qarğa qütbünə sıçramasını məqbul saymıram. Məncə, istedad sağı da, solu da, bülbülü də, qarğanı da, pozitivi də, neqativi də, xeyri də, şəri də bir tam halında görməkdə, x və y oxlarının kəsişdiyi 0 nöqtəsinin üstündə durmaqda, varlığı bütün koordinatlarıyla əks etdirməkdə, bütövlükdə, hətta ümumən bu varlığa sığmamaqdadır:

Məndə sığar iki cahan, mən bu cahana sığmazam.

“Şeir vaxtı” rubrikasının Cingiz Əlioğlunun şeirlərinə həsr olunması da təbiidir – Cingiz müəllim modern şeirin aparıcı imzalarından biridir və gənclər ondan çox şey öyrənə bilərlər. Bunu da öyrənə bilərlər ki, bu dünyada hər şey gec-tez özünə qayıdır – sərbəst şeirləri ilə tanınan Cingiz müəllimin bu dəfəki şeirləri heca vəznindədir. İkincisi isə “Ulduz” sadəcə gənclərin dərc olunduğu jurnal deyil, gənclər üçün jurnaldır və bu üzdən yaşlı şairlərimizin də burdakı dərcini təbii qarşılamaq lazımdır. Əsas odur ki, oxumağa bir şey olsun. Cingiz müəllimin şeirləri etiraf və özünüifşa məzmunludur, romantika və prozaik həyat gerçəkliyinin toqquşmasından doğan yumora köklənir. Bu şeirlərin şən-şux ritmi belə sadəcə orijinal olmaqla qalmayıb, həm də bu yumora xidmət edir:

Özümə çox qapandım,

Özümdən çıxmağım gəlir.

Bu qov-qaçdan can qurtarıb

Çəkilib bir kənara

Özümə baxmağım gəlir.

Dırmanıb yad eyvana

Aynanı açmağım gəlir.

O evin qısqanc kişisi

İşdi qəfil dönərsə,

Atılıb qaçmağım gəlir.

Kəndinə dön, toxta bir

Özündən çıxıb özünü

Ha axtarsan tapammassan

Daha göydən sən ulduz

Ölsən də qapammazsan.

Başını sağ aşağı,

İşdən çıxıb dön evinə.

Arvad “qreçka” gətirsin,

Tıx boğula-boğula,

Udqun sevinə-sevinə.

Mən sadəcə rubrikanın adıyla razı deyiləm – “Şeir vaxtı”! Filoloji demoqogiya kimi görünsə də, deyim ki, şeirin vaxtı yox, əbədiyyəti olur. Hətta mənə elə gəlir ki, yaradıcılıq, xüsusən də şeir zamanın buxovunu qolumuzdan açmaq, vaxtın sərhədlərini aşmaq istəyindən doğur. Qulu orijinal adlar fikirləşib tapmaqda mahirdir və məncə, bu rubrikaya daha uyğun ad seçmək onun üçün o qədər də çətin olmazdı.

Rubrikanın tanınmış şairə Həyat Şəminin şeirləri ilə davam etməsi də məntiqidir. Həyat xanım kifayət qədər cavan olsa da, artıq özünü təsdiq etmiş və bu üzdən gəncliyə örnək göstəriləcək birisidir. O, yazmaq xatirinə yazanlardan deyil. Fikir vermişəm, Həyat hər yeni şeir silsiləsi ilə qarşımıza yeni bir ölçüdə, yeni rəngdə çıxıb. Bu mənada onun bir şair kimi inkişafını izləmək mənim üçün həmişə maraqlı olub. Düzdür, bu şeirlərdə Həyatın irəliləyişi qabarıq görünmür, amma bunun da səbəbi var – irəliləyiş, yeni mərhələyə keçid hər dəqiqə baş vermir, müəyyən zaman tələb edir. Bu şeirlərin müəllifi müəyyən istisnaları çıxmaq şərtilə mənim artıq tanıdığım Həyatdır. Amma bu tanışlıq Həyatın son şeirləri üçün səciyyəvi olan səmimi etirafların, müasir həyatla bağlı poetik obrazlar və dil oyunlarının, ikibaşlı ironiyaların əhəmiyyətini inkar etmir.

Yeni şeirlərim var sənə,

Dünən bir uşaq

əlində pozan -

Qoy göy üzünün yaşını silim - dedi.

Gecə saat on radələrində

bir avtomobil qəzaya uğrayıb

aeroport yolunda...

yanında sərnişin də vardı,

nicat idi adı...

eşitdim

ürəyim çatdadı.

Bu gün havam yaxşı olacaq,

Efirdə gördüm səni.

Ümudvar da bağlandı...

Sabah mən olmayacam...

Bu gün də gecdi...

Görüşməyənədək!

Həyat bu şeirdə şüuraltı axın prosesini verməyə cəhd edir. Şeirdə şüuraltının bu və digər yerindən boy verən düşüncələrlə eşidilənlər və görünənlərin bir-birini əvəzləməsi də məhz bu cəhdin ifadəsinə xidmət edir. Amma şair bütün bunları bir-birini ardıcıl əvəz edən üç qrammatik zamanın (Dünən bir uşaq..., Bu gün havam..., Sabah mən olmayacam...) çərçivəsinə salanda bu qeyri-ixtiyari psixoloji prosesi xronotop çərçivəsinə salır. Və bununla da şüuraltı axın prosesinin təbiilik qanunlarını pozur , çünki şüuraltı xronoloji ardıcıllıq tanımır.

“Variasiya” rubrikasında tanınmış şairə, ssenarist Alla Axundovanın “Qısqanclıq” şeirinin seçilməsinə görə isə Quluya xüsusi minnətdarlığımı bildirirəm. Çünki Alla xanım “Şərikli çörək” və xüsusən də, “Alma almaya bənzər” filmlərinin ssenari müəllifi kimi mənim ən sevimli müəlliflərimdən biridir. Çünki Alla xanım Azərbaycan ədəbiyyatının Moskvada ən aktiv təbliğatçılarından biridir. Çünki Alla xanım... Çünkilər çoxdur, əsas isə bir məsələdir – gəncliyimiz Alla xanımı tanımalı və sevməlidir, gəncliyimiz Alla xanımdan öyrənməlidir. Sənəti, savadı, vətəni sevməyi, təvazönü... Bir də bir şeyi – qürbət zahirən nə qədər cəlbedici görünsə də, acı, iki millətin arasında qalmaq isə faciədir.

“Qürbət şeirləri” rubrikasında yer alan gənc şair, Ümumrusiya Azərbaycan Konqresi saytının rəhbəri Nilufər A. Şıxlının şeirlərindən daha çox sonuncunu bəyənsəm də, Qulunun körpü salmaq işini burda da qiymətləndirməmək olmaz. Üstəlik, əgər nə vaxtsa, bu yazımı oxuyacaqsa, Nilufərə bir mesaj ötürmək istərdim və arzu edərdim ki, bu, onun qəlbinə dəyməsin. Təxəllüsündəki A. mənə şou adamlarını xatırlatdı – Kənan M.Quliyev, F.A. və sair və sair... Məncə, bu cür gözəl misraları olan bir şairin belə təxəllüs oyunlarına ehtiyacı yoxdur:

Çəkilək bir adaya,

Hər tərəf dəniz olsun.

Gülək- qara buludlar,

Dönüb ağbəniz olsun.

Çəkilək bir adaya,

Düşünməyək heç kəsi.

Hər gün oyatsın bizi,

Qağayıların səsi.

Gizlənək gəmilərdən,

Gözdən itincəyədək,

Ayrılmayaq bu yerdən,

Ömür bitincəyədək...

Oranjimançılara verməyə çoxlu pulum olsaydı və Flora Kərimovanın 70-80-ci illər dönəmi olsaydı, bu şeirə romantik bir mahnı bəstələyər və xahiş edərdim ki, Flora xanım oxuyun bu mahnını...

“Ev-muzeyindən reportaj” rubrikasında Mirzə Cəlilin ev muzeyindən danışan istedadlı nasir və publisit Təranə Vahid bizi sətiraltı olaraq müqəddəs söz ünvanlarımızı unutmamağa dəvət edir və mən deyərdim ki, məqsədinə nail olur. O, muzeyin otaqlarını elə təsvir edir və bundan çıxış edərək dahi yazıçı-dramaturqun yaradıcılığı ilə məqamları elə şirin dillə yazıya alır ki, yəqin ki, ilk imkan düşən kimi bu ünvana getməli olacam.

Estoniyada yaşayan həmyerlimiz, Tartu Universitenin Türk Dili Mərkəzinin müdiri Xaqani Qayıblının bir-birindən gözəl nəğmələrini verməklə Qulu daha bir körpü salır və jurnal körpülər şəhərinə çevrilən Bakıya bənzəməyə başlayır:

O mənəm – səndən ötəri

yağış yağanda darıxan.

Şaxtalı qış gecələri,

İsti yorğanda darıxan.

Xəbərin yox, yağan yağış,

Yaddaşıma nələr deyir?

Damlalar əllərim olub

Pəncərəmi döyəcləyir.

Bircə bilsən uzaqlarda

Sənsiz darıxmaq necədir!

Çaşıb adını çağırmaq,

Sonra karıxmaq necədir...

...Göy üzünü bulud alsa,

Sən olursan dərdim-sərim.

Bilirəm ki, eyvandasan!

Üşüyürsən, gir içəri.

Şərif Ağayar “Kulis.az” saytındakı yazısında Xaqani müəllimi bu nəğmələrə görə tənqid etmişdi, xüsusən də Ramiz Rövşəndən təqlid məsələsində. Şərifin məsələyə yanaşmasındakı səhvi nədədir? O, nəğmədən şeir tələb edir. Nəğmə isə elə nəğmədir və yalnız hər şeyə öz adını verəndə, yanr mənsubiyyətini dəqiq müəyyən edəndə öz həqiqi və ədalətli qiymətini alır.

Xaqani müəllimi isə Ramiz Rövşəndən təsirlənmək kimi ümumi, mücərrəd bir məsələyə görə yox, konkret şeirlərinə görə tənqid etmək olar. Məsələn, yorğan estetikası bu cür romantik, zərif bir nəğmənin ən ümumi ruhuna yabançı görünür. Yaxud “Xəbərin yox, yağan yağış, yaddaşıma nələr deyir?” misralarının sual intonasiyası özü “xəbərin yox” əvəzinə onun tam əksini - “xəbərin var” ifadəsini tələb edir:

Xəbərin var, yağan yağış, yaddaşıma nələr deyir?

Və yaxud “Damlalar əllərim olub, pəncərəmi döyəcləyir” misrasında, məncə, “pəncərəmi” yerinə “pəncərəni” olmalıdır. Çünki əgər aşiq öz sevgilisi üçün darıxırsa, yağış vasitəsilə özünün yox, sevgilisinin pəncərəsinin döyəcləməsi daha məntiqi olardı. Yox əgər “Pəncərəmi döyəcləyir” olmalıdırsa, onda “əllərim” yerinə “əllərin” işlənməlidir:

Damlalar əllərin olub, pəncərəmi döyəcləyir.

Şeirin kifayət qədər maraqlı final akkordu da (“üşüyürsən, gir içəri”) bu son variantın daha məqbul olduğunu göstərir. Bilmirəm, bəlkə də bu qarmaqarışıqlıq redaktə xətalarından irəli gəlir. Amma nə olur-olsun, necə olur-olsun, oxucunu bir şey maraqlandırır – ortalığa çıxan məhsul!

Gənc yazıçı Fərid Hüseynin Xaqani müəllimlə müsahibəsi oxucunu şairin həyat və yaradıcılıq dünyasına daxil edir. Amma bir qayda olaraq özünün hazırlıqlı müsahibələri ilə seçilən Fəridin suallarından biri mənə öz qəfilliyi və bir az da kobudluğu ilə qəribə təsir bağışladı: “Guya burda yaşasaz, hamının sizə münasibəti indiki kimi olacaqdı?” Mən yazının “Ulduz”da dərc olunan qısa variantında sözügedən məsələni qeyd edib, bu barədə özəl açıqlama verməmiş və sözümü “əlavə şərhə yol verməyib, qalan fikirlərimi Fəridlə təkbətək söhbətə saxlayıram” deyə yekunlaşdırmışdım. Jurnalın dərcindən sonra Fəridin bu məsələylə bağlı sualından isə hiss etdim ki, deyəsən, özəl açıqlamaya ehtiyac var. Əvvəla, deyim ki, bu, təkcə Fəridə yox, onun yaşıdlarının əksəriyyətinə aiddir. Məsələn, bunu hətta “Kulis.az” saytının əməkdaşı, yazılarını maraqla izlədiyim, son dövrdə ədəbiyyat adamlarıyla ən maraqlı müsahibələrin altına imza qoyan Ağa Cəfərlidə də hiss eləmişəm. Və indi bu iki nəfərin adını çəkməyim də onlara xüsusi güvəncimdən irəli gəlir – həm maraqlı, həm də savadlı söhbətlər edirsiniz, sadəcə bu kiçik nöqsanı da aradan qaldırın. Nəzakət ziyalılığın ilk göstəricisidir. Müsahibəyə dəvət etdiyiniz şəxslə evinizə gəlmiş qonaqla davrandığınız kimi davranın. Fəridgilin Kürdəmirdəki evlərində qonaq olmuşam və onun qonaqpərvərlik qanunlarına bütün prosedur incəlikləri ilə əməl etməsinin şahidiyəm. Ona görə yazıram bunları. Özü də söhbət ondan getmir ki, sən öz müsahibindən nə soruşursan, əsas məsələ sualın verilmə tərzi, söhbətin tonudur.

Türkiyədə yaşayan tanınmış aktyor və rejissor Cahangir Zeynalovun Bakıda olmasından istifadə edib ondan operativ müsahibə-reportaj (“Dünyada hər nə ki olub... olacaq”) hazırlayan Pərvin də “Ulduz”un ümumi körpüsalanlar ansamblına öz töhfəsini verir. Amma bu üçmərtəbəli körpüdür – Türkiyə ilə Azərbaycan arasında, müashibə ilə reportaj arasında, söz sənəti ilə aktyor sənəti arasında. Pərvin nasirdir, özü də sıravi yox, istedadlı nasirdir. Bu yazıda da Pərvinin nasir istedadı, xüsusən də psixologizmə meyli açıq duyulur. O, Cahangir müəllimin fikir və duyğularından elə maraqlı yazır ki, yazının tez bitməsinə təəssüf edirsən və hətta sənə elə gəlir ki, yazı yarımçıq qalır.

“Muncuq oyunu” rubrikasında Qulu bir naşir olaraq özünün eksperimental idrakını işə salır – beş-altı adam (Rüfət Əhmədzadə, Könül Səid, Səbuhi Şahmursoy, Anar Rafiqoğlu, Səid Əliyev, Oktay Hacımusalı) bir hekayə yazır – “Pencək”. Biri qolunu, biri yaxalığını, biri ətəyini..., hamısı bir yerdə cibini. Çünki inanırlar ki, Qulu bu qeyri-adi zəhmətlərinə görə onlara yaxşı qonorar verəcək. Amma nədənsə mən bu heakyənin fərqli qafaların məhsulu olduğuna inanmadım. Mənə elə gəldi ki, bu yazı kimsə bir nəfərin redaktəsindən çıxıb. Rubrikanın məqsədi isə məhz fərqli üslubların eklektikasını göstərmək idi.

“Tərcümə saatı” rubrikasında Qulu Avropaya pəncərə açır, özü də Slovakiya tərəfdən - Səyavuş Məmmədzadənin tərcüməsində slovak şairlərindən tərcümələr verir. Səyavuş müəllim isə istedadlı və təcrübəli adamdır - hətta zəif tərcümə edəndə də onda yaxşı alınır:

Şeirimin içinə

gilənar tumu

sayağı

sığınaydım,

için-için yanaydım,

canım, qanım sanaydım,

torpağın üzərinə qonaydım.

Slovak şairlərindən tərcümələr müasir milli poeziyamıza olan rəğbətimi bir az da artırdı və bu qərara gəldim ki, biz deyəsən, doğrudan da şair xalqıq.

Amma bax, gənc yazar Rüfət Əhmədzadnin Herman Hessedən tərcümə elədiyi “Kitab adam” essesi başqa söhbət. Cümlələr səlis, məna-mündəricə də öz yerində. Bu Hermanın öz oxucularına həm də xəbərdarlığıdır – kitab oxuyub təkcə savadlı yox, həm də avam olmaq olar. Bir az ayıq olun, hər oxuduğunuza aludə olmayın. Əsas kitab yox, həyatdır.

“Anım” rubrikasında İsi Məlikzadədən yazan (“Ustad nasir”) tənqidçi Vaqif Yusifli yenə də özünün 60-cı illərə nostalji ampluasındadır. Elə Qulu da körpüsünü salmaqda davam edir, amma bu dəfə məkana yox, zamana. Az qala hamının unutduğu, amma unudulmağa layiq olmayan İsi müəllimi yada salmaq vicdan işidir və Qulu vicdanlı redaktordur. Amma niyə məhz İsi? Bu ay onun ömür tarixinin hansı məqamıyla bağlıdır? Axı dövrü mətbuatın əsas xüsusiyətlərindən biri carilik, prosessuallıqdır. Vaqif müəllimi isə ən azı bir məsələdə təqdir etmək olar – hətta “Quyu” müəllifindən yazanda da oxucunu düşüncə quyusuna salmır.

Amma təəssüf ki, “Söz haqqında söz” rubrikasında “Postmodernizm modernizmin inkarı kontekstində” məqaləsi ilə çıxış edən hörmətli Aydın Dadaşov haqqında bunun tam əksini demək lazım gəlir. Yazı Kamal Abdullanın postmodern nəsr əsərlərinə həsr olunub və bu yazıçıdan yazan bütün müəlliflərə məxsus bir xüsusiyyətdən Aydın müəllim də yaxa qurtara bilmir – məsələni aydınlaşdırmaq əvəzinə daha da qəlizləşdirmək, oxucunu quyuya olmasa da, labirintə salmaq. Odur ki, Qulunun mündəricatda bu yazını özünəməxsus bir yumorla “Aydın (yazı)r “ kimi təqdim etməsini tərsinə anladım. Qulunun hətta mötərizəsi də xüsusi məna yükü daşıyır, bir-birinə daban-dabana zidd olan fikirləri eyni müstəviyə gətirir.

Hicran Hüseynova “Asan xidmət” rubrikasında Puşkinin “Mən sizi sevirdim” şeirini yadımıza salır, deyir ki, gəlin biz də onu sevək. “Almaniyadan büromuz” rubrikasında “Əli və Nino”dan yazan Orhan Aras hamının bildiyi, Nobel mükafatçısı, Danimarka yazıçısı Karl Gellerrupdan yazan İlham Abbasov isə az adamın bildiyi mövzuya üz tutur. Hər üç halda Qulu körpüsünü salmaqda davam edir – amma bir az fərqli, eyni vaxtda həm zaman, həm də məkana.

Nəhayət, fikirmizi ümumiləşdirək. Bütün təqdir və tənqid etdiyim (heç tənqid etdim ki? odur ki, Qulunun metodundan istifadə edib onu mötərizədə tənqid edəcəm - jurnalda müasir ədəbi proseslə, xüsusən də gənclərin yaradıcılığı ilə bağlı ədəbi-tənqidi yazıya və maraqlı bir nəsr əsərinə ehtiyac duyulur) cəhətləriylə yanaşı Qulu Ağsəs bu işiylə “Ulduz”un tarixində yeni mərhələnin başlanmasından xəbər verdi.

Bir az da Qulunun özünü ekspert edim. Canı-cüssəsiylə xüsusi seçilməyən Qulu bu bir ayda almacıq sümükləri çıxana qədər arıqladı. İndi-indi özünə gəlməyə başlayır. Onun işi öz vəzifəsinə namus və məsuliyətlə yanaşmağın mənim həyatda gördüyüm bəlkə də ən qabarıq nümunəsidir. Və düzünü deyim ki, bu məni bir az mütəəssir edir. Təkcə elə fədakarlığına görə Quluya şeir həsr etməyinə dəyərdi və mən elə belə də elədim. Ömrümdə birinci dəfə qəzəl yazdım. İndi onu sizin ekspertizanıza buraxıram. Diqqət! Yazıda açıq demək istəmədiyim bir çox mətləbləri şeirin dumanlı ibarələriylə verməyə çalışmışam. Sakın qaçırmayın!

Afərin, ey Qulu Ağsəs, bizə imdad elədin,

Böylə jurnal buraxıb, tazəlik icad elədin.

Nə əcəb, doğdu sözün göylərinə ulduzumuz,

Yığıb ulduzları sən, “Ulduz”u abad elədin.

Başlayıb da İsadan ruhumuza nur verdin,

Könül ilə bitirib, könlümüzü şad elədin.

Tişeyi-əqlin ilə çapdın ətalət dağını,

Tutub “Ulduz”u şirin, kəndini Fərhad elədin

Səpib inciləri söz tarlasına tər tökdün,

Ey əkinçi, baba Zərdabinimi yad elədin?

Batdı nurunda bütün yerdə qalan jurnallar,

Mat qoyub xanələri, evləri bərbad elədin.

İndi bildik, nə imiş səndə olan eşqü həvəs,

İndi bildik niyə on ildi ki, fəryad elədin.

Şairi-məşhur idin, hər sözün, hər kəlmən ilə,

Nəşri-ulduzla da naşir kimi bir ad elədin.

Əsəd olsam da, hələ girməmiş idim qəzələ,

Qələmi aldım ələ, sən məni ustad elədin!

Bütün oxucuları belə gözəl nəşr münasibətiylə təbrik edir, Qulu Ağsəs başda olmaqla “Ulduz”un kollektivinə - Ədalət müəllimə, Oqtay müəllimə, İlqara, Rəfiqəyə, Hicrana, Fərqanəyə, Təranəyə, Dürdanəyə, Nərgizə daha böyük uğurlar arzu edirəm. Qoy şans ulduzunuz heç vaxt sönməsin!

P.S. Yazını yazıb bitirmişdim ki, İlqar Fəhmi içəri daxil oldu. Birdən yadıma düşdü ki, axı İlqarın jurnalda Laroşfukonun aforizmlərindən böyük həcmdə tərcüməsi gedib, bəs, ondan niyə yazmamışam? Qayıdıb jurnalı bir də vərəqləyirəm və görürəm ki, kimsə mən otaqda olmayanda məhz İlqarın tərcüməsini cırıb ortadan götürüb. Mən yazını jurnalı vərəqləyə-vərəqləyə, səhifələrin kənarlarında elədiyim qeydlərə baxa-baxa yazdığımdan İlqarın tərcümələrini görməmiş, ona görə də ondan yazmamışam. Yaxşı, bu kimin işi ola? Nə fərqi? Əsas odur ki, hansısa bir oxucu jurnaldakı materiallardan ən çox İlqarın tərcüməsini bəyənib. Və odur ki, bu tərcümələr haqda danışmayacam. Ona ən yüksək qiyməti oxucu verib. Son söz isə həmişə oxucunundur.

# 2074 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #